ŞANLI TARİXİMİZİN GÜZGÜSÜ

 

“Çağdaş dövrdə milli mətbuatımızın üzərinə böyük vəzifələr düşür və biz əminik ki, mətbuatımız getdikcə daha da inkişaf edəcəkdir. Mətbuat cəmiyyətin güzgüsüdür və elə buna görə də bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti, doğruçuluğu, düzgünlüyü və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Belə olarsa, ölkəmizdə, həqiqətən də, əsl azad, müstəqil mətbuat formalaşar və bundan bütün xalqımız, ölkəmiz faydalanar.” Ümummilli liderimiz Heydər Əliyevin bu sözlərlə keçmişinə böyük dəyər verdiyi, gələcəyinə işıqlı ümidlər bəslədiyi Azərbaycan mətbuatının indiki səviyyəyə yüksəlməsi onun sarsılmaz təməl üzərində qurulması və keçdiyi şanlı tarixi yol ilə bilavasitə bağlıdır. Milli mətbuatımızın ilk addımlarından başlayaraq, xalqımızın həqiqi mənafelərinin ifadəçisi missiyasını şərəflə, dəyanətlə yerinə yetirməsindən bəhs edərkən, ilk növbədə, onun yaradıcısı, böyük maarifçimiz Həsən bəy Zərdabinin fədakar əməllərindən söz açmaq lazım gəlir.

Hər xalqın tarixinə onun ictimai-mədəni həyatının ən önəmli hadisələrindən sayılan teatr və mətbuatın yaradıcısının, xeyriyyə cəmiyyəti və məktəb şəbəkəsi təşkilatçılarının adları qızıl hərflərlə yazılır. Azərbaycan, bəlkə də, dünyada yeganə ölkədir ki, bu şərəfli missiyaların hamısı eyni bir şəxsə – məhz Həsən bəy Zərdabiyə nəsib olmuşdu. Başqa sözlə desək, Həsən bəyin bu böyük mənəvi hünərlərindən təkcə biri də xalqımızın tarixində onun şərəfli bir yer tutması üçün kifayət edərdi.

Moskva Universitetini bitirərək xalqına xidmət üçün böyük arzularla Vətənə dönən gənc Həsən bəyin üzləşdiyi sərt reallığı onun məsləkdaşı və kürəkəni Ə.B.Topçubaşov belə təsvir edir: “...Hələ mövcud şəraitin mahiyyətinə dərindən varmadığı, lakin xalq üçün faydalı olmağı qəti qərara aldığı ilk vaxtlarda Həsən bəy hər şeydən öncə Qafqaz idarəçiliyində hökm sürən özbaşınalıq və dərəbəyliklə, məhkəmələrdəki qanunsuzluq və rüşvətxorluqla, hərc-mərclik və nizamsızlıqla, nəhayət, bütün bunların mənbəyi olan cahillik və hüquqsuzluqla, kütlələrin mədəni və iqtisadi səfaləti ilə tanış olmalı idi”.

Əvvəlcə qüvvəsini hüquqsuzluğa qarşı mübarizə, indiki terminologiya ilə desək, hüquq müdafiəçiliyi işi üçün səfərbər edən, vəkillik fəaliyyəti ilə məşğul olan Həsən bəy sonra, ilk növbədə, cəhalətə qarşı mübarizənin vacibliyini dərk edərək müəllimlik peşəsini seçdi.

Bakı realnı gimnaziyasında müəllim işləyərkən 1873-cü ilin Novruz bayramı günlərində şagirdləri ilə birlikdə ilk teatr tamaşası hazırlamaqla Azərbaycanda peşəkar teatrın əsasını qoyan Həsən bəy böyük ustadı Mirzə Fətəli Axundovun qaldırdığı maarifçilik bayrağını daha yüksəklərə ucaltmaq, millətini tərəqqi yolunda daha irəliyə aparmaq üçün ən təsirli vasitə kimi mətbuatın yaradılmasını görürdü: “Elmsiz bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik. Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın.Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağız üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar.”

Lakin bu böyük ideyanı həyata keçirmək ilk baxışda göründüyü qədər də asan məsələ deyildi. İmperiya əsarətdə saxladığı türk-müsəlman xalqlarının ictimai oyanışına təkan verə biləcək belə bir qüdrətli vasitənin meydana çıxmasına imkan yaratmaq istəmirdi. Buna görə də hökumət dairələri əvvəlcə Həsən bəyə rus dilində qəzet buraxmağı “məsləhət gördülər”. Lakin Həsən bəyin öz niyyətindən dönmədiyini gördükdə məsələni süründürməçiliyə saldılar. Qəzetin nəşrinə icazə verilməsi prosesi bir neçə il çəkdi. O zamankı Bakı qubernatoru general Staroselskinin Həsən bəyə rəğbəti sayəsində maneələri dəf etmək mümkün oldu. Ancaq bununla da hər şey həll olunmadı. Məsələ onda idi ki, o zaman Bakıda türk dilində qəzet buraxmaq üçün texniki vasitələr və kadr potensialı yox idi. Texniki məsələlər yoluna qoyulandan sonra isə Azərbaycan dilini bilən çapçı, mürəttib tapmaq müşkülə çevrildi. Taleyin istehzası ilə Həsən bəy bu işə “müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı bir erməni”ni götürməyə məcbur oldu.

