Naxçıvan: bu torpağın bu
günü
də, dünəni də
qürur doğurur
(əvvəli qəzetin
5 iyul 2017-ci il tarixli sayında)
Sədərək
rayonu
Yolumuz Sədərək rayonunadır, illərdən bəri düşmən qarşısında alınmaz qalaya, keçilməz səddə çevrilən Sədərəyə. Qaraqoyunlu və Ağqoyunlu dönəmində Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri Sədərək olub, XVI əsr mənbələrində sultanlıq kimi təqdim olunur. Fransız səyyahı Jan Şarden yazır ki, Sədərək adlı şəhərciyin yanından keçdik, mahalın sultanı da bu şəhərcikdə yaşayır.
Şarden
ciddi bir adam idi. Ömrünü bir
neçə il İranda və Azərbaycanda keçirmişdi, bu yerlərə
də yaxşı bələd idi.
Ermənilərdən bəhs edərkən
bildirir ki, onlar “çox yoxsul, fəlakətli, nadan və cahil
bir millətdir”. Bəli, o vaxtlar Naxçıvanın 11 mahalından
biri, həqiqətən, Sədərək idi.
Sədərək şimalda və şərqdə
dağlıq, Arazboyu hissədə tirə və yüksəkliklərlə
ayrılan maili düzənlikdən ibarətdir. Şimal-qərbdən
Salıbulaq dağının cənub-şərq ətəkləri
ilə sərhədlənib Ağrı düzü ilə birləşir,
Ucubiz, Əjdəkan, Tejkar, Vəlidağ və Saraclı
dağları təbii sipər kimi Sədərəyi əhatəyə
alıb.
Ümummilli
lider Heydər Əliyev hələ 1978-ci ilin oktyabrında
Naxçıvana səfər edərkən, Sədərək kəndi ilə
Ermənistan arasında nümunəvi yeni qəsəbə
salınmasını tövsiyə etmişdi. 1980-ci ildə salınmasına başlanan həmin qəsəbə
barədə danışarkən ulu öndər sonralar qeyd
edirdi ki, o vaxtlar ermənilər yavaş-yavaş baş
qaldırır, torpaqlarımıza iddia edirdilər, ona görə
də qəsəbənin məhz həmin yerdə
salınmasını tövsiyə etdim.
Ermənilər
1990 – 1993-cü illərdə 14 dəfə Sədərəyə
hücum etsələr də, hər dəfə geriyə
oturdulmuş və ciddi itkilərə məruz qalmışlar. O vaxtlar Naxçıvan Ali Sovetinin
sədri olan Heydər Əliyev Sədərəyi “Qeyrət
qalası” adlandıraraq demişdir: “Muxtar respublikanın sərhəd
kəndləri dəfələrlə silahlı təcavüzə
məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas
ağırlıq Sədərəyin üzərinə
düşmüşdür. Sədərəkdə
vəziyyət tamam başqadır. Burada
əsl müharibə gedib, atışmalar olub”.
Ulu öndər Sədərəyi
çiçəklənən, yüksək rifaha malik yaşayış
məntəqəsi kimi görmək
istəyirdi. Bu gün düşmən
postundan, cəbhə xəttindən 200-250 metr aralıda olan
Heydərabad qəsəbəsini, Sədərəyi görəndə,
gözlərimizə inanmadıq. Bu qəsəbələr
düşmən üçün göz dağına
çevrilib. Ətrafında gözəl
bağ-bağça salınmış, abad evlər, muzey,
park, mədəniyyət evi, enli asfalt küçələr
ox olub düşmənin bağrına sancılır.
Hərbi hissədə əsgər və zabitlərimizlə
görüş yaddaşımızda silinməz izlər
qoydu. Bir daha əmin olduq ki,
Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham
Əliyevin əmrinə müntəzirdir. Ən müasir
silah-sursatla yaxşı təchiz edilmiş Silahlı Qüvvələrimiz
torpaqlarımızı işğaldan azad etməyə hər
an hazırdır. Yüksək dəqiqliyə,
böyük
dağıdıcı gücə malik silahlar
düşmənə rahatlıq vermir, Naxçıvan əlahiddə
ümumqoşun ordusu düşmənin qorxulu röyasına
çevrilib. Düşmən qısa vaxt ərzində
sarsıdıcı zərbə ilə birdəfəlik
susdurula bilər.
