Xalçaçılığın inkişafı yeni iş yerlərinin

yaradılmasına imkan verəcək

 

Prezident İlham Əliyevin  “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı  nitqi  geniş rezonans  doğurmuşdur.

 

Möhtərəm Prezidentimiz  regionlarda  yeni iş  yerlərinin yaradılması ilə bağlı  həyata  keçiriləcək əsaslı  tədbirlər barədə danışmış,  bölgələrdə işsizliyin aradan qaldırılması məqsədilə  xalçaçılığın inkişafının əsas istiqamətlərdən biri kimi  nəzərdə  tutulduğunu da  vurğulamışdır. Ölkə  başçısı  konfransdakı yekun nitqində demişdir: “Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Artıq “Azərxalça”nın ilk filialı Horadiz şəhərində açıldı. Mən özüm orada iştirak etmişəm. Bu il bu filialların sayı 10-a çatdırılmalıdır. Biz həm ənənəvi sənətimizi yaşatmalıyıq, eyni zamanda, xalçaçılıq sənayesini də yaratmalıyıq. Həm əl ilə, həm də maşınlarla toxunan xalçalar Azərbaycanı dünyada təbliğ etməlidir və bu da böyük bir gəlir mənbəyinə çevrilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti artıq  bu istiqamətdə  yeni layihələr reallaşdırmağa başlamışdır.  Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edir. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini artıracaqlar.

 Dövlət başçısının  bildirdiyi kimi, xalçaçılıq sənayesi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Bu sahədə xalqımızın zəngin  ənənələri var. Azərbaycan  xalça sənəti üzrə dünya miqyasında qabaqcıl yerdədir. Ölkəmizdə xalçaçılıq sənayesi inkişaf etdirilməlidir.  Söz yox ki, ixracyönümlü məhsul kimi xalçaçılıq  ölkəmizə böyük həcmdə valyuta gətirəcək.

Bu gün Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Şirvan, Qazax-Borçalı, Quba, Gəncə kimi tarixi xalçaçılıq bölgələrinə xas olan çeşniləri dünyada tanıtmaq  çox vacibdir. Ona görə də respublikamızın regionlarında fəaliyyət göstərəcək xalçaçılıq emalatxanalarında istehsal kompleks şəkildə həyata keçirilməlidir.

Azərbaycan  xalça sənəti onsuz da dünyada məşhurdur. Artıq  Azərbaycan  xalçası UNESCO-nun  bəşəriyyətin  Qorunan Mədəni İrs  Siyahısına daxil edilmişdir. İnanırıq ki,  möhtərəm Prezidentimizin  konfransda  bu məsələyə  xüsusi diqqət yetirməsi regionlarımızda da  xalçaçılığın inkişafına mühüm stimul verəcək.

 

Eldar Hacıyev,

xalçaçı-rəssam

 

Xalq qəzeti.- 2017.- 8 fevral.- S.4.