Azərbaycan mədəniyyətinin dünyaya
təqdimatında diaspor
təşkilatlarımızın rolu
Ölkəmizdə
uğurla həyata keçirilən mədəniyyət
siyasətində milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması əhəmiyyətli
yer tutur. Xarici ölkələrlə
mədəni əlaqələrin genişləndirilməsi, bu sahədə
beynəlxalq təşkilatlarla intensiv əlaqələrin qurulması öz müsbət nəticələrini
verməkdədir. Son vaxtlar
müxtəlif ölkələrdə
keçirilən mədəniyyət
günləri, dünyanın mötəbər salonlarında
rəssamlarımızın sərgilərinin təşkili, musiqi xadimlərimizin konsertləri bunu deməyə əsas verir
ki, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində məhsuldar iş
aparılır. Milli mədəniyyətimizin dünyada belə geniş
nüfuz qazanmasında Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun
və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.
Mehriban xanımın rəhbərlik etdiyi fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir. Eyni zamanda, bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir. Fondun Azərbaycanın diaspor təşkilatları ilə yaxın əməkdaşlığı sayəsində milli mədəniyyətimizin dünyaya inteqrasiyası prosesi daha da intensivləşmişdir. Bu gün Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilir.
Azərbaycanlılar dünyanın müxtəlif
ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan
olduqca möhkəm mənəvi-ideoloji
vasitələr vardır. Bu, ana dilidir, ata yurdu
– Vətəndir, tarixən
formalaşmış etnik-mədəni
sistemdir. Dünya azərbaycanlıları bu gün harada yaşamalarından asılı
olmayaraq , təşkilatlanırlar,
mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin
təbliğatçısına çevrilir və ulu öndər Heydər Əliyevin tövsiyələrinə öz
əməli fəaliyyətləri
ilə cavab verirlər. Diaspor təşkilatları
nümayəndələri ilə
görüşdə ümummilli lider demişdir:
“Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa,
yaxşı da, pis də yaşasan,
gərək ürəyin
öz Vətəninlə,
torpağınla döyünsün.
Gərək nəbzin Vətənin
nəbzi ilə vursun. Bu vətənpərvərlik
hissi bizim hər birimizdə olmalıdır”.
Doğrudan da, bu gün diaspor təşkilatlarımız harada varsa, orada Azərbaycanın
nəfəsi duyulur.
Azərbaycanla Fransa arasında
mədəni əlaqələr tarixən mövcud olmuşdur. Son vaxtlar isə Azərbaycanın
birinci xanımı
Mehriban Əliyevanın əzmkar fəaliyyəti nəticəsində
bu əlaqələr daha da genişlənmişdir.
Strasburqdakı “Azərbaycan evi”
Cəmiyyəti ölkənin
məşhur Mark Blok Universiteti
ilə əlaqələr
qurub. Cəmiyyətin
xətti ilə bu əlaqələr
Azərbaycan mədəniyyətinin,
milli-mənəvi dəyərlərimizin
təbliğinə yönəldilmişdir.
Diaspor təşkilatının da
yaxından iştirak
etdiyi “Araz” Fransa-Azərbaycan
Mədəni Əlaqələr
Assosiasiyası 2006-cı ildə
Parisdə təsis edilmişdir. Assosiasiyanın əsas məqsədi
mədəni tədbirlər
və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən
başqa mədəni
və dini icmalarla sıx əlaqələr qurmaqdır.
Təşkil olunmuş
tədbirlər zamanı
Azərbaycanın tarixi,
ədəbiyyatı, mədəniyyəti,
musiqisi, Dağlıq Qarabağ munaqişəsi
və Fransada məskunlaşmış azərbaycanlılarla
bağlı ətraflı
məlumat verilir, əvvəlcədən
hazırlanmış filmlər
nümayiş etdirilir.
Belə təşkilatlardan
biri də Strasburqda fəaliyyət göstərən
Azərbaycan Kültür
Mərkəzidir. Onun məqsədi
mədəni tədbirlər
və milli bayramlarımızın keçirilməsini
təşkil etməklə
xalqımızın mədəniyyətinin,
folklorumuzun təbliğinə xidmət
etməkdir.
