“Ən böyük arzum ustadın

adına layiq sənətçi olmaqdır”

 

Müqəddəs muğam sənətimizin təbliği və inkişafı, onun qorunması, dünya musiqi incilərinin Azərbaycanda tanıdılması kimi layihələrə dövlət başçımızın, Heydər Əliyev fondunun prezidenti, UNESCO-nun  İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısı danılmazdır. Bu mənada 2005-ci ildən başlayaraq, ilaşırı keçirilən Muğam Televiziya müsabiqələri  xalqımız tərəfindən rəğbətlə qarşılanır.

2015-ci ildə bu layihənin onilliyi Beynəlxalq Muğam Mərkəzində böyük təntənə ilə qeyd olundu. Bu on ildə bir çox gənc muğam ifaçılarımız ölkənin yüksək fəxri adlarına layiq görülmüş, Azərbaycan incəsənətini dünyanın hər yerində layiqincə təmsil etmişlər.

Bir çoxu isə ölkənin nüfuzlu musiqi kollektivlərində çalışaraq ustad müəllimlərindən öyrəndiklərini həvəslə gənc nəslə öyrətməyə davam edir.

Belə ümidverici gənc muğam ifaçılarından biri də “Muğam-2015”  V Muğam Televiziya müsabiqəsinin laureatı, bu gün isə Milli Konservatoriyanın I kurs magistri Səriyyə Pirimovadır.

Əlibaba Məmmədov, Xalq artisti:

– Səriyyənin gözəl səsi, yüksək səs diapazonu, ən başlıcası isə gözəl musiqi duyumuqavrama qabiliyyəti var. Xanəndə üçün vacib amillərdən birionun şerə, qəzələ maraq göstərməsidir ki, bu həvəs onda var. Müsabiqə boyu az vaxtda bir çox muğam dəstgahları ilə birlikdə “Dəşti” kimi çətin muğamı oxuyub öhdəsindən gələ bilibsə, tam əminliklə deyə bilərəm ki, onun gözəl gələcəyi var.

Səriyyənin  ən böyük arzusu saz çalıb-oxumaq idi. Təhsil aldığı Qaradağ rayonu Səngəçal qəsəbəsi 222 nömrəli orta məktəbin demək olar ki, bütün tədbirlərində yaxından iştirak edir, böyük şövqlə söylədiyi şerlərin müəllim və şagirdlər tərəfindən alqışlarla qarşılanmağı onu daha da sözmusiqi dünyasına bağlayırdı.

Lakin şeirə, sözə olan məhəbbəti nə qədər güclü olsa da, saz sənətinə olan maraq ona bir an rahatlıq vermirdi. Doqquzuncu sinfədək Səriyyənin saza olan həvəsinin sönmədiyini görən atası Azad kişi, nəhayət ki, ona saz alır. Və onu qəsəbədəki 28 nömrəli musiqi məktəbinin saz sinfinə qoyur.

Əslən Qarabağdan, Ağdamın Gülablı kəndindən olan valideynləri musiqinin, xüsusən  də, muğam sənətinin  nə demək olduğunu yaxşı bilirdilər. Anası Şərafət xanımın  gözəl səsi vardı. Vaxtilə Gülablının “Nənə qızlar” ansamblının solisti olub. Taleyinə qaçqınlıq qisməti düşmüş ailə Ağdamın işğalından sonra Səngəçal qəsəbəsində məskunlaşmışdır. Balaca Səriyyənin  gözəl  səsi olduğunu da bilirdilər. Lakin nə biləydilər ki, nə vaxtsa bu qız böyüyəndə sazıyla deyil, xoş avazıyla xalqın ruhunu oxşayacaq.

Bütün bunlar mütləq olacaq. Hələlik isə sazı həvəslə öyrənir. “Baş sarıtel”, “Qoca qartal”, “Yanıq Kərəmi”, “Ağarma saçım”, “Nar ağacı – nar çiçəyi” və bir çox digər aşıq havalarının mahir ifaçısı kimi bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqələrində uğurla çıxış edirdi.

Səriyyə musiqi məktəbinin ən istedadlı şagirdlərindən biri idi. Üç illik proqramı bir ildə yerinə yetirmişdi. Xüsusən də muğam oxumağı daha çox xoşlayırdı. Ən qəribəsi də o idi ki, heşç bir muğam dərsi keçmədən, müəllimdən dərs almadan muğamların şöbələrinin adlarını bilməsə də, radiodan, televiziyadan eşidib öyrəndiklərini dəqiq oxumağa çalışırdı. Görünür, muğama olan bu həvəs ona irsən keçmişdir, deyə musiqi məktəbinin saz müəllimi Şahin Həsənov sözünə davam edərək Səriyyənin sənədlərini Milli Konservatoriyaya verməsini tövsiyə edir. İmtahandan öncə bir neçə ay tanınmış xanəndə, pedaqoq Sabir Abdullayevdən  dərs alır. Qəbul imtahanında Səriyyənin oxuduğu “Mirzə Hüseyn segahı” münsiflər heyəti – xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Əməkdar müəllim  Qəzənfər Abbasov tərəfindən bəyənilir. 2012-ci ildə o, qəbul imtahanını müvəffəqiyyətlə verib Xalq artisti Əlibaba Məmmədovun sinfinə qəbul olunur.

