Əhmədli – şəhər içində
“kənd”in yeni növrağı
Dünyada çox az yer olar
ki, orada adına metro stansiyası olan kənd
olsun və stansiya da kəndin bir
addımlığında
salınsın. Söhbətin haradan
və hansı kənddən getdiyini bilənlər
dərhal sual verəcəklər; “Bəs
şəhər içində kənd necə, eşitmisiz?” Eşitmişəm də və milyonlarla Bakı sakini kimi görmüşəm də.
Yəqin ki, söhbətin əsrlərlə tarixi olan Xətai rayonunun Əhmədli kəndindən getdiyini başa düşdünüz. Amma, yerli sakinlər nə qədər bu qədim yurd yerinə “kənd Əhmədli” desələr də, indi bu məkan rəsmən Əhmədli qəsəbəsi adlanır. Rəsmiyyətdən kənarda da belədir.Sürətlə böyüyən möhtəşəm Bakının qucağında qərar tutan bu kənd hazırda şəhərin ən abad yaşayış məntəqələrindən birinə çevrilmişdir. Şəhər təsərrüfatının ayrılmaz bir hissəsinə çevrilmiş qəsəbənin bütün infrastrukturu son onillikdə müasir tələblər səviyyəsinə çatdırılmışdır.
Bütün bunlara baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti Əhmədli qəsəbə nümayəndəliyinin ötən il görülən işlər haqqında hesabatında yenə əsas diqqət qəsəbənin abadlaşdırılması, əhalinin məişət-kommunal problemlərinin həlli, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi və sakinlərin təklif və müraciətlərinin icrası məsələlərinə yönəlmişdi. Nümayəndəliyin rəhbəri Mehman Allahverdiyev qeyd etdi ki, rayonun hər yerində olduğu kimi, Əhmədli qəsəbəsində də əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təminatı, su xətlərinin və kanalizasiya sisteminin tam yenidən qurulması istiqamətində işlər davam etdirilmiş və bu sahədə vətəndaşların ciddi bir problemi olmamışdır.
Prezident İlham Əliyevin tapşırığı ilə qəsəbədə tikilmiş və onun xeyir-duası ilə fəaliyyətə başlayan 22 saylı şəhər xəstəxana-poliklinika binasının, Aşıq Ələsgər küçəsində inşa edilmiş 1 nömrəli çörək zavodunun və 5 nömrəli Bakı Peşə Liseyinin fəaliyyətə başlaması ilə yaşayış məntəqəsində həqiqətən böyük canlanma baş vermişdir. Hazırda ərazidə inşası başa çatmaqda olan “BRAVO” hipermarketində isə yeni iş yerlərinin və vakansiyaların yaranması sakinlər arasında işsizliyin daha da azalmasında mühüm rol oynayacaqdır.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Əhmədli qəsəbəsində görülən tikinti, abadlıq və quruculuq işlərinə münasibət bildirərək qeyd etdi ki, bu qədim yurd yerimiz həqiqətən son illər öz simasını kökündən dəyişib. Bunun əsas səbəbkarı isə Prezident cənab İlham Əliyev olmuşdur. Onun ölkədə həyata keçirdiyi iqtisadi islahatlar Bakının və Xətai rayonunun ayrılmaz hissəsi olan Əhmədli qəsəbəsinə də öz töhfələrini vermişdir.
Son illərdə dövlət başçısının və onun xanımının məhz bu qəsəbəyə bir neçə səfəri, burada bir neçə obyektin açılışında şəxsən iştirak etmələri onu göstərdi ki, Prezident də, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ölkənin qədim yurd yerlərinə, tarixi yaşayış məskənlərinə, bu yerlərin sakinlərinin problem və qayğılarına son dərəcə diqqət və qayğı ilə yanaşırlar.
İcra başçısı Prezident İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramın”ın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında qaldırdığı məsələlərədən geniş danışdı və dedi:
- “...İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur... Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir...” Bunlar Prezidentin fikirləridir və hər birimizə verilən proqram xarakterli tapşırıqlardır. Əməli işimizlə göstərilən etimadı doğrultmaq borcumuzdur.
Çıxışının sonunda R.Məmmədov müvafiq icra strukturlarının və xidmət sahələrinin rəhbərlərinə tapşırıq və tövsiyyələrini verərək bildirdi ki, qazanılan hər hansı nailiyyət, hər hansı uğur, nə qədər yaxşı olsa, artıq keçmişdir. Biz ona arxayınlaşmamalıyıq, çünki biz sabahkı işimiz barədə düşünməliyik.
Toplantıda çıxış edən 22 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkimi Ziya Bayramlı, qəsəbə bələdiyyəsinin sədri Pərviz Quliyev, Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov, Xətai rayon Ağsaqqallar Şurasınnı sədri, qəsəbə sakini Qurbanəli Əlizadə və başqaları son illər qəsəbədə aparılan tikinti, quruculuq və abadlıq işlərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə etdilər.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2017.- 1
fevral.- S.6.