Qusar Dövlət Ləzgi Dram
Teatrının
yaranmasının 25 illiyi qeyd olunmuşdur
Yubiley tədbirində
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
Qusar rayonunun rəhbərliyi, elm və incəsənət
xadimləri, teatrsevərlər, eləcə də rayon
ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidməti məlumat yaymışdır.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Sonra Qusar şəhərinin mərkəzindəki general Mahmud Əbilov adına meydanda ləzgi folklor nümunələri təqdim olunmuşdur.
Mərasimə qatılanlar Qusar Mədəniyyət Sarayında yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən maraqlı sərgini izləmək imkanı qazanmışlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivini yubiley münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Nazir bildirmişdir ki, Qusar Azərbaycanın turizm potensialına görə öndə gedən rayonlarından biridir. Son illər ölkəmizə gələn turistlərin sayının xeyli artmasında bu rayonun ərazisində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin də payı var. Turistlərin daha çox ziyarət etdiyi regionlarda turizm obyektləri ilə paralel olaraq mədəniyyət ocaqlarının, o cümlədən muzeylərin, teatrların fəaliyyəti də yüksək səviyyədə təşkil olunmalıdır. 25 il əvvəl Qusarda yaradılmış bölgə teatrı regionda teatr sənətinin inkişafına öz töhfələrini vermişdir. Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə bir sıra nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edib.
Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Qusar Dövlət Ləzgi Dram Teatrının rayonun mədəni mühitinin formalaşmasında, teatr sənətinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulamışdır.
Çıxışlardan sonra teatrın kollektivi fəxri fərmanla, aktyorlar Həsrət Nəsrullayev, Kifayət Yusifova və Yalçın Qaraxanov isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov bildirib ki, son illər teatrın inkişafında əsaslı və köklü dəyişikliklər baş verib. Tamaşaların bədii tərtibatı, məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların teatra olan marağı daha da artıb. Diqqətə çatdırılıb ki, teatr fəaliyyətdə olduğu bu 25 ildə 110-a yaxın səhnə əsərini tamaşaçılara təqdim edib.
Mərasimdə Qusar Dövlət Ləzgi Dram Teatrının yubiley münasibətilə hazırladığı “Yaradan, yaşadan teatr” adlı kompozisiya təqdim olunub.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 4 iyul.- S.7.