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çap olundu. “Mənim əvvəlinci köməkçilərim” adlandırdığı şagirdləri yay tətilində olduğundan qəzetin fəhləlik işini də Həsən bəy özü görürdü. 1877-ci ilin 29 sentyabrına qədər nəşr olunan “Əkinçi”nin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 nömrəsi çıxmışdı. Qəzet ayda iki dəfə, 300-400 tirajla çap olunurdu.

Qəzetin əksər materiallarını Həsən bəy özü yazırdı. Bununla belə, onun ətrafına o dövr Azərbaycan maarifçiliyinin əsas simaları olan Mirzə Fətəli, əqidə yoldaşları Seyid Əzim və Əhsənül-Qəvaid imzası ilə yazan Hacı Məmmədsadıq, tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov-Gorani kimi ziyalılar toplaşmışdı.

Əsas amalı milli oyanış və yeni cəmiyyətin qurulması zərurətini təbliğ etmək olan Azərbaycan maarifçiliyinin bayraqdarına çevrilən “Əkinçi”nin ilk nömrəsində H.B.Zərdabi bu ideyanı ifadə edərək yazırdı: “Olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi tələb edir.”

Bu məqsədə çatmaq üçün ilk növbədə xalqı bir ideya ətrafında birləşdirmək lazım idi. Bütün ictimai-siyasi amal və əqidələri, mədəni-mənəvi dəyərləri gözdən salmadan etiraf etmək lazımdır ki, hər bir xalqı birləşdirən ən böyük amil onun ana dilidir. Azərbaycan dilində ilk qəzetin nəşri kimi mühüm və ağır bir işə başlayan Həsən bəy bununla həm də, Ə.B.Topçubaşovun sözləri ilə desək, “özünəməxsus qətiyyət və enerji ilə ana dilinin müdafiəsinə qalxdı. O, mövcud terminologiyanın imkan verdiyi tərzdə “Əkinçi'’də fars və ərəb sözlərindən mümkün qədər istifadə etməməyə, istisnasız şəkildə təmiz türk Azərbaycan dilində yazmağa çalışırdı.”

Dil məsələsində Həsən bəyin mövqeyini ömür yoldaşı Hənifə xanım belə xatırlayırdı: “Həsən bəy ömrünün axırına qədər saf türkcə tərəfdarı olmuşdur. Türk dilinə ərəb və fars kəlmələrinin qatılmasının əleyhinə idi. O, bu barədə çox yazmışdır. Onun “Əkinçi”sinin dili bütün Qafqaz müsəlmanları arasında aydın anlaşılırdı. “Bu mənada “Əkinçi” qəzeti həm də ana dilimizin inkişafında yeni bir mərhələnin əsasını qoydu, Azərbaycan ədəbi dilinin yeni bir qolunu – publisistik üslubu yaratdı.

H.B.Zərdabi ənənələrinə uyğun olaraq, müasir jurnalistika sahəsində diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri də ana dilimizin təmizliyinin qorunmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə qəbul edilmiş “Qloballaşma şəraitində Azərbaycan dilindən zamanın tələblərinə uyğun istifadə edilməsi haqqında” Dövlət Proqramında qarşıya qoyulan əsas məsələlərdən biri dilimizin yad dillərin təsirindən qorunmasından ibarətdir.

Həsən bəy “Əkinçi”nin nəşri ilə öz qarşısına qoyduğu, daha doğrusu, zamanın onun qarşısına qoyduğu məqsədləri yerinə yetirməyə nail ola bildi. Yenə də Ə.B.Topçubaşovun sözlərinə müraciət edək: “Əkinçi”, həqiqətən də, doğma xalqının salnaməsinə çevrilmişdi. Təmiz, ləkəsiz güzgü kimi təmsil etdiyi milləti bütün təbii keyfiyyət və çatışmazlıqları, zəngin mədəni keçmişi, Şərqin böyük tarixi yolundakı bütün qəhrəmanlıq və faciələri, yad qüvvələrin hakimiyyəti altında üzləşdiyi məhrumiyyət və sarsıntıları ilə göstərirdi.”

