Heydər Əliyevin çıxışlarında

estetik kateqoriyalar

 

Estetika həm də “hissiyyatlar” haqqında bir elmdir, – desək, səhv etmərik. Bəs bu hissiyyatlar necə ifadə olunur? Azərbaycan xalq dastanlarını ifa edən aşıqlar dastan qəhrəmanlarının dili ilə deyərdilər: “İcazə verin dərdimi sazla deyim, sözlə desəm, dilim od tutub yanar”. Dərin hissiyyatların, estetik dəyərlərin obrazlı ifadəsi ulu öndər Heydər Əliyevin nitq və çıxışlarında özünəməxsus çalarlara malikdir: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Azərbaycan haqqında hər bir vətəndaş öz ürək sözlərini deyə bilər. Mənim ürəyim daim öz doğma Vətənim Azərbaycanla bağlı olubdur, Azərbaycan haqqında hissiyyatlarla dolu olubdur. Bu hissiyyatları sözlə demək mümkün deyildir”.

 

Mühüm estetik kateqoriya kimi gözəllik haqqında müxtəlif fikirləri araşdırmaq və bu fikirləri ulu öndərin gözəlliyə olan baxışları ilə tutuşdurmaq yerinə düşər.

Platona görə, gözəllik hansısa ayrıca götürülmüş predmetin gözəlliyi, yaxud gözəl predmet deyil, bu predmet və hadisələrin bütöv bir qisminə aid olan, onların hamısını əhatə edən ən ümumi bir cəhətdir. Onun fikrincə, ruhlar cisimlərdən, ideyalar isə ruhlardan daha kamildir. Ona görə də, estetika yalnız cisimlərlə məhdudlaşmağı özünə rəva görə bilməzdi. Çünki ruhların və ideyaların gözəlliyi cisimlərin gözəlliyindən daha üstündür.

Gözəllik haqqında qədim yunan filosoflarından tutmuş müasir estetlərə qədər müxtəlif fikirlərin mövcudluğu yeni bir şey deyildir. Heydər Əliyevin gözəlliyə münasibətinə gəlincə, fəlsəfənin ümumi dialektik qanunları estetik sahəyə də şamil olunur. Belə ki, böyük natiqin nitqlərində forma və məzmun ayrılmır: “Azərbaycan qadınlarının bir xüsusiyyəti də vardır: Azərbaycan qadınları çox gözəldirlər. Ümumiyyətlə, gözəllik anlayışını insanlar cürbəcür anlayırlar, dərk edirlər. Bu da təbiidir. Təbiətin də gözəlliyi vardır, hər bir insanın da gözəlliyi vardır. Amma gözəllik əsl mənada cəmiyyətdə olan gözəllikdir və bu, sadəcə, bir xarici görünüş deyildir. Gözəllik həm xarici olur, həm də daxili olur. Ancaq bu gözəllik anlayışının daşıyıcısı həmişə qadınlar olurlar. Hər bir millətin gözəlliyini nümayiş etdirən qadın olur”.

Estetik dünyagörüşün formalaşması təkcə estetik dəyərlərlə məhdudlaşmır. Ulu  öndərin etik dəyərlər estetikliklə dərin, daxili vəhdətdədir. Qadınlar qurultayında qadınların gözəlliyinə ünvanlanmış fikirlərdən öncə etik dəyərlər auditoriyaya ayaq açır. Azərbaycan qadınının öz xalqı qarşısındakı xidmətləri sadalanır: “Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli, namuslu qadındır. Biz fəxr edirik ki, Azərbaycan qadını xalqımız üçün qəhrəman ərlər yetişdirir. Biz fəxr edirik ki, Azərbaycan qadını dünyaya böyük alimlər bəxş edir. Azərbaycan qadını dünyaya böyük sənət ustaları, siyasi, dövlət xadimləri bəxş edir. Bunlar hamısı Azərbaycan qadınının xidmətidir” .

Heydər Əliyevin milliliklə yoğrulmuş nitqləri müxtəlif çeşidli, müxtəlif üslublu auditoriyalarda Günəş kimi parlayır. Gözəllikdən danışanda belə, qadınlar auditoriyasında belə milli dəyərlər bu nitqi tərk etmir: “Biz indi ölkəmizin qadınlarını bütün dünyaya açmışıq. Dünyanın çox yerlərinə getmişik, görmüşük. Biz iyirmi, otuz, yaxud əlli il bundan öncə hansı ölkədə insanların nə cür olmasını bilmirdik. Sadəcə olaraq, onları ayrı-ayrı rəsmlərdə, filmlərdə görürdüksə, indi hamısını öz gözümüzlə görürük. Bilmirəm, kimin gözünə hansı ölkədəki qadınlar necə görünür, amma mənim gözümə görə, dünyanın heç bir yerində Azərbaycandakı qadınlar kimi qadın yoxdur”.

