“Qədim Şirvan elinə səyahət”

 

2017-ci ilin ən maraqlı kitab nəşrlərindən biritarix üzrə elmlər doktoru, professor Kamil İbrahimovun çoxsaylı tədqiqatlar əsasında ərsəyə gətirdiyi “Qədim Şirvan elinə səyahət” əsəridir. Tarixi-arxeolojietnoqrafik oçerkdir.

 

Zəngin tarixi faktlara, arxiv materiallarına və xaricdən gətirilmiş mənbə məlumatlarına söykənən bu əsərdə  Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şamaxı və Bakı haqqında sanballı məlumatlar verilib. Əsərdə  tariximizin uzun bir dövrünü əhatə edən Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxıda və Bakıda tapılan qədim tarixə aid arxeoloji nümunələr, tarixi abidələr, hər iki mühüm şəhərin xronoloji cəhətdən qədimliyini sübut edən mənbə məlumatları və fikirlər mövcuddur.

Əsərin I fəslində Şamaxının başına gələn müsibətlərdən, müharibələr, işğallar, zəlzələlər və dağıntılardan və bütün məhrumiyyətlərə baxmayaraq, bu elm, sənət beşiyinin zamanın ağır sınaqlarından çıxıb günümüzə gəlib çatmasından söhbət açılır.

II fəsildə Şirvanda və Şamaxıda şəhərsalma və  dövlətçilik  tarixi məsələlərindən söhbət açılır. Orada Şirvanın iki böyük şəhəri olan Şamaxı və Bakı haqqında qısa tarixi arayış verilir.

III fəsildə Şamaxı və ətraf  bölgələri haqqında, məxəzlərdə, o cümlədən, tarixi tədqiqatlar nəticəsində toplanan materiallar araşdırılır. Orta əsrlərdə Şamaxıya gələn diplomat, tacir, alim və səyyahların bu diyar haqqındakı informasiyaları nəzərə çatdırılır. İlk dəfə olaraq məşhur alman səyyahı və şərqşünası Enqelbert Kempferin Şamaxı haqqındakı fikirləri təqdim edilir.

IV fəsildə ilk dəfə olaraq Şamaxı yaxınlığındakı Əngəxaran kəndi, onun toponimi, Əngəxaranda və yaxınlıqda aşkar edilmiş tarixi abidələr, orta əsr yaşayış yerləri, müdafiə istehkamları haqqında məlumatlar verilir.

V fəsildə Əngəxaranda ermənilərin 1918-ci ilin martında törətdikləri soyqırımı və qarətlərdən bəhs olunur.  Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən Şamaxı şəhəri və qəzası üzrə ermənilərin  törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən  ibarət təhqiqat materialları toplanmışdı. Bu fəsildə  Fövqaladə Təhqiqat Komissiyası materiallarının ilk dəfə olaraq Əngəxaran kəndində baş verən soyqırımı aktlarına aid olan bölməsindən  bir hissə təqdim edilir.

VI fəsildə isə Əngəxaran kəndinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olmuş ziyalıları, tanınmış el sənətkarları, aşıqları, o cümlədən Şirvan aşıq məktəbinin banilərindən biri Aşıq İbrahim, eləcə də, onun xalq yaddaşında qalan qoşmaları, o cümlədən, bu qədim kəndin tanınmış nəsil şəcərələri barədə məlumat verilib.

512 səhifəlik tarixi-arxeolojietnoqrafik oçerkin  elmi məsləhətçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru tarix elmləri doktoru, professor  Qafar Cəbiyevdir. Kitab geniş oxucu kütləsi və bu sahənin tədqiqatçıları üçün nəzərdə tutulub.

 

Hazırladı:

Anar TURAN,

Xalq qəzeti.- 2017.- 31 dekabr.- S.9.