Bayramın və müasir
cəlalın
mübarək, Azərbaycan mətbuatı!
Biz mətbuat haqqında bir neçə
ciddi addım atmışıq: söz azadlığının, mətbuat
azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün
mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər
bu gün hansısa yeni bir şey varsa, biz onu
edirik və edəcəyik.
Ulu öndər Heydər Əliyevin 2001-ci ildə
mətbuat təmsilçiləri
ilə görüşdəki çıxışından
Azərbaycan
jurnalistikası inkişaf edir
və cəmiyyətdə çox
müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən
söz azadlığı və siz jurnalistlər bunu
yaxşı bilirsiniz. Azərbaycanda minlərlə
mətbuat orqanı var ki,
qeydiyyatdan keçib sərbəst
fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti
narahat edən problemləri üzə
çıxarır, çox dəyərli
təhlillər aparır və ümumiyyətlə, ölkəmizin
inkişafında çox müsbət rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
jurnalistlər üçün tikilmiş növbəti binada
Milli Mətbuat Günü münasibətilə
mənzillərin
paylanması mərasimindəki nitqindən
20 iyul 2017-ci il
Ölkənin
ictimai-siyasi həyatında baş vermiş ən unudulmaz hadisələrdən biri
haqqında qələmə aldığımız qeydləri
bilavasitə rəsmi tədbir barədə cümlələrlə
deyil, televiziya
ekranından eşitdiyim faktın
xatırladılması ilə başlamağıma bəlkə
də hansısa oxucu irad
tuta bilər. Ancaq
yada salmaq istədiyim fakt məni elə sevindirmiş,
elə riqqətə gətirmişdi ki, həmin məqamı mütləq
yazının əvvəlində xatırlatmalı oldum.
Telesüjetin qəhrəmanı
– gözündə sevinc yaşı ilə
təbəssümün ifadəsi çətin olan bir forması
görünən həmkarımız
jurnalistlər üçün tikilmiş binada mənzil sahibi olmağın təəssüratını
ifadə etmək istəyirdi. Amma edə bilmirdi. Çünki həm özü,
həm də xanımı mətbuat təmsilçisi olan bu gənc ailə 13 il kirayədə
yaşamış, həmişə
bir-birinə “ Bizim
də evimiz olacaq”- deyə
təsəlli vermişdi. Günlərin birində
– 2017-ci il iyulun 20-də
isə paytaxtın ən yaraşıqlı binalarının
birində onlara ikiotaqlı mənzil verilmişdi. Özü də,
regionun ən nüfuzlu
liderlərindən olan Prezident
İlham Əliyevin və Azərbaycan mətbuatının
tanınmış simalarının iştirakı ilə. Sizcə bu sevincə nail olmuş həmin jurnalist sərbəst danışa
bilərdimi? Hələ bu harasıdır,
onlar övladlarına
və ata-analarına
“Bizim də evimiz var!” sevincli
xəbərini söyləyəndə
hansı hissləri yaşayacaqdılar?
O anda ürəyimdən belə hisslər keçdi: Ruhun şad olsun, Həsən bəy Zərdabi! Bizim üçün bu bayramın təməlini sən qoymusan. Qəbrin nurla dolsun, ulu öndər!
Bu gün əlinə
yenicə qələm
almış gənc dostlarımızdan
tutmuş, saçını-saqqalını mətbuatda ağartmış
qocaman jurnalistlərə qədər bütün həmkarlarımız yaxşı
bilirlər ki, son əlli ildə mətbuata diqqət və qayğı ilə yanaşmağın,
jurnalistlərin problemləri
ilə maraqlanıb onlara kömək etməyin təməlini məhz ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Fikrimcə, iyulun 20-də, Yeni Salyan yolu 23-də – həmin günə qədər mövcud olan jurnalist binasının ünvanı Yeni Salyan yolu 22 idi – toplaşmış həmkarlarımızın hamısı
elə bu fikirdə idi.
...Bu gün ölkəmizdə
Mətbuat Günü
qeyd edilir. Çoxsaylı təbriklər eşidir,
tədbirlər barədə
məlumatlar alırıq.
Azərbaycan mətbuatı bu
təbriklərə də,
həmin tədbirlərə
də layiqdir. Azərbaycan mətbuatı, eyni
zamanda, cənab Prezident İlham Əliyevin iyulun 20-də jurnalistlər
üçün tikilmiş
ikinci binada mənzillərin paylanması mərasimində
söylədiyi dəyərli
fikirlərə də
layiq idi. Dövlət başçımız
Milli Mətbuatımıza,
jurnalist təşkilatlarına,
bu böyük ailənin irili-xırdalı bütün
redaksiyalarına və
hətta ən sadə fərdinə belə fərq qoymadan hamımızın
əməyimizi yüksək
qiymətləndirdi və
hər kəsin qarşısında mühüm
vəzifələr dayandığını söylədi.
Jurnalistləri peşə bayramı
münasibətilə təbrik
edən, dörd il əvvəl bu ərazidə ilk binanın
açılışı zamanı gələcəkdə
buranın “Jurnalist şəhərciyi” olacağı
barədə dediyi fikirlərin reallaşmaqda
olduğunu yada salan dövlət başçımız Azərbaycan
mətbuatının sabahı
ilə bağlı ümidverici fikirlər səsləndirdi və əlavə etdi ki, bu binalarda
yaşayan və bundan sonra yaşayacaq
jurnalistlər müxtəlif
siyasi spektrə aiddir və burada da heç
bir ayrı-seçkiliyə
yol verilmədi: “Müxtəlif siyasi baxışları, müxtəlif
partiyaların üzvləri
olan insanlar burada bir yerdə
bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti
də bu istiqamətdə inkişaf
edir. Azərbaycanda milli həmrəylik
var. Azərbaycan cəmiyyəti
vahid amal ətrafında birləşib.
Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə,
bu gün siz də yaxşı
bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən
təəccüblə qarşılanır
və bunun da çox sadə
səbəbi var. Çünki Azərbaycanda
çox gözəl, demokratik şərait var. Azərbaycanda
iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət
apararaq həm bölgədə, həm dünyada öz
mövqelərini möhkəmləndirib”.
“Mən tam əminəm ki, hər bir ölkənin inkişafı
üçün demokratiya xüsusi rol oynayır” – deyən
dövlət başçımız bu gün dünyada gedən
ictimai-siyasi prosesləri yada salaraq bildirdi ki, ölkə
iqtisadi cəhətdən zəngin ola bilər,
təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə
gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf
yarımçıq ola bilər və ya dayanıqlı olmaya
bilər. Bizim üstünlüyümüz ondan ibarətdir
ki, siyasi və iqtisadi islahatları paralel şəkildə
aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və
düşünülmüş siyasətdir : “Jurnalistlər
isə əlbəttə ki, fəaliyyətləri ilə bu
inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti
incidən, narahat edən problemləri üzə
çıxarırlar. Sizə deyə bilərəm ki, mən
bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə
bağlı məlumatı mətbuatdan əldə edirəm.
Düzdür, mənə müxtəlif mənbələrdən
hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə
ki, mənə həm xarici, həm daxili siyasətlə, həm
də təhlükəsizlik məsələləri ilə
bağlı əsas məsələlər məruzə edilir.
İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan
da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət
məmurları və yaxud digər şəxslər,
qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda
söz və mətbuat azadlığı imkan verməyəcək
ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona
görə jurnalistlər bəlkə də özləri də
bilmədən mənim köməkçilərimdir. Buna
görə də mən sizə minnətdaram. Əminəm
ki, siz gələcəkdə də bütün cəmiyyəti
narahat edən, incidən məsələlər haqqında
yazacaqsınız, harada hansı ədalətsizlik var,
qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin
və dövlət orqanlarının diqqətini bu məsələlərə
cəlb edəcəksiniz”.
Müasir
dünyada jurnalistikanın
qarşısında duran vəzifələr
barədə danışan dövlət
başçımız qeyd etdi ki, hər bir ölkədə
olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks
etdirməlidir. Jurnalistikada, ilk növbədə, həqiqət
prinsipləri üstünlük təşkil etməlidir, – deyən Prezident həmin tezisin Azərbaycan
mətbuatına tətbiq ediləcəyi zaman yaranacaq mənzərəni
açıq şəkildə təsvir etdi: “Azərbaycan
jurnalistikasına gəldikdə, deyə bilərəm ki,
yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların
sayı kəskin şəkildə aşağı
düşüb. Bunu cəmiyyət də görür,
jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti
nəticəsində mümkün olur. Bu, ilk növbədə,
jurnalistlərin məsuliyyətinin artması nəticəsində
baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı
yaxşı başa düşür ki, bir dəfə, iki dəfə,
üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin
mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən
düşəcək. Ona görə jurnalistikada həqiqət
prinsiplərinin bərqərar olması prosesi, əlbəttə,
diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə
Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş
var”.
Prezident
əvvəlki tədbirlərin
hamısında olduğu kimi, bu dəfə
də Azərbaycan mətbuatının beynəlxalq aləmə
çıxışının zəruriliyini dilə gətirdi:
“Biz xarici informasiya məkanına
çıxışımızı daha da genişləndirməliyik.
Bu istiqamətdə yaxşı nəticələr var. Mən
xatırlayıram, jurnalistlərlə əvvəlki
görüşlərimdə də bunu demişdim. Demişdim
ki, daha çox xarici dillərdə saytlar açılsın,
biz daha çox xarici informasiya məkanına çıxaq.
Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal
aparıcı media qurumlarına çatdıra bilək.
Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim
üçün problem yaradırdı. Çünki əvvəlki
illərdə bizə qarşı koordinasiya edilmiş
çox ciddi və çirkin informasiya kampaniyaları
aparılırdı ki, guya, Azərbaycan geridə
qalmış dövlətdir, Azərbaycanda inkişaf,
demokratiya yoxdur. Bunun məqsədi bəllidir – həm bizi
öz təsiri altına salmaq, nəyəsə məcbur etmək
və ümumiyyətlə, ölkə haqqında mənfi
imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla
təmin etməkdir. Ona görə biz
çalışırdıq ki, Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdıraq və o qədər
də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var.
Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət
qədər geniş imkanlara malikik. Həm dövlət, həm
də media orqanları bu istiqamətdə fəal işləyirlər.
Məni sevindirən hal odur ki, biz vahid
siyasət aparırıq”.
Milli Mətbuat Günü və jurnalistlər üçün tikilmiş ikinci yaşayış binasının istifadəyə verilməsi münasibətilə qələmə aldığımız sətirləri Azərbaycan Prezidentinin nitqindəki daha inamlı, qətiyyətli və ümidverici fikirlərlə yekunlaşdırırıq: “Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək!”
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2017.- 22
iyul.- S.6.