Azərbaycana gələn turistlərin sayı artmaqdadır

 

Son illər turizmin inkişafına göstərilən  dövlət qayğısı  öz  nəticələrini  verməkdədir.

 

Belə ki, 2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 242 783  nəfər olmuşdur, bu da 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən   verilən məlumata görə, ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil etmiş və müvafiq olaraq 33 faiz, 22,5 faiz, 13,9 faiz və 10,9 faiz müəyyən edilmişdir.

Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Sevindirici haldır ki, Körfəz və Yaxın Şərq ölkələri, Asiya, Afrika, Amerika ölkələri və Avstraliyadan gələnlərin sayında da  artım var.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 3 fevral.- S.7.