Yaponiya -Günəşlə oyanıb yüksələn ölkə

 

“Təbəssüm, gülüş olan evə xoşbəxtlik gələr”.

 

Yapon atalar sözü

 

Azərbaycanın tanınmış yazıçı-dramaturqu, Milli Məclisin deputatı Hüseynbala Mirələmov həm nəsr və dram, həm də publisistik  əsərlərin müəllifi kimi geniş oxucu kütləsinə yaxşı tanışdır. Onun publisistikasında müxtəlif ölkələrə səyahət təəssüratları da özünəməxsus yer tutur. “Çində möhtəşəm on gün” və 2015-ci ildə rus dilində işıq üzü görmüş “Çin-dünyanın səkkizinci möcüzəsi” əsərləri oxucuların maraqla qarşıladığı əsərlər sırasındadır. H.Mirələmov ötən il Yaponiya tərəfinin dəvəti ilə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndə heyətinin tərkibində bu gündoğar ölkədə olmuş və zəngin səfər təəssüratları ilə qayıtmışdır. Yaxın günlərdə yazıçı dramaturqun “Yaponiya-Günəşlə oyanıb yüksələn ölkə” adı altında kitab halında nəşr ediləcək həmin təəssüratlardan bəzi parçaları qəzetimizin oxucularına təqdim edirik.

 

Noyabr  Azərbaycanda payız fəslinin sonuncu ayı olsa da,   möhtəşəm Bakının mərkəzindən  Heydər Əliyev Beynəlxalq  Hava Limanına uzanan geniş, rahat yolun sağında-solunda boy verən  yamyaşıl  ağaclar adamın ruhuna  hələ də bahar  təravəti qatırdı. Elə bil  təbiət  uzaq səfərə çıxanların yolunda yaşıl işıq yandırıb, xəfif küləkdən ləngər vuran bu  bərli-bəzəkli,  həmişəyaşıl  ağacların müşayiətilə onlara uğur diləyirdi.

Bakıdan Qətərin paytaxtı Doha şəhərinə təyyarə ilə  üç saata çatdıq. Vaxtımıza hələ çox qalmışdı. Nümayəndə heyətinin  rəhbəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  və Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla  dünyanın elm, təhsil, mədəniyyət, idman və biznes mərkəzlərindən  biri sayılan Doha  şəhərinin  görməli yerlərini  bir neçə saat gəzib-dolaşdıqdan sonra  yenidən  hava  limanına döndük.  Onu da  deyim ki,  bir milyon  doqquz yüz minə  yaxın   əhalisi  olan Qətərin  paytaxtında  iki  kommersiya hava  limanı mövcuddur. Hamad  adlanan Beynəlxalq Hava  Limanı dünyanın on ən yaxşı hava limanlarından  biridir.   Dünyanın hər yerindən təyyarələr fasiləsiz olaraq enib – qalxırdı.    Buradan  mavi səmada “üzən  otelə”  bənzəyən əzəmətli hava  gəmisiylə  uzaq Yaponiyaya - dünyanı heyrətə gətirən möcüzələr diyarına  səfər edirdik.  Rahat, geniş salonları olan təyyarədə  sərnişinlərə  yüksək səviyyədə  xidmət göstərən bir-birindən gözəl stüardessaların peşə atributlarından biri də sanki təbəssüm  paylamaqdır. Amma diqqətimi çəkən  təkcə  bu gülərüz,  öz  seçdikləri  peşədən  zövq alan gənc  stüardessalar  deyildi,  həm də yapon  sərnişinlərinin, yaşından asılı olmayaraq, bir  çoxunun kitab, jurnal, qəzet oxuması  idi.

Yaponlar və Yaponiya haqqında çox  maraqlı söhbətlər eşitmiş,  görkəmli Azərbaycan  yazıçısı və kinorejissoru Həsən Seyidbəylinin “On beş gün Yaponiyada” ,  məşhur rus jurnalisti,   “Pravda”  qəzetinin xüsusi müxbiri kimi ömrünün  yeddi ilini   Yaponiyada  keçirmiş Vsevolod Ovçinnikovun “Sakura budağı”   kitablarını  oxumuşdum. “Memuar və səfər qeydləri” janrında yazılmış  əsərlərdən onu da  bilirdim  ki,   Bakının  Sabunçu qəsəbəsində  doğulmuş  XX əsrin ən məşhur kəşfiyyatçısı,  Sovet İttifaqı  Qəhrəmanı Rixard Zorge  49 yaşında 7 noyabr 1944-cü ildə  Tokionun Suqamo  həbsxanasında  edam olunmuşdu.

