Sabirabad: Çəkilən zəhmət bəhrə verir

 

Bu günlərdə Sabirabadda 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin rayondakı abidəsini ziyarət etdilər və önünə gül dəstələri qoydular. Sonra rayon iqtisadiyyatını əhatə edən sərgiyə baxış keçirildi.

 

Hesabat məruzəsi ilə Sabir-abad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə inamlı inkişafın davam etdirildiyi, qarşıda duran əsas vəzifələrin yerinə yetirildiyi, əhalinin rifahının yüksəldiyi qeyd olunmuşdur. 2016-cı ildə respublikada olduğu kimi, Sabirabad rayonunda da iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam etmişdir. 2015-ci illə müqayisədə 2016-cı ildə istehsal olunan məhsulun həcmi 23,2 faiz, tikinti-quraşdırma işləri 2,1 dəfə, sənaye məhsulu 30,8 faiz, rabitə xidməti 4,5 faiz, nəqliyyat xidməti 11,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,1 faiz çox olmuşdur. Əsas kapitala yönəldilən investisiya 76 milyon 912 min manat təşkil etmişdir. Adambaşına düşən pul gəlirləri, orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən artmışdır.

Başçının sözlərinə görə, “Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 19 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən rayona ayrılmış 3 milyon manat vəsait hesabına şəhərin prospekt və küçələrində, sənaye zonasında 25 müxtəlif mərtəbəli binanın əsaslı təmirinə başlanılmışdır və əlavə 6 binada həmin işlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə, keçən il 27 ictimai yaşayış binasında cari təmir işləri görülmüş, RİH-in inzibati binası əsaslı təmir olunmuş, Sabir parkında yenidənqurma işləri aparılaraq fəvvarə quraşdırılmışdır. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə, ölkə başçısının göstərişinə əsasən, tədbirlər görülmüşdür. Ümumiyyətlə 2016-cı ildə rayonda 48 yeni müəssisə və təşkilat yaradılmış, 2897-si daimi olmaqla 3080 yeri açılmışdır.

Prezident İlham Əliyev aqrar sahənin inkişafı, torpaqlardan istifadənin səmərəliliyinin artırılması ilə bağlı yerli icra orqanları qarşısında ciddi vəzifələr qoymuşdur. Bu məqsədlə ölkəyə valyuta gətirən sahələrə o cümlədən rayonumuz üçün ənənəvi sahə olan pambıqçılıq və baramaçılığa dövlət dəstəyinin artırılması, kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin tətbiqinin davam etdirilməsi, onlara yardım və subsidiyanın verilməsi, texnika və gübrələrin alınmasına əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılması bu sahədə əsaslı dönüş yaratmışdır. Bunun nəticəsidir ki, rayon üzrə 2016-cı ildə kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 12,1 milyon manatya 6,1 faiz artaraq 213,2 milyon manata çatmışdır.

2017-ci ilin məhsulu üçün 24475 hektar taxıl, o cümlədən 13849 hektar buğda, 10626  hektar arpa əkilmişdir ki, bu da əvvəlki ildəkindən 113 hektar çoxdur. Ötən il rayon üzrə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə kartof, tərəvəz və bostan məhsulları istehsalı artmışdır.

N.İsmayılov qeyd etdi ki, ötən il sentyabrın 17-də Prezident İlham Əliyev Sabirabad rayonuna səfər etmiş, burada pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirmişdir. Cənab Prezidentin müşavirədəki çıxışı və tövsiyələri bu sahənin inkişafı üçün mühüm rol oynamışdır. Sonra dövlət başçısı “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” sərəncam imzalamışdır. 2016-cı ildə Sabirabadda cəmi 6084 hektar sahədə pambıq əkilmiş, 7,7 min ton xam pambıq tədarük edilmişdir. Pambıq əkini sahələrinin və məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 4 dəfədən çox artmışdır. Artıq Prezident Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə “2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı” təsdiq olunmuşdur. Tədbirlər planında hər işin adı, təşkili üçün məsul qurumlar göstərilmişdir. Bizim vəzifəmiz həmin işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etməkdir.

Baramaçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində olmuşdur. 2016-ci ildə 3 ton barama istehsalına qarşı rayonda 3075 kq barama istehsal edilmiş, gələcəkdə bu sahənin daha da inkişafı istiqamətində işlər aparılır. Ötən il 8 kənd inzibati ərazi dairəsində (Nizami, Ulacalı, Quruzma, Kürkəndi, Qasımbəyli, Yolçubəyli, Qalağayın və Qaragüney) 62,5 min, o cümlədən 60 min ədədi Cin Resplikasindan ölkəyə gətirilmiş tut tinginin əkini aparılmışdır.

Rayonda meyvə məhsullarının istehsalı artmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, mal-qaranın məhsuldarlığının artırılması, quşçuluğun inkişaf etdirilməsi, baytarlıq xidmətinin yüksəldilməsi, yem bazasının möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. Bu ilin əvvəlinə  iri buynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1668 baş artaraq 118600 baş, xırda buynuzluların sayı 4841 baş artaraq 216255 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 16586 ton, süd istehsalı 103716 ton, yumurta istehsalı 52 milyon 57 min ədəd, yun istehsalı 522  ton təşkil etməklə ötən illə müqayisədə xeyli artmışdır.

Əhalini dayanaqlı elektrik enerjisi, təbii qazla, içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdür. Təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır .

Ötən il bir nəfər Qarabağ müharibəsi əlilinə pulsuz “LİFAN” markalı minik avtomobili verilmişdir. Ümumilikdə 76 nəfər əlil minik avtomobili, 67 səhid ailəsi, Qarabağ müharibəsi və Çernobl əlili mənzillə təmin olunmuşdur.

Ərazidə məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ölkə başçısının daim diqqət mərkəzində olmuşdur. Güdəcühür kəndi ərazisində məcburi köçkünlər üçün bütün infrastruktura malik 2 qəsəbə salınmış, RİH tərəfindən məcburi köçkünlərin qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşılmış, onların həlli üçün lazımi tədbirlər görülmüşdür.

2016-cı ildə vətəndaş müraciətlərinə baxılması sahəsində də ciddi dönüş yaradılmışdır. Natiq ötən il yol verilmiş nöqsanlar barədə də danışdı və onların aradan qaldırılması üçün tövsiyələrini verdi.

Sonda başçı xüsusi vurğuladı ki, sabirabadlılar bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə maksimum səy göstərəcəklər.

Tədbirdə Prezident Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev, Milli Məclisin deputatları akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev də çıxış etdilər və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi inkişafın artan sürətlə davam edəcəyini bildirdilər.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2017.- 11 fevral.- S.9.