Dünyanın müxtəlif ölkələrində diaspor təşkilarlarımız Novruz bayramı ərəfəsində
maraqlı tədbirlər keçirirlər.
Almaniyanın paytaxtında
və onun ətrafında yaşayan həmyerlilərimiz, Türkiyə
diasporunun təmsilçiləri
və Berlin ictimaiyyətinin
nümayəndələrinin “Azərbaycan evi” Cəmiyyətinin xətti
ilə təşkil olunan bayram mərasimi buna misal ola
bilər. Almaniyanın
Oldenburq şəhərində,
Hamburqdakı Almaniya–Azərbaycan
Mədəniyyət Mərkəzində,
Köln Azərbaycan–Türk Dayanışma Dərnəyində,
Mannhaym şəhərində
hər il
Azərbaycan və türk icmalarının nümayəndələri tərəfindən
Novruz bayramı ilə əlaqədər tədbirlər təşkil
olunur.
Ukraynada Azərbaycan diasporunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Heydər Əliyevin tapşırığı və xüsusi diqqəti sayəsində Ukraynada Azərbaycan diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində diasporun rolunu xüsusi vurğulayır.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı ilə əlaqədar Hayfa şəhərində keçirilmiş Azərbaycan incəsənət ustalarının konsertində Azərbaycandan köçmüş 800 nəfərdən çox yəhudi iştirak etmişdir. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı çərçivəsində qurultayın keçirildiyi salonda xalqımızın zəngin mədəni irsini əks etdirən rəsm sərgisi də təşkil olunub
Kanada, Misir, Hollandiya və digər ölkələrdəki diaspor təşkilatlarımız Azərbaycan mədəniyyətinin, milli-mənəvi irsimizin təbliği məqsədilə böyük layihələr reallaşdırırlar. Məsələn, Hollandiyanın Amsterdam şəhərində Azərbaycan dili məktəbi açılıb. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunduğu məktəbdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmanlarının balaları da ana dilimizi öyrənirlər. Həmçinin, burada yaşlılara da Azərbaycan dili tədris edilir. Benilüks Azərbaycanlıları Konqresinin xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkman Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərib.
Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın tarixi şəxsiyyətlərini də unutmur, onların fəaliyyəti haqqında yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandırmağa çalışır, xatirələrini ehtiramla yad edirlər. Tallində fəaliyyət göstərən “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti ümummilli liderin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, Heydər Əliyev haqqında hazırlanmış film və fotosərgi də nümayiş etdirib. Litva Azərbaycanlıları Cəmiyyətinin və “Günəş” Cəmiyyətinin üzvləri dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil ediblər. Azərbaycan səfirliyinin dəstəyi ilə Latviyada “Azəri-Vəhdət” Cəmiyyəti və “Ocaq” Mədəniyyət Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər, Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil edib.
Əlbəttə, bunlar son illər diaspor təşkilatlarının həyata keçirdikləri tədbirlərin yalnız bir qismidir. Son dövrlər Azərbaycan diaspor təşkilatları daha da fəallaşmışdır. Xüsusilə erməni təcavüzkarlarının milli-mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı diaspor təşkilatları ciddi mübarizə aparırlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qeyd edib ki, Azərbaycan xalqının mədəni irsinin təbliği diaspor təşkilatlarının qarşısına mühüm bir vəzifə kimi qoyulub. Bu istiqamətdə dövlət qurumlarının, eyni zamanda, diaspor komitəsinin təklif və layihələri gerçəkləşdirilir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin bır çox uğurlu layihələri diasporumuzun fəal iştirakı ilə həyata keçirilib. Dünya ölkələrində yaşayan azsaylı xalqların beynəlxalq festivallarında azərbaycanlı icmalarının da iştirakını təmin etməyə çalışırıq. Bu təşkilatlara maddi dəstək verilir və lazımi vəsaitlərlə kömək edirik.
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində bu günlər diaspor təşkilatlarımız mühüm tədbirlər həyata keçirirlər. Ümumiyyətlə, aparılan davamlı işin nəticəsidir ki, Azərbaycan mədəniyyəti beynəlxalq miqyasda tanınır və milli-mənəvi irsimizə maraq ildən-ilə artır.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 30
dekabr.- S.9.