Hələ səfərdən  bir həftə  qabaq  nümayəndə  heyətimiz Bakının  İzmir küçəsində yerləşən Yaponiyanın  Azərbaycandakı səfirliyində  rəsmi qəbulda olmuş, sonra da bu ölkənin  fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi    şam  yeməyinə qonaq olmuşdu.  Bizimlə çox maraqla söhbət edən səfir bildirdi ki, 2017-ci il sentyabrın  7-də Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunacaqdır. “Bütün bu illər ərzində bizim münasibətlərimiz kifayət qədər uğurla inkişaf edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya ölkənizin inkişafına müxtəlif formada dəstək göstərir. İqtisadi əməkdaşlıq sahəsində yapon şirkətləri enerji hasilatı ilə bağlı layihələrdə iştirak edir”.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin fevralında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2006–cı ilin martında Yaponiyaya səfərlərindən məmnunluqla  söz açan səfir Qarabağ probleminə də ölkəsinin mövqeyini açıqladı:

-Mən Azərbaycanda çalışan diplomat kimi yaxşı anlayıram ki, Dağlıq Qarabağ münaqişəsi nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz bölgəsinin inkişafına əngəldir. Səmimi qəlbdən bu problemin tezliklə həllinə ümid edirəm.   Sevindirici haldır ki, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham  Əliyev də  öz bəyanatlarında  bu fikri  önə çəkir.

Razim müəllim, öz ölkəsinin özəllikləri  haqqında  böyük məhəbbətlə söz açan səfirin dediklərini təsdiqləyib bildirdi ki, bunlar ona yaxşı tanışdır. Çünki o bu gündoğar ölkədə bir dəfə olub və bu, onun yaddaşına çox böyük təəssüratlar yazan Yaponiyaya  ikinci səfəri olacaq. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının  həyata keçirdiyi xarici siyasətin  uğurları barədə də səfirlə fikir mübadiləsi aparan Razim müəllim  bildirdi ki, Yaponiyanın inkişaf etmiş  sahələrinin təcrübəsi Azərbaycan üçün maraqlıdır. Sonda Razim müəllim bildirdi ki, bu səfərimiz,  dövlət  başçımızın xeyir-duası ilə  Tokionun Setaqaya Prefekturası ilə rəhbərlik etdiyi Xətai rayonu arasında yaranmış dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni töhfələr verəcəyinə inanır.

Gənc yaşlarımdan  bu ölkəni  görmək ən  böyük arzularımdan biri olsa da,  Razim müəllimdən fərqli olaraq bu,mənim  uzaq Yaponiyaya  ilk səfərim idi. Düzdür,  Azərbaycan  qaz  emalı zavodunun direktoru  vəzifəsində  çalışarkən  Müstəqil Dövlətlər Birliyi ölkələrinin keçirdiyi “100 sənaye və  elm lideri” müsabiqəsində  “İlin  direktoru”  nominasiyasının qalibi olanda  mənim Yaponiyaya  getmək  şansım yaranmışdı. Lakin  o zaman səfər  planım  bəzi şəxsi və üzürlü səbəblərə görə  baş tutmamışdı. İndi isə  səmanın ənginliklərində  “üzən oteldə”  arzularımdan birinin ünvanı - gündoğar ölkə barədə düşüncələrə dalmışdım. Və etiraf edim  ki,  içimdə özümdən başqa bir kimsənin görə bilmədiyi, keçmişdə qalan uşaqlığımın, gəncliyimin yaşaya biləcəyi sevinci yaşayırdım...  

