Qədim Qəbələ bu
gün ölkəmizin
siyasi-mədəni mərkəzlərindən
birinə çevrilir
“Ötən il ölkəmizin
hər yerində olduğu kimi,
Qəbələ rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında
da əlamətdar
hadisələrlə zəngin olub. Bunlardan ən yaddaqalanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin avqustun
10-da rayonumuza səfəri idi.
Səfər zamanı dövlət başçısı bir çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak edib, inşası davam edən tikintilərdə işlərin gedişi ilə maraqlanıb. Cənab Prezident rayonumuzda görülmüş işlər barədə fikirlərini bildirərək, müvafiq tapşırıqlar verib, qarşımıza yeni vəzifələr qoyub”. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsindəki geniş hesabat məruzəsinə belə başladı. Natiq qeyd etdi ki, 2016-cı ildə Qəbələyə gələn xarici ölkələrin dövlət rəsmilərinin sayı xeyli artıb, beynəlxalq və regionlararası əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılıb. Belə ki, Fransanın Kann şəhərinin meri Qəbələyə səfər edib, Qəbələ və Kann şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi imkanları araşdırılıb. Belarus Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycanla Belarus arasında sənədlərin imzalanması çərçivəsində Qəbələ rayonu ilə Belarusun Qrodno şəhəri arasında regionlararası əlaqələrin qurulması haqqında saziş də imzalanıb.
Bundan başqa, Özbəkistanın Səmərqənd vilayət hakiminin müavinləri, Özbəkistandakı Azərbaycan diaspor təşkilatının Səmərqənd vilayəti üzrə rəhbərliyi, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, TÜRKSOY-un baş katibi, Rumıniyanın, İsrail Dövlətinin, Meksikanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirləri və Ukrayna Respublikası Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Qəbələdə səfərdə olublar.
Hər il olduğu kimi, ötən il də rayonda tikinti-quraşdırma və abadlıq işləri uğurla həyata keçirilib. Belə ki, 2016-cı il ərzində YAP Qəbələ rayon təşkilatının inzibati binası, xizəkçilik mərkəzi və “Tufandağ” oteli, Qəbələ Park-Bulvar Kompleksi, Dəmiraparan çayı üzərində 324 metrlik 10 aşırımlı dəmir-beton körpü, Qəmərvan çayı üzərində 36 metrlik dəmir-beton körpü, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi, “Asan xidmət”in inzibati binası, 100 yerlik uşaq bağçası, Nohur gölü ərazisində “Shenot Palace Health Wellnes” hotel sanatoriya kompleksi, “Tufandağ” kanat yolunun “Yatmış Gözəl” məntəqəsində restoran binası kimi obyektlərdə tikinti işləri başa çatdırılıb və istifadəyə verilib.
Bununla yanaşı, Qəbələ Rayon Məhkəməsinin inzibati binası və Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binası obyektlərində tikinti - quraşdırma işləri başa çatdırılıb, Soltannuxa kənd uşaq bağçası əsaslı təmir edilib. Tikintisi yarımçıq qalmış “Qafqaz Aqua Land Hotel”, “Qafqaz Diamond Aquapark”, Qolf kompleksi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, Qəbələ Rayon Prokurorluğunun inzibati binası, Gömrük Akademiyasının inzibati binası, Qəbələ peşə məktəbi, Atçılıq Mərkəzi sahəsində və Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması obyektlərində inşaat işləri davam etdirilir.
İnsanların sosial rifah halı, həmişə olduğu kimi, ötən il də diqqət mərkəzində saxlanılıb. Belə ki, il ərzində sənaye müəssisələrində çalışan 1039 işçinin orta aylıq nominal əmək haqqı 334 manat olub. 2003-cü ilin oktyabr ayından 2017-ci ilin əvvəlinədək 13 min 266-sı daimi olmaqla, 15 min 65 yeni iş yeri açılıb. Hesabat ilində isə 1400-ə yaxın yeni iş yeri yaradılıb. Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 3410 nəfərdən 857-i münasib işlə təmin edilib, 36 nəfərə işsizlik ststusu verilib, 44 nəfər işsiz vətəndaşa müavinət təyin edilib. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar müvafiq işlər görülüb. Həmin tarixədək mərkəzdə qeydiyyatda olan və müəyyən biznes ideyası olan vətəndaşlardan 21 nəfər seçilərək “öz biznesini başla və təkmilləşdir” təlimlərinə cəlb edilib.
Rayon rəhbəri qeyd etdi ki, ötən il xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəliblər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə bu sahələr daim diqqət mərkəzində saxlanılıb. Əhaliyə verilən elektrik enerjisinin dayanıqlığını təmin etmək məqsədilə 10 kilovoltluq hava xətləri üzrə
13 kənddə və şəhər ərazisində fiziki cəhətdən yararsız hala düşmüş 523 ədəd ağac dayaq dəmir–beton dayaqlarla əvəzlənib, 64 min 665 metr məsafədə isə naqillər dəyişdirilib.
İl ərzində 4400-dən çox yeni abonentə təbii qaz verilərək, əhali abonentlərinin ümumi sayı 16 min 543-ə çatdırılıb. Bum, Nic qəsəbələrinə, Qəmərvan, Mirzəbəyli və Həmzəli kəndlərinə qaz xətləri çəkilib, sayğaclar quraşdırılaraq qazın verilişi təmin olunub.
Əsas diqqət mərkəzində saxlanılan sahələrdən biri də təhsil sektorudur. Rayonda 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ötən ili rayon təhsil işçiləri də yüksək nəticələrlə başa vurublar. Orta məktəbləri bitirən 1419 məzundan 760 nəfər ali məktəbə qəbul olunmaq üçün sənəd verib, onlardan 424 nəfər ali məktəblərə qəbul olub. Ali məktəbə qəbul olunanların 36 nəfəri 600-dən yuxarı bal toplayanlardır. Qəbulun nəticələrinə görə şəhər 1, 2, 3, 4, 5 nömrəli, Vəndam qəsəbə 1 nömrəli, Nohurqışlaq, Bunud, Hacıalılı, Soltannuxa, Dizaxlı və Mıxlıqovaq kənd tam orta məktəbləri fərqləniblər.
Rayon mədəniyyət və turizm şöbəsinin xətti ilə il ərzində tarixi hadisələr, yubileylər və əlamətdar günlər münasibətilə maraqlı mədəni-kütləvi, bədii proqramlar hazırlanaraq tamaşaçılara təqdim edilib. Mədəniyyət mərkəzində Meksikanın Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə meksikalı rəssam Marqarita Moralesin fərdi yaradıcılıq sərgisi təşkil olunub.
Yığıncaqda Prezident Adminstrasiyasının məsul işçisi Rüfət Əliyev və Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış ediblər. Ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanıb və Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2017.- 15
fevral.- S.5.