Kitabxanalar bəşəriyyətin
elm, zəka məbədidir
Həmsöhbətimiz
Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar
mədəniyyət işçisi Kərim Tahirovdur.
– Kərim müəllim,
söhbətimizə kitabxana
işinə dövlətimizin
göstərdiyi qayğıdan başlayaq.
– Kitabxana işi müstəqil Azərbaycan dövlətinin mədəni quruculuğunun mühüm sahəsi kimi önəm verdiyi sahələrdən biridir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu sahəyə diqqət artırılmağa başlandı. Sonrakı dövrdə kitabxana işi daha sürətlə inkişaf etdi. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə qədəm qoydu. Bu sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsi, həm də ümummilli lider Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisi idi. Dövlət Proqramı Prezident İlham Əliyevin 2007-ci il aprel ayının 20-də imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamın 2-ci bəndində verdiyi tapşırığa uyğun hazırlanmışdı. Təqribən il yarımlıq zaman kəsiyində respublikamızda kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə dair iki proqram sənədinin qəbul olunması bu sahədə quruculuğun inkişafına güclü stimul verdi.
Burada bir məsələni də vurğulamaq vacibdir. Belə ki, ölkədə fəaliyyət göstərən 11 mindən artıq kitabxananın kitab fondlarının zənginləşməsində Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamının əhəmiyyətli rolu oldu. Bu sərəncama əsasən, 500 addan artıq kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərildi. Prezidentin sonrakı sərəncamları ilə nəşrinə başlanan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşmasına imkan yaratdı.
– Artıq
kitabxanalara yeni texnologiyalar gətirilir, bu da iş prosesində yeniliklər yaradılmasını
zəruri hala çevirir. Bu yeniləşmə kitabxana
işçilərinin öz peşələrinin
icrasında çətinliklər
yaratmır ki?
– Zaman, dövr dəyişir. Yeni texnologiyalar bütün sahələrdə hegemonluğu ələ alır. Qloballaşma dövründə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi də zərurətdən yaranır. Dövlət Proqramında Azərbaycan kitabxanalarında bu istiqamətdə görülən işlərdən danışılır. M.F.Axundov adına Milli Kitabxanada, Prezident Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Xarici Dillər Universitetinin və Qərb Universitetinin kitabxanasında, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və digər kitabxanalarda elektron kataloqların və elektron kitabxanaların artıq yaradıldığı qeyd olunsa da, hələ bu sahədə xeyli işlərin görülməsinə ehtiyac olduğu göstərilirdi. Bu elə mürəkkəb və ciddi prosesdir ki, elektron sistemə keçilməsi üçün kifayət qədər vaxt lazım idi. Biz bu işə başladıq və onu uğurla reallaşdıra bildik. Bir neçə proqramla işlədik. İndi isə bizim layihə əsasında “ULTRA” şirkəti tərəfindən 2010-cu ildə tətbiqinə başlanılmış ALİSA proqramı artıq 2 ildir Bakı şəhər kitabxanalarında və 30 rayon MKS-də tətbiq edilir. 2017-ci ilin sonunadək bütün rayon kitabxanaları bu proqramla işləyəcək. Milli Kitabxana respublikanın bütün kitabxanalar üçün metodiki mərkəz olduğuna görə ALİSA-nın kitabxanalara tətbiqindən öncə mütəxəssislər Milli Kitabxanada treninqlərdən keçirlər.
– Bir vaxtlar bütövlükdə
kitabxanalar, elə siz də
oxucu
qıtlığından
gileylənirdiniz. Deyəsən, indi vəziyyət
normallaşmaq üzrədir.
– Bütün kitabxanaların işinin göstəricisi
oxucudur. Harada şərait
və resurs varsa, oxucu ora gedir. Bunu deməyə məcburam:
oxucuların bizə üz tutmasının əsas səbəbi yeni informasiya resurslarının
bizim kitabxanada daha çox toplanmasından irəli gəlir. Bəlkə
başqa kitabxanalarda da bu resurslar kifayət qədər
toplansaydı, oxucuların bir hissəsi başqa kitabxanalara gedərdi.
Adətən, yanvar-fevral aylarında oxucu az olur, lakin həmişəkindən
fərqli olaraq, indi bizim kitabxanaya gündə 800-900 oxucu gəlir.
– Bugünkü oxucunun kitaba,
mütaliəyə marağı, münasibəti sizi qane
edirmi?
