Azərbaycanda Probasiya xidmətinin
yaradılması
hüquq islahatlarının ali
mərhələsinə
keçidin göstəricisidir
Bu addım dövlət idarəçilik
sisteminin müasirləşdirilməsini və cəzaların
humanistləşdirilməsini təmin edəcək
Dövlət idarəçilik
sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq
islahatları sahəsində həyata keçirilən tədbirlər
penitensiar xidmətin və bütövlükdə cəzaların
icrası ilə bağlı fəaliyyətin müasir
dövrün tələblərinə uyğun
qurulmasını və səmərəli idarəetmənin təşkilini
zəruri edir. Cəzaların icrası sahəsində həyata
keçirilən islahatlara baxmayaraq, son zamanlar
aparılmış təhlillər göstərir ki, məntəqə
tipli cəzaçəkmə müəssisələrinin
normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının
icrası prosesində çətinliklər yaranır, cəzanı
icra edən orqan və müəssisələrdə müasir
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət
qədər istifadə edilmir.
“Penitensiar sahədə
fəaliyyətin təkmilləşdirilməsi, cəza
siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan alternativ
cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin
genişləndirilməsi barədə ” Azərbaycan Respublikası Prezidentinin sərəncamından
10 fevral, 2017-ci il
Hələ 2011-ci ilin
payızından etibarən
ölkə mətbuatında belə xəbərlərə
rast gəlirdik: “Azərbaycanda Probasiya haqqında Qanun
hazırlanır”, “Ölkəmizdə Probasiya xidməti
yaradıla bilər”,
“Probasiya haqqında Qanun Azərbaycan
hüquq məkanını inkişaf etmiş dövlətlərin
hüquq məkanı səviyyəsinə qaldıracaq” və
sair. Əlbəttə, həmin xəbər başlıqları
Milli Məclisdəki hüquqşünas deputatlar, QHT sədrləri
və digər mütəxəssislər tərəfindən
səsləndirilmiş fikirlər əsasında
formalaşırdı. Amma bu məzmunlu
söhbətlərin son nəticəsi
təbii ki, ən ali səviyyədə qəbul edilmiş qərara
əsaslanacaqdı. Belə də oldu. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bir neçə gün əvvəl
-- fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və
prosessual məcburiyyət tədbirlərinin tətbiqinin
genişləndirilməsi barədə” sərəncam
imzaladı.
Sənədə
əsasən Ədliyyə Nazirliyinə penitensiar müəssisələrin
modernləşdirilməsi, infrastrukturun yenilənməsi və
idarəçilik mexanizminin
yaxşılaşdırılması nəzərdə tutulub.
Həmçinin Ədliyyə Nazirliyinə
tapşırılıb ki, Probasiya xidmətinin təşkili
ilə əlaqədar təkliflərini bir ay müddətində
Azərbaycan Prezidentinə təqdim etsin. Xatırladaq ki, beynəlxalq
təcrübəyə əsasən
probasiya elə cəza növüdür ki, məhkum xüsusi
orqanların nəzarəti altında məhkəmə tərəfindən müəyyən edilən sınaq
müddətində saxlanılır. Yəni, məhkəmə
şəxsiyyəti, şəraiti və s. nəzərə alaraq məhkumun
azadlıqdan məhrum edilmədən islah oluna biləcəyini
mümkün hesab edir və onu həbsdən buraxır. Yəni
probasiya istintaq altında olanın və dustağın
davranışını izləyən alternativ cəza
sistemidir.