Adətimcə, səfər öncəsi hamı  kimi mən də istər-istəməz yoluna çıxdığım ölkənin iqlimi, ictimai həyatı, adamları və adət-ənənəsi barədə müxtəlif məlumatlarla tanış oluram! Hansı qitədə, materikdə yerləşməsindən, yaxın və uzaq  məsafədə olmasından asılı olmayaraq, hər bir ölkə bəşəriyyət tarixinin maraqla oxunan kitabının rəngarəng səhifələri kimidir! Son 10-15  ildə dünyanın istər qərbində, istərsə də şərqində, hansı  ölkələrdə səfərdə  olmuşamsa belə olub. Vətənə dönən kimi səfər təəssüratlarımı qələmə  aldığım  ölkələr də az olmayıb. Qoca və müdrik Şərqin yatmış pələngi Çin barədə  təəssüratlarım Azərbaycan və  rus dillərində  kitab  şəklində  işıq  üzü  görüb. (“Çində möhtəşəm 10 gün”  “Elm və təhsil” nəşriyyatı, Bakı -2012   Kitay -vosmoye  çudo  sveta”  “Nuralar”, Baku-2015 ) Çoxsaylı oxucularımla yanaşı,  ÇXR-in ölkəmizdəki səfirliyi də bu kitabları çox müsbət qiymətləndirib...

Bəri başdan deyim ki, Yaponiyada gördüklərim də məni  Çin qədər və hətta ondan  da artıq heyrətləndirdi. Əgər Çində diqqətimi  ən  çox  cəlb edən Konfutsiçiliyin  iki min ildən çox zaman müstəvisində ölkənin  yalnız siyasət, iqdisadiyyat və mədəniyyət  sahələrində  deyil, davranış tərzinə təsiri idisə,  Yaponiyada yapon xalqının  əzəli ruhunun daşıyıcısı olan samurayların  əxlaq kodeksinin ənənə kimi  qorunub – saxlanılması  faktı oldu. Oxuduqlarımdan sonra əyani şəkildə şahidi oldum ki, samurayların  əxlaq kodeksi yapon xalqının təkcə keçmişi deyil, həm də bu günüdür.

Elə bu düşüncə içindəykən Yaponiya  səfərindən   qayıdan günün ertəsi   Bakıda   çoxdan tanıdığım bir qələm dostumla  həmsöhbət  oldum.  Səfər barədə söz düşəndə  qeyri - ixtiyarı   dedim:

– Allah Qurani-Şərifi  elə bil yaponlara göndəribmiş...  Çünki onlar  Allahın  öz (müsəlman) bəndələri  üçün rəva  bildiyinin çoxuna əməl edirlər.

Bəlkə   bu fikrim çoxuna  yanlış  görünə  bilər?!  Çünki yaponların tapındığı Buddizm  dini kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini  inkar  edir. Yəni buddizm Allahın adını dilə gətirməyən dindir. Amma  bir halda  ki, söhbət dürüstlükdən, haqdan, mənəvi saflıqdan və  zənginlikdən  gedirsə,  onda yaponlar   “Allah” səviyyəsinə qaldırdıqları  budduzmin qurucusuna  çox bağlı millətdirlər. Onların –yəni yaponların  özünütərbiyə sahəsindəki əsas amallarını məhz özünü idarə edə bilmək vərdişiylə əlaqələndirmək olar...

Yaponiyada əgər kimsə ağır, mürəkkəb situasiyalarda hirsini büruzə verib hədsiz çılğınlıq göstərirsə, əsəbləşib ona-buna  şər-böhtan atırsa, bu cür adama pis  baxırlar və  həmin adam   özü də tezliklə başa düşür ki, belə hərəkətlər gülünc hərəkətlərdir, adam özünü ələ almağı, ehtiraslarını yatırmağı bacarmalıdır. Yaponlara görə kədər içində olan adam öz kədərini təbəssümləri arxasında  gizlətməlidir və elə etməlidir ki, onun qəlbindəki acı duyğulardan heç kəs xəbər tutmasın.

