SOCAR-da işə qəbul və karyera inkişafı

mövcud qaydalara uyğun tənzimlənir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında yeni iş yerlərinin yaradılması ilə işsizliyin səviyyəsinin daha da azaldılmasına xüsusi önəm verilir. Bu  proqramların həyata keçirilməsi ilə bağlı  görülən  tədbirlər nəticəsində yeni iş yerlərinin açılması işsizliyin səviyyəsinin  xeyli azaldılmasına imkan yaratmışdır. Hazırda bu istiqamətdə işlər davam etməkdədir.

 

“Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  üçüncü ilinin yekunlarına həsr olunmuş  konfransdakı yekun nitqində Prezident bu məsələyə gələcəkdə də diqqət yetiriləcəyini  vurğulamışdır: “Bu il 42 min ictimai iş yeri açılacaq. Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün açılır”.

Çoxsaylı oxucuların marağını nəzərə alaraq işə qəbul və bununla bağlı digər suallarımızı ölkənin ən böyük işçi qüvvəsinə malik təşkilatı olan SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin (İRD) rəisi, Əməkdar mühəndis Asif Bəkirli cavablandırır.

– Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işlə  təmin olunmaq  üçün gənclər daha çox müraciət edirlər. Bəs burada işə qəbul  prosedurları hansı qaydada tətbiq olunur?

– İlk növbədə qeyd edim ki, SOCAR-da insan resurslarının idarə edilməsi, xüsusən də, işə qəbul məsələləri ilə bağlı mütəmadi olaraq müxtəlif kütləvi informasiya vasitələri ilə, o cümlədən şirkətin korporativ veb səhifəsində (socar.az) məlumatlar veririk. Onu da  bildirim ki, SOCAR-da müsabiqələr vasitəsi ilə işə qəbul məsələləri elə tənzimlənir ki, burada kənar müdaxilələrin yolverilməzliyi təmin olunmaqla tam şəffaflığa riayət edilir.

SOCAR-da vakansiyalar üzrə işə qəbul prosesinə start verilməsinə vakant yerlərin yaranması və bu vakansiyanın elan  verilməsi üçün uyğun təsvir formasının müəssisə tərəfindən İRD-yə təqdim edilməsindən sonra başlayır. Müvafiq standartın tələbinə görə prosedura uyğun olaraq vakansiyanın təsvir formasının uyğunluğu yoxlanıldıqdan sonra, əgər SOCAR-ın  formalaşmış kadr ehtiyatı bazasında (proqrama qoşulan sərbəstləşmiş işçilər, təlim, tədris mərkəzlərinin məzunları, daxili  təqaüd  proqramı iştirakçıları, xarici təqaüd proqramı məzunları və s.) bu vakansiyaya uyğun namizəd yoxdursa, onda həmin boş yer ilk növbədə socar.az internet səhifəsinin “karyera” bölməsinin “işə qəbul” pəncərəsinin “vakansiyalar” bölümündə şirkətdaxili işçilərin müraciəti üçün elan edilir. Şirkətdaxili işçilər üçün elan olunmuş müsabiqənin nəticəsinə əsasən vakansiyaya uyğun namizəd seçilməzsə, onda həmin boş olmuş iş yeri yenidən daha çox namizədin iştirak etməsinə imkan verən ümumi müsabiqəyə çıxarılır. Ümumi müsabiqəyə çıxarılmış vakansiyaya şirkətdaxili işçilərlə yanaşı, digər kənar namizədlər də müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər vakansiyanın tələbi ilə diqqətlə tanış olmalıdırlar ki, ilkin seçim zamanı hər hansı səbəbdən uyğunsuzluq aşkar edilməsin.  Qeyd edək ki, vakansiyalara qoyulan tələblər İnsan Resursları Departamentinin və yaxud da müvafiq struktur bölmənin subyektiv mülahizəsi ilə deyil, qüvvədə olan qanunvericiliyin, SOCAR standartlarının, eləcə də, digər normativ sənədlərin tələblərinə əsasən tərtib edilir.

