Öz dəst-xətti ilə
seçilən müğənni
Bu gün
mahnı ifaçılığında “Retro”
mahnıların nostaljisinə qapılan müğənnilərin
günü-gündən artdığının şahidi oluruq. Ötən
illərin mahnıları dedikdə, ilk
növbədə T.Quliyevin, C. Cahangirovun, R. Hacıyevin, S.Rüstəmovun,
Ş. Axundovanın, R.Mirişlinin və
digər bəstəkarlarımızın adları yada düşür.
Nə yaxşı ki, dünyada gedən qlobal dəyişikliklər prosesi xalqlar arasında mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına səbəb olur. Sevindirici haldır ki, bu prosesdə biz də müxtəlif xalqların musiqi mədəniyyəti ilə yaxından tanış oluruq. Bu, bizim, bəlkə də, xoşbəxtliyimizdir ki, ötən illərdə, hətta əvvəlki əsrlərdə belə məşhur olmuş muğam və təsniflərimiz kimi, bəstəkar və xalq mahnılarımız da dövri olaraq yenidən gündəmə gətirilir və xalq tərəfindən rəğbətlə qarşılanır. Vaxtilə populyar olmuş, bu gün isə az qala unudulmaqda olan nəğmələri öz repertuarına daxil edib onları “cavanlaşdıran” müğənnilərdən biri də məlahətli, ürəyəyatımlı səsi və ifaçılıq məziyyətləri ilə seçilən Əməkdar artist İlqar Muradovdur. Onun ifasında lentə alınmış “Bulaq üstə gedən gözəl”, “Qurban adına”, xalq mahnılarından “Laçın”, “Sarı gəlin”, “Ləbu-ləb” və onlarca digər havacatımız musiqi ictimaiyyəti tərəfindən sevilərək dinlənilir. Bu addımı ilə o həm bəstəkarların və şeir müəlliflərinin, həm də onun əvvəlki ifaçılarının ruhunu şad etmiş olur.
“Mənim aləmimdə mahnının köhnəsi- təzəsi olmur. Təbii ki, mahnı oxunmazsa, qalıb köhnələr, unudular. Elə bilirəm ki, adlarını çəkdiyiniz bəstəkar və xalq mahnılarının, demək olar ki, hər birinin öz şirinliyi, lirikası var. Görünür, mahnıların da insan kimi qanunauyğun taleyi var. Xalq heç kəsi təsadüfi unutmur və heç nəyi elə-belə qəlbində saxlamır. Lakin bir həqiqət də vardır ki, geriyə baxmasaq, irəlini görə bilmərik. Arzum həmişə bu olubdur ki, oxuduğum mahnılar xalqın ruhunu oxşasın. Əgər az-çox buna nail ola bilirəmsə, deməli zəhmətim hədər getməyib” – deyə İlqar Muradov öz fikirlərini mənimlə bölüşür.
1957-ci ildə Naxçıvanda, ziyalı ailəsində
dünyaya göz
açmışam. Atam Əvəz Muradov dövrünün
maarifpərvər ziyalılarından olub.
M. V. Lomonosov
adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Ailədə
üç uşaq olmuşuq. Ən kiçiyi mən
idim. Məndən böyük qardaşım
akkordeon, bacım isə fortepiano sinfini bitirsələr də, onlardan heç biri peşəkar musiqiçi olmadı.
Mən isə atamın arzusu ilə Naxçıvan Dövlət
Pedaqoji Universitetinin tarix fakültəsini bitirdim. Lakin musiqiyə olan həvəs hər şeyi üstələdi.
Beş yaşımdaykən artıq
bir çox xalq və bəstəkar
mahnılarını oxuyurdum.
Məktəb illərində orta-ixtisas
musiqi məktəbi, pionerlər evi və digər musiqi kollektivlərində
məşğul olur,
bədii özfəaliyyət
kollektivlərinə baxış
müsabiqələrində iştirak edirdim. Məktəbin, rayonun ictimai
həyatında fəal
iştirak edirdim.
Məktəbin və rayon komsomol
komitəsinin mənə
verdikləri fəxri fərman və diplomları o günlərin
ən əziz xatirəsi kimi evimdə qoruyub saxlamışam.
Ötən əsrin 80-ci illərində
Naxçıvanda kifayət
qədər tanınan
gənc müğənni
repertuarına əsasən
bu gün “Retro” sayılan, o dövrün isə ən populyar xalq və
bəstəkar mahnılarını
daxil edir. Ara-sıra
türk mahnılarına
da yaradıcılığında
yer ayıran İlqar Muradov Bakıda konsertlərin birində məşhur türk müğənnisi
Adnan Şenseslə görüşüb onunla
tanış olur. Söhbət əsnasında o repertuarında müğənninin
hələ 70-ci illərdə
oxuduğu “Nədən
saçların bəyazlamış,
arkadaş” mahnısı
olduğunu deyir.
Bu xəbər şöhrətli müğənnini
çox sevindirir.
Axı məhz 1970-ci ildə o,
ilk dəfə bu mahnının Türkiyədə
lentə alındığını
və belə tez Azərbaycanda yayıldığına görə
xalqımıza və
İlqara öz təşəkkürünü bildirir.
