Xətai rayonu – paytaxtın ağ şəhəri
Xəzərin
qucaq açdığı paytaxt Bakı artıq çoxdan
regionun sürətlə tikilən və böyüyən
şəhərləri arasında liderə
çevrilmişdir. Yaxın keçmişə qədər
neft sənayesinin milyardlarla gəlirlərindən deyil, zərərli
tullantılarından “zənginləşən”
paytaxtımızı ölkə rəhbərliyi müstəqillik
illərində kifayət qədər böyük vəsaiti sərf
etməkə keçmişin könül bulandıran
mirasından xilas etdi və Avropa ilə Şərqin
qovşağında qərarlaşan əsl meqapolisə
çevirdi.
Vaxtilə “böyük qardaşların” qara niyyətlərlə Azərbaycanın baş şəhərinin ən səfalı yerlərində, mavi Xəzərin sahili boyu saldırdıqları “Qara şəhərin” mazutlu neftçi daxmalarının, gecəqonduların və yöndəmsiz tikililərin böyük bir hissəsi isə məhz Xətai rayonunun payına düşürdü. “Düşürdü” ona görə yazıram ki, çox da uzaq olmayan o acınacaqlı mənzərələrdən indi, demək olar ki, əsər-əlamət belə qalmayıb. Son onillikdə Xəzərin sahili boyu böyük bir ərazini əhatə edən bu yerlər əsl zərbəçi tikinti meydançasını xatırladir və artıq reallaşan layihələrdən sonra bura paytaxtın göz oxşayan ən müasir yaşayış massivinə çevrilməkdədir. Bir zamanlar “şəhər cəngəlliyini” xatırladan bu yerlərdə indi tikilən hər bir bina, salınan hər bir park, bir sözlə, gerçəyə çevrilən hər bir layihə gözəlliyi, müasirliyi ilə sakinlərin ürəyindən xəbər verir, onlarda xoş bir ovqat yaradır. Bir-birindən gözəl, təkcə ümumi görünüşünə görə deyil, dizaynına, müasir arxitektura üslubuna görə də bir-birindən fərqlənən binalar, sözün əsl mənasında, bu şəhərin sakinlərində qürur hissi doğurur.
Bu hissləri bizə yaşadan əsrarəngiz mənzərələrin yerləşdiyi paytaxtın ən böyük rayonlarından olan Xətai rayonu haqqında yazı hazırlamaq qərarına gəldik. Təəssüratlarımızı bölüşüb münasibətini öyrənmək istədiyimiz ilk rəsmi şəxs, təbii ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov oldu:
– Söylədikləriniz, keçmişlə bu gün arasında apardığınız müqayisələr tam gerçəyi əks etdirir, – deyə,
Razim müəllim söhbətə başlayır.
– Həqiqətən, 15 ilə yaxındır ki, təkcə Bakı şəhəri, Xətai rayonu yox, bütün Azərbaycan özünün inanılmaz tərəqqi və yüksəliş dövrünü yaşayır. Əlbəttə, bu tərəqqiyə və yüksəlişə yol açan müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Şübhəsiz, Bakı müstəqil Azərbaycanın siması kimi çox böyük sürətlə yeniləşir deməzdim, əslində tamamilə yenidən tikilir, onun bütün infrastrukturu yenidən qurulur.
Dünya neft sənayesinin ilk tarixi mərkəzlərindən olan Bakı həm də öz ekoloji mənzərəsini dəyişərək, yorucu və cansıxıcı daş binaları, tikililəri arxa plana keçirən yaşıl parkları, xiyabanları ilə diqqət çəkməyə başlayır. Sənaye müəssisələrinin yayın istisində bəzən insanların nəfəs çəkməsini belə çətinləşdirən hisi, çirkli havası çox sürətlə qeybə çəkilib. Bu dediklərimiz, sadəcə, uzun zaman istəmədən, sanki bir göz qırpımında baş verib.
