Onun həyat fəlsəfəsi
Jurnalist taleyimdən
razıyam ki, məni hərdən böyük şəxsiyyətlərlə
görüşdürüb. Onlardan biri də akademik Akif Əlizadədir.
Yəqin razılaşarsınız
ki, hər şeyin ilki böyük məsuliyyətdir,
axtarışdır, gecəynən gündüzün sərhədlərini
“pozan” nigaranlıqdır. Elə İctimai Televiziyada yayıma
başlayacaq “Sözün Zamanı” verilişinin ilk
qonağının kimliyi məsələsi müzakirə
olunanda da fikirlər haçalandı, ölkənin müxtəlif
tanınmış adamlarının üzərində kilidləndi.
Bəli, qonaq elə insan olmalı idi ki, ilk sayından etibarən
verilişin müvəffəqiyyətini təmin etsin.
Özünün güclü xarakteri, unikal maqnetik
xarizması, adamı “varından yox edə biləcək” təbəssümü,
kübar tövrü, alicənablığı və bir də,
bu, çox vacib məqamdır,
söyləyəcəklərinin sanbal, çəki və
maraq indeksi ilə siyahıdakı “rəqiblərini” geridə
qoymağı bacaran şəxs Akif Əlizadə oldu.
Filmin çəkilişi əsnasında mən tanıdığım Akif Əlizadəni bu dəfə də bir başqa mizanda, bir özgə ampluada kəşf etdim.
Doğrudan da, elə insanlar var ki, onlarla həmsöhbət olmaq fürsətinin özü belə tarixin bir parçası ilə ünsiyyət anlamına gəlir. Eynən, akademik Akif Əlizadə ilə olduğu kimi.
Qəlbinin, fikirlərinin, mənəvi kişiliyinin işığına bir də zəka və elminin ziyasının qovuşaraq nəhəng bir aydınlıq selinə çevrildiyi bu insanla saatlardan günlərə keçən o canlı təmas sürdükcə, tək yaxın tariximizin deyil, bütövlükdə xalqın, cəmiyyətin, insan mənəviyyatının dərinliklərinə tənəzzöh edirsən, bilmədiklərini təşnə ilə öyrənirsən, mübhəm görünənlərin üzərindəki sirr pərdəsini götürürsən, agah, vaqif olursan. Və sonda, teatrşünasların dili ilə ifadə etsək, katarsis mərhələsi başlayır; həyat sənə bəmbəyaz buludlardan enmiş kimi ağappaq, tərtəmiz, dumduru görünür.
Bəli, böyük hesabla, Akif Əlizadə kimi insanların bu və ya digər məsələ ilə bağlı baxışları, məsləhət və tövsiyələri, düşüncələri onu dinləyənlərə bu həyatda həmişə uğur qazanmağa, yolundan sarpmamağa, hədəfləmiş olduğu mənzilə sağ-salamat yetişməyə kömək edir.
* * *
Akif Əlizadə hər adı çəkiləndə möhtəşəm bir dağa, titana bənzətdiyimiz AMEA prezidentləri sırasında öz yeri, çəkisi, sanbalı olan bir elm təşkilatçısıdır. Elmin sərkərdəliyi elmin fədailiyindən, yəni elm adlı bəşəri bir nemətə özünü büsbütün fəda edə bilmək hünərindən keçir. Bu, həm də bir vətəndaş şücaətidir. Məhz belə bir qalibiyyət yanğısı, alim qeyrəti, səbri, səbatı, elm təəssübkeşliyidir Akif müəllimi tam 60 ildir ki, “yəhərdə saxlayan”. O, tutduğu mənsəbdə, oturduğu məqamda sələflərinin çox vicdanlı, zəhmətkeş və qayət enerjili bir “xələfinə” çevrilməyi bacardı. Respublikanın bu ali elm qərargahının əvvəlki “komandanlarının” zəhmətini danmadan bu sadə bir həqiqəti də etiraf etməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş inkişaf və yüksəliş siyasətini, tərəqqi xəttini AMEA-nın prezidenti akademik Akif Əlizadə elmə, ölkə elminin beşiyi sayılan akademiyaya gətirdi.