Bax,  elə  bu sözləri yazanda   mən  Həzrəti  Əlinin “Kişinin mömin qardaşının üzünə təbəssüm etməsinin savab və mükafatı vardır”  kəlamını xatırladım.  İmam Əli (ə) gülümsəmək barəsində buyurur: "Ən gözəl gülüş təbəssümdür". Təbəssüm  bəxş etməksə,  İslamın  hədisi-şəriflərində ehsandan sayılır…

Yaponiyaya   da səfər edən əcnəbilərin çoxu  bəlkə düşünürlər ki, axı bu yaponlar yeri gəldi – gəlmədi niyə gülümsəyirlər? Məsələ ondadır ki, yaponların təbəssümü böyük bir tarixi dövrün nəticəsi kimi təzahür edir. Bu təbəssüm həqiqi samuray tərbiyəsinin yekunu olaraq, ən geniş mənada milli xarakterin mühüm cizgilərindən birini formalaşdırır. Busido (Döyüşçünün  yolu-  H.M.) mədəniyyətində  nəzakət əlaməti belə təzahür edir: “Xoşbəxt adamlarla birgə sən də sevin və göz yaşlarını kimsəyə bildirmə”.

İslam dini ilə  Buddizm arasında belə paralellərə çoxlu misallar gətirmək olar! Yaponiyaya işgüzar səfərimiz zamanı  düşünürdüm, bu ölkə  barədə təəssüratlarım o qədər qənaətbəxş və zəngindir ki, bunu, bir-iki məqaləyə sığışdırmaq mümkün olmayacaq. Ona  görə  qərara aldım ki,  Yaponiya səfəri barədə kitab yazım.

Tarix elmləri doktoru, şərqşünas,  tanınmış şair Şahin Fazil demişkən:

Mən Yaponu öylə

                      gözəl  görmüşəm ,

Canda yapon sevgisi

                      baş qaldırıb...

“Yapon sevgisi” barədə duyğularımı, eyni zamanda az qala Yaponiya deyəndə əzmkarlıq və mübarizlik simvolu kimi göz önünə gələn samuraylar barədə maraqlandığımı bildirəndə, hələ Bakıda tanış olduğum “Kosugi Zohen Co.LTD” şirkətinin nümayəndəsi cənab Andreas Hamaşer  mənə aşağıdakı məzmunda məktub yazdı:

“Əziz cənab  Mirələmov!

Yaponiyaya olan marağınıza görə Sizə təşəkkür edirəm. Sizinlə  Tokioda  görüşüb tanış olduğuma görə çox xoşbəxtəm. Ümidvaram ki,  Yaponiyada səfərdə  olduğunuz  günlərdən və  bizimlə  Royal  Park Hoteldə baş tutan axşam  yeməyimizdən  zövq almısınız.

 Sizə Yaponiyanın ən adlı-sanlı samurayı Miyamoto Misaşi haqqında  məlumat vermək istəyirəm.

Samuraylar professional döyüşçü sinifinə 1185-ci ildən daxil  olmuşlar. 1400-cü ilə qədər Yaponiya əhalisinin 10 faizi samuray sinifinə daxil idi. Samuraylar qılıncla və başqa silahlarla qeyri-adi  qabiliyyətlərə yiyələnirdilər və Sengoku dönəmində  xüsusi  şöhrət qazandılar. (1467-1603-cü illəri əhatə edən Sengoku dönəmi kütləvi qiyamlar, siyasi  intiriqalar və silahlı çarpışmalarla keçmişdir. – H.M)

Busido, yəni “Döyüşçünün yolu” ənənəsi Yaponiya xalqı üçün  xarakter və davranış halına gəlmişdir. (Bushido və ya bəzi mənbələrdə  Busido ənənəsinə görə yaşayan qılınc ustası döyüşçülər, peşələrinə şərəflə bağlı olmalarıyla tanınır. Samuraylar uğursuz olduqda ləyaqətlərini xilas etmək üçün seppuku edərək intihar edirdilər. Qılınclarını müqəddəs sayan bu döyüşçülər, hələ də hörmətlə anılan bir şöhrətə sahibdirlər- H.M)

 Miyamoto  Misaşi  (1584-1645)  Yaponiyanın ən məşhur samurayı  və yapon tarixinin qeyri-adi şəxsiyyətlərindən biri idi. Samuray  mədəniyyəti  təxminən  700  il  yaponlara  təsir etmiş və hətta hazırda da  yapon  xalqının düşüncə  və davranış tərzinə  təsir etməkdədir.

 Yapon xalqının  əksəriyyəti  öz davranışlarını Misaşi  düşüncələrinə  görə  modelləşdirir.