Səmimi etiraf etmək lazımdır ki, sizin kənar müşahidəçisi, bizim isə bilavasitə icraçısı olduğumuz bu nəhəng işlər müstəqil Azərbaycanda həyata keçirilən böyük strateji layihənin ayrı-ayrı hissələridir. Ölkənin bütün inkişaf xəttini özündə ehtiva edən bu strategiyanın müəllifi, onu hərəkətə gətirən isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bir faktı açıqlayacağam, sizə də, oxucularınıza da aydın olacaq ki, həqiqətən, dövlət başçısı təkcə gerçəkləşdirilən ayrı-ayrı layihələrin müəllifi yox, həm də onların icrasının təminatçısıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 12 ildə 64 dəfə Xətai rayonunda olmuş, bu səfərlərin 49-u bilavasitə yeni tikilən obyektlərin açılışı və istifadəyə verilməsi ilə bağlı olmuşdur. Razılaşaq ki, bu, 282 minə nəfərə yaxın paytaxt əhalisinin yaşadığı bir rayonda indiyə qədər həyata keçirilən layihələrin, görülən işlərin miqyasını və əhəmiyyətini nümayiş etdirən ən parlaq göstəricidir.
Təkcə 2015-ci ildə, neftin qiymətinin dünya bazarında aşağı düşdüyü və maliyyə-iqtisadi böhranın dərinləşdiyi bir dövrdə möhtərəm Prezident səkkiz müxtəlif layihənin – Yusif Səfərov küçəsində istifadəyə verilmiş yeni parkın, Ağ şəhər yarımstansiyasının, dənizkənarı yeni yolun və piyada keçidinin, Yeni Ağ şəhər bulvarının, “Bulvar Hotel”in, Nobel prospektində Boks Federasiyasının, Nargilə dairəsindən Ukrayna dairəsinədək yenidən qurulmuş yolun açılışları, 264 saylı məktəb və 5 saylı peşə liseyinin əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimlərində iştirak etmək üçün Xətai rayonuna gəlmiş, bu rayonun inkişafı ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdir.
Bu gün bütün regiona səs salan “Bakı Ağ şəhər” layihəsinin artıq reallığa çevrilməsi heç də sadə bir məsələ deyil. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin “Qara şəhəri ağ şəhərə çevirək” arzusunu gerçəkləşdirmək məqsədilə 2011-ci il dekabrın 24-də ilkin mərhələdə 220 hektar sahəni əhatə edəcək “Bakı Ağ şəhər” layihəsinin təməl daşını qoydu. Bundan sonra keçən 6 il ərzində layihənin gerçəkləşməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq və tikintisi başa çatmış obyektlərin açılışında iştirak etmək üçün 10 dəfə Xətai rayonunda olmuşdur. Bu səfərlər zamanı Prezident “Ağ şəhər” bulvarının təməlqoyma mərasimində, “Bakı Ağ şəhər”in tikintisi başa çatan ofis binasının, “Ağ şəhər-1” elektrik yarımstansiyasının, “Bakı Ağ şəhər” bulvarının və “Bulvar Hotel”in açılışında, “Ağ şəhər” layihəsinin təməlqoyma mərasiminin 5-ci ildönümündə və sair tədbirlərdə iştirak etmişdir.
İcra başçısının sadaladığı faktlar, həqiqətən, onu göstərir ki, dövlət başçısı paytaxtın təkcə mərkəzi hissəsinin deyil, onun bütün rayonlarının dünyanın ən müasir şəhərsalma-arxitektura tələblərinə uyğun tikintisinə və yenidən qurulmasına xüsusi diqqət yetirir. Bu gün Xəzər sahili boyu Dəniz Limanından üzü Zığ şossesinə qədər uzanan Nobel prospektinin sağında və solunda, çox da uzaq olmayan keçmişdə, neftayırma və digər zavodların tullantılarından qaralmış “Qara şəhər” indi Bakının gözoxşayan Ağ şəhərinə çevrilməkdədir. Bir tərəfdə ən müasir üslubda tikilən dənizkənarı bulvar, bir tərəfdə də “Ağ şəhər” layihəsinin gözəl memarlıq üslubunda tikilən binaları sıralanmaqda, sürətlə böyüməkdə olan şəhərimizə xüsusi yaraşıq verməkdədir.
