İnformasiya yaradıcılığı: standartlar

və yeni yanaşmalar” dərsliyi Mərkəzi Elmi

Kitabxananın oxucularının istifadəsinə verilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni nəşrlərdən biri də tanınmış jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanovunİnformasiya yaradıcılığı: standartlaşdırma və yeni yanaşmalar” dərsliyidir.

 

2016-cı ildə Bakıda nəşr edilən dərsliyin elmi redaktoru professor Cahangir Məmmədli, redaktoru filologiya üzrə fəlsəfə doktoru Elşən Şahbalayev, rəyçilər akademik Rəfael Hüseynov, professorlar Nizami Cəfərov və Həmid Vəliyevdir.

Nəşr Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Elmi Şurasının, bu ali təhsil ocağının Elmi-Metodik Şurasının və Nəşriyyat Şurasının müvafiq qərarları ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilib.

Dərslik “Azərbaycanın informasiya agentlikləri”, “Qloballaşan dünyada informasiya axını, müasir informasiyaların işlənmə və yayılma problemləri”, “İnformasiya işində ənənə və müasirlik”, “İnformasiya agentliklərinin beynəlxalq və regional təşkilatları” fəsillərindən ibarətdir. Bu fəsillərdə toplanan araşdırma və tədqiqatlar böyük informasiya agentliklərinin peşəkar təcrübələrinə dayanaraq jurnalistikanın başlıca prioritetini təşkil edən xəbərin hazırlanması istiqamətlərini müəyyən edir. Xəbərin əldə edilməsi, hazırlanması, ictimaiyyətə çatdırılması, ənənəvi və müasir medianın şəbəkə şəklində fəaliyyəti ilə bağlı nəzəri fikirlər də dərslikdə öz əksini tapıb.

İnformasiya agentliklərinin beynəlxalq təşkilatları və bu qurumlarda təmsilçilik barədə məlumatların da öz əksini tapdığı nəşrdə, həmçinin Aslan Aslanovun peşəkar jurnalist kimi topladığı təcrübələr yer alıb.

Dərslik ali məktəblərin müvafiq fakültələrinin tələbələri, doktorantları, mətbuat işçiləri, tarixçilər, jurnalistlər, politoloqlar üçün nəzərdə tutulub.

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası

 

Xalq qəzeti.- 2017.- 1 fevral.- S.6.