Xocalıda həm də

“mədəniyyət soyqırımı” olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  bu il yanvarın 24-də Xocalı soyqırımının 25-ci ildönümü haqqında imzaladığı sərəncam  bizi böyük faciələrimiz və itkilərimiz haqqında növbəti dəfə düşünməyə, bu ağrılarımızı dünya ictimaiyyətinə olduğu kimi çatdırmağa çağırır. Təbii ki, sərəncamın imzalanmasından sonra bütün dövlət qurumları və qeyri-hökumət təşkilatları bu istiqamətdə öz üzərlərinə düşən vəzifələrin icrasına başlayıblar. Xəritədən silinmiş, yüzlərlə sakini qəddarlıqla öldürülmüş, minlərlə sakini yaralanmış, əsir götürülmüş və ya didərgin salınmış qədim şəhərimizin taleyi barədə hamı nə isə demək, o yerlərə qayıdacağımız günün tezləşdirilməsinə töhfə vermək istəyir.

 

Prezident  sərəncamında deyilir ki, Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.

2017-ci ilin əvvəlində  şahidi olduğumuz bir neçə hadisə sübut edir ki, biz o yerlərə mütləq qayıdacaq və yağı düşmənin viranəyə çevirdiyi yurd yerlərimizi  yenidən bərpa edəcəyik. Ancaq çox təəssüf ki, türk mədəniyyətinin düşməni olan ermənilər işğal etdikləri bütün ərazilərdə tarixi, mədəni abidələrimizi yerlə-yeksan edib, sözün həqiqi mənasında əsl mədəniyyət soyqırımı törədiblər. Bir çox hallarda isə həmin abidələri oğurlayıblar ki, sonradan erməni abidəsi kimi təqdim etsinlər. Oğurlanmış abidələrin qaytarılması kimi dağıdılmış məbədlərimizin bərpası da  çox çətin olacaq. Amma zənnimcə,  dövlətimiz  o işin də öhdəsindən gələcək. Söhbət bilavasitə Xocalıdan getdiyinə görə bu yazıda məhz yağı əlində olan Xocalı abidələri barədə qısaca söz açmaq istəyirik.

Təbii ki, yağı qəsdinə məruz qalmış bu şəhərimiz Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğuna görə burada tarixi-mədəni abidələr daha çoxdur. Ancaq onların  ən dəyərlisi, dünya memarları tərəfindən yüksək qiymətləndirilən Xocalı türbəsidir. XIV əsrə aid  olan  Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı  (Xoca Əli) on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi onu  dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.

Tarixi mənbələrdən oxuyuruq ki, ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan  şəhərdəki bu  türbənin   və yenə də XIV  əsrə aid olan  dairəvi türbənin ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan  və sair var. Burada Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə və sairdən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və  əsləhələr aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlal ocağı, Cahan nənə ocağı var.

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın  sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət olan həmin qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. Alimlər yazırlar ki, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır.

1991-ci ildə yaradılmış Xocalı rayonunda olan, 1992-ci ilin fevralından düşmən tapdağında qalan tarixi abidələrimizin bir neçəsinin adını yada salaq. Alban məbədi (905-ci il) – Şuşa kəndi,  Alban məbədi (1100-cü il) – Çanaxçı kəndi,  Alban məbədi (1065-ci il) – Çanaxçı kəndi,  Alban məbədi (1100-cü il) – Xaçmas kəndi,  Alban məbədi (1122-ci il) – Xansıx kəndi, Alban məbədi (1202-ci il) – Armudlu kəndi , Günbəz – Xocalı kəndi, Qoç və yəhər şəkilli qəbir daşları – Xocalı kəndi, Qədim tarixə malik olan Alban abidələri – Xocalı kəndi, Qədim alban kilsəsinin qalıqları – Kərkicahan qəsəbəsi, “Börgün qayasında olan kilsə” alban kilsəsi – Meşəli kəndi, “Yeddi kilsə” alban kisəsi – Meşəli kəndi , “Durpasuda olan kilsə” Alban kilsəsi – Meşəli kəndi,“Balaca suda olan kilsə” alban kilsəsi – Meşəli kəndi , “Əvəzin yurdunda olan kilsə” alban kilsəsi – Meşəli kəndi, Xocalı qəbiristanlığı e. ə. VIII-VII əsrlər.

Bundan başqa, düşmən tapdağında çoxlu sayda dini  abidələrimiz də qalmışdır. Məsələn, günbəz ziyarətgahı (XIII əsr), Türbə (XIV əsr), Seyid Cəlal ağanın ocağı – Xocalı şəhəri,  Cahan nənə ocağı – Xocalı şəhəri,  Qaranın ocağı – Kərkicahan qəsəbəsi, Darılı piri – Kosalar kəndi. Meşəli kəndindəki Teymurləngin qalası  və Əsgəran qəsəbəsindəki  Əsgəran qalası (XVIII əsr) Azərbaycan memarlıq tarixinin dəyərli nümunələrindəndir.

Biz əminik ki, Azərbaycan Prezidentinin qətiyyəti, Milli Ordumuzun qüdrəti və dünya ictimaiyyətinin dəstəyi ilə biz öz ata-baba torpaqlarımıza qayıdacaq və min illər boyu sahibi olduğumuz mədəni irsimizin bərpasına çalışacağıq.

 

İsaq ƏMƏNULLAYEV

 

Xalq qəzeti.- 2017.- 26 fevral.- S.9.