KİVDF-nin
icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin
deputatı Aqil Abbas əsgər və zabitlər
qarşısında çıxış edərək, Vətənin
onlara güvəndiyini, torpaqlarımızın işğaldan
azad ediləcəyi günün yaxında olduğunu
vurğuladılar, ordumuza Qələbə sevinci
arzuladılar.
Cəbhə xəttində dağın zirvəsinə
qalxıb postda dayanan əsgərlərimizlə də
görüşürük. Hər biri qorxubilməz
igiddir. İlk həmlə ilə
düşmənə ağır zərbə vuracaqları
şübhə doğurmur. “Ötən hər
gün bizi Qələbəyə yaxınlaşdırır” –
deyir əsgərlərimiz. Ordumuzun gücünə,
qüdrətinə daha yaxından bələd olduqca, qəlbimiz qürurla
döyünür. Sərhəd xəttində
güclü, qüdrətli bir ordu dayanıb. Belə cəsur
oğulları olan Vətən basılmaz!
Şərur
Şərur
rayonunda baş çəkdiyimiz ilk
ünvan ikimərtəbəli
tam orta məktəb oldu. Düzünü desəm, qarşısında
dayandığımız əzəmətli
binanın məktəb olduğuna inanmaq çətin idi. Amma üzərindəki lövhə
şübhəmizə son qoydu. Giriş
qapısının hər iki tərəfindəki qoşa
sütunların arasından keçib dördmərtəbəli
gözəl binanın içərisinə daxil oluruq.
Binanın xarici görünüşünün
yaratdığı xoş təəssürat anındaca birə-beş qat
artır. Məktəb ən müasir tədris
standartlarına cavab verir. 1020 şagird yerlik məktəbdə
bir qismi elektron lövhəli
olmaqla, 50 sinif otağı, 2 müəllimlər otağı,
4 kompüter otağı, 2 şahmat otağı, tibb
otağı, idman zalı, idman qurğuları, fənn laboratoriyaları, hərbi kabinə,
yeməkxana lazımi avadanlıq və tədris vasitələri
ilə təchiz olunub. Kitabxanada 9 min nüsxədən çox dərslik, 10 min nüsxədən artıq bədii
ədəbiyyat toplanıb. Sinif
otaqları və məktəbin qazandığı
uğurlarla tanış olduqda bizdə belə bir təəssürat
yarandı ki,
muxtar respublikada gələcək nəslin təlim-tərbiyəsinə
xüsusi diqqət yetirilir. Hər bir şagirdə
onun şəxsi keyfiyyətlərindən, maraq dairəsindən
asılı olaraq fərdi yanaşma sərgilənir. Nəticə
göz qabağındadır: burada yüksək təhsilli,
geniş dünyagörüşlü gənc nəslin təlim-tərbiyəsi
bütün məktəblər üçün örnək ola bilər.
Məktəbin həyəti xüsusi dizaynı,
salınan yaşıllıq və səliqə-sahmanı ilə
göz oxşayır.
Məktəbin binasından çıxıb yan tərəfdəki
daha bir gözəl binaya doğru gedirik.
Bura Şərur
Texniki-Peşə və
Sürücülük Məktəbi Kompleksidir.
Bələdçimiz Ramal Məmişov məlumat verir
ki, son 10 ildə muxtar respublikada 142 məktəb binası
istifadəyə verilib. Dərslərin daha yüksək təşkili məqsədilə
ümumtəhsil məktəblərində
600 elektron lövhə quraşdırılıb, hər 12
şagirdə 1 kompüter düşür. Bütün təhsil
ocaqları dərslik
və dərs ləvazimatları
ilə təmin olunub.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2014-cü il
sentyabrın 14-də Şərur
Texniki-Peşə və Sürücülük
Kompleksinin açılış
mərasimində iştirak etmişdir.
Peşə
məktəbi tədris korpusu və yataqxana binasından ibarətdir.