Vakansiyaya iddia edən işçi müsabiqədə iştirak etmək istəyi barədə işlədiyi struktur bölməsinin rəhbərini məlumatlandırmalıdır. Məlumat vərəqinin forması “Məlumatlandırma forması” (SOCARSS – 018.2011) standartı ilə tənzimlənir. Məlumat forması müvafiq rəhbər işçi (işdə olmadıqda – onun vəzifələrini icra edən işçi) tərəfindən iki iş günü müddətində imzalanmalıdır. O, işçinin iş yerini dəyişmək istəyinə özünün müsbət və ya əsaslandırılmış mənfi münasibətini məlumat formasında yazılı şəkildə bildirməlidir. Rəhbər işçinin iddiaçını hər hansı əsaslar olmadan müsabiqəyə buraxmamaq ixtiyarı yoxdur.

İşə qəbulla bağlı müsabiqənin test imtahanı, eləcə də müsahibə və ya peşə-sınaq imtahanı mərhələlərinin hər birini müvəffəqiyyətlə keçmiş namizədlər vakansiyaya uyğun hesab edilir. Əgər bir vakansiya üzrə müsabiqədən iki və daha çox namizəd keçərsə, bu halda müsabiqənin müsahibə və ya peşə-sınaq imtahan mərhələsində daha çox bal toplamış namizəd vakansiyaya təyin olunur, digər namizədlər isə kadr ehtiyat bazasına daxil edilirlər.

– SOCAR insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətində “işçi üçün iş yox, iş üçün işçi axtarılması” prinsipinə əsaslanır.  Bu prinsipin mahiyyəti nədən ibarətdir?

– Yaranmış vakansiyalara işçi axtarışı zamanı əsas hədəf odur ki, işə qəbul edilmiş işçi həmin işin öhdəsindən layiqincə gələ bilsin. Ona görə də namizədlər içərisindən ən yaxşısının aşkar edilməsi əsas məqsəddir. Əgər bu namizəd müsabiqənin bütün mərhələlərindən uğurla keçirsə, artıq qarşıya qoyulmuş vəzifə yerinə yetirilmiş hesab olunur.

– Rəhbərlik etdiyiniz departament SOCAR işçilərinin karyerasını artırmaq  məsələsi ilə də məşğuldur. Bu  prosedurlar necə həyata keçirilir?

– Karyerasını inkişaf etdirmək istəyən hər bir SOCAR işçisinin şansı var ki,  müsabiqələrdə iştirak etməklə çalışdıqları müəssisələrdə dərəcə və vəzifə yüksəlişlərini təmin etsinlər.Əlbəttə, bütün proseslərdə SOCAR prezidentinin əmri ilə təsdiq edilmiş vəzifə funksiyalarını, xüsusiyyətlərini,  işlərin optimal icra olunması üçün vəzifələrə təyin edilmiş səriştə və kvalifikasiya tələblərini və qiymətləndirmə meyarlarını özündə əks etdirən Vəzifə Standartları əsas götürülür.Vəzifə Standartlarında “Qiymətləndirmə meyarları” bölməsi işçinin fəaliyyətinin qiymətləndirilməsi üçün meyarları ehtiva edir.

Kritik vəzifələr üzrə davamçılar müəyyən olunaraq bu kriteriyalar əsasında gələcək vəzifələrə hazırlanmalıdırlar. Vəzifə Standartları işçinin qiymətləndirilməsi nəticəsində onun müəyyən edilmiş boşluqlarını hansı öyrənmə və inkişaf metodlarını tətbiq edərək inkişaf etdiriləcəyini göstərir. Bu öyrənmə və inkişaf metodları işçinin qiymətləndirilməsini nəzərdə tutan bütün sistemlərə (xidməti fəaliyyətin qiymətləndirilməsi, karyeranın idarəolunması, adaptasiya, attestasiya) inteqrasiya olunmalıdır.