Elm festivalı, alimlərin qurultayı, Rəyasət Heyətinin səyyar yığıncaqları, media ilə işin keyfiyyətcə yeni müstəviyə qaldırılması nəticə etibarilə elmin populyarlaşmasına, elm təsərrüfatında əldə edilən nailiyyətlərin laboratoriyalardan çıxaraq istehsalata addımlamasına, dəyər yaratmasına, elmin ölkənin ÜDM-ində layiqli iştirakına xidmət edir.
Bəli, cəsarətlə söyləmək olar ki, zaman etibarilə qısa bir vaxt ərzində elmin nüfuzunun, alim adı üçün uzun illərdən bəri xiffətini çəkdiyimiz qürur və iftixar hissinin qayıtması da Akif müəllimin adı ilə bağlıdır.
Bilmirəm, hər nə qədər təbiri caizdirsə, bir misal çəkmək istəyirəm. Deməli, 1428-ci ildə Əmir Teymurun nəvəsi və Teymurilər sülaləsinin başçısı olan Uluqbəy tərəfindən tikilmiş observatoriya onun ölümündən sonra dini fanatiklər tərəfindən yerlə-yeksan edildi. Bu, tək elmə deyil, fikrin, düşüncənin, bəşəriyyətin gələcəyinə xəyanət idi. Hər nə qədər təəccüblü olsa da, eyni zehniyyət sahibləri XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda da peyda oldular. Müxtəlif institutlarda “çalışsalar” da elm adına bircə yaralı barmağa “məlhəm sürtməyənlər” Elmlər Akademiyasını ləğv etmək fikrinə düşmüşdülər. Yenə də o vaxt məhz Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın elm məbədini “milli Herostrat”lardan xilas etdi.
Uzaq və yaxın tarixə işarət verən bu misalı niyə xatırladım? Bəli, millət olaraq, bizim qazandıqlarımız əldə etdiklərimizlə deyil, itirmədiklərimizlə ölçülür. Bu mənada Akif Əlizadə bir zəhmətkeş alim, dəyərli ziyalı, vəzifəsini imtiyazlarından üstün dəyərləndirən vətəndaş kimi istər zəngin elmi irsimizin, istərsə də milli-mənəvi və sosiomədəni dəyərlərimizin qorunub saxlanmasına və inkişafına töhfəsini verməkdən usanmır.
* * *
AMEA prezidentinin özü ölkənin elmi ictimaiyyəti qarşısında duran minimum vəzifə və perspektivləri aşağıdakı kimi dəyərləndirir: fundamental və tətbiqi təqiqatların prioritetlərinin ölkənin yeni iqtisadi modelinin hazırlanmasına, xüsusən də qeyri-neft sektorunun inkişafına uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi, ilk növbədə dövlətin innovasiya siyasətinə elmin töhfəsinin verilməsi, bu gün hələ də ayrı-ayrı məkanlarda cərəyan edən elm və iqtisadiyyatın ortaya konkret və səmərəli nəticələr qoya bilməsi üçün qarşılıqlı faydalı əməkdaşlıq platformalarının yaradılması...
Akif Əlizadəyə görə, həmin taleyüklü vəzifələrin həllinin universal açarı, həmçinin bütün uğur və nailiyyətlərin səbəbiyyatı məhz şəxsiyyət fenomeni, insan kapitalı ilə bağlıdır. Bu gün elmin bəlkə də heç bir vaxt olmadığı kimi istedadlı, kreativ təfəkkürə, parlaq zəkaya, innovativ düşüncə tərzinə malik şəxslərə ehtiyacı vardır. Çünki bu cür adamların olmadığı yerdə nə elmi məktəbdən, nə elmi mərkəzdən, nə də elmin inkişafından danışmaq mümkündür.
