Yeni il gülüşü
“ÖZ MALIN KİMİ YE”
Yeni ilin ilk günləri idi. Bayram günləri
olduğundan işə getməyib səhərdən evdə tək
oturmuşdum, darıxırdım. Elə
bu vaxt qapının zəngi çalındı. Açanda gülümsəyən qonşumu
gördüm.
– Gəldim
səni qonaq aparım. Yaxşı toyuq
qızartdırmışam.
Doğrusu, təəccüb etdim. Qonşudan nə
əcəb? İllərlə məni yad
etməzdi. Salam-kəlamdan başqa bir
söhbətmiz də olmazdı. Odur ki, üzrxahlıq
elədim:
–
Çox sağ ol, qonşu!
O, əllərini
çiynimə qoydu:
– Yox, elə
şey yoxdur! Getməlisən, vəssalam!
Üzündən keçə bilmədim. Qonşunun həyətindən
keçib, qapısından içəri girəndə
bişmiş toyuğun qoxusundan məst oldum. Kişi dilləndi:
–
Yuxarı başa keç, qonşu, yuxarı başa!
Əyləşdik. Əlimi yeməyə uzadanda qonşu dedi:
– Utanmaq
lazım deyil, öz malın kimi ye.
Bir az keçdi, o, yenə gülümsəyərək
dilləndi:
– Ay kişi, sənə dedim ki, öz malın kimi
ye! Niyə çəkinirsən?
– Narahat
olma, qonşu, yavaş-yavaş yeyirəm.
–
Özün bil. İstəyirsən
yavaş-yavaş ye, istəyirsən tez-tez. Amma öz malın kimi ye.
Süfrə
yığışdırılandan sonra ehtiyatla soruşdum:
– Niyə
tez-tez “öz malın kimi ye” deyirdin, ay qonşu?
O, gülümsəyərək kürəyimə bir
şapalaq ilişdirib dilləndi:
– Rəhmətliyin
balası, yediyimiz toyuq səninki idi də. Hər
gün bizim həyətə keçib gözümün
qabağında fırlanırdı. Axırı
tutub kəsdim, səni də qonaq çağırdım.
Daha nə
deyə bilərdim...
NƏ QƏDƏR OTLAYIRSAN?
Xalaoğlunun
qara ciyəri bərk ağrıyırdı, dedilər get,
filan ünvanda bir kişi var, sənin kimilərini
dava-dərmansız sağaldır. Ürək,
ciyər, böyrək, bağırsaq xəstəliklərinin
kökünü kəsir. Hətta
uşağı olmayan qadınlara uşaq da düzəldir.
Xalaoğlu
əvvəlcə inanmaq istəmədi:
– Onda bu qədər
həkimə, xəstəxanaya, poliklinikaya nə ehtiyac var, qoy
hamısını bağlasınlar da...
– Şəkk
eləmə, get, görərsən!
Xalaoğlu da getdi həmin kişinin yanına. Bir aydan sonra xəbər
gəldi ki, bəs xalaoğlunun axırıdır, tez
özünü çatdır. Gedib nə
görsəm yaxşıdır? Gədənin
rəngi-rufu qaçıb, boğazının dərisi
sallanıb, arıqlayıb çöpə dönüb, ayaq
üstə dura bilmir. Həkim
çağırdıq.
Doktor gəlib
soruşdu:
– Nə
yeyə bilirsən, a bala?
– Təbii
qidalar qəbul edirəm. Səhərdən axşama kimi
göyərti yeyirəm...
Həkim
xəstəyə təəccüb dolu baxıb soruşdu:
– Onda de
görüm, gündə nə qədər otlayırsan?
ELAN
Mən Kərbalayı Məmmədhüseyn Məmmədhənifə
oğlu bildirirəm ki, hər cür xəstəliyi
sağaldıram. Havayı yerə həkimlərin
yanına getməyin. Gedən kimi yüz
cür xəstəlik tapırlar, sonra da yüz cür dərman
yazırlar. Adamlar o dərmanları
içib zəhərlənirlər.
Mənimki otlardır. Ölkədə nə qədər ot var, hərəsindən bir xəstəliyə
dərman düzəldirəm. Dualarım da
kömək edir. Cəmi-cümlətanı
əlli yaşım var, hələ ki, cavanam.
Kimin dişi ağrıyır, o saat kəlbətinlə
çəkib çıxarıram, canı qurtarır. Çünki
Allah verdiyi canı bir gün almalıdır.
Bu yaxınlarda şəxsi poliklinika açıram. Şəkk-şübhəsi
olanlar qəbuluma gəlməsinlər.
MUZEYDƏ
Bələdçi:
– Bu
dinozavrın sümüklərinin yeddi min il,
yeddi gün yaşı var.