– SOCAR-da işləmək istəyən vətəndaşlar işə qəbul zamanı hansı mərhələlərdən keçməlidir?

– Ümumiyyətlə işə qəbulla bağlı müsabiqə vakansiyaların xüsusiyyətləri nəzərə alınmaqla test imtahanı, müsahibə və ya peşə sınaq imtahanı mərhələlərindən ibarətdir.

Müsabiqəyə çıxarılmış vakansiyalar üzrə müraciət edənlərin ilk növbədə, ilkin seçimi aparılır ki, bu da vakansiyanın tələblərinə uyğun olaraq ixtisas, əmək təcrübəsi və s. göstəriciləri uyğun olan namizədlərin müsabiqənin növbəti mərhələsinə seçilməsidir.

Ümumi müsabiqələrə çıxarılmış vakansiyalar üzrə ilkin seçimdən keçmiş namizədlərin test imtahan mərhələsində iştirakı növbəti mərhələyə daha bilikli namizədlərin seçilməsi ilə yanaşı, onların müsabiqənin növbəti mərhələlərindən olan müsahibə və peşə-sınaq imtahanlarına bir qədər də hazırlıqlı  olmalarına kömək edir.

Əsl sağlam rəqabət əsasında keçirilən, bütün namizədlərə eyni imkanları təmin edən test imtahanlarında keçid balı iştirak edən namizədlərin göstərdikləri bilikdən asılı olaraq imtahan başa çatdıqdan sonra müəyyənləşir. Bal toplama ardıcıllığına görə ən çox bal toplayan namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanırlar. Hər hansı blok üzrə minimal keçid balını toplamayan namizəd topladığı ümumi baldan asılı olmayaraq növbəti mərhələyə dəvət edilmir. Test imtahanlarının xüsusi proqram təminatı vasitəsilə həyata keçirilməsi imtahanların operativliyini artırmaqla yanaşı, nəticələrin etibarlı mühafizəsini də təmin edir.

Test imtahanında iştirak edən vətəndaşların nəticələri proqram təminatının serverində saxlanılmaqla yanaşı, ona sonradan İRD və ya kənar bölmələr tərəfindən hər hansı müdaxilənin edilməsini də mümkünsüz edir. Proqram təminatının etibarlılığı istənilən zaman İRD əməkdaşlarının iştirakı olmadan da araşdırıla bilər.

Test imtahanlarında müvəffəqiyyətlə keçmiş namizədlər müsabiqənin növbəti mərhələlərindən birinə müsahibəyə və ya peşə-sınaq imtahanına dəvət edilirlər. Müsabiqənin növbəti mərhələsinin müsahibə və ya peşə-sınaq imtahanı olması vakansiyanın xüsusiyyətlərindən asılı olaraq müəyyənləşir. Müsahibə və ya peşə-sınaq imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlər vakant yerlərə təyin olunmaq imkanı əldə edirlər.

Müsahibə mərhələsində namizədin vəzifənin tutulma şərtlərinə uyğun bilikləri, nəzəri biliklərinin tətbiqi bacarığı ilə yanaşı, onun emosional stabillik, məsuliyyətlilik, dürüstlük, nüfuzetmə, təhliletmə, ünsiyyət qurmaq kimi keyfiyyətlərinin, danışıq, özünü ifadə etmək, təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə qabiliyyətinin, eləcə də iddia etdiyi vakansiya üçün vacib olan digər üstünlüklərə malik olub-olmaması yoxlanılır.

– Son illər SOCAR-da işə qəbul prosesi, eləcə də insan resurslarının idarə edilməsi ilə bağlı aparılan işlər ictimai etimadı yüksəltməklə bərabər, müsabiqə proseslərində şəffaflığı da təmin etmişdir. Bəs bu nailiyyətlərin əldə edilməsinin əsas səbəbləri hansılardır?