1981-ci ildə Naxçıvanda
konsertlərin birində
tanınmış cazmen,
virtuoz pianoçu Rafiq Babayev İlqarı
görüb, səsini
bəyənir və onu Bakıya özünün rəhbərlik
etdiyi səsyazma studiyasına dəvət edir. İlk gündən
Rafiq Babayevlə birgə bu gün
artıq respublikanın
Xalq artisti, bəstəkar
-pianoçu
Siyavuş Kərimi
ilə tanış olur. Bu üçlüyün
yaradıcılığı nəticəsində İlqar
Muradov bir çox bəstəkar və xalq mahnılarını
işləyib lentə
aldıra bilir. Elə o vaxtdan da, demək
olar ki, milli musiqimizin təbliği ilə məşğul olur.
İlqar Muradovun çoxşaxəli
yaradıcılıq yolunun
bir qismi də Norveçin Ter Koldrat Hilderin
rəhbərlik etdiyi
“Skruk” xoru ilə bağlıdır. Görkəmli
tədqiqatçı Tur
Heyerdal Azərbaycanda olarkən skandinavların əcdadlarının
vaxtilə Azərbaycandan
köçüb gəlmələri
nəzəriyyəsini irəli
sürür,
Norveç və
Azərbaycan xalqlarının
musiqisində də bir yaxınlıq, doğmalıq olduğunu qeyd edir. Onun
bu nəzəriyyəsindən
ilhama gələn Siyavuş Kərimi Azərbaycan və Norveç xalqların musiqi sahəsində əməkdaşlığının məhsulu kimi
1996-cı ildə “Gəldiyimiz
diyar” adlı ilk kompakt diskini hazırlayıb geniş musiqi ictimaiyyətinə təqdim edir. Diskə “Skruk” xorunun müşayiəti ilə Azərbaycan musiqi nümunələrimiz
– xalq mahnısı “Laçın”, “Bana-bana gəl”, Siyavuş Kəriminin “Ömrümün istəyi”,
Brilyant Dadaşova ilə birgə oxuduğu “Bəri bax” dueti və bir
çox digər musiqi nömrələri daxil edilib. Görkəmli bəstəkar-pianoçu Siyavuş
Kəriminin bu layihəsi 1997-ci ildə musiqi nominasiyasında dünyanın ən böyük “Qremmi” mükafatına layiq görülür. On il incəsənət ustalarımız
Norveçin paytaxtı
Oslo və digər şəhərlərində “Skruk”
xoru ilə birgə konsert proqramlarında çıxış
edərək Azərbaycan
incəsənətini, milli
musiqi nümunələrimizi
layiqincə təbliğ
edirlər.
Adil Bəbirov, Eldar Mansurov, Nəriman Məmmədovun mahnıları
ilə yanaşı, İlqar
Muradov gənc bəstəkarların da yaradıcılığına hörmətlə
yanaşır.
Aygün Səmədzadənin “Bu dünyanı nağıl
bilək” mahnısı
İlqar Muradovun repertuarında önəmli
yer tutur. Bu yaxınlarda müğənninin “Qurban
adına” adlı yeni diski işıq
üzü görüb.
İlqar
Muradov musiqimizin bütün janrlarında özünü peşəkar
müğənni kimi
təsdiq edir. “Azərbaycan internasional” jurnalında altı bölümdən ibarət
“Azərbaycan klassik musiqisi” ontologiyasına dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasından Əskərin
ariyası da İlqar Muradovun ifasında daxil edilir.
Bu gün Azərbaycan radio və televiziyasının
fondunda İlqar Muradovun ifasında müxtəlif illərdə
lentə alınmış
yüzdən çox
bəstəkar və xalq mahnısı, onlara çəkilmiş kliplər, eləcə də “Son döyüş”,
“Həsən Əliyev”,
“Yeni həyat”, “Bəylik dərsi” filmlərində sənətkarlıqla
ifa etdiyi mahnılarda zəngin tenor
səsi müasir musiqi aləmində asanlıqla seçilir. Azərbaycan incəsənətindəki
xidmətlərinə görə
İlqar Əvəz oğlu Muradov 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar
artisti fəxri adına layiq
görülür.
Ömrünün 40 ildən çoxunu Azərbaycan incəsənətinin,
milli musiqimizin təbliğinə həsr
etmiş İlqar Muradov bir gün
də olsun yaradıcılığından qalmır. Ötən ildən Milli Konservatoriyada açılmış
estrada kafedrasında
pedaqoji fəaliyyətlə
məşğul olur,
bilik və təcrübəsini gənc
nəslə həvəslə
öyrədir. Gənc
istedadlardan söz düşəndə həmişə
dövlət başçımızın,
möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın
milli musiqimizə, muğam sənətinə
verdiyi dəstəyin nəticəsi olaraq muğam və xalq mahnı
ifaçılığında gənc müğənni və ifaçıların
uğurlarının günü-gündən
artdığını qeyd
edir. Bu uğurlarda
hamı kimi İlqar Muradovun da öz yeri,
öz payı var.
Rafiq Salmanov,
Əməkdar mədəniyyət işçisi
Xalq qəzeti.- 2017.-
5 fevral.- S.6.