Milli mətbuatımızın şah əsəri
Görkəmli
yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü,
redaktorluğu və naşirliyi ilə fəaliyyətə
başlayan “Molla Nəsrəddin”
xüsusi ədəbi məktəb yaratmış, milli mətbuatımızın
inkişafının qızıl səhifələrini
yazmışdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Aprelin 7-də
“Molla Nəsrəddin” satirik jurnalının nəşr
edildiyi tarixi gündən 111 il keçir. Böyük demokrat
Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətində
ən uca zirvəni təşkil edən “Molla Nəsrəddin”
jurnalı Azərbaycan xalqının milli oyanışında
mühüm rol oynamışdır.
“Molla Nəsrəddin” XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan mürəkkəb ictimai- siyasi şəraitdə meydana gəldi. Böyük ədibin yazdığı kimi, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.
Min nüsxə tirajla çap olunan birinci nömrə sonrakı bütün nömrələr üçün fəaliyyət proqramı idi. Bu nömrə Cəlil Məmmədquluzadənin “Şərqi Rus” qəzetindən yaxşı tanıdığı Ömər Faiq Nemanzadənin gücünə işıq üzü gördü. Jurnalın üz qabığındakı çox mənalı şəkil, həmçinin Cəlil Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” adlı proqram məqaləsi yatmış musəlman Şərqini oyatmağa səsləyirdi. O, mürgüləməkdə olan Şərqə üz tutub deyirdi: “Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!...” edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana” dediniz, o vaxt güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.
Dövrün gözüaçıq publisisti kimi Cəlil Məmmədquluzadə avam camaatın başa düşəcəyi bir dildə yazır, başqalarını da bu dildə yazmağa çalışırdı. Ustad publisist “salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi” – deyir.
“Molla Nəsrəddin” elə birinci nömrədən zülmə və işgəncələrə dözənlərə “Lisan bəlası” adlı şeirində acı-acı gülür və rişxəndlə deyirdi:
Ey dil, dəxi
dinmə və sükut et,
səni
tarı,
Lal ol və
danışma!
Sal
başını aşağı və hec
baxma yuxarı,
Mal ol,
danışma!
“Lisan bəlası”
zəhmətkeş insanları mübarizədən çəkindirməyə
cəhd edən fikirlərə qarşı
yazılmışdı.
“Molla Nəsrəddin”in
birinci nömrəsi 1000 nüsxə tirajla
çıxmış və az bir müddətdə
satılmışdır. Odur ki, qorxuya düşən
hökumət 2000 nüsxə tirajla çıxan ikinci
nömrəni müsadirə etmişdir. Müsadirənin səbəbi
jurnalın şəkillərinin qırmızı rəngdə
olması idi. Bu hadisəni ürəkağrısı ilə
qarşılayan Üzeyir Hacıbəyli yazırdı ki, indi
zavallı “Molla Nəsrəddin” dustaqdır. Həbsxanada
oturub, özü-özünə fikir edir, əcəba
hökumət bu qırmızı şeylərdən əcab
yaman ürkürmüş.
Geniş
xalq kütləsinin rəğbətini qazanan jurnal
ardıcıl təqiblərə məruz qalırdı.
Jurnalın demək olar ki, hər nömrəsi senzuradan
keçirdi. Bəzən elə yazılar, karikaturalar olurdu ki,
hökumət onların çapına icazə vermirdi.
Hökumətin bu təzyiqini Cəlil Məmmədquluzadə
orijinal bir yolla oxuculara çatdırırdı. O, qadağan
olunmuş materialların, şəkillərin yerin boş qoyur
və üzərində çarpaz xətt çəkirdi,
aşağıda isə belə yazırdı: “Bizdən
asılı olmayan səbəblərə görə, bu yer
boş qaldı”, “Buradakı şəklə izn verilmədi” və
s.
“Molla Nəsrəddin”in
əsas əziyyətini Cəlil Məmmədquluzadə
çəksə də, jurnal kollektiv əməyin
gücünə çıxırdı. O, bu barədə belə
etiraf etmişdi: “Molla Nəsrəddin” bir neçə mənim
əziz yoldaşlarımın qələmlərinin əsərinin
məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal
yoldaşıyam”. Kim idi ədibin qələm dostları? Mirzə
Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev,
Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Ömər
Faiq Nemanzadə, Əli Nəzmi, Salman Mümtaz, Bayraməli
Abbaszadə və digərlərinin imzaları jurnalın bəzəyi
idi.