Misaşinin 29  yaşı  olanda  dueldə (təkbətək döyüşdə) 60-dan çox rəqibini məğlub etmişdi.  Ancaq  sonra öz  həyat tərzini dəyişərək  professional rəssam, xəttat, şair və heykəltəraş  olmuşdur.

Ümid edirəm ki, Miyamoto Misaşi  haqqındakı  bu kiçik  məlumat sizə maraqlı  gələcək və  köməyi dəyəcəkdir.

Əslində mənə görə Miyamoto Misaşi Yaponiyanın əfsanəvi və ən dahi şəxsiyyətlərindən  biri olmuşdur.

Ümidvaram ki, yeni ilin başlanğıcında Azərbaycana səfərimizdə      sizinlə  görüşəcəyik.

Ən yaxşı  diləklərlə,

  Andreas Hamaşer,

“Kosugi Zohen Co.LTD” şirkəti

Bu məktubu alana qədər, düzü özüm də internet vasitəsi ilə samurayların həyat kodeksi ilə zəngin məlumatlar toplamağa  başlamışdım.  Ən maraqlısı və məni heyrətə gətirən dilimizdə  olan  bir çox  aforizmlərin yapon samurayların kodeksi ilə  uyğun gəlməsi oldu. Məsələn,  bizdə  “bu günün işini sabaha qoyma”    ya “Hər günü ömrünün  son günü kimi yaşa...” ifadəsi  görün  yapon döyüş sənəti ustalarının "döyüşçünün yolu" kodeksində hansı sözlərlə başlayır: "Sən, hər bir zaman xatırlamalısan ki, öləcəksən. Hər gününü sonuncu gün kimi yaşamalısan. Yaşamaqla ölüm arasında qaldığın zaman, tək doğru çıxış yolu ölümdür. Hədəflərinə çatmadan yaşamaq, it kimi yaşamaqdır.... Hər gününü sonuncu gün kimi yaşayan insan, ürəyini qərarlılığı ilə bərkidəcək. Samuray yolu budur, busido bundan başlayır."

Bu kodeksdə hər balaca səhvin belə öz cavabı var. “Sən səhv etdinsə, həmin səhvinə görə cavab verməlisən”. Ümumiyyətlə, busidoda - yəni "döyüşçünün yolu"nda həyatın hər sahəsinə baxış və davranış qaydaları var. Bu qaydalara riayət edən adamlara  məhz "samuray" deyiblər.    “Samuray  qədim yapon dilindən tərcümədə - “ali mənsəbə məxsus insanlara xidmət”, “sahibinə qulluq” mənasındadır.

Samuraylar Andreas Hamaşerin mənə yazdığı kimi, Yaponiyanın hərbi elitası sayılırdılar. Onlar sədaqətləri və döyüş sənəti ilə seçilirdilər. Samuraylar heç bir and içmirdilər, and içmək onların namusunu təhqir etmək idi. Samuraylıq Yaponiyada həmişə sayılan, seçilən peşə olub. Samuraylar arasından məşhur adamlar da az çıxmayıb (məsələn: məşhur siyasətçi, məşhur rəhbər, hökmdar və s.). Ən  maraqlısı da  budur ki, samuraylar arasında bəzi hallarda qadınlar da olmuşdur. Şanlı yapon samurayları üçün döyüşçünün meyidini düşmənin ərazisində qoymaq dövlətin bayrağını itirməyə bərabərdir.

 

Samuray həm müəllim, həm də tələbədir...

  

Andreas Hamaşerin Miyamoto Misaşi haqqında yazdıqlarına onu əlavə etmək istərdim ki, bu döyüş ustasının çox qəribə həyat yolu olub! Doğulan gün anası dünyasını dəyişib.  Ögey anasının yanında boya-başa  çatan Musaşi 9 yaşında atasını da itirib.  13 yaşında ilk rəqibinə qalib  gələrək zəfər qazanır.  1605-1612 -ci illər arası o, bütün Yaponiyanı gəzib-dolaşır. 30 yaşında 60 – dan  çox  döyüşün heç  birində məğlub olmur. Ən  möhtəşəm  zəfərini  isə 1612-ci ildə  zamanəsinin ən adlı-sanlı  samurayı Sasaki Kojroyu məğlub edərək qazanır.    elə  həmin il  öz  məktəbini yaradır.