Artıq “Ağ şəhər”də mükəmməl infrastruktur formalaşdırılıb. Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindəki yeraltı piyada keçidində işlər tam başa çatıb. Burada 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Həmin keçiddə 8 eskalator quraşdırılıb. Layihə çərçivəsində daha iki piyada keçidinin inşası nəzərdə tutulur. “Bakı Ağ şəhər” layihəsi çərçivəsində Xaqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla yeni salınan yolların ümumi uzunluğu 22,3 kilometrə, eni isə 16 metrdən 47 metrədək çatacaq. Ümumilikdə, burada 63 çoxsaylı kəsişən yolun təmiri və asfaltlaşması həyata keçiriləcək. “Ağ şəhər” layihəsi çərçivəsində “Yaşıl ada” və “Villa zonası” adlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas və kəsişən bir neçə küçədə işlər yekunlaşıb. Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr səki və yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar və zeytun ağacı əkilib.
Bu illərdə Xətai rayonunun sənaye potensialı da xeyli artmış və rayon ölkənin ümumi inkişafına öz töhfələrini vermişdir. Görülən işlərin miqyası və sənaye istehsalı sahəsində əldə edilən uğurlar 2017-ci ilin tarixə qovuşan 6 ayında da davam etmişdir. Dünyanı cənginə alan maliyyə-iqtisadi böhranın Azərbaycandan da yan keçməməsinə baxmayaraq, qazanılan nailiyyətlər belə deməyə əsas verir ki, Xətai rayonunda sosial-iqtisadi inkişaf dinamikasını qorumaq mümkün olmuşdur.
2017-ci ilin birinci yarısında rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı nəticəsində 666 milyon 135,6 min manatlıq və ya əvvəlki illə müqayisədə 66,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 628 milyon 403,3 min manat, qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 37 milyon 732,3 min manat təşkil edir.
İlin 6 ayında tikinti komp-leksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına istifadə edilmiş 342 milyon 835,5 min manat məbləğində vəsaitin 341 milyon 819 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.
Rayon əhalisinin ümumi yaşayış səviyyəsini göstərən faktlara gəldikdə isə qeyd etmək lazımdır ki, ötən müddətdə rayonun pərakəndə ticarət şəbəkələrində sakinlərə 1 milyard 206 milyon 737,6 min manatlıq əmtəə satılmışdır ki, bunun yüz faizi özəl sektorun payına düşmüşdür. Bu qəbildən olan digər bir fakt isə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərinin artaraq 301 milyon 217,6 min manat təşkil etməsidir.
Əhalinin rifahının yaxşılaşmasının, ölkədə yoxsulluğun tam aradan qaldırılmasının Prezident İlham Əliyevin dediyi kimi, bir yolu var – əhalinin işlə təmin olunması, işsizliyin aradan qaldırılması. Bu gün dünyanın elə bir qabaqcıl, inkişaf etmiş ölkəsi yoxdur ki, orada işsizlik ciddi problem olaraq insanların həyatına müdaxilə etməsin. Dünya maliyyə böhranı ciddi şəkildə insanların sosial rifahına zərbə vurur. Məhz bu səbəbdən Xətai Rayon İcra Hakimiyyəti dövlət başçısının, təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyan bu strateji tapşırığını daim diqqətdə saxlayır və müvafiq tədbirlər həyata keçirir. Təkcə bu ilin birinci yarısında rayonda 585 nəfər mövsümi işlərə cəlb edilmişdir. Onlardan 304 nəfəri abadlıq və təmizlik, 281 nəfəri isə çoxmənzilli binaların təmiri işlərində çalışır. Müxtəlif müəssisələr tərəfindən yaradılmış 888 müvəqqəti iş yerindən 303-nə artıq işçilər cəlb edilmişdir. Ümumilikdə isə 2017-ci ilin yanvar–iyun aylarında Xətai rayonunda 5314 yeni iş yeri açılmışdır ki, onların hamısı daimi iş yerləridir.
Rayonun xidmət təsərrüfatının normal fəaliyyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində görülən işlər icra strukturlarının daim diqqətdə saxladığı məsələlərdəndir. İndi tam əminliklə demək olar ki, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrə uyğun olaraq, Xətai rayon sakinlərinin fasiləsiz elektrik enerjisi, qaz və su ilə təminatı tam təmin olunmuşdur. Hazırda rayon ərazisində dayanıqlı elektrik təchizatını daha əsaslı şəkildə təmin edəcək yeni – Y.Səfərov küçəsində 35 min kilovatlıq yarımstansiyanın tikintisi başa çatmışdır və yaxın vaxtlarda açılışı nəzərdə tutulur.