Dövlət
başçısının həmin sərəncamı
kütləvi informasiya vasitələrində
yayıldıqdan sonra müxtəlif
qurumları təmsil edən hüquqşünaslar, xüsusən,
Ədliyyə Nazirliyinin mütəxəssisləri bu barədə
fikir söyləyərkən, ilk növbədə beynəlxalq
təcrübəni yada saldılar. Bildirildi ki, ölkəmizdə
bu institutun yaradılması prosesinin bir neçə il davam
etməsinin əsas səbəbi
beynəlxalq aləmdə mövcud olan analoji
qurumların hamısının təcrübəsinin öyrənilməsi
idi. Çünki həm ulu öndər Heydər Əliyev, həm
də Prezident İlham Əliyev dəfələrlə deyiblər ki, biz dünya təcrübəsində
mövcud olan hər hansı bir institutun yaradılması
zamanı öncül ölkələrin həmin sahədəki
təcrübəsini öyrənməli, öz
xalqımızın mənafeyinə, dövlətimizin
maraqlarına uyğun olan variantları seçməliyik.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının hüquq-
mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov dövlət
başçımızın
imzaladığı “Penitensiar sahədə fəaliyyətin
təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi
və cəmiyyətdən təcridetmə ilə əlaqədar
olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin
tətbiqinin genişləndirilməsi barədə” sərəncamla
əlaqədar verdiyi müsahibədə bu addımın insanlar üçün nə qədər
əhəmiyyət kəsb etdiyini dilə gətirib:
“Azadlığın cəmiyyətin ən ümdə və zəruri
şərti olduğunu dəfələrlə vurğulayan cənab
Prezident verdiyi tapşırıqlar, qəbul etdiyi hüquqi
aktlar, mütəmadi imzalanan əfv sərəncamları ilə
cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə
xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən
təcrid etmədən islah etmənin daha səmərəli
olduğunu göstərib. Bu sahədə görülən
işlərə və həyata keçirilən islahatlara
baxmayaraq, aparılmış araşdırmalar və analitik təhlillər
göstərib ki, ibtidai istintaq və məhkəmə
orqanları cinayət təqibinin gedişində zərurət
olmadan şəxslərin həbs edilməsinə yol verirlər.
Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə
üstünlük verilir. Cəzaların icra edilməsinə
məsul olan orqanlar tərəfindən cəmiyyətdən təcridetmə
ilə əlaqədar olmayan cəzaların, xüsusilə
ictimai işlərin icrasına formal yanaşılır”.
Dövlət
rəsmisinin fikrincə, bu sərəncam cinayət-hüquq
siyasətinin liberallaşdırılması, böyük
ictimai təhlükə törətməyən və az
ağır cinayətlərə görə həbs və
azadlıqdan məhrumetmə cəzasının
tətbiqinin məhdudlaşdırılması, cinayətlərin
dekriminallaşdırılması, cinayət təqibi və cəzaların
icrası sahəsində korrupsiyaya şərait yaradan
halların aradan qaldırılması və müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin
görülməsini təmin edəcək. Qeyd edilən hər
bir istiqamətdə növbəti islahatlar
dalğasının həyata keçirilməsinə təkan
verəcək. Bizim fikrimizcə isə, bu sərəncam
ölkədə insan hüquq və azadlıqlarının
daha yüksək səviyyədə qorunmasına növbəti zəmin yaradacaq.
Bildirilir
ki, Probasiya termininin latıncadan tərcüməsi sınaq
deməkdir və hüquq nəzəriyyəsində bu
anlayış şəxsin müəyyən şərtlərə
riayət etməsi müqabilində cəzadan azad olunması mənasında
istifadə edilir. Probasiya institutu əksər Qərb dövlətlərinin,
İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya,
Danimarka, Estoniya və digər ölkələrin cinayət
mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Mütəxəssis xatırladır ki, xarici ölkələrdə
mövcud Probasiya xidmətlərinin funksiyaları və səlahiyyət
dairəsi müəyyən cəhətlərinə görə
fərqlənsə də, onları birləşdirən
ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər
şərti məhkumetmə zamanı məhkumun hökmlə
müəyyən edilmiş şərtlərə riayət
etməsinə nəzarət edən, habelə azadlıqdan məhrumetmə
ilə əlaqədar olmayan cəzaların icrasını təmin
edən qurumlardır. Azərbaycanda yaradılacaq Probasiya xidmətinin
əsas vəzifələri isə
azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara
məhkum edilmiş və ya şərti məhkum edilmiş
şəxslərlə işin təşkilini keyfiyyətcə
yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
təmin etmək olacaq.