Akif müəllimin elm barədə söhbətlərindən doymaq olmur desəm, səmimiyyətimə inanın ki, heç kimi təəccübləndirmərəm. Bunu macal tapıb həmsöhbət olmaq bəxtəvərliyini yaşayanlar yaxşı bilirlər. Çünki o, elm haqqında danışanda da sanki Müşfiqin, Cavidin, Vurğunun könülləri fəth edən poeziyasından, Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Tahir Salahovun təbiətin və dünyanın gözəlliyinin sirləri haqqında dönə-dönə düşünməyə vadar edən möcüzəli rənglər dünyasından, Üzeyirin, Qara Qarayevin, Tofiq Quliyevin adamı özündən oğurlayıb uzaqlara aparan ecazkar musiqisindən bəhs edir. Bu yalnız elmin “sufilərinə”, aşiqlərinə agah olan ilahi vergidir.
* * *
Söhbətimizin əvvəlində də ifadə etdiyimiz kimi, akademik Akif Əlizadəni bir alim, elm təşkilatçısı tək fərqləndirən, bənzərsiz edən məhz tutduğu mənsəbin və titullarının fövqündə bir də insan kimi qayət maraqlı, xarizmatik, xeyirxah, inanclı, prinsipial olmasıdır.
Bu gün az qala ictimai hadisələri də gen səviyyəsində öyrənmək cəhdlərinin artdığı bir zamanda insanların tərbiyə və davranışında genetik kodun yeri və rolu barədə mübahisə və mülahizələr səngimək bilmir. Məsələn, akademik İsmayıl İbrahimov Akif Əlizadənin xarakterindəki mənəvi təmizlik, təmənnasız xeyirxahlıq, insana məhəbbət kimi keyfiyyətləri məhz babası şeyx Axund Ağa Əlizadənin ailəsinə mənsubluğu ilə izah edirdi.
Mərhum akademikə sözünün haqqını veririk. Vətənə, torpağa, millətə sevgi kimi elmə sevgi də İslamdan, Qurandan gəlir. Təsadüfi deyil ki, müqəddəs kitabda təkcə elə elm, bilik və təfəkkürdən bəhs edən 750-dək ayə vardır. Ona görə də əminliklə söyləmək olar ki, Akif Əlizadənin mayasındakı elmlə imanın, etiqad və ziyanın, xeyirxahlıq və şəfqətin uğurlu simbiozu, dostluğu məhz ailəsindən, mənsub olduğu, yaşatdığı və daşıdığı ali genetik kodlardan irəli gəlir.
Akif Əlizadə ilə ünsiyyətdən hasil olan qənaətlərdən biri də odur ki, bu insanın ruh halı ətrafa bir rahatlıq, pozitiv enerji ötürməklə yanaşı, həm də nikbinliyə kökləyir.
Akif müəllimin aksioloji görüşlərində həm də bəşəri harmoniyaya, nizam-intizama, səliqə-sahmana bir çağırış var. Bəli, yaşadığımız bu şirin olduğu qədər də mürəkkəb dünyada, həyatda bütün müşküllərin çarəsi, iksiri harmoniyadadır. Böyüklərimiz nahaq yerə deməyiblər ki, birlik hardadırsa, dirilik də ordadır. Ancaq insan övladı cəmiyyətin inkişafını öz subyektiv qanunları ilə idarə etdiyi üçün bəzən tarazlıq pozulur, müvazinət itir. Ona görə də bu gün Kainatdan, Kosmosdan əfzəl Yerdə – insanların münasibətində, qəlbində, əməlində harmoniya axtarmaq lazımdır. Zira, hamımızın can atdığı xoşbəxtliyin ən vacib şərti də məhz belə bir ilahi tənasübdür. Yəqin məhz buna görədir ki, təbiəti etibarilə də xeyirxahlıq mücəssəməsi olan Akif müəllim hər irili-xırdalı söhbətinin sonunda müsahibinə xoşbəxtlik arzulayır.
Kimin dediyini xatırlamıram, ancaq yaddaşımda elə beləcə də qalıb: “Həyat üçün planlar qurma. Onsuz da həyatın sənin üçün planları var”.
