Təhsil tariximizdən:
İrəvan Pedaqoji Məktəbi
Azərbaycan təhsilinin
tarixi tədqiq olunmağa ehtiyacı olan bir sahədir. Bu sahənin
hərtərəfli araşdırılması təhsilimizin
keçdiyi yolu üzə çıxarmaqla yanaşı, həm
də onun dünəni ilə bu günü arasında
körpü yaratmaqda mühüm rol oynayır. Azərbaycan təhsilinin
tarixində Qori Müəllimlər Seminariyası mühüm
rol oynadığı kimi, İrəvan Pedaqoji Məktəbi də
əvəzsiz işlər görmüşdür. Qori Müəllimlər
Seminariyasının fəaliyyəti barədə indiyə qədər
araşdırmalar aparılmış və bu qeyri-adi təhsil
ocağının gördüyü işlər nəinki təkcə
təhsil ictimaiyyətinə, həm də geniş oxucu
kütləsinə çatdırılmışdır. Ancaq
İrəvan Pedaqoji Məktəbinin tarixi, fəaliyyəti, Azərbaycan
təhsilinin inkişafında oynadığı rol
araşdırılmamış və tədqiq olunmamışdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, həm Qori Müəllimlər
Seminariyası, həm də İrəvan Pedaqoji Məktəbi
öz dövrünün təhsil sahəsində flaqmanı
olmuşdur. Onların hər ikisi elə bir dövrdə fəaliyyət
göstərmişdir ki, həmin dövrdə pedaqoji
kadrların hazırlanmasına böyük ehtiyac vardı. Bu
ehtiyacı ödəmək üçün Qori Müəllimlər
Seminariyası və İrəvan Pedaqoji Məktəbi öz
çiyinləri üzərinə məsuliyyətli, həm də
gərəkli olan bir işi götürmüşdür. Hər
iki məktəbin qeyri-adi fəaliyyəti Azərbaycan təhsilinin
tarixinə qızıl hərflərlə
yazılmalıdır.
Bu gün dünya günü-gündən inkişaf edir, dəyişir. Elmi-texniki tərəqqinin nailiyyətləri məişətimizə gəlir. Elm, texnika elə sürətlə inkişaf edir ki, onun gətirdiyi yeniliklərlə ayaqlaşmaq olmur. Nəzərə alsaq ki, elm də, texnika da insana xidmət etməlidir, onda insan amilinin bütün zamanlarda oynadığı rolu diqqət mərkəzində saxlamalıyıq. Bu mənada hələ Qori Müəllimlər Seminariyasının və İrəvan Pedaqoji Məktəbinin fəaliyyət göstərdiyi dövrdə elmin, texnikanın inkişaf səviyyəsinin hazırkı dövrlə müqayisədə çox geridə qalmasına baxmayaraq, insan amili, ona qayğı, diqqət fövqəladə bir münasibətlə öz əksini tapmışdır. Belə ki, hər iki təhsil müəssisəsində hazırlanan pedaqoji kadrlar öz bilik, bacarıq və dünyagörüşləri ilə insanın nəyə qadir olduğunu nümunəvi şəkildə təqdim edə bilmişlər. Bu təhsil müəssisəsinin pedaqoji kadrları və onların hazırladıqları kadrlar təpədən dırnağa qədər təhsilə, elmə bağlı adamlar olmuşlar. Onların hər birinin həyatı, fəaliyyəti gələcək nəsillər üçün həmişə örnək olacaqdır. Elm, texnika nə qədər inkişaf etsə də, elmi-texniki tərəqqinin nailiyyətləri dünyada nə qədər möcüzə yaratsa da, bu təhsil ocaqlarının öz dövrləri ilə müqayisədə heç bir analogiyası yoxdur. Daha doğrusu, onlarla analoji müqayisəyə cəlb oluna biləcək təhsil müəssisələri tapmaq o qədər də asan deyildir. Bunun əsas səbəblərindən biri, məhz bu təhsil müəssisələrində çalışan pedaqoqların elmə, təhsilə vurğunluğu, bağlılığı olmuşdur. Ona görə də hər iki təhsil müəssisəsi barədə çox yazılmalıdır. Bu mənada filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “Təhsil tariximizdən: İrəvan Pedaqoji Məktəbi” adlı kitabı təhsilimizin tarixini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. 1924-1949-cu illərdə Ermənistanda fəaliyyət göstərmiş İrəvan Pedaqoji Məktəbi pedaqoji kadrların hazırlanması işində əvəzsiz xidmətlər göstərmişdir. İrəvan Pedaqoji Məktəbinin fəaliyyət göstərdiyi dövrdə pedaqoji kadrlara olan ehtiyacı heç nə ilə müqayisə etmək olmazdı. O dövrdə Ermənistandakı Azərbaycan məktəblərinin müəllim kadrları ilə təmin edilməsinə erməni şovinistləri hər cür yolla mane olurdular. Ona görə də erməni şovinistlərinin iyrənc məqsədlərinin qarşısını almaq üçün pedaqoji kadrların hazırlanmasına olan ehtiyacı hiss etməmək mümkün deyildi.