Faciəvilik kateqoriyasının Heydər Əliyev dilində izahı Bakıda, Şəhidlər xiyabanında, 20 yanvar 1998-ci il Ümumxalq Hüzn Günündə öz doğmalarının məzarlarını ziyarət etmək üçün bu ünvana gəlmiş şəhid ailələrinin üzvləri ilə görüşdə verilir:Bu gün sizin üçün də, bizim üçünböyük matəm günüdür. Bu, tək sizin faciəniz deyil, bütün millətimizin, bütün xalqımızın faciəsidir. O dəhşətli gecədən, dəhşətli gündən səkkiz il keçibdir. Ancaq bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idibizim xalqımıza qarşı soyqırımı idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün, sizlər üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq, eyni zamanda, onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Komiklik də estetikanın mühüm kateqoriyalarından hesab olunur. Komiklik çox geniş şəkildə ancaq ədəbiyyatda, teatrdakinoda öz təzahürünü və inkişafını tapır.  Komikliklə qərəzsiz sevinc hissi gülüş vasitəsilə ifadə olunur və gülüşdə təzahür tapır. Gülüş isə çox yüksək katarsis əmələ gətirir. Bu kateqoriya böyük natiqin dilində ən çox Üzeyir Hacıbəyovun “Məşədi İbad” komediyası ilə bağlıdır: “Bəzən bu “Məşədi İbad”ı xalq arasında gülməli bir tamaşa kimi qəbul edirlər. İnsanlar gəlir, baxır, gülür, əylənir və hesab edirlər ki, elə bunun mənası budur. Ancaq bunun çox dərin bir mənası vardır. Bilirsiniz, bu əsər dahi bir əsərdir. Üzeyir Hacıbəyovun əsərlərinin hamısı dahi əsərlərdir... Mən əvvəllər də bu əsər haqqında belə düşünmüşəm. Amma bu gün bir daha bunu başdan-ayağa gördüm. Bir var ki, buna televiziyada kinoya baxırsan, birvar ki, səhnədə canlı insanlara baxırsan və şübhəsiz ki, onların ifaçılıq sənətini qiymətləndirərək, eyni zamanda, hər obrazın əhəmiyyətini görərək mən şəxsən belə qənaətə gəlirəm ki, bu əsər dahi bir əsərdir. Bu, heç də gülmək üçün yazılmayıbdır, bəlkə də bəzilərinin ağlaması üçün yazılıbdır”.

Estetik zövqün inkişafında incəsənətin rolu əvəzolunmazdır. Odur ki, ulu öndərin tez-tez incəsənət xadimləri ilə görüşlərdə söylədiyi çıxışlar öyrənilməyə layiqdir. Heydər Əliyevin Azərbaycan xalqının estetik dünyagörüşünün formalaşmasındakı rolu əsasən incəsənət xadimlərinin yubileylərində, onların əsərlərinin təqdimat mərasimlərindəki nitqləri, ən əsası, ən başlıcası isə dövlət səviyyəsində bu dünyagörüşün öz yerini tutmasında əməli köməkdir. “Xalqımızın estetik tərbiyəsini daha da gücləndirmək üçün Səttar Bəhlulzadənin əsərlərindən istifadə etməliyik. Ona görə də belə bir mərkəzin, belə bir muzeyin yaranması çox zəruridir”.

Gerçəkliyə estetik münasibətin ən yüksək forması olan incəsənət məhz estetik funksiya hesabına insanların estetik idealını, estetik hisslərini, estetik tələbatlarını, estetik maraqlarını, estetik zövqünü formalaşdırır. İncəsənətin əksər müəlliflər tərəfindən qəbul edilən funksiyaları (estetik, idraki, tərbiyəvi) arasında estetik funksiya əsas, digərləri köməkçidir.

Həyatı daimi hesab edən böyük estet mədəniyyətimizi də həyatla eyniləşdirir. Ən çətin dövrlərdə belə mədəniyyətə olan qayğını əsas götürür: “İndi həyatımız nə qədər çətin, ağır olsa da, biz heç vaxt mədəniyyəti unutmamalıyıq. Mədəniyyət həmişə bizimlə bərabər olmalıdır, mədəniyyətə qayğı göstərməliyik, onu inkişaf etdirməliyik. Çünki bu çətin günlər müvəqqətidir. Ancaq həyat daimidir. Mədəniyyət də, rəssamlıq da daimidir”.