Dördmərtəbəli tədris korpusu 360 şagird
üçün nəzərdə tutulub, burada 17 sinif
otağı, 4 laboratoriya, 5 emalatxana, şahmat, kompüter
otaqları, hərbi kabinə, tibb məntəqəsi, idman
zalı, yardımçı otaqlar var. Məktəbdə 11
ixtisas üzrə kadr hazırlığı
aparılır. Sürücülük peşəsinin təcrübədə
yaxşı mənimsənilməsi
məqsədilə üç avtotrenajor
quraşdırılıb. Mühərrik
gücünü, hava və yol şəraitlərini seçmək
imkanı yaradan avtotrenajorlar sürücülük peşəsini
öyrənmək üçün ideal tədris vasitəsidir.
Məktəbin
83 yerlik
yataqxanası digər rayonlardan peşə öyrənməyə
gələn müdavimlər üçün ideal şəraitə
malikdir.
Şərur
Olimpiya İdman Kompleksi, gələn qonaqlar üçün nəzərdə
tutulan 60 yerlik mehmanxana, Fizika-Riyaziyyat Təmayüllü Lisey
və Şahtaxtı Gömrük İdarəsi ilə tanışlıq
bizdə xoş təəssürat doğurdu.
Ordubad
Ordubadla tanışlıq Tarix-Diyarşünaslıq
Muzeyinin yerləşdiyi Qeysəriyyədən başladı. 540 kvadratmetr sahəsi olan
möhtəşəm Qeysəriyyə abidəsi eni və
uzunluğu 10 metr olan mərkəzi səkkizbucaqlı zaldan,
onun üzərindəki günbəzdən, günbəzi
künclərdə saxlayan mürəkkəb quruluşlu
dörd dayaqdan, dayaqlarla kənar divar taxçaları
arasında 3,4 metr enində keçidlərdən ibarətdir.
Kənar divar taxçaları çatmatağ
konstruksiyalıdır. Keçidlərin
tavanı 16 kiçik günbəzlə qapanıb.
Qeysəriyyə daş-qaş, ləl-cəvahirat
satışı üçün nəzərdə tutulan
Şərq bazarıdır. Mürəkkəb memarlıq quruluşuna malik bu
nadir tarixi abidə XVII əsrdə çiy kərpicdən inşa edilib.
Bütün dünyada Qeysəriyyənin yalnız iki
oxşarı var: biri Təbrizdə, digəri Səmərqənddə.
Sonrakı dövrlərdə Qeysəriyyədən
zorxana kimi istifadə olunub. Qalib gələn pəhləvan
mükafat kimi hücrədə əyləşən xandan bir
kisə qızıl alırmış.
1978-ci ildən Ordubad Rayon Tarix-Diyarşünaslıq
Muzeyi Qeysəriyyədə yerləşir. Abidə
2011-ci ildə muxtar respublika rəhbərliyinin xüsusi nəzarəti
və qayğısı nəticəsində bərpa olunub.
Qeysəriyyə,
əsasən, 3 cəhəti ilə yaddaşımıza
yazıldı: möhtəşəm və nadir tarixi abidə
kimi, çox zəngin muzey kimi, bir də bu muzeyin direktoru, vətənpərvər
ziyalı Vilayət Bağırovun tariximiz, mədəniyyətimizlə
bağlı ətraflı məlumatı ilə.
Dünya
şöhrətli alim Yusif Məmmədəliyevin, görkəmli
yazıçı Məmməd Səid Ordubadinin, böyük
maarifçi, şair Məmməd Tağı Sidqinin ev muzeyləri ilə tanışlıq Ordubad
haqqında dolğun təəssürat yaratdı.
Tarixi keçmişimizə və
abidələrə
böyük qayğı nümunəsi
Naxçıvan ərazisində aşkar edilən zəngin
maddi-mədəniyyət nümunələri bu torpağın
ilk insan məskənlərindən biri olduğunu sübut
edir.