İnqilabi
satiranın banisi Sabir “Molla Nəsrəddin”də böyük
ustad Cəlil Məmmədquluzadədən sonra ikinci qüdrətli
qələm ustası idi. Onun jurnalda çıxan ilk şeiri
“Millət necə tarac olur-olsun” şeiridir. Şeirdə Sabir
başqalarının taleyinə biganə qalanları,
xalqın qəflət yuxusunda qalmasına
çalışanları kəskin tənqid atəşinə
tuturdu. Sabirşünas alim Alxan Bayramoğlu yazır ki, “Molla
Nəsrəddin” Sabiri bütün Yaxın Şərqə
tanıtdığı kimi, Sabir poeziyası da jurnalın
oxucular arasında geniş yayılıb şöhrət qazanmasında
mühüm rol oynamışdır.
Jurnalın
daimi mövzularından biri də ana dilinin saflığı
uğrunda mübarizə idi. Jurnalda bu mühüm mövzuya
xeyli felyeton, şeir, karikatura həsr olunmuş, ana dilinə
xor baxanları ciddi tənqid atəşinə tutmuşdur.
“Meymunlar” (1906, ¹ 2), “Zəncir” (1907, ¹ 42), “Dil” (1908, ¹ 19), “Pək
eyi” (1912, ¹ 2), “Bizim obrazovannılar” (1906, ¹ 2) və s.
felyetonlar, satirik şeirlər və karikaturalar bu mövzuya həsr
olunmuşdur.
“Meymunlar”
felyetonunda öz doğma dilini unudanları,
başqalarını yamsılayanları meymun adlandıran
“Molla Nəsrəddin” yazırdı: “Bir saatlığa tutaq
ki, hökumət qoymur məktəblərdə ana dilimizi
oxuyaq… Bəs kim bizi dilimizdən utanmağa və öz
dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər
bunu da hökumət edir?”. Başqa felyetonda – “Bizim
obrazovannılar” da doğma ana dilində
danışmağı özünə rəva bilməyən
ziyalı rəfiqinə belə deyir: “Sluşay, kak-to
stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit”…
Onu da qeyd
edək ki, “Molla Nəsrəddin” və onun əməkdaşları
başqa dillərin öyrənilməsinin əleyhinə
deyildilər, başqa dillərin təsiri altına
düşüb, ana dilinə xor baxanlara qarşı idilər.
Əsl
xalq jurnalı olan “Molla Nəsrəddin”in Azərbaycan
şifahi xalq ədəbiyyatına müntəzəm
müraciəti onu oxucular arasında nüfuzunu xeyli
artırmışdı. Atalar sözü və məsəllər
jurnalda “çox zaman xalqda işləndiyi adi mənasından
fərqli olaraq, daha dərin ictimai-siyasi məzmun kəsb edir”.
Məsələn, xalq arasında belə deyilir: “Ölmə,
eşşəyim ölmə, yaz gələr, yonca bitər”,
“Keçinin əcəli gələndə çobanın
çomağına sürtüşər”, “Qurddan qorxan qoyun
saxlamaz” və s. “Molla Nəsrəddin” isə belə
yazırdı: “Ölmə, eşşəyim ölmə, yaz
gələr, hürriyyət bitər”, “Müsəlmanın əcəli
gələndə, xanın ağacına sürtüşər”,
“Xandan qorxan qoyun saxlamaz”.
“Molla Nəsrəddin”
təkcə Azərbaycan xalqının həyatını
işıqlandırmadı. Rusiya, Volqaboyu, Orta Asiya, İran,
Türkiyə, Hindistan, Əfqanıstan və s. ölkələrin
həyatına dair yazılarda əzab-əziyyət çəkən,
əzilən kütlənin manafeyini müdafiə edirdi.