İncəsənətin canlı növü olan teatr bu estetik zənginliyi auditoriyaya daha asan bir dildə çatdırır. Elə bu estetikliyin çatdırılması Heydər Əliyev dilində belə səslənir: “Güman edirəm ki, Bəxtiyar müəllim inciməz – bu əsəri səhnədə görməyən adam kitabı oxusa, bu təəssüratı ala bilməz. Məsələn, siz özünüz yazdığınız şeiri kitabdan oxuyanda ola bilər ki, onu yarıya qədər oxuyasan, yarısını oxumayasan. Elə bu əsərin özü də mürəkkəb əsərdir. Fəlsəfi əsərlər həmişə çətin olur. Səhnədə sizin ifanız Bəxtiyar müəllimin bu əsərinin məzmununu, mənasını, əhəmiyyətini çox gözəl açıbdır. Quruluşçu rejissorun da işi təqdirəlayiqdir və hər birinizin ifa etdiyiniz rollar da çox gözəldir. Mən tamaşaya çox diqqətlə baxırdım. Hərə öz rolunu yaxşı ifa edirdi. Hamınızı təbrik edirəm və təşəkkür edirəm ki, bizə bu gün yeni bir tamaşa təqdim etdiniz, çox sağ olun”.

İncəsənətin ən mühüm və ən qədim növlərindən birimusiqidir. Musiqi də digər incəsənət növləri kimi gerçəkliyin bədii obrazlardakı inikasıdır. Məşhur İspaniya müğənnisi Xulio İqlesias ilə görüşdəki söhbətdə (Prezident Sarayı, 25 iyul 1999-cu il) Heydər Əliyevin musiqi ilə bağlı estetik fikirlərinin şahidi oluruq: “ Bəzən bizim böyük konsertlərimiz olurbir saat otuz dəqiqə, bir saat iyirmi dəqiqə. Orada müxtəlif nömrələr göstərirlər. Amma bir saat iyirmi dəqiqədən sonra adam yorulur. Sizi isə iki saat yarım dinləyəndən sonra mən şəxsən yorulmadım. Əksinə, daha da ruhlandım, daha da çox enerji aldım. Güman edirəm, salondakıların hamısı belə idi.”

Estetik dünyagörüşümüzün formalaşmasında mühüm rolu olan memarlıq eyni vaxtda insanların həm utilitar-praktiki, həm də mədəni-estetik tələbatlarının birlikdə ödənilməsini nəzərdə tutan tətbiqi, tikinti incəsənətidir. Memarlıq abidələri incəsənət növü kimi Heydər Əliyevi nə qədər maraqlandırırsa, bu abidələr tariximizi, dövlətçilik tariximizi öyrənmək baxımından da o qədər maraqlıdir: “Əlbəttə, bu abidənin qiyməti yoxdur. Məsələn, çox vaxt, elə bu günbunu gözəl memarlıq abidəsi kimi təbliğ edirlər. Bu təbiidir, doğrudan da belədir. Dağılanlar dağılıb, amma qalanlar içərisində Mömünə Xatun məqbərəsi XII əsrdə, Orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da, böyük memarlıq məktəbi olduğunu göstərir. Sən də dedin, bizbilirik ki, Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkcə Naxçıvanı əhatə etmir, Şərq aləminin böyük bir hissəsində onun memarlıq üslubu, memarlıq məktəbi davam edib, böyük əsərlər yaradıbdır”.

Dialektik qanunlar Heydər Əliyev nitqində estetika sahəsində də özünü göstərir: “Bilirsiniz, məşhur rus yazıçısı Çexov demişdir ki, insanda hər şey gözəl olmalıdır. Şübhəsiz ki, gözəllik insan üçün xüsusi əhəmiyyət kəsb edən amildir. Millətin gözəlliyi hər bir insanın gözəlliyindən meydana gəlir. Ona görə də mən həmişə millətim haqqında düşünürəm. Mən millətimin həm mənəviyyatı haqqında düşünürəm, həm əxlaqı haqqında, həm də onun gözəlliyi haqqında düşünürəm. Həm zahiri gözəllik, həm daxili gözəllik. Bunların hamısını anlamaq üçün qadınların gözəlliyi həmişə nümunədir”. Burada millət tam, hər bir insansa fərd kimi verilirsə, “həm”, “həm də” bölüşdürücü bağlayıcılarla mənəviyyat, əxlaq, gözəllik anlayışlarının vəhdəti verilir.

Beləliklə, Heydər Əliyevin nitqlərində estetik kateqoriyaların tez-tez işlədilməsini nəzərə alaraq xalqımızın estetik dünyagörüşünün inkişafı baxımından bu sahədə geniş elmi-tədqiqat işlərinin aparılması zərurəti göz qabağındadır.

 

Nağdəli ZAMANOV,

Azərbaycan Tibb Universitetinin

dosenti, tibb üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2017.- 29 iyul.- S.4.