Təsadüfi deyil ki, pedaqoji kadrlara olan ehtiyacı ödəmək üçün XX əsrin 20-ci illərindən başlayaraq İrəvanda hazırlıq kursları təşkil olunmuşdur. 1923-cü ilin sonlarında təşkil olunmuş bu hazırlıq kurslarında 1926-cı ilin sonlarına qədər 143 müəllim hazırlanmışdı. İrəvanda hazırlıq kurslarının təşkilində Bala Əfəndiyevin, Mehdi Kazımovun, Mustafa Hüseynovun və digərlərinin xidmətləri böyük olmuşdur. Məhz İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitində aparıcı rol oynayan şəxslərin ciddi tələbi, səyi və iradəsi sayəsində 1924-cü il oktyabr ayının 15-də İrəvan Türk Pedaqoji Texnikumu açılmışdır. Bu texnikum müəllim kadrlarına olan ehtiyacı ödəmək üçün xeyli iş görmüşdür. Texnikumun direktoru Mehdi Kazımov, ictimaiyyət müəllimi Bala Əfəndiyev, ana dili müəllimi Əsgər Əsgərzadə, təbiət müəllimi Cəmil Əliyev olmuşdur. Onu da qeyd edək ki, İrəvan Türk Pedaqoji Texnikumu çətin şəraitdə fəaliyyətə başlamışdır. Kitablara, dərsliklərə, dərs vəsaitlərinə, tədris proqramlarına, laboratoriyalara, fənn kabinələrinə, yataqxanaya, yeməkxanaya və kitabxanaya olan ehtiyac işin bir tərəfi, digər tərəfi isə ondan ibarət olmuşdur ki, erməni şovinistləri texnikumun fəaliyyət göstərməsinə lazımi şərait yaratmamışdılar.
Kitabda İrəvan Türk Pedaqoji Texnikumunda fəaliyyətə başlayan Yusif Məmmədəliyev, Ələşrəf Bayramov, Əsgər Əsgərzadə, Bülbül Kazımova, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev və digər ziyalılardan bəhs olunur. Pedaqoji Texnikumda “Mədəniyyət ocağı”, “Mədəni hücum”, “İrəli” adlı divar qəzetlərinin çap olunmasından, texnikumun ilk məzunlarından (Əmir Abasquliyev, Adil Axundov, Nəriman Əliyev, Rübabə Bağırbəyova, Nəsir Əliyev, Nəzər Paşayev və s.) söhbət açılır. Orada, həmçinin 1936-cı ildə Pedaqoji Texnikumun Pedaqoji Məktəb adlanmasından və s. məsələlərdən bəhs olunur. İrəvan Pedaqoji Məktəbinin 1948-ci ildə Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürülməsi və 1972-ci ilə qədər orada fəaliyyət göstərməsi bir daha təsdiq edir ki, bu təhsil müəssisəsi Azərbaycan təhsilinin tarixində silinməz iz qoymuşdur.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası imkan verir ki, tarixin qaranlıq səhifələrini yenidən tədqiq edək. Ulu öndər Heydər Əliyevin 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” imzaladığı fərman tarixi yaddaşımızın bərpasına xidmət işində əvəzsiz rol oynadı. Bu mənada fərmanın tələblərindən irəli gələn qiymətli tədqiqat işləri aparıldı. Bizcə, bu kitab da həmin silsilədən olan tədqiqat əsərlərindən biridir. Həm də çoxlarının diqqətindən yayınmış, araşdırılmasına ehtiyacı olan sahələrdən ən vacibidir. Belə ki, “Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan ermənilər SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişlər. V.Molotov bu məsələ ilə bağlı İ.Stalinlə danışmış və İrandakı ermənilərin Ermənistan SSR-ə köçürülməsinə razılıq almışdır. 1946-cı il oktyabr ayının 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti fərman vermişdir. Fərmanda qeyd olunmuşdur ki, xaricdə yaşayan ermənilər Ermənistan SSR ərazisinə köçürülsün. Bunu həyata keçirmək üçün azərbaycanlıları öz dədə-baba torpaqlarından çıxarmağı və Azərbaycanın Kür-Araz ovalığında yerləşdirməyi qarşıya məqsəd qoymuşdular. Odur ki, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” qərarı deportasiya işini həyata keçirməyi mütəşəkkil surətdə yerinə yetirdi.