– SOCAR-da insan resurslarının idarə edilməsi ilə bağlı aparılan işlərdə əldə edilən müvəffəqiyyətlərin əsas səbəblərindən biri şirkət rəhbərliyinin iradəsidir. Bütün proseslərdə şəffaflığın təmin edilməsi xüsusi önəm daşıyır. İnsan Resursları Departamenti fəaliyyətə başladığı ilk gündən prinsipial mövqedən çıxış edərək, tətbiq edilən bütün prosedurlarda qanunçuluq, ədalətlilik, şəffaflıq prinsiplərinə dönmədən əməl edilmişdir. Təsadüfi deyildir ki, həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq təmin edilir ki, bu da ictimai nəzarət mexanizmlərinin tətbiq edilməsi ilə şəffaflığın qorunmasına xidmət edir.

 --Son illər şirkətinizdə insan resurslarının idarə edilməsi proseslərinin transformasiyası proqramının tətbiqi ilə bağlı işlər hansı mərhələdədir?

--İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya proqramının tətbiqi SOCAR prezidentinin əmri ilə təsdiq edilmiş yeni layihə əsasında həyata keçirilir ki, bununla bağlı da işlər görülməkdədir.

Layihənin əsas məqsədi heyətin idarə edilməsinin effektivliyinin yüksəldilməsi, peşəkar əməkdaşların inkişafı və saxlanılması üçün fundamental əsasın yaradılması, həmçinin heyətə vəsait sərfinin şəffaflığının təmin edilməsidir.

SOCAR prezidentinin əmri ilə şirkətin aidiyyəti digər struktur bölmələri, eləcə də SAP əməkdaşlarından ibarət layihə qrupu yaradılmış və hazırlanmış plan-qrafik üzrə işlərə start verilmişdir. Layihə qrupunun tərkibində texniki komitə, işçi qrup formalaşdırılıb və layihənin nizamnaməsi işlənərək, texniki komitə tərəfindən təsdiq edilib.

– SOCAR-da gənc mütəxəssislərin işə qəbulu ilə bağlı hansı işlər görülür?

– Əvvəla qeyd edim ki, iş təcrübəsi olmayan mütəxəssislərin işlə təmin olunması problemi ölkədaxili deyil, dünyanın digər ölkələrində əmək bazarının əsas problemlərindən biri hesab edilir.

 Digər ölkələrdə olduğu kimi, respublikamızda da iş təcrübəsi olmayan gənc mütəxəssislərin mövcud əmək bazarında iş tapmalarında müəyyən çətinliklər vardır. Şübhəsiz, hər bir işəgötürən daha çox öyrənən deyil, birbaşa təcrübi olaraq işləməyə hazır olan mütəxəssislərə üstünlük verirlər ki, bu da bazar iqtisadiyyatının tələblərindən biridir. Bir çox vəzifələr vardır ki, onların vakansiyaların tələblərinə uyğun olaraq əmək funksiyalarının icrası üçün minimal iş təcrübəsi mütləq şərtlərdən biridir.

Lakin Azərbaycan Respublikasında gənclərin məşğulluğunun artırılması istiqamətində aparılan işlər çərçivəsində SOCAR-da gənclərin işlə təmin olunması məsələsi həmişə xüsusi diqqət mərkəzində saxlanılmışdır. Həyata keçirilmiş müxtəlif proqramlar çərçivəsində minlərlə gənc əmək fəaliyyətinə məhz SOCAR-dan başlamışdır. Bu gün də gənclərin işə qəbulu prosesi xüsusi önəm daşıyır.

Bir məlumatı da qeyd edim ki, SOCAR-da “Gənc məzunların ödənişli təcrübə ilə işə qəbulu” layihəsinin reallaşması nəzərdə tutulur.

Şübhəsiz ki, gələcəkdə də gənclərin aldıqları təhsilə uyğun əmək təcrübəsi tələb olunmayan vakansiyalar üzrə müsabiqələrdə iştirakı ilə bağlı silsilə tədbirlər davam etdiriləcəkdir.

 

Müsahibəni qələmə aldı:

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 11 fevral.- S.6.