İnkişaf
etmiş ölkələrin kütləvi informasiya vasitələrinin
yaydığı məlumatlardan, ədəbi əsərlərdən,
bədii filmlərdən
hamıya məlumdur ki, şübhəli, amma cinayət
törətdiyi sübuta yetirilməmiş şəxslər,
yaxud ictimai təhlükə mənbəyi olmayan cinayət
törətmiş şəxslər
polis tərəfindən saxlanılır və müəyyən
proseslərdən sonra buraxılır. Həmin “müəyyən
proseslər” isə elektron nəzarət deyilən yeni təcrübədir.
Prezident Administrasiyasının rəsmisi bu məsələyə münasibət
bildirərkən deyib: “Elektron nəzarət vasitələrinin
tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin
yerləşdiyi yeri müəyyən etməyə və onun
yerdəyişmələrini qeydə almağa imkan verən
texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən
ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat
formasında hazırlanır, xüsusi çiplərlə təchiz
edilir və rabitə şəbəkələrinə
qoşulur. Elektron nəzarət vasitələrinin zədələnməsi,
icazəsiz çıxarılması və ya onlara müdaxilə
edilməsi cəhdləri olduqda bu barədə dərhal
monitorinq mərkəzinə siqnal ötürülür və
həmin şəxslərin qanunazidd davranışının
qarşısının alınması üçün
müvafiq tədbirlər görülür”.
Bu zaman xüsusilə qeyd etməli
olduğumuz başqa bir məqam da var. Belə ki, yuxarıda qeyd
etdiyimiz kimi, Azərbaycan dövləti istənilən beynəlxalq
təcrübənin tətbiqi prosesində öz
insanının mənafelərini, deməli, həm də onun
hüquq və azadlıqlarını
əsas götürür. Yəni, kiminsə elektron nəzarət
altına götürülməsi onun şəxsiyyətinin təhqir
olunması, alçaldılması ilə müşayiət
oluna bilməz. Odur ki, Fuad Ələsgərov əlavə edir:
“Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi
halları, qaydaları və şərtləri, həmçinin
onların tətbiqinə məhdudiyyətlər detallı
şəkildə işlənib hazırlanmalıdır. Məhz
bu məqsədlə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən
müvafiq normativ aktların layihələri hazırlanacaq”.
Ölkəmizdə
cəza siyasətinin humanistləşdirilməsi istiqamətində
həyata keçirilən bu tədbirlər barədə qələmə
aldığmız sətirlərin sonunda qeyd edək ki, bizdə cəza siyasətinin humanistləşdirilməsi
məqsədilə iki istiqamət müəyyən olunub.
Birincisi, cəzanın sosial ədalətin bərpası, məhkumun
islah edilməsi və yeni cinayətlərin törədilməsinin
qarşısının alınması. İkincisi, qanunvericiliyin
təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq
siyasətinin liberallaşdırılmasına nail olunması.
Dövlət rəsmisi bildirir ki, bu məqsədlə cinayətlərin,
xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin
dekriminallaşdırılması, cinayətlərin
sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların
əlavə olunması və alternativ cəzaların tətbiqi
əsaslarının təkmilləşdirilməsi ilə
bağlı qanun layihələrinin hazırlanması nəzərdə
tutulub. Bundan başqa, böyük ictimai təhlükə
törətməyən və az ağır cinayətlərə
görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının
daha da məhdudlaşdırılması ilə bağlı
qanun layihələrinin hazırlanması tövsiyə edilib.
Əminik
ki, dövlət başçımızın
imzaladığı bu sərəncamdan irəli gələn vəzifələrin
icrası qeyd etdiyimiz hər iki istiqamətin yüksək səviyyədə
reallaşdırılmasına zəmin yaradacaq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2017.- 15 fevral.- S.3.