Təəssüf
ki, iyirminci əsrin əvvəllərində mürəkkəb
şəraitdə “Molla Nəsrəddin” ilə “Həyat” və
“Füyuzat” bir-birinə qarşı qoyulur, birincisi xalq mətbuatı,
ikincilər isə milli burjuaziyanı təmsil edən mətbuat
kimi qələmə verilirdi. Azərbaycanın möhtəşəm
şəxsiyyətlərindən olan Əhməd bəy
Ağaoğlu və Əli bəy Hüseynzadəni Azərbaycan
xalqının müstəqilliyini inkar edən şəxslər
kimi oxuculara təqdim edirdilər.
Bütün
varlığı ilə Azərbaycana bağlı olan Əli
bəy Hüseynzadə və Əhməd bəy
Ağaoğlu və bir çoxlarının həyatı,
yaradıcılığı, jurnalistlik fəaliyyəti birtərəfli
işıqlandırılmış, bir çox həqiqətlər
deyilməmişdir. Kamal Talıbzadə “Əhməd
Ağaoğlu” məqaləsində, Əziz Mirəhmədov
isə “Literaturnaya qazeta”ya verdiyi müsahibədə göstərirlər
ki, bu şəxsiyyətləri biz məlum səbəblər
üzündən az öyrənmiş, az təbliğ
etmiş, bir çox hallarda obyektiv yanaşmamış, birtərəfli
münasibət bəsləyərək həqiqətləri
deyə bilməmişik, tənqid etmişik. Gec də olsa, bu
səmimi etiraflar bir daha Azərbaycan mətbuat tarixinin yenidən
və obyektiv tədqiq olunmasına əsas verir.
“Molla Nəsrəddin”
publisistikası, sözün əsl mənasında, novator
publisistikadır. Mərhum professor Famil Mehdi “Bədii
publisistika” monoqrafiyasında yazır ki, bu publisistikanın
novatorluğu zamanın ən böyük problemlərinə,
ictimai-siyasi hadisələrinə dərindən, son dərəcə
qüvvətli və cəsarətli müdaxiləsində,
ifadə etdiyi fikirlərinin orijinallığı və təzəliyində,
real gerçəkliyi əks etdirmə üsulunda, real
faktların ustalıqla mənalandırılması və
ümumiləşdirilməsində, bədii priyomların, dil
ifadə vasitələrinin çoxcəhətliliyi, sadə,
aydın və emosionallığındadır. Bu publisistikada
bir günün, bir ayın, bir ilin deyil, bir əsrin nəbzi
döyünür. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i
bütün namuslu, vicdanlı adamları dəhşətli bəlalardan
xilas olmağa səsləyirdi. Ədib “Azərbaycan” adlı məqalədə
Cənubi Azərbaycan xalqının dözülməz vəziyyətini
ürək ağrısı ilə xatırladırdı: “Ax
unudulmuş, Vətən, ax yazıq, Vətən!..”
Dünyalar
titrədi, aləmlər mayallaq aşdı, fələklər
bir-birinə qarışdı, millətlər yuxudan oyanıb
gözlərini açdılar və pərakəndə
düşmüş qardaşlarını tapıb,
dağılmış evlərini binə etməyə üz
qoydular.
Bəs, sən
hardasan, ay biçarə, Vətən?!”
Ustad sənətkar
burada da dil məsələsinə qayıdır,
“sözünün canını” izaha başlarkən
açıb göstərir. Qeyd edir ki, Tiflisdə Müsəlmanların
Milli Komitəsi yığılıb məsələ
müzakirə etməli olur. Lakin məclisin hansı dildə
aparılması problemə çevrilir, rusca, osmanlıca,
yoxsa ermənicə. Ədib Bakıda keçirilən
yığıncaqlarda belə halların təkrarlanmamasına
bir eyham vurduqdan sonra yazır:
“Ax,
gözəl Azərbaycan Vətənim! …harada qalmısan?... Ay
torpaq çörəyi yeyən təbrizli qardaşlarım,
ay kesəpapaq xoylu, meşginli, sərablı, goruslu və
moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli,
gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli,
qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə
yol göstərin! Vallah, ağlım çaşıb!
Axır dünya və aləm dəyişildi, hər bir
şey qayıdıb öz əslini tapdı, hər mətləbə
əl vuruldu, gəlin biz də bir dəfə oturaq və
keçə papaqlarımızı ortalığa qoyub, bir
fikirləşək: Haradır bizim Vətənimiz?!
