Kino üçün darıxmışam”

 

O, məktəb illərində rəssam olmaq istəyir. Təxəyyülündə canlandırdığı səhnələri ecazkar rənglərin dili ilə kətana köçürmək arzusu ilə yaşayır. Lakin atasının tövsiyəsilə taleyini əbədi olaraq aktyor sənətinə bağlayır. Bu sənət dünyasının fərqli ifadə vasitələrini, yeni rənglərini və çalarlarını axtarır. Aktyor--rəssam, rəssam–aktyor kimi obraz yaradıcılığında aradığı, seçdiyi, tapdığı rəngləri təkrarlamır. Sənətkar axtarışları ilə komik, lirik, dramatik rolların mahir ifaçısı kimi tanınır, sevilir, tamaşaçı alqışları ilə qarşılanır.

 

Səhnədə uğurla çıxış edən aktyor bəzən kinonun reallığı, təbiiliyi ilə uyuşmur. Bəzən isə əksinə, ekran uğuru qazanan aktyor səhnədə cansız görünür. Böyük müasirləri Həsən Turabov, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri kimi Əjdər Həmidovun da yaradıcılığında səhnə və ekran sənətinin vəhdəti var. Bu uğurda tələbəlik illərində Adil İsgəndərov, Rza Təhmasib kimi görkəmli korifeylərdən aldığı ustad dərsləri də səmərəli faydasını verir.

Geniş yaradıcılıq diapozonuna bələd olan rejissorlar müxtəlif xarakterli rolları cəsarətlə ona həvalə edirlər. Afişaproqramlarda adı həmişə psixoloji məzmunu ilə fərqlənən rolların qarşısında görünür. Oynadığı hər obraza sənətkar məsuliyyətilə yanaşır. Şeytan (“Özümüzü kəsən qılınc”), Hacı Kazım (“Ölülər”), Nəcəf (“Qürbətdən gələn məktublar”), Almurad (“Mənim günahim”) kimi tamaşalardakı rolları aktyorun yaradıcılıq diapozonunu aydın səciyyələndirir. Əjdər Həmidovun ifa etdiyi unudulmaz səhnə obrazlarında realizm, satira, bədii qrotesk kimi cəhətlər əksini tapır. Davamlı axtarışlarında parlaq, lakonik cizgilərə, nəhayətsiz yaradıcılıq fantaziyasına üctünlük verir.

Rejissor, Xalq artisti Mərahim Fərzəlibəyovun görkəmli dramaturq İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında quruluş verdiyiHökmdar və qızı” tamaşasında Vanya obrazı ilə Əjdər Həmidov yeni sənətkar sözü deməyə müvəffəq olur. Vanyanın ikiüzlü, mənfur təbiəti, yaltaqlığı, xainliyi Əjdər Həmidovun ifadəli aktyor oyununda parlaq səhnə təcəssümünü tapır. Hadisələrin inkişaf dinamikasında təqdim etdiyi obrazın yeni-yeni mənfur xüsusiyyətlərini sənətkarlıqla canlandırır.

Əjdər Həmidovun müxtəlif illərdə çəkildiyi filmlər müasirliyini qoruyur, bu gün də tamaşaçıları ekran qarşısına toplayır. Ağır aktyor zəhmətilə oynadığı rolların öhdəsindən özünəməxsus ustalıqla gəlir. Sənətsevərlər “Kişi sözü”ndə Qasım, “Lətifə”də Əhməd, “Girişmə, öldürər”də Əjdər, “Hacı Qarada Kərəməli, “Təlatüm”də Kamil Şabanov, “Milli bombada Məmməd, “Yoxlamada Habil Dadaşov kimi rollarını yaxşı xatırlayırlar.

Əjdər Həmidov ilk dəfə 34 yaşında ekranda görünür. Aktyorlar bu yaş həddində, adətən, ekran yaddaşında getdikcə unudulur, kinorejissorların diqqətindən kənarda qalırlar. Lakin əlahəzrət təsadüf 1987-ci ildə “Kişi sözüfilminin foto sınağına dəvət alan Əjdər Həmidovun sənət taleyinə gülür. Fotokino sınaqlarına dəvət olunan aktyorlar Cahangir Mehdiyevi qane etmir. Aktyor heyətinə xüsusi həssaslıqla yanaşan kinorejissor Əjdər Həmidovu filmin baş qəhrəmanı Qasım roluna çəkməyi qərara alır. Sənət müəllimi keçmiş SSRİ-nin Xalq artisti Georgi Daneliya sınaq çəkilişlərinə baxaraq istedadlı tələbəsi Cahangirin seçimini bəyənir, filmin çəkilişlərinə ustad xeyir-duasını verir. Və beləcə Əjdər Həmidovun simasında milli kinomuzda yeni bir aktyorun sənətkar imzası əbədi nəqş olunur.

