Ömrün sənət
işığı
...İlk sənət addımlarını Azərbaycan
televiziyasında atır. Rejissor, operator, ssenarist kimi
çalışır. Çoxcəhətli yaradıcılığı ilə
sənət öncülləri
sırasında özünəməxsus
yer tutur. Milli televiziyamızda cizgi filminin banilərindən biri kimi tanınır.
Böyük ekranda quruluşçu operator kimi
sənətkar imzası
təkcə keçmiş
sovet məkanında deyil, xaricdə də kinematoqrafçıların
diqqətini çəkir.
O, həmişə ekranda
rejissor kimi yeni sənətkar sözü demək eşqilə illərlə
səy göstərir. İlk debütü isə
yalnız 41 yaşında
baş tutur...
Kinorejissor Rasim İsmayılov
68 illik ömrünün
46 ilini milli kinomuzun inkişafına həsr edib. O, 1936-cı il iyulun
13-də Bakıda anadan
olub. Kinoya sevgisi
1958-ci ildə onu “Bakı kinostudiyası”na gətirir.
Operator asisstenti işləyir.
Çox sevdiyi kinooperator sənətinin sirlərinə dərindən
yiyələnmək üçün
sənədlərini keçmiş
Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna
verir. 1958-1962-ci illərdə
görkəmli operator Boris Volçekin kursunda təhsil alır.
Quruluşçu operator kimi 20 bədii, 10 sənədli film çəkir. Rejissor kimi
7 bədii filmə quruluş verir. "Mozalan" satirik
kinojurnalı ilə rejissor və ssenarist kimi əməkdaşlıq edir. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində pedaqoji
fəaliyyət göstərir. 1976-cı ildə
“Əməkdar incəsənət
xadimi” fəxri adına, 1978-ci ildə Dövlət mükafatına layiq görülür. Rasim İsmayılov 2004-cü il mart ayının
3-də vəfat edib. “Uçan çinarlar” kitabı ölümündən sonra
nəşr olunub...
Rasim İsmayılov quruluşçu
operator kimi 1964-cü ildə "Dağ
meşəsindən keçərkən"
qısametrajlı bədii
filmilə imzasını
tanıdır.
Qazandığı sənət uğurların
da kinematoqrafiya institutunda aldığı
mükəmməl təhsilin
təsiri böyük
idi.
Müxtəlif illərdə lentə aldığı
“Yeddi oğul istərəm", "Axırıncı aşırım",
"Gün keçdi", "Dədə Qorqud" kimi ekran əsərləri
peşəkar kinooperator
kimi ona şöhrət gətirir,
təkrarsız
dəst-xəttini aydın
göstərir.
Rasim İsmayılov
bu filmlərlə müasir və tarixi mövzularda yüksək sənətkarlıqla
işləyə bilmək
məharətini də nümayiş
etdirir. Ekran yaradıcılığına
quruluşçu operator kimi yeni-yeni sənət uğurları yazır.
Unudulmaz
sənətkar çəkilişlərdə
həmişə bədii
kompozisiyaya, işıq
effektlərinə xüsusi
önəm verir. Filmdən-filmə sənətkar üslubunu təkmilləşdirir, sənət
palitrasına
yeni rənglər
əlavə edir. Milli kinomuzda Əlisəttar Atakişiyevin, Arif Nərimanbəyovun,
Teyyub Axundovun əsasını qoyduğu
milli operator məktəbinin
ənənələrini yaradıcılıqla davam etdirir.
Rasim İsmayılovun sənət axtarışları
fərqli təsvir həlləri maraq doğurur. Onun istər natura, istərsə də pavilyon çəkilişləri
sənətkarlıq baxımından çox yüksəkdir. Təsvirləri sadəcə
illüstrativ xarakter daşımır, bədii
fikir və məna yükü ilə filmin rejissor şərhi ilə səsləşir.
Bitkin kompozisiya, rakurs, işıq effektlərindən məharətlə
istifadə etmək bacarığı sənətkar
palitrasının parlaq ifadə vasitələridir. Quruluşçu operator kimi
Rasim İsmayılovun ağ-qara və rəngli təsvirləri
ekran sənətkarlığının bariz nümunələrindəndir.
Rasim İsmayılovun quruluşçu
operator məharəti kinorejissor,
Xalq artisti Eldar Quliyevin nəzərindən yayınmır.
Tezliklə o, Rasim İsmayılovu
çəkilişlərinə hazırlaşdığı “Sevinc
buxtası” filminə dəvət edir. “Sevinc buxtası”nın uğurunda
Rasim İsmayılovun
da özünəməxsus
sənətkar əməyi
olur. 1978-ci ildə kinorejissor Eldar Quliyev, ssenari müəllifi Georgi Mdivani, quruluşçu rəssam Rafis İsmayılov, aktyor Əlabbas Qədirovla bərabər Rasim İsmayılov respublika Dövlət mükafatına
layiq görülür.
1979-cu ildə Rasim
İsmayılov kinorejissor
Eldar Quliyevdən
"Babək" filminə
dəvət alır. Çəkilişləri
uğurla başa
çatan "Babək"
keçmiş SSRİ Dövlət Kinematoqrafiyasında birinci kateqoriyaya layiq görülür. Filmə bir il ərzində
35 milyon tamaşaçı
baxır. 60-a yaxın
ölkənin ekranlarında
"Babək" müvəffəqiyyətlə göstərilir.