Samurayların bilik öyrənmək kimi ehtiraslı xarakteri onları igidlik göstərməyə yönəldir. Musaşi də həyatının son dönəmini taxta  metal  lövhələri  oyaraq  bir-birindən maraqlı əsərlər  yaradıb. Zen  fırçasıyla rəngbərəng  tablolara  imza atıb.

HAŞİYƏ: Mənbələrdə Zen buddizmi dedikdə, Yaponiya və Çin olmaq üzrə iki əsas məktəb nəzərdə tutulur. Zen, yaxud zen- buddizmi Yaponiyada 3 əsas sektadan ibarət olmuşdur. “Zen” sözünün mənası “işıqlanma, nurlanma, dərinliyə baş vurma və fikrə çox dərindən qapanma”dır.  Zen buddizmi anlayışlardan və sözlərdən daha çox mənanın, masanın üzərində dayanır   inanca olduğu qədər meditasiyaya və fərdi təcrübəyə verdiyi əhəmiyyətlə digər buddist məktəblərindən fərqlənir.Yenidən doğum faktı və anı yaşamanın əhəmiyyətli olduğuna diqqət çəkilir.

1643- ildə Musaşi Reigendo mağarasında yaşamağa  başlayır. İki il sonra burada tələbəsi Teruo Moboyokiyə ithafən yazdığı  dünyada ən  məşhur əsərini - “5 çevrə” (GO RIN NO SHO) kitabını tamamlayır. Bu əsər dünya miqyasında şöhrət qazanmaqla bərabər, bu gün də döyüş məktəblərində dərs vəsaiti kimi istifadə olunur.

1980-ci illlərdə Amerika Birləşmiş Ştatları Musaşinin kitabından bəhrələnərək  yapon düşüncə  tərzini  özünün düşüncə sisteminə daxil etmişdir. Ona görə də bu  kitab daha çox Amerika iş adamlarının  stolüstü  kitabına çevrilmişdi. Savaş sənətindən başqa digər sahələrdə   5 çevrə”  və ya “5 çəmbər” kitabından faydalanmaq dəb halını almışdı.

 

 

* * *

İrəlidə samuraylar və onların əxlaq kodeksi barədə oxuculara daha ətraflı məlumat verməyə çalışacam. Hələlik isə Yaponiyaya  nümayəndə heyətimizin səfərindən bəhs etmək istərdim.  Əvvala onu qeyd edim  ki, Cənub-Şərqi Asiyanın ən əsrarəngiz ölkəsi olan Yaponiya dünyanın ən çox həsəd aparılası ölkələrindən biridir. Hələ 4-5 il əvvəl Çin Xalq Respublikasında 10 günlük səfərdə olanda Yaponiya haqqında diqqətimi bir gözəl fikir cəlb etmişdi. Çinlilərin yanaşmasına görə, dünyaya günəş qonşu Yaponiyada doğur. Buna görə də Yaponiya bəzən “Gündoğar ölkə” adlandırılır.

Yaponlar isə öz ölkələrinə “Günəşin yüksəldiyi yer” mənasında işlənən “Nihon” və ya “Nippon” deyirlər. Bu sözlərin bir anlamı da “günəşin mənşəyi” və ya “günəşin doğması” deməkdir.

Yaponiyanın qədim adı “Yamata  olmuşdur. Bu ifadə  Dağlılar ölkəsi” anlamına gəlir. Tokio 1868 - ci ildən ölkənin paytaxt elan olunmuşdur.  Bizim qaldığımız beşulduzlu “New Otani” oteli Tokionun 400 il bundan əvvəl  salınmış göz oxşayan füsunkar bir  bağında yerləşir. Xidmətin çox yüksək səviyyədə olduğu otelin pəncərəsindən geniş bağa, həm də əsrarəngiz və möhtəşəm Tokioya böyük bir mənzərə açılır. Paytaxtın  mərkəzi hissəsində olan  bu oteldən 5 xətli metronun  Akasaka-Mitsuke  stansiyasına qədər olan məsafəni  piyada  səkkiz-doqquz dəqiqəyə  qət etmək olar...