Gəlin,
gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq
qardaşları! Gəlin görək beşikdə yad millətlərin
südünü əmmiş, Vətənimizdən
yadırğamış və millətimizin ruhundan xəbərsiz
bir para millət başçılarımız sizə nə
gün ağlayacaqlar?!
Niyə
sakitsiniz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!”
Böyük
ədibin bu publisistikası insanları ayağa
qaldırır, gözlərini açır, lüt-üryan
yaşamalarını bir daha yada salır, ideya- siyasi cəhətdən
silahlandırırdı.
Akademik
İsa Həbibbəyli “Azərbaycan” məqaləsi
haqqında deyir ki, məqalə mili oyanış və siyasi
intibah dövrünün həqiqi manifestidir. O, yazır: “Azərbaycan”
məqaləsi – xalqımızın müstəqil və
demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrinin
publisist tərcümanı, carçısı, vətəndaşlıq
harayının ifadəsidir. “Azərbaycan” məqaləsi – Azərbaycan
coğrafiyasının vətəndaş ədib Cəlil Məmmədquluzadənin
mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir”.
Jurnal Azərbaycan
xalqının mübtəla olduğu dərdlərə biganə
qalmır, bu dərdləri ürək ağrısı ilə
qarşılayır və onu 1907-ci ildə 41-ci nömrəsində
belə ifadə edirdi: “… Nə bilim, bu nədir – torpaq məsələsi,
bu nədir – əmələlər acdırlar, kəndlilər
torpaqsızdırlar, kəndlər şkolasızdırlar,
viran olub vətənimiz, elimiz, itib gedib dinimiz, həm dilimiz, əzilib
əngimiz, sınıb belimiz, bəs biz ağlamayaq, kimlər
ağlasın?!”.
“Molla Nəsrəddin”
öz mübarizəsini əsasən satirik janrlarda
aparırdı. Jurnalda felyeton janrından daha çox istifadə
olunurdu. Felyetonun formalaşmasında jurnalın rolunu
xüsusilə qeyd etməliyik. Janrlar içərisində ən
qədimi olan xəbər “Bilməli xəbərlər”,
“İcəri xəbərlər”, “Qafqaz xəbərləri”,
“Hesab məsələləri”, “Poçt qutusu”, “Elan” və s.
rubrikalar altında verilirdi.
Mollanəsrəddinçilər
yerli hökumətdən, onların senzurasından
qorxduqları üçün, əsl adları ilə yox,
gizli imzalarla çıxış edirdilər. Cəlil Məmmədquluzadə
jurnalda Molla Nəsrəddin təxəllüsü ilə
çıxış edirdi. Bəzən də
Lağlağı, Dəli, Cırcırama, Hərdəmxəyal
imzalarından da istifadə edirdi. Mirzə Ələkbər
Sabir Hop-hop, Ağlar-güləyən, Çingiz,
Əbdürrəhim bəy Haqverdiyev Xortdan, Ceyranəli, Mozalan
bəy, Əliqulu Qəmküsar Cüvəllağı bəy,
Saqqalqulu bəy, Ömər Faiq Nemanzadə Ümidvar, Salman
Mümtaz Xortdan bəy imzaları ilə jurnalda öz satirik əsərləri
ilə fəal iştirak edirdilər.
“Molla Nəsrəddin”in
məşhurlaşmasında, onun karikaturalarını çəkən
Rotter, Şmerlinq və Əzim Əzimzadənin rolu
böyükdür. Təbriz nəşrinin rəssamı isə
Əli Behzad olmuşdur. Jurnal haqqında çox
danışılıb, çox yazılıb. Lakin
inqilabi-demokratik mətbuatın klassik nümunəsi olan “Molla
Nəsrəddin” elə bir ədəbi məktəbdir ki, ondan
öyrəniləsi hələ çox şey var.
Akademik
İsa Həbibbəylinin jurnala verdiyi yüksək qiymətlə
fikrimi yekunlaşdırıram: “Jurnal milli mətbuatın
şah əsəri, millətimizin və milli dövlətimizin
dərin mənalı istiqlal kitabıdır. “Molla Nəsrəddin”
ideyaları və mübarizəsi bu gün də müasir və
gərəklidir”.
Əlövsət Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xalq qəzeti.- 2017.- 22 iyul.- S.9.