Tamaşaçı:
– Hörmətli
xanım, «yeddi min ili» başa düşdük, “yeddi
günü” necə hesablayıblar, görəsən?
Bələdçi:
– Mən yeddi
gün əvvəl muzeyə işə götürüləndə
“dinozavrın sümüklərinin yeddi min il yaşı var”
deyirdilər.
OXUMURSUNUZ, OXUMAYIN!
Camaat bizdən
təvəqqe edir ki, ya qəzet-jurnalları qiymətsiz (yəni
pulsuz) buraxaq, ya da heç kim onları
oxumayacaq. Çünki əhali mətbuatda
yazılan söyüş, təhqirlərə pul verməyi qəbahət
sayır.
Biz belə başa düşürük ki, bu
narazılıq “hamam suyunun təsirindəndir”. Adama deyərlər,
oxumursunuzsa, nə bilirsiniz qəzet-jurnallarda söyüş,
təhqir yazılır?
Bir də oxumursunuz, oxumayın. Bizə nə var?
Məcmuəmizi, qəzetimizi buraxırıq,
maaşımızı da alırıq. Maaşı
da satışdan qazanılan puldan yox, arxamızda durub
özünü təriflətdrən, reklam etdirən
sponsorlardan alırıq. Sağ olsunlar...
HAMI YAZIR
Gənc yazıçıların qurultayı olub. Qurultayda bildiriblər
ki, onların yaşı əllini, altmışı
keçib, amma hələ də «gənc yazıçı»
adlanırlar. Bəs, bu nə olan
şeydir, nə deməkdir?
Heç demə, “gənc yazıçı” deyəndə
yaş nəzərdə tutulmurmuş. İstəyirsən lap
yaşın yetmiş, səksən olsun, təzə-təzə
yazmağa başlayırsansa, deməli, “gənc
yazıçı”san, vəssalam! Bir də,
bizim millətdə yaşından asılı olmayaraq,
hamı yazır. Bacardı, bacarmadı, dəxli yoxdur...
Axı, yazmaqdan asan şey yoxdur. Bir qələmdi, bir kağız. Vay
oxuyanların halına!
YAZI-POZU VAXTI DEYİL
Bu qəzet buraxanların çoxuna demək lazım, a
kişilər, niyə bu qədər xərc çəkib qəzet
buraxırsınız? Nə qədər qəzet olar? Kimdir onları oxuyan? Az
qalıb hərə bir qəzet icad eləsin. Özləri
də nə yazsalar yaxşıdır? İt belə
getdi, qurd belə getdi...
İşiniz-gücünüz yoxdur sizin? Beş-on qohumunuz,
tanışınız alıb oxuyacaq deyə, qəzet
buraxmağına dəyməz axı!
Belə
başa düşürəm ki, əlinizdən başqa
iş gəlmir. Bacarıqlı adamlar bizneslə
məşğul olur, pul qoyub, pul götürürlər.
İsveçrə bankına
böyük-böyük məbləğlər qoyur, “qara
günləri” üçün hazırlıq görürlər,
siz də qəzet buraxırsınız. Hələ
utanmaz-utanmaz kimlərin hansı ölkələrdə
villası olduğundan yazırsınız. Camaat
özünə ev tikdirməsin? Görmürsünüz yazdıqca onlar daha
“böyük işlər” görürlər? Onda yazmağın nə mənası var, hə?
A kişilər,
gedin, özünüzə başqa iş tapın. Qurtarın
bu dedi-qoduları! İndi yazı-pozu vaxtı deyil...
SONRADAN
DƏYİŞMİŞƏM
Mən əsl-nəcabəti, kökü olan adamam. Bütün
ömrümü təmiz yaşamışam. Amma son
zamanlar bir az dəyişmişəm. İndi oturub götür-qoy edəndə görürəm
ki, yaxşı xüsusiyyətləri valideynlərimdən
götürmüşəm, pis hərəkətləri
özüm öyrənmişəm.
Əvvəla, kefin istəyən intriqaçıyam. Aləmi
bir-birinə vuruşdururam, özüm də kənarda
dayanıb ləzzət alıram.
İkincisi, yaman pulgirəm. Mənim
üçün dünyada pulun qoxusundan gözəl ətir
yoxdur.
Üçüncüsü, çox paxılam. Biri bir addım məndən
qabağa keçəndə az qalır
ürəyim partlasın.
Dördüncüsü, bildiklərimi də itirmişəm. Olmuşam
savadsızın, kütün biri. Heç
kimin ağlını bəyənmirəm.
Beşincisi, deyəsən, zəkam tamam azalıb. Ya da elə əvvəldən
ağlım-zadım olmayıb...
TELEFON SÖHBƏTİ
– Alo!
– Bəli.
– Yoldaş Cəlilzadəni olarmı?
– Bəli,
eşidirəm sizi.
– Salam əleyküm!
