Xalq artisti Lütfi Məmmədbəyovun

90 illik yubileyi qeyd olunur

 

Onu  ilk dəfə “Səhər” filmində Aslan rolunda  görmüşdüm. Maraqlı obraz idi, gənc olmasına baxmayaraq,  bu  rolu ustalıqla  ifa etmişdi. İllər  ötdü,  Lütfi Məmmədbəyov tanındı, məşhurlaşdı, tamaşaçıların  sevimlisinə  çevrildi. Bu  günlər böyük  sənətkarın  90 illik yubileyi  qeyd olunur. Bizbu  istedadlı  sənətkarın  sənət yoluna  qısa  nəzər salmaq istədik.

 

Milli  teatrımızın və kino  sənətimizin inkişafında böyük xidmətləri olan Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonlarında bu teatr müvəqqəti olaraq bağlananda Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunubömrünün sonunadək orada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub O, Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" serialını çəkib.

1953-cü ildə öz təşəbbüsü ilə yaratdığı xalq teatrına qırx ildən artıq rəhbərlik edib. Bu gün tanınan aktyorların, rejissorların əksəriyyətinin ilk sənət yolu həmin xalq teatrından başlayıb. Bu xalq teatrı Azərbaycan milli teatrkinosuna Həsən Turabov, Həsən Əbluc, Şahmar Ələkbərov, Rasim Balayev, Tariyel Qasımov kimi aktyor nəsli bəxş edib.

O, eyni zamanda, respublika teleradio yayımlarında kamera, mikrofon qarşısında mahir aparıcılardan biri olub. Dövrün məşhur televiziya verilişləri "Səhər" musiqili informasiya proqramı, "Teatr görüşləri", "Sənətkar və zaman", "Aktyorlar, rollar" verilişləri L.Məmmədbəyovun istedadı, aparıcılığı sayəsində illərlə ekran ömrü yaşamış, tamaşaçı sevgisi qazanmışdı.

 

M. MEHDİYEV

 

Xalq qəzeti. - 2017. - 12 fevral. - S.7.