Azərbaycanlı gənc
alimin böyük uğuru
Bu ilin aprel ayında AZƏRTAC-ın yaydığı bir xəbər diqqətimizi çəkmişdi. Xəbərdə qeyd edilirdi ki, ABŞ-dakı Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan həmyerlimiz Samir Hüseynov Amerikanın Milli Elm Fondunun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə tədqiqat mükafatına layiq görülüb. Həmçinin qeyd edilirdi ki, bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin insan davranışları laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcəkdir. Əsas məqam Samir Hüseynovun son 5 ildə ABŞ-da bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorant olması idi. Sonradan bir sıra xəbər agentlikləri və qəzetlər də bu barədə geniş materiallar verdilər. Təhsil Nazirliyinin, xüsusən, nazir Mikayıl Cabbarovun bu məsələyə münasibəti isə gənc tədqiqatçıya xüsusi stimul olmuşdu. Bu günlərdə həmyerlimizlə əlaqə saxladıq, işlərin gedişi ilə maraqlandıq, onunla virtual bağlantı qurduq.
Məlumat üçün bildirək ki, Samir
Hüseynov 1986-cı ildə Naxçıvanda anadan olub, sonra
ailəsi Bakıya köçüb. 1 saylı fizika riyaziyyat
və informatika təmayüllü liseydə oxuyub. 2004-cü
ildə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə
görə Prezident təqaüdünə layiq görülərək
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq
iqtisadi münasibətlər fakültəsinə daxil olub.
Universitetin xüsusi istedadlar qrupunda təhsilini başa vurub.
2008-2010-cu illər arasında Macarıstandakı Mərkəzi
Avropa Universitetində iqtisadiyyat üzrə magistr təhsili əldə
edib. 2010-2012-ci illər ərzində Bakıda bir sıra tədqiqat
qurumlarında çalışıb, eyni zamanda, Qafqaz və
İqtisad universitetlərində müəllim kimi fəaliyyət
göstərib. 2012-ci
ildən isə Texas A&M Universitetində təhsilini davam
etdirib. 2015-ci ildən doktoranturada oxumaqla yanaşı, Texas
A&M Agrilife-da tədqiqatçı-köməkçi vəzifəsində
çalışır.
Gənc alim ABŞ-dakı elmi fəaliyyəti
haqqında dedi:
– Amerika
Milli Elm Fondu (MEF) ABŞ Konqresi tərəfindən 1950-ci ildə
yaradılmış federal qurumdur. Fondun əsas məqsədi
elmi inkişaf etdirmək, əhalinin
sağlamlığını, rifahını
yaxşılaşdırmaq və bu yolla milli təhlükəsizliyi
təmin etməkdir. Yəni, MEF-in yaranış fəlsəfəsinə
görə ölkənin inkişafının və təhlükəsizliyinin
qarantı elmi inkişaf etdirməkdən və elm
adamlarına onların tədqiqatları üçün
lazımi maddi imkanlar yaratmaqdan keçir. Onu da diqqətinizə
çatdırım ki, fondun təkcə 2016-cı il büdcəsi
7,5 milyard dollar olmuşdur və vəsaitlər əsasən dəqiq,
kompüter və sosial elmlərə yönəldilmişdir.
MEF-in
10-dan artıq müxtəlif elm sahələrini dəstəkləyən
proqramları var və mənim qalib olduğum proqram “Qərarvermə,
risk və idarəetmə elmləri” adlanır. Bu proqram əsasən
fərdi, qrup, təşkilat və cəmiyyət qərarlarının
effektivliyini artıran, bu istiqamətdəki elmi modelləri
inkişaf etdirərək qərarvermədəki mövcud
bilikləri dərinləşdirən və sonda siyasi qərarları
daha da səmərəli edən elmi tədqiqatlara mükafat
şəklində maliyyə vəsaiti ayırır.
Konkret
olaraq öz elmi işimə gəldikdə isə qeyd edə
bilərəm ki, mənim elmi işim ABŞ-da 2008-ci ildən
qüvvədə olan “Kalori işarələmə” qanununun
effektiv olmamasının səbəblərini izah etmək və
bu istiqamətdəki elmi biliklərin artırılması
üçün nəzəri model qurmaqdan ibarətdir. Bu tədqiqat
layihəsinə, təqribən, 1 il vaxt ayırdım və təkcə
iqtisadi biliklərə deyil, eyni zamanda, istehlakçı
psixologiyası, davranış və koqnitiv elmlərdə
ortaya qoyulan yeni araşdırmalara da yer verdim. Qalibi olduğum
proqram müxtəlif elmi yanaşmalardan istifadə edərək
sosial-iqtisadi problemlərin həlli yollarını inkişaf
etdirən elmi işlərə daha çox üstünlük
verir. Məhz buna görə də MEF sonda mənə bu tədqiqat
mükafatını verməyi qərara aldı. Mənim təqdim
etdiyim layihə 42,5 min dollar dəyərində qiymətləndirilmişdir.
–Bu layihənin Azərbaycan
üçün aktuallığı nədən ibarətdir?
