Xocalı qətliamı – bəşəriyyətə

qarşı törədilmiş cinayət

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş erməni vandalizminin bariz nümunəsi olan Xocalı soyqırımı bəşər tarixində tayı-bərabəri olmayan  faciələrdəndir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımından 25 il keçməsinə baxmayaraq, hələ də o dəhşətin ağrı-acısı ilə yaşayırıq.

 

Həmin kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il respublikamızda, eləcə də dünyanın müxtəlif yerlərində ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Erməni təcavüzkarlarının törətdiyi bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Bu qətliamın qabaqcadan düşünülmüş qaydada,  azərbaycanlıların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.

1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni vandalizmibu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları, təəssüf ki, keçmiş SSRİ rəhbərliyi və beynəlxalq birlik tərəfindən sükutla qarşılanmışdı. Bu laqeydlikdən daha da azğınlaşan erməni separatçıları azərbaycanlılara qarşı vəhşiliklərini davam etdirmiş, günahsız insanları qətlə yetirmiş, bir-birinin ardınca soyqırımı aktlarını və misli görünməmiş tarixi cinayətləri həyata keçirmişlər. Xocalı soyqırımı bu faciələrin ən dəhşətlisi idi.

Getdikcə quduzlaşan Ermənistan silahlı qüvvələri himayədarlarının köməyi ilə Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayonu – Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını və Zəngilanı işğal etdilər. Bir milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar dağıdıldı.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz.

Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl atmışlar. “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyada nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.

Xocalının zəbt olunması zamanı dinc azərbaycanlı sakinlərə qarşı ağlasığmaz vəhşilik törədənlər və Cenevrə Konvensiyasının, “İnsan hüquqları haqqında ümumi bəyannamənin” 2, 3, 5, 9 və 17-ci maddələrinin, “Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında” Konvensiyanın, “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tələblərini kobud surətdə pozanlar indiyədək cəzalandırılmamışdılar. Cəzasızlıq mühiti isə yeni cinayətlər üçün əsas yaratmaqdadır.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, soyqırımı, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülhyaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Xocalı şəhərində törədilmiş müdhiş cinayətin xarakteri və miqyası göstərir ki, həmin konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk  təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndər ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımının və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, tarixi-mədəni abidələrin məhv edilməsi və digər vandal aktlarının dünya ictimaiyyətinə çatdırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu.  Bu məqsədlə həyata keçirilən mühüm əhəmiyyətli tədbirlərdən biri də Ermənistanın hərbi təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə, soyqırımı aktlarına  siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul etmişdir. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli  davamçısı Prezident İlham  Əliyevin xarici siyasət kursunda Ermənistanın işğalçılıq siyasətini ifşa etmək, soydaşlarımıza qarşı törədilmiş terror aktları, qətliamlar və soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaq prioritet vəzifə olmuşdur.Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dəhşətləri barədə danışarkən demişdir: “Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur.”

Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürüdür. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.

Bu dəhşətli faciə ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə, fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd edilməlidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il beynəlxalq miqyasda silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü  ifşa olunub. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, BosniyaHerseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 21 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır.

Bu gün xocalılılar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Onlar daim dövlətin diqqət və qayğısını hiss edirlər. Xocalı soyqırımından ötən müddət ərzində doğma yurdlarından didərgin düşən soydaşlarımızın istər məskunlaşmaları, istərsə də sosial-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin edilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər də bunu təsdiqləyir. Xocalılıların ilk olaraq yeni salınmış qəsəbələrə köçürülməsi də dediklərimizə bariz nümunə sayıla bilər.

Dağlıq Qarabağona bitişik ərazilərimizin erməni işğalından azad edilməsi istiqamətində aparılan mübarizədə xocalılılar da, ata-baba yurdlarından didərgin salınmış digər soydaşlarımız kimi, öz sözlərini qətiyyətlə deməyə hazırdırlar. Ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən sonra xalqımız qəti əmindir ki, haqq-ədalət mütləq öz yerini tutacaq, hərbi qüdrətini gündən-günə artıran Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.

 

Leyla SÜLEYMANOVA,

Sumqayıt şəhər qeydiyyat şöbəsinin

rəisi vəzifəsini icra edən

 

Xalq qəzeti.- 2017.- 25 fevral.- S.7.