Bu ilin 6 ayında rayonda abadlıq-quruculuq işləri də tam sürətlə davam etdirilmişdir. Abadlaşdırma çərçivəsində köhnə mənzil fondunun yenilənməsi layihəsi üzrə 5 çoxmərtəbəli binada əsaslı təmir işləri başa çatdırılmışdır. 8 ünvanda isə təmir işləri davam etdirilir. Sadıqcan küçəsində Rayon Polis İdarəsinin inzibati binasının inşası başa çatmış və respublika daxili işlər naziri Ramil Usubovun iştirakı ilə binanın təntənəli açılışı olmuşdur.
Nazirlər Kabinetinin Bakı şəhərinin 9 rayonunda, o cümlədən Xətai rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 2016-cı il 25 fevral tarixli qərarının icrası ilə əlaqədar da rayon ərazisində pilot layihələrin həyata keçirilməsi davam etdirilir. Qərara əsasən, Xətai rayonu ərazisində, şəhərsalma, tikinti, mənzil və digər qanunvericilik aktlarının tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən 6 min 956 nəfərin yaşadığı 2 min 16 mənzildən ibarət 99 çoxmənzilli yaşayış binasının yaxın 5 il ərzində sökülərək yerində müasir üslubda yeni çoxmənzilli yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. Pilot layihənin icrası ilə əlaqədar rayonun yeddi müvafiq ünvanında qəzalı və istismar müddəti başa çatmış yaşayış binalarının ərazi planlaşdırma sənədlərinin hazırlanmasına və tikinti-layihələndirmə işlərinə başlanılmışdır.
Rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi, tıxac probleminin aradan qaldırılması və insanların rahatlığının təmin edilməsi məqsədi ilə rayon icra hakimiyyəti bu il də “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə bir sıra tədbirlər həyata keçirir. Məsələn, ilin əvvəlində Yusif Səfərov küçəsinin daha bir hissəsi genişləndirilmiş, həmçinin bu yola alternativ yol çəkilmişdir. İndi avtomobillər Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən birbaşa Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə bilirlər. Nəticədə Yusif Səfərov küçəsində hərəkət intensivliyi xeyli artmış olur.
“Bakı Ağ şəhər” layihəsinin tərkib hissələrindən olan Xaqani Rüstəmov küçəsi də əsaslı şəkildə yenidən qurulmuş və istifadəyə tam hazırdır. Rayonun ərazisindəki Sarayevo küçəsinə 19 min 450 kvadratmetr asfalt örtüyü vurulmuş və əsaslı təmir olunmuşdur. Son aylarda rayonun General Mehmandarov və İ.İsmayılov küçələrində cari təmir işlərinə başlanmışdır. Ümumilikdə, rayon ərazisində birinci yarımillikdə 139 min 309 kvadratmetr asfalt örtüyü vurulmuşdur.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi gerçəkləşdikcə, məktəblər genişlənib müasirləşdikcə və ən yeni tədris vasitələri ilə təmin olunduqca rayonda təhsil sahəsində nəticələr ildən-ilə daha da yaxşılaşır. Hazırda Xətai rayonundakı 37 orta ümumtəhsil məktəbinin 36-sı ən müasir standartlar səviyyəsində tam təmir olunub şagirdlərin ixtiyarına verilmişdir. Bunun nəticəsidir ki, 2015–2016-cı tədris ilində 37 məktəbin 2037 məzunu ali məktəblərə sənəd vermiş və onlardan da 1447 nəfəri yüksək nəticə göstərərək tələbə adı qazanmışdır. Məzunlardan 216 nəfəri 500-dən 600-ə qədər, 96 nəfəri 600-dən 650-ə qədər, 41 nəfəri isə 650-dən 700-ə qədər bal toplamağa müvəffəq olmuşdu. Rayon məktəblərinin 10 məzunu Prezident təqaüdünə layiq görülmüşdü. Ümumilikdə ötən il ali məktəblərə qəbul 71 faiz olmuşdur ki, bu da Xətai rayonunun ölkənin regionları arasında yenidən birincilər sırasında olduğunu göstərirdi. İcra hakimiyyətində 2016–2017-ci tədris ilinin yekunlarının təhlilini apararaq belə bir nəticəyə gəlmişlər ki, bu il də Xətai rayonunun orta məktəb məzunları ənənəni qoruya biləcək və ölkə məktəbləri arasında birincilər sırasında yerlərini möhkəmləndirəcəklər.