– Açığını deyim ki,  ən çox qorxduğum da məhz Əlibaba müəllim idi. Onun muğam müsabiqələrində  obyektiv çıxışlarını, heç kəsə güzəştə getməməsini, hətta sənət dostlarının gənc ifaçılara yüksək bal verməsinə baxmayaraq,  kəskin etiraz  etdiyinin çox  şahidi olmuşam.  Bu səbəbdən taleyinə qaçqınlıq qisməti düşmüş gənc xanəndənin    güvəndiyi bir kimsə yox, nə də çətin məqamda pənah aparacağı adam, – deyə Səriyyə Pirimova o günlərini yada saldı. – Ancaq taleyim üzümə gülmüşdü.  Əlibaba müəllimi yaxından tanıdıqca, onu  daha çox sevdim. O, mənə təkcə müəllim yox, qayğıkeş bir ata oldu.  Dərs zamanı  nə qədər sərt və tələbkar idisə, dərsdən kənar bir o qədər mehriban  və qayğıkeş idi.

2015-ci il V Muğam Televiziya  müsabiqəsində Əlibaba Məmmədov Səriyyə Pirimovanın  iştirak  etməsini tövsiyə edir.  Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçı  müsabiqədə  iştirak etmək arzusunda olduqlarını bildirirlər. Təəssüf ki, şansı  gətirən, dəyərli münsiflər  tərəfindən seçilən  yalnız 20 nəfər olur. Bu ifaçılardan biri də məhz Səriyyə Pirimova olur. Dinləmələrin  birinci turunda müğənnidən yüksək səs diapazonu tələb edən  Qatar”, ikinci turunda isə  ən çətin muğamlardan sayılan “Dəşti”ni  oxuyur. Ən qəribəsi  odur ki,  bütün münsiflər heyəti–Xalq artistləri  Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Ramiz Quliyev, Əməkdar incəsənət xadimləri, layihənin  təşkilatçısı Nadir  Axundov  və Sərdar Fərəcov Səriyyənin  ifasına yüksək bal versələr də, Əlibaba müəllim: Mənim balam, oxumağına oxudun. İnsafən pis də oxumadın, yüksək də bal topladın. Bununla belə mən istədiyimi səndən ala bilmədim. Odur ki, sənə bir bal aşağı qiymət verirəm.  Belə getsə, gələcək dinləmələrdə  müsabiqəni tərk edə bilərsən, – dedi.

Ustadın bu tövsiyəsi Səriyyənin qulağında bir sırğa oldu. İndi o, daha çox özü haqqında deyil, ustadın tələbəsi adına layiq xanəndə olmağı haqqqında düşünürdü. 2-3 aylıq müsabiqə 3-4 illik proqramı mənimsəmək demək idi. Bu az vaxtda həm ritmik muğamları, həm muğam dəstgahlarını, qaval çalmağı, qəzəlliyatı öyrənməli idi. Bir sözlə, yalnız gərgin zəhməti, qabiliyyəti  və sənətə rəğbəti sayəsində insan  öz arzusuna çata bilər. Müsabiqə boyu Səriyyə Pirimova “Bayatı Şiraz”, “Mahur”, “Qatar” “Mirzə Hüseyn segahı”, “Dəşti” muğamlarını ifa etmişdir.

Şəhriyar, Ə.Vahid, S.Ə.Şirvani, Hacı Mailbir çox digər şair və qəzəlxanların  söz dünyasının muğamla düzgün tələffüz  oxunuşuna çalışır. Müsabiqənin  az əhəmiyyət kəsb etməyən  bir cəhəti  də ondadır ki, müsabiqə boyu iştirakçılar həm ustad xanəndələrin lent yazılarını dinləyir, həm də Azərbaycanın digər bölgələrində Naxçıvan, Fizuli, Ağcabədi, Xırdalan, Mərdəkan və başqa şəhər, rayon  və qəsəbələrdə  muğam dinləmələri  təşkil olunurdu.  Buna ilkqastrol” səfərləri də demək olardı.

...Dövlət imtahanında Səriyyə Pirimovanın Konservatoriyanin böyük zalında “Leyli və Məcnun” operasında oynadığı Leylinin anası obrazı imtahan komissiyasının üzvləri –Xalq artistləri Siyavuş Kərimi, Səkinə İsmayılova, Arif Babayev, Mənsum İbrahimov tərəfindən yüksək dəyərləndirilir. Leyli rolunda Zümrüd Məmmədova, Məcnun rolunda isə Mirələm Mirələmov çıxış etmişlər. Bu gün Səriyyə Pirimova Milli Konservatoriyanın magistridir.  Əlibaba müəllimin – ustad xanəndənin sevimli tələbələrindən biridir.  Ən böyük arzusu müəllimin  adına layiq sənətçi olmaqdır.

Bəzən Şirvan, Göyçə, Borçalı, Tovuz, Gədəbəy aşıq məktəbi ifadələri kimi Qarabağ, Bakı, Şirvan muğam məktəbi ifadələrinə də rast gəlirik. Bu dəyişməz həqiqət olsa da, kiçik məzmun daşıyır. Unutmayaq ki, tarixin hansısa məqamında həmin məktəblərin  hamısı bütöv Azərbaycan mədəniyyətini formalaşdırır.  Bunun üçünsə ustad sənətkarlarımızın uzaqgörənliyi, milli təəssübkeşliyi lazımdır. Bu baxımdan yüksək improvizə incəliklərinə və muğamla sözün sintezinə malik olan Bakı muğam məktəbinin görkəmli nümayəndəsi Əlbaba Məmmədovun Qarabağ muğam məktəbinin  gənc təmsilçisinə ustadlıq etməsi xüsusilə təqdir olunmalıdır. Adama elə gəlir ki,  Qarabağın gənc ifaçılarının səsi qızıl kərpic, Əlibaba müəllimin ustadlığı isə memar incəliyidir. Bu iki ünvandan  bəhrələnən muğam sarayımızın min illər yaşayacağına hamımız inanırıq.

 

Rafiq Salmanov

Əməkdar mədəniyyət işçisi 

 

Xalq qəzeti.- 2017.- 12 fevral.- S.6.