Hər gün otelin  yerləşdiyi qədim bağda gəzişib bu gözəlliyi seyr edərkən nədənsə Bakının Xətai rayonunda salınmış  “Yapon bağı”nı  xatırlayırdım.

 

Bakıda   “Yapon bağı”

 

Nümayəndə heyətinin başçısı–əhalisinin sayına görə  paytaxt Bakının ən böyük  rayonu olan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2014-cü ilin iyun ayında Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları ilə birlikdə  Yaponiyada  olduğundan  söz açdı:

  - İki il öncə biz burada  on günlük səfərdə olarkən Yaponiyanın yerli idarəetmə sistemi, şəhər təsərrüfatının idarə edilməsi ilə yaxından tanış olduq. Elə  o zaman Yaponiyada mövcud olan təcrübədən faydalanmaq və təbii ki, ikitərəfli əməkdaşlığı davam etdirmək məramı ilə iki ölkənin şəhərləri arasında qarşılıqlı dostluq münasibətlərinin yaradılmasını  müzakirə  etdik. Özümlə gətirdiyim  Ağ şəhər” layihəsi, “Ana harayı” və  Xətai rayonu barədə nəşrləri yapon dostlarımıza təqdim etdim.

Tərkibinə Bakı şəhərinin Səbail, Suraxanı, Yasamal, eləcə də Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətləri  başçılarının daxil olduğu  nümayəndə heyətimiz turizm və mədəniyyət obyektləri ilə tanış oldu,  Yaponiyada  bir neçə şəhərin tarixi və görməli yerlərini ziyarət etdi. Azərbaycan Respublikası Prezidenti Administrsiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov  nümayəndə heyətimizə  rəhbərlik edirdi.

Razim müəllim sözünə davam edərək deyir:

– Bakının Yasamal və Suraxanı rayonlarının rəhbərləri Tokio yaxınlığında yerləşən Yokohama şəhəri ilə dostluq mübadiləsinə hazır olduqlarını bildirdilər. Biz  isə  o zaman  Xətai rayonunun Kitakyuşu şəhəri ilə  dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsini yapon tərəfinə təqdim etdik.

...Az sonra Azərbaycan və Yaponiya dostluq münasibətləri  çərçivəsində yapon bağları və parklarının salınması üzrə  tanınmış  “Kosugi Zohen” şirkətinin  rəhbərliyi  Bakıya və eyni zamanda  rayonumuza  səfər etdi. Biz  birlikdə Ukrayna  meydanı yaxınlığında yerləşən, ulu öndərin adını daşıyan Heydər parkında Azərbaycan – Yaponiya dostluq  münasibətlərinin rəmzi  kimi “Yapon bağı”nın salınmasını  qərara  aldıq. 2015-ci ilin oktyabr ayında Azərbaycan Pespublikası Prezidenti Administrasiyasının nümayəndəsinin,  Yaponiyanın   ölkəmizdəki səfiri cənab  Tsuquo Takahaşinin və “Kosugi Zohen” şirkətinin  rəhbəri Saki  Kosuginin iştirakı  ilə  bu bağın təntənəli açılış  mərasimi  oldu...  Bax,  beləcə Azərbaycan - Yaponiya dostluq münasibətlərinin və regionlararası əməkdaşlığın davamı olaraq  biz Yaponiya Parlamentinin Müşavirlər  Palatasının üzvü, xanım  Akiko Santodan bu ölkəyə  növbəti dəfə  səfərə dəvət aldıq.

... 2016-cı il noyabrın 29-udur və  biz artıq Yaponiyadayıq. Elə ilk gündən  nümayəndə  heyətimizin Tokioda işgüzar səfərdə olması  yaddaşımda  bir çox məqamlarla dərin  iz  buraxdı. Amma əsas məramlardan  biri iki dost ölkə arasındakı əlaqələrin tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması  idi. Bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Tokio Prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşmış  şəhər layihəsinin  müzakirəsində və əlaqələrin qurulmasında iştirakım  mənim səfər tarixçəmdə deyil, ictimai-siyasi fəaliyyətimdə də unudulmaz tarixi hadisələrdən birinə çevrildi.

 

(ardı var)

 

Hüseynbala MİRƏLƏMOV,

yazıçı-dramaturq, Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2017.- 18 fevral.- S.9.