Ölkəmizdə, o cümlədən Xətai rayonda həyata keçirilən məktəb tikintisi ilə yanaşı, müasir uşaq bağçalarının təmir-tikinti işləri də dövlət proqramları əsasında aparılmışdır. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində Xətai rayonundakı uşaq bağçasları, mədəniyyət və səhiyyə ocaqları, 3 saylı uşaq evi əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda rayonun Xudu Məmmədov küçəsindəki 120 yerlik yeni uşaq bağçasında tamamlama işləri gedir. Sentyabrda bağça özünün ilk “sakinlərini” qəbul edə biləcək.
Şübhəsiz, görülən bütün işlər vətəndaşların, paytaxt sakinlərinin rifahının, ümumi yaşayış səviyyəsinin durmadan yaxşılaşmasına xidmət məramı ilə həyata keçirilir. Çünki Prezident İlham Əliyevin müəllifi olduğu strateji inkişaf konsepsiyasının mərkəzində insan amili durur. Elə o məqsədlə də artıq dördüncü ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, hər il fevralın 15-dən mayın 2-dək əhalinin pulsuz tibbi müayinəsi aparılır. İcra hakimiyyətinin ciddi nəzarətdə saxladığı bu aksiya da Xətai rayonunda uğurla həyata keçirilir. Elə ona görə də pulsuz tibbi müayinənin əhalinin daha geniş təbəqəsini əhatə etməsi məqsədilə bu il aksiyanın müddəti may ayının 15-dək uzadılmışdır. Nəticədə 153 min 508 nəfər tibbi müayinəyə cəlb edilmişdir. Onlardan 141 min 917 nəfəri sağlam hesab edilmiş, 10 min 633 nəfəri ambulator, 958 nəfəri isə stasionar müalicə üçün qeydiyyata alınmışdır.
Gəlin etiraf edək ki, sağlam yaşamaq üçün sağlam təbii mühit və səmərəli istirahət çox mühüm rol oynayan amillərdir. Ona görə də Xətai Rayon İcra Hakimiyyəti son illər ölkə başçısının ekoloji mühitin sağlamlaşdırılması məqsədilə qarşıya qoyduğu vəzifələrə uyğun olaraq çox böyük layihələr həyata keçirmişdir. Rayon ərazisində müxtəlif yerlərdə yaşıllıqların salınması, parkların və xiyabanların tikintisi, xüsusilə son illər nümunəvi həyətlərin sayının artırılması diqqət mərkəzində saxlanılır. Ona görə də sakinlərin asudə vaxtlarının, istirahətinin daha səmərəli təşkil olunması məqsədilə son illərdə rayonun yaşayış məhəllələrində salınmış 70 nümunəvi həyət yenidən bərpa olunmuş, daha 31 ünvanda isə əhalinin və məhəllə ağsaqqallarının arzusu ilə bu tipli yeni nümunəvi həyətlər salınmışdır. Hər bir həyətdə qanunsuz təsərrüfat təyinatlı tikililər, qarajlar və çəpərlər sökülərək yerlərində idman meydançaları, oturacaq-günlüklər, yelləncəklər, əyləncə qurğuları quraşdırılmış, yaşıllıqlar salınmışdır.
Əlbəttə, Xətai rayonunda bu ilin birinci yarısı da daxil olmaqla son onillikdə görülən işlər bununla bitmir. Rayonun simasını dəyişən, sakinlərin ümumi rifahını yaxşılaşdıran innovativ layihələr kifayət qədərdir.
Bu gün onlar çox böyük məsuliyyətlə, vətəndaş yanğısı ilə və uğurla həllini tapmaqdadır. Çünki istək, arzu və məram Xətai rayonunu, həqiqətən, paytaxtın ağ şəhərinə çevirməkdir.
İlqar
RÜSTƏMOV
Xalq qəzeti.- 2017.- 27 iyul.- S.6.