Uğur olsun, Mehriban xanım!
2017-ci il
fevralın 21-i xalqımız və dövlətimiz
üçün xüsusi əhəmiyyət kəsb edən, siyasi idarəçilik tariximizdə
tamamilə yeni olan bir faktla yaddaşlara yazılacaq. Həmin gün biz dövlət müstəqilliyimizin
bərpasından keçən 25 ildən də artıq
müddətdə ölkəmizdə mövcud olmuş idarəetmə
strukturunda qabaqcıl Avropa ölkələrinin təcrübəsinə
əsaslanan bir yeniliyin reallaşdırılmasının
şahidi olduq. Prezident İlham Əliyevin sərəncamı
ilə Mehriban Arif qızı Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin
edildi.
Təbii ki, bu təyinatdan sonra ortaya sual çıxa bilər: Nə üçün məhz Mehriban Əliyeva? Fikrimizcə, bu suala cavab vermək üçün o qədər də uzağa getməyə ehtiyac duyulmur. Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun 2004-cü ilin may ayından bu günə qədər olan fəaliyyətinə nəzər salan istənilən soydaşımız həmin suala çox asanlıqla cavab tapa bilər. Bu barədə söz açmazdan əvvəl qeyd edək ki, son 25 ildə müstəqil Azərbaycan dövlətini beynəlxalq aləmdə tanıdan ən mühüm tədbirlərdən biri birinci Avropa Oyunları olmuşdur. Həmin Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı bir məqama və dəyərləndirməyə diqqət yetirək: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur”.
Həmin iqtibası seçməyimiz təsadüfi deyil. Çünki Azərbaycan xalqının hər bir insanda ən yüksək qiymətləndirdiyi keyfiyyətlərin sırasında məhz fədakarlıq, işgüzarlıq, xalqa, millətə, milli-mənəvi dəyərlərə canıyananlıq göstərmək də var. Məhz belə adamlar haqqında deyirlər ki, xalq üçün, millət üçün can qoydu. Mehriban xanımın fəaliyyətini təhlil edərkən onun millət və Vətən yolunda nə qədər böyük fədakarlıq göstərməsinin şahidi oluruq.
O, ulu öndərin adını daşıyan fondun yaradılmasından əvvəl də böyük milli təəssübkeşliklə fəaliyyət göstərirdi. Fondun yaradılmasından sonra isə Mehriban xanımın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin kəmiyyəti və keyfiyyəti dəfələrlə, coğrafiyası isə on dəfələrlə böyüdü. O, Azərbaycan mədəniyyətinin şəriksiz dostu, səhiyyəmizin yorulmaz dəstəkçisi, uşaq və gənclərimizin isə əvəzsiz himayədarı kimi həm ölkə miqyasında, həm də beynəlxalq aləmdə Azərbaycan xanımlığına xüsusi nüfuz qazandırdı. Onun çoxsahəli ictimai-siyasi fəaliyyətində UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti və başqa bu kimi məsuliyyətli və fəxr ediləsi missiyalar əsas yer tutur.
Mehriban xanım 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, 1996-cı ildə isə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildə isə partiya sədrinin müavini seçilib.
Şifahi xalq ədəbiyyatının və musiqi irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə 2004-cü ildə UNESCO-nun, sivilizasiyalararası dialoqa, çoxşaxəli, genişmiqyaslı şərəfli fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və İslam dəyərlərinə verdiyi töhfələrə görə 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Seçicilər onu ardıcıl olaraq üç dəfə – 2005, 2010 və 2015-ci illərdə 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisə deputat seçiblər. Deputat kimi seçicilərinin çoxsaylı problemlərini həll edən Mehriban xanım Əliyevanın, eyni zamanda, Azərbaycan-Amerika, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də əhatəli xidməti vardır.
Azərbaycan mədəniyyətinin böyük himayədarı olan Mehriban xanım həm də “Muğam” jurnalının təsisçisidir. Onun ardıcıl səyləri nəticəsində UNESCO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğamlar, yaddaşımızın nişanəsi olan saz, tar dünyanın maddi-mədəni inciləri sırasına yazılıb. Üzeyir bəy Hacıbəyovun, Müslüm Maqomayevin yubileylərinin keçirilməsi, Sadıqcan başda olmaqla bütün tarzənlərimizin nadir ifalarına əsl sahibinin möhürünün vurulması faktı da məhz Heydər Əliyev Fondunun prezidentinin adı ilə bağlıdır. Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və UNESCO-nun sabiq Baş katibi Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlinin qoyulmasına nail oldu. Ölkəmizdə ənənəvi olaraq keçirilən Televiziya muğam müsabiqələri də bilavasitə onun adı ilə bağlıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, Birinci xanımın xalqımız və dövlətimiz üçün gördüyü ən böyük işlərdən biri də onun Bakıda keçirilən ilk Avropa Oyunlarında Təşkilat Komitəsinə rəhbərlik etməsidir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban Əliyevanı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif etmişdir. Həmin tədbirdə çıxış edən Birinci xanım demişdi ki, ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq.