İnsanlar qədim daş dövründən başlayaraq,
burada məskunlaşmış və nadir maddi-mədəniyyət
nümunələri yaradaraq bu günümüzə zəngin
irs qoyublar. İlk insanların
sığınacaq yeri olmuş qədim mağaralar,
yaşayış düşərgələri, erkən
qayaüstü rəsmlər, qalalar, daş heykəllər... Naxçıvanın minilliklərin dərin
qatlarında qalmış tarixinə işıq tutan dəyərli
maddi sübutlardır. Qazma, Əshabi-Kəhf,
Kilit mağaraları bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Oğlanqala, Çalxanqala, Govurqala
ilkin şəhər məntəqələri kimi tarixi
keçmişimizin qədimliyinə və zənginliyinə dəlalət
edir. 5-6 min ildən artıq yaşı olan Gəmiqaya
qayaüstü rəsmləri kompozisiya və süjet
baxımından müxtəlifdir. İnsan
rəsmləri tək və kollektiv səhnələrdə,
zoomorfik və fantastik elementlərlə təsvir edilib. Ov səhnələrində ovçular ox və
kamanla silahlanıb. Öküz
qoşulmuş araba təsviri bu ərazidə təsərrüfat
sahələrinin yüksək inkişaf etdiyini göstərir.
Piktoqrafik rəmzi təsvir və işarələr, dairə,
dördbucaqlı, üçbucaqlı kimi həndəsi
fiqurlar bədii və elmi təfəkkürümüzün
formalaşmasının ilkin mərhələləri
haqqında mühüm məlumatlar verir. Qısaca desək,
Gəmiqaya misilsiz yerüstü muzey təsiri
bağışlayır.
Naxçıvanda qədim tariximizin, memarlıq abidələrimizin,
xalqın etnoqrafik, estetik-fəlsəfi
baxışlarının daşıyıcıları olan
maddi-mədəniyyət nümunələrinin öyrənilməsinə,
tədqiq olunmasına və mühafizəsinə xüsusi
diqqət yetirilir. Son 20 ildə bu mövzularda çap olunmuş kitab və
monoqrafiyaların sayı yüzlərlədir. Bu sahədə görülən işlərə,
aparılan tədqiqatlara muxtar respublika Ali Məclisin rəhbərliyinin
hərtərəfli dəstək verməsi təqdirəlayiqdir.
Azərbaycan milli memarlığının möhtəşəm
abidəsi Möminə xatın türbəsi
kompozisiyasına, incə, zərif elementlərinə, bitkin
memarlıq həllinə görə Şərq
memarlığının parlaq nümunəsidir. Bu abidə
konservasiya olunub, Qarabağlar kompleksində isə təmir, bərpa
və konservasiya işləri davam etdirilir. Əshabi-Kəhf, İmamzadə,
Came məscidi, Zaviyə mədrəsəsi, Yusif Küseyir
oğlu türbəsi, Xan sarayı, Naxçıvan qalası,
Əlincə qalası, Culfadakı Xanəgah kompleksi yüksək sənətkarlıqla, zövqlə
bərpa olunmuşdur.
Aşkar
edilən maddi-mədəniyyət nümunələrinin tədqiqi
və öyrənilməsi, muzeylərdə cəmləşdirilməsi,
sərgilənməsi, Açıq Səma Altında Muzey
yaradılması Naxçıvanda qədim tariximizə,
arxeologiya, etnoqrafiya, toponimika, epiqrafika və numizmatika sahələrinə
nə qədər böyük qayğı və diqqətlə
yanaşılmasının bariz nümunəsidir.
Şahbuz Dövlət Təbiət
Qoruğu
Yolumuz Şahbuz rayonunadır. Avtomobil ayna kimi düz
asfalt yolda sürətlə irəliləyir.
Naxçıvanın sərt, qeyri-adi dağlıq relyefi,
maqmatik proseslərin müxtəlifliyi və mərhələli
təzahürləri, kalder quruluşların törəmələri,
vulkanogen təbəqələr getdikcə arxada qalır. Dağlara qalxdıqca bitki örtüyü dəyişir,
subalp və alp çəmənlikləri başlayır.
Arid iqlim şəraiti, nival-allüvial relyef,
dağ-çəmən landşaftı heyrətamiz ovqat
yaradır.