Biz “Əkinçi”nin nəşrə başladığı tarixi yaddaşımızda qoruyur, milli mətbuatımızın yaranma günü kimi bayram edirik. Zərdabi yolunun davamçıları olaraq, bu bayram bizim halal haqqımızdır. Ancaq “Əkinçi”nin niyə qapandığını (qapadıldığını) xatırlamasaq, dəyərləndirməsək, bu tarixi reallıqdan ibrət dərsi almasaq, Zərdabinin həqiqi varisləri adını daşımağa haqqımız çatmaz.

“Əkinçi”nin tutduğu milli dirçəliş yolunun imperiya hakimiyyətini təmin etmədiyi aydın bir həqiqətdir. Əslində, hakimiyyət belə bir qəzetin nəşrinə icazə verdiyi üçün çox tez peşman olmuşdu və onun fəaliyyətini hər vasitə ilə məhdudlaşdırmağa çalışır, qapatmağa bəhanə gəzirdi. Zərdabinin ilk bioqrafı Fərhad Ağazadə haqlı olaraq yazırdı: “Həsən bəy məxarici mədaxilindən çox olan bir qəzetəyi davam etdirir, aldığı məvacibin çox qismini qəzetə üçün sərf edirdi. Çar hökuməti məmanət etməsə idi, Həsən bəy qəzetəyi müvəffəqiyyətlə özü öz məsarifini ödəyə biləcək bir halə vardıra biləcəkdi. Təəssüf olsun ki, çar hökuməti bu qəzetənin davam etməməsinə qərar vermişdi.”

Hakimiyyətin mövqeyi aydındır, ancaq təəssüf ki, xalqın haqq yoluna xəyanət edərək yadelli ağalarına yalmanan mənsəbpərəstlər özümüzünkülərin içərisində də tapılırdı. Xalqın gələcəyi üçün çalışan qələm sahiblərinin avamlığa, savadsızlığa, mövhumatçılığa qarşı “Əkinçi”nin səhifələrində apardığı mübarizə özlərini bu millətin övladı sayan bəzi şəxsləri narazı salırdı. Qəribədir ki, azadlıq və tərəqqi əleyhinə səs ucaldanlar sıravi kütlənin içərisindən yox, “yüksək təbəqə”dən çıxan şair Həsən Qara Hadi, kapitan Sultanov, general Əlixanov kimi adamlar idi. M.F.Axundov və S.Ə.Şirvaninin onlara cavablarını çap etməyə senzura icazə vermədi. Əlacsız qalan H.B.Zərdabi Həsən Qara Hadinin onun ünvanına göndərdiyi təhqiramiz həcvi nəzərdə tutaraq yazırdı: “Fikrim budur ki, bizim Zərdab kəndində bir daş qoydurub onun üstünə zikr olunan həcvi yazıdırım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən nə zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm.”

Təəssüf ki, cəhalət yolçularının “Əkinçi”yə və onun naşirinə qarşı şər davası yalnız həcv və təhqirlərlə bitmirdi. Onlar dövlət orqanlarına, jandarma idarəsinə böhtan dolu “donos”lar göndərməkdən usanmırdılar. Həsən bəy özü həmin günləri belə xatırlayırdı: “Müsəlmanların düşmənləri hər tərəfdən “Əkinçi”nin üstünə tökülüb onun bağlanmasına səy etdilər. Jandarma polkovnikinə hər gündə məndən və “Əkinçi”dən adsız donoslar göndərdilər”.

Bunları bəhanə edən dövlət orqanları “Əkinçi”ni bağlamaq üçün tədbirlər görməyə başladı. Bütün bu şər və böhtan kampaniyasının məntiqi sonluğu isə o oldu ki, bir gün jandarm idarəsinə çağrılan Həsən bəy gəlib gördü ki, çapçısı erməni Minasov orada qəzetin siyasi xəbərlərinin “sətiraltı məna” daşıması barədə çuğulçuluq edir. Bununla da “Əkinçi”nin nəşri dayandırıldı.

Əslində, hakimiyyət dairələrinin öz qurması olan bütün bu “donos”bazlıq oyunları və erməni çuğulçuluğu “Əkinçi”nin qapadılması üçün səbəb yox, bəhanə idi. Qəzetin amalını əks etdirən həqiqi məzmununu xarakterizə edərkən Ə.B.Topçubaşov yazırdı: “Həsən bəyin xalqı qəflət yuxusundan ayılınağa, cəhalət pəncəsindən xilas olmağa, sağlam və mədəni həyata, milli şüura səsləyən çağırışları “Əkinçi”yə xüsusi bir məna verirdi.” Qəzetin qapadılmasının əsl səbəbi məhz bu “xüsusi məna” idi. İmperiya hakimiyyəti yaxşı başa düşürdü ki, qəflət yuxusundan ayılmış, öz haqqını dərk etmiş xalqı əsarətdə saxlamaq çətin, bəlkə də, qeyri-mümkün olacaq.

