Səsin sehri

 

Məhluqə Sadıqova – 100

 

İndi də Azərbaycan radiosunun “Bulaq” verilişində hərdən onun səsi eşidilir. Qəribədir, bu səsi dinlədikcə, insanın ruhu dincəlir, rahatlıq tapır. Bir vaxtlar hamı bu verilişin vaxtını səbirsizliklə gözləyərdi. Bulaq suyu kimi səffaf idi Məhluqə xanımın səsi. Onu dinləməkdən adam həqiqətən yorulmurdu. Bu səs insanda xoş əhval-ruhiyyə yaradırdı.

 

Aktrisanın 100 illik yubileyi günlərində onun həyat bioqrafiyasına, yaradıcılıq yoluna qısa bir nəzər salmaq istədik. Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin 28-də Şuşada sənətkar ailəsində anadan olub. Burada qızlar məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb. Məhluqə xanım 6 saylı məktəbdə 7 illik təhsili başa vurduqdan sonra Bakı Tibb Texnikumunun diş texniki fakültəsinə daxil olub. Bu təhsil ocağını 1936-cı ildə bitirib. Tibb təhsili alarkən rəqs və dram dərnəklərində də iştirak edib və bu yol onu peşəkar aktyor sənətinə aparıb.

1936-cı il sentyabrın 27-də həvəskar aktrisa kimi Akademik Dram Teatrının truppasına işə götürülüb. Bu sənət məbədində ilk rolu “Şahnamə” əsərində Firuzə obrazı olub. Məhluqə Sadıqova həvəskar aktrisa kimi səhnəyə gəlsə də, sənətə olan sonsuz sevgisi, öyrənmək bacarığı, ünsiyyət mədəniyyəti tezliklə onu həm kollektivə, həm də tamaşaçılara sevdirə bilib.

O, 54 il Akademik Dram Teatrının səhnəsində bir-birindən uğurlu, yaddaqalan və sevilən rollar yaradıb. 30 ildən çox səsi Azərbaycan radiosunun “Bulaq” verilişindən xalqın qəlbinə axıb. Xalq artisti Məhluqə Sadıqova adını teatr tariximizə, mədəniyyət tariximizə yaratdığı obrazlar qalereyası və təkrarsız səsi ilə yazıb...

O, sözün əsl mənasında, səhnənin çox sevilən aktrisalarından birinə çevrilib. Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində Nadya, "Solğun çiçəklər"də Pəri, "Almaz"da Yaxşı, “Sevil"də Gülüş, "Dönüş"də Turac, "1905-ci ildə" tamaşasında Sona, Moris Meterlinkin "Göy quş"unda Süd, Jan Batist Molyerin "Skapenin kələkləri"ndə Qiasinta, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri- cadu" əsərində müxtəlif vaxtlarda bir neçə rol – Sayad, Səlimə, Şamama cadu və Səməd Vurğunun "Vaqif"ində, "Fərhad və Şirin"ində, "Xanlar"da Zərnigar, Hərəmxana qarısı, Fitnə, Mehriban rollarını oynayıb. Aktrisanın sənət qalereyasında Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər"ində Qalçixa və Anuşka, Hüseyn Cavidin "Şeyx Sənan"ında Zəhra, Uilyam Şekspirin “Qış nağılı”nda Paulina, Anton Çexovun “Vanya dayı”sında Sofiya, Bernard Şounun "Şeytanın şagirdi"ndə missis Daycen və onlarca digər tamaşalarda bir-birinə bənzəməyən obrazlar var. O, aktrisa kimi üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından müxtəlif janrlarda hazırlanmış tamaşalarda xarakterik səhnə obrazları yarada bilirdi. Aydın, səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın obrazlarına dolğunluq və bütövlük gətirirdi. Ən başlıcası isə, təbiəti etibarilə içi sevgi, səmimiyyət və işıqla dolu bir sənətkar idi. Bu işığı asanlıqla tamaşaçıya ötürməyi bacarırdı. Həm epizodik, həm də baş rolların mahir ifaçısı olan Məhluqə Sadıqova ən kiçik rolu da elə təqdim edirdi ki, tamaşaçıların yadında məhz onun yaratdığı obraz qalırdı.

Məhluqə Sadıqova həyat verdiyi obrazları yüksək bədii səviyyəyə qaldırmaq məharətinə malik olduğundan onun repertuarındakı ana obrazları həssaslığı, qayğıkeşliyi, mehribanlığı ilə səhnəmizin ən yaxşı ana obrazları kimi xatırlanmaqdadır. Bütün obrazlarını, o cümlədən ana obrazlarını içindən gələn sevgi ilə tamaşaçılara təqdim etməyi bacarırdı. Bu səbəbdən də Məhluqə xanımın yaratdığı ana obrazları birmənalı olaraq sevilir və qəbul olunurdu.

Məhluqə Sadıqova sənət tariximizdə bədii qiraət ustası kimi də şöhrət qazanmış bir sənətkar idi. O, Şuşa bulaqlarının nadir, ipək səsini Bakıdan Azərbaycana, dünyaya yayırdı.

Bu istedadlı sənət xadiminin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Məhluqə Sadıqova Şuşanın ermənilər tərəfindən işğalından sonra ağır anlar yaşamış, büllur səsinə kədər notları qatılmışdı. Şuşa həsrətini səhnədə yox, həyatda yaşayaraq 2003-cü ildə dünyasını dəyişmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il iyulun 19-da sərəncam imzalamışdır. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Xalq artisti Məhluqə Sadıqovanın yubileyinin yüksək səviyyədə keçirilməsi barədə tədbirlər planı işləyib hazırlamaq tapşırılmışdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 30 iyul.- S.7.