Yaradıcılığı boyu Rasim
İsmayılovu rejissor
sənəti daha çox cəlb edir. 28 yaşlı Rasim rejissor,
operator və
ssenarist kimi "Şəhərin ritmləri"
qısametrajlı sənədli
televiziya filmilə ilk
debütün uğurunu
yaşayır. 1965-ci ildə
"Şəhərin ritmləri" o vaxtkı Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalında
müəllif-operator işinə
görə diplom alır. 1969-cu ildə isə ssenari müəllifi və rejissoru olduğu “Qırmızılar, qaralar
və başqaları”
cizgi filmi Kiyevdə “Prometey -
69” kinofestivalında ən
yaxşı rejissor işinə görə diplom alır.
Bədii
kinoda ilk rejissor debütü isə yalnız 1977-ci ildə quruluş verdiyi “Şir evdən getdi” filmilə baş tutur. Rasim İsmayılovun rejissor və operator kimi quruluş verdiyi "Şir evdən getdi" filmi dövrünün yaddaqalan sənət hadisələrindən biri
olur. Uşaqlar üçün
nəzərdə tutulan
bu ekran əsərinə böyüklər də həvəslə
baxır. Maraqlıdır
ki, filmdə canlı
olaraq Kinq II adlı şir və Rada adlı
fil də çəkilib.
Rasim İsmayılovun
“Asif, Vasif, Ağasif”, “Anın quruluşu”, “İşgüzar
səfər”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər”, “Tələ”
kimi ekran əsərləri onun rejissor ömrünün sənət işığıdır. Vətən sevgisi, mənəvi-əxlaqi
problemlər, cəsarətli
mövzular rejissor
poetikasına olduqca doğmadır. Canlı insan xarakterləri,
realizm, rəngarəng
ifadə vasitələri
obrazlı ekran dilini aydın səciyyələndirir. Kino estetikasının incəliklərinə
dərindən bələd
olması rejissora şöhrət
qazandırır. Beləliklə, Rasim İsmayılov peşəkar rejissor kimi də
milli kinomuzun tarixində öz layiqli yerini tutur. Ssenariyə yaradıcı
münasibət, ekrandakı
təsvirlərin həyatiliyi, istər böyüklərlə, istərsə
də uşaqlarla işləyə bilmək
bacarığı rejissurasının
mühüm xüsusiyyətlərindəndir.
1982-ci ildə Rasim
İsmayılov yenidən
uşaq filminə müraciət edir. "Asif, Vasif, Ağasif"
filmilə bu çətin janrda yeni uğur qazanır. Filmin ssenarisini Rasim İsmayılov ömür-gün
yoldaşı, respublikanın
Əməkdar jurnalisti Nadejda İsmayılova ilə birgə yazır. Dinamik süjet xətti, bitkin kompozisiya, fərqli xarakter və obrazlar filmin bədii məziyyətlərindəndir. “Asif, Vasif, Ağasif”də uşaq dünyasının
ruhu, əsrarəngizliyi,
incəliyi Rasim İsmayılovun quruluşunda parlaq ekran təcəssümünü
tapır.
1985-ci ildə Rasim
İsmayılov kinodramaturq
Ramiz Fətəliyevin
ssenarisi əsasında
"Sizi dünyalar qədər sevirdim" filminə quruluş verir. Film iki
dəfə Sovet İttifaqı Qəhrəmanı,
tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edir. Filmdə kinorejissor haqlı
olaraq tarixi faktlara əsaslanır. O, Həzi Aslanovun canlı tarixi surətini ön plana çəkir. Gərgin rejissor əməyi ifadəli aktyor oyununda, kütləvi
döyüş səhnələrində
aydın görünür.
“Sizi dünyalar qədər sevirdim” filmində də Rasim İsmayılov aktyor seçiminə yüksək məsuliyyətlə
yanaşır. Uzun axtarışlardan sonra o, Həzi
Aslanov obrazını Milli Dram Teatrının aktyoru Ramiz Novruzova həvalə edir. Rasim İsmayılovun bu seçimi həmkarları
üçün gözlənilməz
olur. Ramiz Novruzovun ekran
təcrübəsizliyini əsas
gətirərək onu
seçimindən yayındırmağa
çalışırlar. Lakin kinorejissor qənaətində qalaraq
Ramiz Novruzovu sənətkar cəsarətilə
Həzi Aslanov roluna
çəkir. Bu filmə
qədər əsasən
teatr aktyoru kimi tanınan Ramiz Novruzov Rasim İsmayılovun sənətkar etimadını
doğruldaraq Həzi
Aslanovun tarixi obrazını uğurla yaratmağa müvəffəq
olur.
1990-cı ildə Rasim
İsmayılov ömür-gün
yoldaşı Nadejda İsmayılovanın ssenarisi
əsasında "Tələ"
filmini çəkir. Qarabağ
hadisələrinin ilk illərində
lentə alınan bu filmə Rasim İsmayılov cəsarətli vətəndaş-müəllif
mövqeyilə yanaşır.
90-cı illərdə məlum
hadisələrə hakim dairələrin
laqeyd, biganə münasibəti dolğun ümumiləşdirmələrlə ekranda öz əksini tapır.
Rasim İsmayılovun
yaradıcılığı milli kinomuzun inkişaf tarixində mühüm yer tutur. Unudulmaz kinorejissorun
quruluş verdiyi ekran əsərləri bu gün də
tamaşaçı sevgisi
qazanır, bədii təsir qüvvəsini saxlayır. Əbədi olan bu sevgi
isə Rasim İsmayılovun filmlərindəki
rejissor sənətkarlığından,
güclü müasirlik
ruhundan qaynaqlanır...
Hatəm Əsgərov,
rejissor
Xalq qəzeti.- 2017.-
12 iyul.- S.6.