Ancaq Mehriban xanımın dövlətlər və xalqlar arasında dostluğa, birliyə, həmrəyliyə verdiyi töhfələr bununla bitmir. Belə ki, 2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olan güclü zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki məktəb tam yararsız vəziyyətə düşmüşdü. Dağılmış sinif otaqları uşaqların dərs keçməsi üçün çox təhlükəli idi. Bu səbəbdən şagirdlər dərsləri ya çadırlarda, ya da ki, açıq səma altında keçmək məcburiyyətində qalmışdılar. Heydər Əliyev Fondu həmin ərazidə məktəb tikmək təşəbbüsü ilə çıxış etdi və həmin təşəbbüs yüksək səviyyədə reallaşdırıldı.
Bundan başqa, 2012-ci il iyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. 2015-ci ildə isə bilavasitə Mehriban xanımın təşəbbüsü ilə Parisin San Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub və orada ölkəmizin tarixi və mədəniyyətinin, turizm imkanlarının təbliğinə həsr olunan müxtəlif sərgilər keçirilib.
Bu gün mənəvi sərvətlərimizin, xüsusən də kökü çox dərinlərə işləmiş muğam sənətimizin, Novruz bayramının, İçərişəhərin, Qobustanın, milli xalçalarımızın, tarın, Qız qalasının və Azərbaycanın rəmzi olan adət-ənənələrimizin, tarixi yaddaşımızın, milli rəmzlərimizin dünyada tanınması, təbliğ olunması və sevilməsi məhz Mehriban xanımın bu sahəyə göstərdiyi diqqətin sayəsində mümkün olmuşdur. Uşaqların, yeniyetmə gənclərin, gənc istedadların Vətən və xalq üçün yetişməsi və tərbiyə olunması onun humanist və xeyirxah missiyasının aparıcı xəttidir. Bu, Vətənə, xalqa şərəflə xidmət etməyin ən bariz nümunəsidir. Hələ illər öncə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla həyata keçirildi. Ölkənin bir çox bölgələrində Avropa standartlarına cavab verən minlərlə məktəb, uşaq bağçaları tikilib istifadəyə verildi və işlər bu gün də davam etdirilir. Bütün bunlar məhz Heydər Əliyev Fondunun göstərdiyi birbaşa köməyin, qayğının sayəsində başa gəlmişdir. Yaradılmış yeni mühitdə xalq ruhunun, milli təfəkkürün formalaşması və inkişafı mütəmadi olaraq davam etdirilir. Bu xəttin uğurla inkişaf etdirilməsi qüdrətli dövlət başçısı İlham Əliyevin ölkədə yaratdığı sabitliyin, öz axarına saldığı rahat, mədəni həyat tərzinin, apardığı böyük quruculuq işlərinin nəticəsidir.
Azərbaycanın Birinci xanımının zəngin, səmərəli fəaliyyətinə dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən verilən yüksək dəyəri, təltifləri, mükafatları saymaqla qurtaran deyil: “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə”, Fransa Respublikasının “Şərəf legionu” ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı, Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013”, Azərbaycanın ən ali “Heydər Əliyev” ordeni.
Bütün bu faktları nəzərə alan
Azərbaycan xalqı Mehriban Arif qızı Əliyevanın
ölkəmizdə Birinci vitse-prezident seçilməsi xəbərini
böyük məmnunluqla qarşıladı. Hər bir azərbaycanlı
əmindir ki, bu təyinat son 14
ildə sürətli sosial-iqtisadi inkişaf tempini saxlayan, beynəlxalq
aləmdə böyük nüfuz sahibinə çevrilən
Azərbaycanın daha da müasirləşməsinə,
modernləşməsinə növbəti təkan
olacaqdır.
“Xalq qəzeti”nin kollektivi çox
hörmətli Mehriban xanım Əliyevanı yüksək və
şərəfli vəzifəyə – Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin
olunması münasibətilə təbrik edir, ona yeni-yeni
uğurlar, cansağlığı və ailə səadəti
arzulayır.
Xalq qəzeti.- 2017.- 22 fevral.- S.3.