O zaman Ermənistan SSR-də yaşayan 400 min nəfər azərbaycanlının 7747 nəfəri Azərbaycan SSR-ə köçürüldü. 1948-ci ilin payızına qədər 10 min 584 nəfər azərbaycanlı öz dədə-baba yurdundan deportasiya olundu. Onların evlərində, yaşadıqları məskənlərdə xaricdən gələn ermənilər yerləşdirildi. Onu da qeyd edək ki, deportasiya Ermənistan SSR-in 22 rayonunu əhatə etdi. Həmin rayonlarda (məsələn, Basarkeçər, Zəngibasar, Dilican, Kirovakan və s.) yaşayan yerli aborigen azərbaycanlılar Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı (indiki Şirvan), Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy, Bərdə rayonlarına deportasiya olundu. 1949-cu ildə adları qeyd olunan rayonlara Ermənistan SSR-dən 15276 nəfər deportasiya olundu, köçürüldü.
Təbii ki, deportasiya olunan azərbaycanlıların sosial və məişət problemlərini həll etmək asan başa gəlmirdi. Onların problemlərini lazımi səviyyədə həll etmək çətinlik yaratdığından bəzi ailələr geri qayıtmaq məcburiyyətində qalırdılar. Təsadüfi deyil ki, Kür-Araz ovalığına köçürülmüş azərbaycanlılar yaşayış şəraitinin olmaması səbəbindən geri qayıdırdılar. O vaxt Kür-Araz ovalığından 1115 ailə geriyə – öz dədə-baba yurdlarına, Ermənistana qayıtmışdır. Ancaq onları öz dədə-baba yurdlarına qəbul etmir, qeydə almır və vətəndaş hüquqlarından məhrum edirdilər. Ona görə də uşaqların təhsil alması işi çətinləşirdi. Məktəb, təhsil işi geriləyirdi. Nəzərə almaq lazımdır ki, o vaxt azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya etməklə Azərbaycan dilində olan məktəbləri, bir sözlə, təhsili deportasiya edirdilər. Bu mənada İrəvan Pedaqoji Məktəbi deportasiya olunmuş məktəblərin ən bariz nümunəsidir.
Ermənistan SSR-də azərbaycanlıların ali təhsil almalarına imkan verməmək üçün məqsədli işlər görülürdü. Məsələn, 1937-ci ildən X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dilində olan dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri bağlandı. Həmin fakültələr 1948-ci ildə Azərbaycandakı müvafiq institutlara köçürüldü. Xanlar rayonuna köçürülən İrəvan Pedaqoji Məktəbi də məqsədli siyasətin qurbanı oldu. Bütün bunlar onu təsdiq edir ki, Ermənistan SSR-də yaşamış, yerli, aborigen azərbaycanlıların təhsil tarixinin araşdırılmasına bir zərurət vardır. Bu mənada haqqında sözügedən tədqiqat əsərinin dəyəri və faydası əvəzsizdir.
İrəvan Pedaqoji Məktəbinin görkəmli məzunlarından bir qisminin yığcam həyat və fəaliyyəti də araşdırmalarda öz əksini tapmışdır. Həmin məzunlardan akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Əli Fərəcov, Yusif Yusifov, Abbas İsmayılov, Nəriman Əliyev, Fərhad Fərhadov, professor Cəfər Cəfərov, Süleyman Məmmədov, Kövsər Tarverdiyeva, Nəzər Paşayev, elmlər namizədləri Nəriman Yusifov, Sabir Səfərov, Nəriman Kazımov, Qasım Mustafayev, Cabbar Quliyev, filologiya elmləri namizədi Zəhra Əliyeva, Tapdıq Əmiraslanov, Nəcəf Nəcəfov və digərlərinin adlarını çəkmək olar.
İrəvan Pedaqoji Məktəbinin məzunlarının bir çoxu dünyasını dəyişmişdir. Məzunlar sırasında hazırda yaşayanlar da vardır. Yaxşı olardı ki, İrəvan Pedaqoji Məktəbinin məzunlarının hazırda yaşayanları bu təhsil ocağı barədə məqalələr, xatirələr yazsınlar. Bununla onlar əvəzsiz bir iş görmüş olarlar.
Buludxan Xəlilov,
filologiya üzrə
elmlər doktoru, professor
Xalq qəzeti.- 2017.- 25 iyul.- S.6.