Şahbuz
Dövlət Təbiət Qoruğu ətraf mühitin
mühafizəsi, nadir və nəsli kəsilməkdə olan
bitki və heyvan növlərinin qorunub saxlanması, xüsusi
mühafizə olunan təbiət əraziləri şəbəkəsinin
inkişaf etdirilməsi məqsədilə Prezident Heydər
Əliyevin 16 iyun 2003-cü il tarixli sərəncamı ilə
yaradılmışdır. Qeyd edək ki, həmin sərəncama
uyğun olaraq, həmçinin 12131 hektar sahədə Ordubad
Milli Parkı yaradılmış və ona görkəmli təbiətşünas
alim, ictimai xadim, akademik Həsən Əliyevin adı
verilmişdir.
Şahbuz Dövlət Təbiət Qoruğu dəniz səviyyəsindən
2200 – 2400 metr hündürlükdə dağlıq sahələri,
Batabat gölü və Biçənək
aşırımı ərazisini əhatə edir. Dərələyəz
silsiləsinin cənubu və Zəngəzur silsiləsinin qərb
yamacı, məşhur Qanel gölü bu qoruğa daxildir.
Əsrarəngiz gözəlliyə malik bu ərazidə
2899 bitki növünün yayılması faunanın da zənginliyinə
təsir göstərmişdir. Faunistik
kompleks 285 növü əhatə edir.
Relyef, bitki və torpaq örtüyünün müxtəlifliyi
təbii landşaft sahələrini ayırmağa imkan verir. Qoruğun su
ehtiyatları atmosfer çöküntüləri hesabına
formalaşan mineral bulaqlardan ibarətdir. Ərazi Zorbulaq,
Südlübulaq kimi şirin sulu, Narzan
tipli mineral bulaqları ilə məşhurdur. Eyniadlı
üç göldən ibarət Batabat su anbarının
ümumi su tutumu 3 milyon kubmetrdir. İkinci
Batabat gölü üzərində əmələ gəlmiş
torf qatı saysız-hesabsız çiçəklər və
çəmənliklə örtülüb. İki metr qalınlığa malik torf qatı
küləyin əsdiyi istiqamətdə aramla
üzdüyündən ona “Üzən ada” adı verilib.
Sahilə yan alan adanın üzərinə
maşın belə çıxsa, qorxusu yoxdur.
Qoruğun meşə örtüyü zəngindir. Qocaman palıdlar, ətrafa
xoş ətir saçan ardıc, yemişan, alma,
armud, alça, vən, acı badam ağacları, müxtəlif
kol bitkiləri təkrarolunmaz gözəllik bəxş edir bu
yerlərə. Təbiət heç nəyi əsirgəməyib
Şahbuzdan. Qalan şey insandan
asılıdır. Bu gözəlliyə,
bu sərvətə sahib çıxıb xarici ölkələrdən
turist axınını bura cəlb etmək heç də
çətin deyil. Dağların sinəsində
qərar tutan “Ağbulaq” istirahət mərkəzində
yaradılan şərait dünyanın tanınmış
turizm mərkəzlərindəki şəraitdən heç
də geri qalmır.
Təbiəti
ilə göz oxşayan, heyrət doğuran, dağ-çəmən
havası və iqlimi ilə könülləri sehirləyən,
buz bulaqları ilə qəlblərə sərinlik gətirən,
gülərüz, işgüzar, saf və sağlam əqidəli
insanları ilə hamıya, hər kəsə nümunə
olan, Naxçıvan, səni çox sevdik. Sən
işgüzarlıq, intellektuallıq, müasirlik, vətənpərvərlik
nümunəsi kimi qəlbimizdə silinməz izlər
buraxdın!
Sosial-iqtisadi
inkişaf sahəsində qazanılan böyük uğurlar
münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri cənab Vasif Talıbovu və bütün naxçıvanlıları
Naxçıvanda səfərdə olan media qrupumuz adından
təbrik edir, ən xoş arzularımızı bildiririk.
Həsən HƏSƏNOV
Xalq qəzeti.- 2017.- 6 iyul.- S.5.