1881-ci ildə Həsən bəy Zərdab kəndinə qayıda bildi. Bu zaman onun cəmi 44-45 yaşı vardı.Keçirdiyi sarsıntılar nəticəsində səhhəti nə qədər pozulsa da, özünə qapanıb sakit ömür sürmək onun həyat amalına uyğun deyildi. Əvvəlcə kənddə məktəb açmaq istəyinə düşdü, lakin icazə vermədilər.Amma Həsən bəy yenə də yolundan dönmədi. Gəncliyində olduğu kimi kənd əhalisinin haqqını dövlət məmurlarınm özbaşınalığından qorumaq üçün hüquq müdafiəçiliyi, ictimai vəkillik fəaliyyətinə başladı.Bununla yanaşı, həmin illərdə Tiflisin rusdilli mətbuatı, xüsusən, “Obzor” qəzeti ilə əməkdaşlıq edərək soydaşlarının dözülməz həyat şəraiti, addımbaşı üzləşdikləri haqsızlıqlar barədə kəskin məzmunlu məqalələr çap etdirdi.

Xalqına sona qədər sədaqətli xidmət yolundan çəkilməyi ağlına da gətirməyən Həsən bəy fəaliyyətini əvvəlki kimi əzmlə davam etdirirdi. 1896-cı ildə H.B.Zərdabi əzablarla dolu 17 illik məcburi fasilədən sonra yenidən Bakıya dönə bildi. Həmin ildə Ə.B.Topçubaşov da Tiflisdən Bakıya köçmüşdü. Bakı Dairə Məhkəməsində iclasçı və vəkil vəzifələrində işləyirdi. Sonrakı ildə hər ikisi Bakı Şəhər Dumasına üzv seçildil. Əlimərdan bəy Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi rusdilli gündəlik “Kaspi” qəzetinin baş redaktoru oldu və 1896-ci ildən Həsən bəyin bu qəzetlə ömrünün sonuna qədər davam edən çox fəal əməkdaşlığı başlandı. Eyni zamanda, həmin illərdə şəhər Dumasının üzvü kimi H.B.Zərdabi əhalinin hüquqlarının qorunması, abadlıq işlərinin görülməsi, müsəlman uşaqları üçün “rus-tatar” məktəbləri şəbəkəsinin yaradılması kimi mühüm layihələrin həyata keçirilməsinin təşəbbüskarı oldu.

1901-ci ildə Bakıda H.B.Zərdabinin təşəbbüsü, H.Z.Tağıyevin vəsaiti ilə ilk müsəlman qız məktəbi açıldı, Həsən bəyin həyat yoldaşı Hənifə xanım onun ilk müdirəsi təyin edildi. 1906-cı ildə H.B.Zərdabinin təşəbbüsü və sədrliyi ilə Bakıda Azərbaycan müəllimlərinin ilk qurultayı keçirildi.

Həyatı boyu çəkdiyi bütün məşəqqətlərə baxmayaraq, tale Həsən bəyə “Əkinçi” ilə səpdiyi maarif və mədəniyyət toxumlarının ilk cücərtilərini görmək xoşbəxtliyi bəxş etmişdi. Tale ona Azərbaycanda peşəkar teatrın və peşəkar mətbuatın formalaşmasının, məktəb şəbəkəsinin, xeyriyyə cəmiyyətlərinin yaranmasının canlı şahidi olmaq, yeni meydana çıxan milli ziyalı təbəqəsi üçün ağsaqqal və məsləhətçi missiyasını yerinə yetirmək səadəti vermişdi.

Həsən bəyin qızı Qəribsoltan xanım atası haqqında xatirələrində yazırdı: “Ömrünün qüruba yaxınlaşdığı günlərdə atam üçün ən böyük təsəlli və yüngüllük fəaliyyətinin başlanğıcında olduğu kimi təklikdə qalmaması idi. Onu tək-tənha başladığı işə və vəsiyyətlərinə sadiq olan sevimli şagirdləri əhatə etmişdi. O, artıq xalqın çoxəsrlik cəhalət yuxusundan ayıldığını, öz müdafiəsinə qalxdığını görürdü.”

Bu gün Azərbaycan xalqının ali ideallarını inamla həyata keçirən müstəqil dövlətimiz cəmiyyət həyatının bütün sahələri kimi mətbuatın inkişafına daim qayğı göstərir. İyunun 20-də jurnalistlər üçün tikilmiş yeni yaşayış binasının istifadəyə verilmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz... Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.”

Azərbaycan mətbuatını “şanlı tariximizin güzgüsü” adlandıran cənab Prezidentin bu sözləri müasir Azərbaycan jurnalistikasının qarşısına böyük vəzifələr qoymaqla onun peşəkarlıq və vətəndaşlıq məsuliyyətini daha da artırır.

 

İlham ABBASOV

 

Xalq qəzeti.- 2017.- 26 iyul.- S.5.