Kölndə Xocalı soyqırımının 25-ci

ildönümü ilə bağlı etiraz mitinqi keçirilib

 

Fevralın 18-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, mitinq Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Biefeld Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Köln Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə baş tutub.

Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə türk icmasının təmsilçilərindən ibarət fəallar iştirak ediblər. Mitinqin təşkilində məqsəd Avropa ictimaiyyətinə Xocalı soyqırımının insanlığa qarşı qəddarlıqla həyata keçirilmiş cinayət aktı olduğu, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildi barədə məlumatlar çatdırmaqdır.

Aksiyada Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsi, xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarını törədənlərin cəzalandırılması ilə bağlı şüarlar səsləndirilib.

Mitinqdə çıxış edənlər Ermənistanın 30 ilə yaxın dövrdə Azərbaycan torpaqların işğal altında saxladığını, bir milyondan çox soydaşımızı məcburi köçkünə çevrdiyini, on minlərlə azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayıblar. Qeyd olunub ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüquqa uyğun olaraq ciddi sanksiyalar tətbiq olunmalı, Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi təmin edilməlidir: Çıxış edənlər eyni zamanda, vurğulayıblar ki, bu gün Azərbaycan 90-cı illərdə olduğundan tamamilə fərqli bir dövlətdir – güclü iqtisadiyyatı, qüdrətli ordusu var və hər an öz torpaqlarının işğalçılardan azad etməyə hazırdır.

Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti öz siyasi, hərbi və iqtisadi qüdrətini daha da möhkəmləndirir, regionun lider dövləti kimi dünyada qəbul olunur. Mitinq iştirakçıları Azərbaycan Prezidentinin siyasətinə birmənalı şəkildə dəstək ifadə ediblər.

Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı Xocalı soyqırımı haqda məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanıb.

 

Xalq qəzeti.- 2017.- 19 fevral.- S.3.