– Təbii
ki, bugünkü oxucunun marağı da, tələbatı da
tamamilə fərqlənir. Bu gün gənclər kompüterdən,
noutbukdan, e-bukdan (planşetdən), mobil telefondan oxumağa daha
çox üstünlük verirlər. Biz də onların bu
maraqlarına və sorğularına uyğun xidməti təşkil
etməyə çalışırıq. Oxucuların
kitabxanaya yazılmasından başlamış, kitabın axtarışı
və sifarişinədək, kitab verilişi və onun geri
qaytarılmasınadək bütün proseslər
avtomatlaşdırılmışdır. Artıq Milli
Kitabxanada oxucu bileti üçün, kitab üçün
yarım saat, bir saat gözləmək yoxdur. Oxu zalında olan
bir dərsliyi oxumaq
üçün oxucuların növbəyə
durması da tarixə çevrilmişdir, yeni yaradılan lokal şəbəkədən
istifadə üzrə oxu zalında bir kitabı, eyni zamanda, 24
oxucu oxuya bilir. Elektron resurslardan istifadənin təşkili
bölməsində artıq kitabı elektron kataloqda
axtarıb tapmağa və sifariş verməyə də
ehtiyac qalmır, birbaşa kompüterlərdən
açıb oxuyurlar və s. Məncə, oxucuların bizim
kitabxanaya daha çox gəlməsinin səbəblərindən
biri də məhz onlar üçün yaradılan əlverişli şəraitdir. Bəli,
bugünkü oxucunun qəribəlikləri də çoxdur.
Belə ki, oxu zallarında mobil telefondan istifadə etməyə
çox meyil edirlər. Amma bu hal tamamilə qəbuledilməzdir,
çünki digər oxucuların diqqətini
yayındırır və onların mütaliəsinə mane
olurlar. Başqa bir halda İnternet zaldan istifadə etməyi
çox xoşlayırlar, ancaq orada müvafiq qeydiyyatdan
keçmək istəmirlər. Bizdə internet istifadəçilərinin
də statistikası aparılır, işimizin nəticəsi
bununla ölçülür və s. Başqa bir misal, oxu
zallarında mobil telefondan istifadə yasaq olduğu halda,
adaptorları cərəyana qoşmağa çalışırlar.
Sual oluna bilər: “Əgər zalda telefondan istifadə
yasaqdırsa, buna nə ehtiyac var?”. Təəssüf ki, belə
hallar çox olur. Ancaq imkan daxilində onların
şıltaqlıqlarına dözməyə
çalışırıq.
– Sizin kitabxana ölkənin baş
kitabsaxlayıcısı hesab olunur. Bir vaxtlar bu kitabxana
ölkədə nəşr
olunan çap məhsullarının məcburi nüsxəsini
alırdı. Bəs indi necə, bu ənənə davam
edirmi?
– Bu, çox ciddi problemdir. Nəşriyyatlar bu işə dırnaqarası baxırlar. Hərçənd,
bu, olduqca faydalı bir işdir.
Biz kitabları, dövri nəşrləri onlardan çox
çətinliklə alırıq. Bəzən
qapı-qapı düşürük. Təsəvvür edin, indi ölkədə
500 qəzet, 250-300 jurnal çap olunur, 500-dən çox kitab
nəşr edən müəssisə var. Azərbaycanda
çap olunan kitabların statistikası yoxdur. Biz bilmirik
ölkədə nə qədər kitab çap olunur. Bunun səbəbi
odur ki, kitabları bu statistikanı aparmalı olan Milli
Kitabxanaya göndərmirlər və ona görə də
bizim çap etdiyimiz statistika yarımçıq
statistikadır.
2015-ci
ilin dekabrında cənab Prezident əlavə sərəncam imzaladı. Kitab çap edən
müəssisələr, naşirlər, qəzet və jurnal
redaksiyaları məcburi
nüsxələri göndərməzsə, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən onlara qarşı
sanksiya tətbiq ediləcək (hər bir adda nəşr
üçün 700 manat cərimə).
– Azərbaycan kitablarının Avropa
kitabxanalarında
saxlanılması barədə məlumatlar ictimaiyyətə
bəllidir. Fürsətdən istifadə edib öyrənmək
istərdik ki, onların Azərbaycana
qaytarılması
üçün tədbirlər görülürmü?