İnsan taleyi, onun xoşbəxtliyə, səadətə qovuşmaq arzusu hər birimiz üçün bir ömür boyu can atdığımız məqsəddir, hədəfdir.
Allah hər birimizə bir can əmanət etmiş, ağıl, idrak, zəka, mərhəmət, savab payımızı da kəsməmişdir. Bu ilahi dəyərlərdən dünyanı gözəlləşdirmək, onu bəşər övladı üçün rahat bir məkana çevirmək üçün yerində və məqamında istifadə etmək bacarığı isə yalnız güclü, tale tərəfindən nişanlanmış insanlara xas olan məziyyətdir.
Akif Əlizadə bu cür insanlardandır. Onun ən böyük amalı xalqına, millətinə və dövlətinə təmənnasız xidmətdir.
Bu insan geyimindən tutmuş davranışına qədər stildir, zövqdür, etalondur. Onun gözəlliyi duymaq, hər bir hərəkəti ilə estetik brend, səmimiyyət ikonası yaratmaq istedadına və zövq mədəniyyətinə heyran olmamaq mümkün deyil.
Yəqin siz də fikir vermisiniz, təbəssümün bu qədər tərksilahedici olmasını. Adamı varından yox edə biləcək qüvvəyə, enerjiyə malik ola biləcəyini də, sadəcə, Akif müəllimin təbəssümündə kəşf etmək mümkündür.
Məncə, bu yerdə Akif Əlizadənin özünü dinləyək:
- Müdriklik məxəzi, xəzinəsi sayılan “Qabusnamə” deyir: bu dünya tarla kimi bir şeydir, nə atsan, o da cücərəcək.
Elmin, biliyin, xoşbəxtliyin toxumu zəhmətdir.
Hünərin, şücaətin toxumu qeyrətdir, cəsarətdir.
Bəs Vətən
sevgisinin toxumu nədir? Hansıdır?
Miskinliyin,
xəbisliyin, paxıllığın da toxumu varmı görəsən?
İnsan oğlu
dünyada çox şeyin cavabını tapıb, çox
suallar da var ki, üstüaçıq qalır.
Bayaq bəşəri
harmoniyadan danışdıq. Görünür, bu da
Allahın lütfünə, insan sevgisinə bağlı bir
harmoniyadır; sualların bitəcəyi gün Kainatın, həyatın
da sonu olacaqdır.
Hərdən
fikirləşirəm, görəsən, həmin toxumları
torpağın bağrına atıb becərmək mənə etibar olunsa idi, hansı
ardıcıllıqla əkərdim?
Yəqin ki, əvvəlcə zəhmət toxumunu əkərdim. Çünki bu dünyada heç nə zəhmətsiz hasil olmur. Zəhmətnən, alın təriynən qazanılan çörək də, mənsəb də, hörmət də bir ömür boyu sahibinə yalnız başucalığı gətirir.
Sonra mütləq sevgi toxumunu əkərdim. Sevgisiz bu dünyada hər şey mənasızdır. Vətənə, anaya, torpağa, insana, təbiətə sevgi elə bir cazibə qüvvəsidir ki, adamı daim mənəvi dəyərlərin orbitində saxlayır. Səhv etməyə, yanlış yapmağa qoymur.
Düşünürəm ki, hünərin, qeyrətin, comərdliyin toxumu insanın genetik yaddaşı ilə bağlıdır; Ana südü ilə, əcdadlarının şüuraltı səsi ilə gəlir.
Doğrudan da, mənim iradəmlə, istəyimlə olsa idi, insanlar dünyada yalnız xeyirxah, yaradıcı işlərlə məşğul olardılar.
Bu sözləri bəlkə də ömrünün 60 ilini elmə fəda etmiş bir alimin, ziyalının, vətəndaşın, el ağsaqqalının, nəhayət, böyük Azərbaycanlının həyat fəlsəfəsi kimi qəbul etmək lazımdır.
Xalid NİYAZOV,
Əməkdar
jurnalist,
siyasi elmlər
üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2017.- 25 fevral.- S.6.