–
Əleykim əssalam!
– Necəsiniz?
–
Çox sağ olun.
– Evdə
nə var, nə yox?
–
Sağlığınız...
–
Uşaqlar necədirlər?
–
Hamısı yaxşıdır, sağ olun.
–
Bacıqızı da yaxşıdır?
– Lap
yaxşıdır.
Kişi hələlik nəzakət xatirinə onunla
danışan qadının bütün suallarına cavab
verirdi.
– Hörmətli
Cəlilzadə, sizə bir işim düşüb...
– Buyurun.
– Bəlkə
sonraya qalsın?
– Elə
indi deyin, sonraya niyə saxlayırsınız?
– Bizim
uşağın məsələsini deyirəm ey, hörmətli
Cəlilzadə!
– Nə məsələdir
o elə?
–
Universitetə düzəltmək məsələsi.
– Siz nə
danışırsınız, ay xanım, mən elə
işlərlə məşğul olmuram axı.
–
Əşi, yaxşı sən Allah! Özünü naza
çəkmə...
– Dedim ki,
mən elə işlərlə məşğul olmuram.
– Bəs,
siz həmin Cəlilzadə deyilsiniz ki, İşdüzəldənlər
küçəsi, otuz beş saylı evdə
yaşayırsınız, özü də Tofiqi, Tərlanı,
Məmmədyarı, nə bilim, kimləri universitetə
düzəltmisiniz, bu gün-sabah diplom alacaqlar?
– Ay
bacı, xeyr, mən həmin Cəlilzadə deyiləm. Bura prokurorluqdur. Verdiyiniz məlumat
üçün sağ olun.
– Nə?..
TƏRCÜMƏ
Kənddə hər gün film göstərilirdi.
Camaatın yeganə
istirahət yeri kinoklub idi. Kənd əhli
bəzən eyni filmə bir neçə dəfə
baxmalı olurdu. Onlara elə gəlirdi ki,
daha görmədikləri film qalmayıb. Filmlərə
baxmaq üçün kluba gələnlərin də sayı
azalmışdı. Odur ki, kinomexanikin “əli
aşağı” idi. O, çox götür-qoydan sonra
divarlara, elektrik dirəklərinə, yoğun ağacların
gövdəsinə belə bir afişa
yapışdırdı: “Yeni bədii film. “Əlimərdanın
uşaqları”.
Təzə afişanın xəbəri kəndin bu
başından o başına yayıldı. Hamı səbirsizliklə
qəribə adı olan bu filmə tamaşa etmək
üçün axşamı gözləydi. Nəhayət, gözlənilən vaxt
çatdı. Salon ağzına qədər
adamla doldu. Əlavə stul qoyub əyləşənlər
də oldu. İşıqlar söndü,
kinomexanik aparatı işə saldı. Ekranda təzə
filmin adı göründü: “Admiral Uşakov”.
Tamaşaçılar yapışdılar kinomexanikin
yaxasından ki, bəs, bu nə məsələdir, camaatı
niyə aldatmısan? Kinomexanik əsəbiləşdi:
– Qəribə
adamlarsınız ey... Filmin adı rusca idi, tərcümə
eləmişəm də!
“O”
GÖNDƏRİB
– Gəlmişəm
məni işə götürəsiniz, hörmətli
müdir! Bu ərizəyə qol çəkin!
– Yer
yoxdur.
– Taparsınız...
– Dedim ki,
yer yoxdur!
– Başqaları
üçün olur, mənə olmur?
– Sənin
danışığın xoşuma gəlmədi...
Cavan oğlan
telefonu göstərdi:
– Məni
“O” göndərib...
Müdir
çevrilib telefon aparatına baxdı:
– O?!
– Bəli!
– Ver ərizəni.
Müdir ərizəyə qol çəkdi. Sonra dodaqaltı
mızıldandı: «Görəsən, “O” kimdir?...
– Cavan
oğlan! Cavan oğlan!
– Bəli,
hörmətli müdir! – oğlan geri
qayıtdı.
– “O” kimdir?
–
Əşi, sözdür dedim də...
CƏHƏNNƏMİ
İSTƏYƏN YOXDUR
Biri
ölür, gedir o dünyaya, onu göndərirlər cəhənnəmə.
Qorxa-qorxa cəhənnəmin qapısını döyür
ki, içəri girsin. Birdən başında buynuzları
olan, bədənini qapqara tük basmış, ağzı
qıpqırmızı bir cin qapıdan çıxıb gözlərini bərəldərək
rəhmətliyə “qığğğ” eləyir. Rəhmətlik
əsəbiləşərək dillənir:
– Belə
eləyirsiniz ki, cəhənnəmə heç kim gəlmək
istəmir də!..
Xeyrəddin Qoca
Xalq qəzeti.- 2017.- 31 dekabr.- S.12.