– Layihə
Amerika və eləcə də, Azərbaycan üçün
olduqca aktualdır. Məsələn, Dünya Səhiyyə Təşkilatının
2013-cü il hesabatında göstərilir ki, Azərbaycanda 20
yaşdan yuxarı əhali arasında artıq çəkililər
56 faizdir. ABŞ-da isə artıq bu məsələyə
epidemiya kimi baxırlar, çünki burada yetkin əhalinin
36,5 faizi köklükdən əziyyət çəkir.
Düzdür, köklük və ya artıq çəkinin
bir çox səbəbləri var, məsələn, idman fəaliyyətinin
azlığı və aktiv olmayan həyat tərzi və s.
Amma bunlarla yanaşı, qida seçimlərinin də bu
problemdə böyük rolu var. Mənim layihəm daha
çox bu problemə iqtisadi seçimlərin
optimallaşdırılması nöqteyi - nəzərindən
yanaşır və ümid edirəm ki, bu layihə hər iki
cəmiyyət üçün sonda faydalı nəticələr
ortaya qoyacaq.
Xatırladım
ki, uzun prosesin sonunda belə xoş mükafata layiq
görülmək məni çox sevindirdi. Əslində,
qarşımızda tədqiqatları aparıb nəticələri
elmi ictimaiyyətlə bölüşmək kimi məsuliyyətli
bir öhdəlik var. Bu məsuliyyət hissi ilə tədqiqatlarımı
davam etdirirəm. İnsanlığa faydalı olmaq və bu
istiqamətdə çalışmaq mənə böyük
zövq verir.
Digər
qürur mənbəyi odur ki, təhsil aldığım Texas
A&M Universiteti 1876-cı ildən fəaliyyət göstərir
və Amerikanın nüfuzlu dövlət ali təhsil
ocaqlarından biridir. Təkcə 2016-cı il ərzində
bizim universitet elmi araşdırmalara 892 milyon dollar vəsait
ayırıb. Son 5 ildə Texas A&M Universitetinin alimləri
800-ə yaxın ixtiraya imza atıblar.
– Bizə məlumdur ki, ABŞ-da fəaliyyət
göstərən soydaşlarımız, xüsusən, gənclər
diaspor təşkilatlarımızın fəaliyyətində
yaxından iştirak edirlər. Elmi fəaliyyətiniz sizin
ictimai işlərdən kənarda qalmağınıza səbəb
olmur ki?
– Hyustonda
fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzi və Hyuston–Bakı Qardaşlaşmış
Şəhərlər Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən bütün tədbirlərdə ailəlikcə
iştirak edirik. Bu il fevralın 25-də Hyuston şəhərindəki
Azərbaycan Mərkəzinin təşkilatçılığı
və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi
ilə Xocalı soyqırımının 25-ci
ildönümü münasibətilə anım tədbiri
keçirilirdi. Mən həmin tədbirdə Texas A&M
Universitetinin tədqiqatçısı kimi
çıxış edərək Xocalı qətliamı barədə
iştirakçılara geniş məlumat verdim. Faciənin
faktoloji, hüquqi və siyasi məqamlarını izah etdim, bu
mövzuda yazılmış elmi araşdırmalarda yer alan əsas
məqamları diqqətə çatdırdım.
– Bundan sonrakı fəaliyyətiniz,
yəni doktorluq işini başa
çatdırmağınız da bilavasitə həmin ölkə
ilə bağlı olacaq. Ona görə də bilmək istərdik
ki, planlarınız necədir?
– Elə
bir ciddi plan yoxdur. Sadəcə, mənim Təhsil Nazirliyi ilə
bağladığım müqavilənin müddəti cari tədris
ilində bitəcək. Buna görə də, təhsilimin
bundan sonrakı mərhələsində xərclərimi
öz hesabıma maliyyələşdirmək
üçün viza statusumda dəyişiklik etmək – yəni,
sponsorlu tələbə viza statusundan öz hesabına maliyyələşən
tələbə viza statusuna keçmək tələb olunur.
Viza statusu dəyişikliyi mənə təhsil xərclərimi
güzəştli şərtlərlə ödəmək və
həmçinin ehtiyac yarandıqda təhsil krediti
götürmək imkanı da verəcəkdir. Ümid edirəm
ki, həmişə olduğu kimi, bu məsələdə də
Təhsil Nazirliyi mənə öz köməkliyini göstərəcəkdir.
– Oxucularımıza
sözünüz?
–
Yaranmış fürsətdən istifadə edərək, qəzetiniz
vasitəsilə mənim elmi-tədqiqatımın ABŞ Milli
Elm Fondunun qrant mükafatına layiq görülməsi barədə
yayılan xəbərlərə Təhsil Nazirliyinin və
şəxsən nazir Mikayıl Cabbarovun göstərdiyi diqqətə
görə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm. Dövlətimizi və
xalqımızı əmin edirəm ki, bundan sonra da istər
elmi tədqiqatlarımda, istərsə də Azərbaycan həqiqətlərinin
əhatəsində olduğum çevrələrdə
yayılması sahəsində var gücümü əsirgəməyəcəyəm.
– Uğur olsun!
Qələmə aldı:
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2017.- 15 iyul.- S.7.