– Mən
özüm şəxsən hər
hansı bir ölkəyə səfər edəndə mütləq
oradakı milli kitabxanaya baş
çəkirəm və Şərq ədəbiyyatı
fonduna baxıram. Məsələ ondadır ki, vaxtilə bizim
kitablarımız kifayət qədər Avropaya
daşınıb. İndi həmin kitablar Avropa ölkələrinin
kitabxanalarında mühafizə olunur. Amma bu gün həmin
kitablar onlar üçün gərəksizdir. Oxumurlar, oxuya da
bilməzlər. Məsələn, Praqada
olarkən oranın Milli Kitabxanasının nadir kitablar fonduna baş çəkdim və
gördüm ki, orada Azərbaycan kitabları
saxlanılır, amma kataloqlarda əks
olunmayıb. Həmin kitablar arasında Nizaminin, Füzulinin, Nəsiminin,
Xaqaninin əsərləri var idi. Soruşdum ki, bu kitablar niyə
kataloqda Azərbaycan kitabı kimi əks olunmayıb? Dedilər,
onlar Azərbaycan dilində deyil. Mən onlara başa saldım
ki, vaxtilə bizdə də ərəb əlifbasından
istifadə olunub, bir sıra klassiklərimiz hətta fars dilində
də yazıblar. Bakıya qayıdandan sonra nazirliyə məlumat
verdim və nazirimizin göstərişi
ilə Elmlər Akademiyası ilə birlikdə iki nəfər
mütəxəssis ayrıldı. Onlar bir ay Praqa Milli
Kitabxanasında çalışdılar. Həmin kitabların
kataloqunu düzəltdilər və “Azərbaycan şairləri”
adı ilə əks olundu. Onun davamı olaraq, ötən ilin
sonunda da biz iki nəfər əməkdaşı Praqaya ezam
etdik və 15 gün ərzində
həmin kitabların çap kataloqunun hazırlanması
üçün material topladılar.
Azərbaycan kitabları təkcə
Praqada yox, Rumıniya, Macarıstan
və Avstriyada da var. Biz mərhələ-mərhələ
həmin kitabları da tədqiq edəcəyik.
– Son olaraq, Azərbaycan
kitabxanalarının bu gün ən
başlıca problemi nədən
ibarətdir?
– Təbii
ki, bizim kitabxanaların əsas problemi bina məsələsidir.
Uçuq-salxaq binaya texniki avadanlığı qoysan da, işə
yaramayacaq. Müasir texniki avadanlıq üçün də
müasir şərait olmalıdır. Kitabxanaların əksəriyyətinin
binaları özlərinin deyil, darısqallıq və şəraitsizlik
də ciddi problemdir. Məsələn, bizim kitabxananın
binası inşa olunarkən 2,5 milyon nüsxə ədəbiyyat
üçün nəzərdə tutulmuşdu və bu
gün fondumuz 5 milyon nüsxəyə çatır, artıq
yeni kitabları qoymağa yerimiz
yoxdur.
Mədəniyyət
və Turizm Nazirliyi ilk növbədə kitabxanaların bina
problemini həll etməyə çalışır. Nazirlik tərəfindən
müasir tipli “Kitabxana-İnformasiya Mərkəzi” layihəsi
işlənib hazırlanmışdır, yəqin ki, yaxın
gələcəkdə reallaşacaqdır. Biz ötən ilin iyulunda Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə
dünyada analoqu olmayan “Açıq kitabxana” layihəsini
reallaşdırmışıq. Həftənin 7
gününü, günün 24 saatını fasiləsiz
oxuculara xidmət göstərən bu layihə mütəxəssislər,
oxucular, hətta xarici qonaqlar tərəfindən də
çox yüksək qiymətləndirilir. Mədəniyyət
və Turizm Nazirliyinin kollegiyasının qərarı ilə
“Açıq kitabxana” layihəsi müsbət təcrübə
kimi qəbul olunub və respublikanın bütün
kitabxanalarında tətbiqi tövsiyə olunub. Əlbəttə, kitabxanaların əvvəlki
şöhrətini qaytarmaq üçün yeni üsul və vasitələrdən yararlanmaq
lazımdır. Bəşəriyyətin elm və zəka məbədi
hesab edilən kitabxanalar yeni
dövrün ruhunu tutmağı bacarmalıdır. Əks
halda inkişafdan danışmağa dəyməz.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 21 fevral.- S.9.