Qeyd etmək yerinə düşər ki, kinorejissor Cahangir Mehdiyevin Əjdər Həmidovun ekran taleyində xüsusi rolu var. Əjdər Həmidov “Kişi sözü” filmindəki uğurlu debütündən sonra Cahangir Mehdiyevin “Gənc qadının kişisi”, “Hacı Qara”, ”Girişmə, öldürər” kimi filmlərində də çəkilir.

Əjdər Həmidovun yaradıcılıq estetikasını fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri təqlidçilikdən uzaq olmasıdır. Özünəməxsus oyun üslubunu formalaşdıran aktyor heç kimə bənzəmir. Hər obrazın xarakterindən çıxış edərək təkrarsız sənətkar sözü deməyə müvəffəq olur.

1988-ci ildə Cahangir Mehdiyev “Gənc qadının kişisi” filminə quruluş verir. O, uğurlu debütünü bəyəndiyi Əjdər Həmidovu müstəntiq roluna dəvət edir. Bu obraz ikinci dərəcəli olmasına baxmayaraq, filmin ümumi kompozisiyasında özünəməxsus yer tutur. “Gənc qadının kişisi” filmində hələ heç bir fəxri adı olmayan Əjdər Həmidov görkəmli teatrkino aktyorları, Xalq artistləri Həsən Turabov və Məlik Dadaşovla tərəf-müqabil olur. Bu iki nəhəng sənətkarla oynadığı səhnədə Əjdər Həmidov parlaq istedadını nümayiş etdirir. O, tərəf-müqabillərinin kölgəsində qalmır, əksinə, məharətli oyunu ilə ektranda növbəti yaradıcılıq uğuru qazanır.

2002-ci ildə kinorejissor Cahangir Mehdiyev yazıçı İsi Məlikzadə ilə birgə həmssenaristi olduğu “Hacı Qarafilmini ekranlaşdırır. Əjdər Həmidovun məharətlə yaratdığı obrazlar qalereyasında Kərəməli bədii komizmilə seçilir. Maraqlıdır ki, bu obrazı ekranda ilk dəfə 1929-cu ildə Abbas Mirzə Şərifzadənin quruluşunda unudulmaz aktyorumuz Mustafa Mərdanov oynayıb.

Kinorejissor, Xalq artisti Vaqif Mustafayev Əjdər Həmidovun yaradıcılıq potensialının yeni istiqamətlərini “Hər şey yaxşılığa doğru” filmində zabit, “Milli bombada Məmməd, “Yoxlamada mühasib kimi rollar ilə üzə çıxarır. Təqdim etdiyi tiplərin canlı, həyati olması Əjdər Həmidovun sənət axtarışlarından qaynaqlanır.

– Əjdər müəllim, səhnə və ekran yaradıcılığı sənət həyatınızda bir-birini tamamlayır...

– Sənət adamları iki həyat, iki ömür yaşayırlar. Kino mənim ikinci həyatımdır. 30 ildir ki, kino yaradıcılığındayam. Həyatımı həm kinoya, həm teatra həsr etmişəm.

Adətən, çəkiliş meydançalarında gözlənilməz hadisələr az olmur. “Kişi sözü” filmində bu gün də unutmadığınız hadisələrdən biri haqqında danışmağınızı xahiş edirik.

Düzdür, çəkiliş meydançalarında çox gözlənilməz, hətta aktyor həyatı üçün təhlükəli olan hadisələr olur. “Kişi sözü” filmində bir epizodu göldə çəkirdik. Çəkilişdə Kəmalə xanımla taxtda oturmuşdum. Qəfildən taxtın bir tərəfi əyildi. Biz ikimiz də gölə düşdük. Çəkiliş qrupu özünü çatdırana qədər Kəmalə xanımı xilas edə bildim. Çəkilişlərdə belə məqamlar çox olur...

Əjdər müəllim, “Kişi sözü”ndə məharətlə ifa etdiyiniz Qasım obrazı sizə böyük ekran şöhrəti gətirdi. Bir il sonra “Gənc qadının kişisi” filmindəki müstəntiq obrazı ilə də uğur qazanacağınıza inanırdınızmı?

Bilirsiz, filmlərdəki uğuruma sual altında baxmışam. Amma tamaşaçıların mənə qarşı olan münasibətindən görürəm ki, öz işimin öhdəsindən layiqincə gəlmişəm. Kino yaradıcılığımın birinci mərhələsi rejissor Cahangir Mehdiyevlə bağlıdır. Yaradıcılığımın ikinci mərhələsində kinorejissor Vaqif Mustafayevlə çalışmışam. Üçüncü mərhələdə isə rejissor Mərahim Fərzəlibəyov, Məhərrəm Bədirzadə, Ələkbər Kazımovski, Yefim Abramovla işləmişəm. Rollarım necə alınıbsa, onu ancaq tamaşaçılar bilir.Bundan sonra da filmlərə çəkilməyə gücüm var.

– “Gənc qadının kişi”si filminin baş qəhrəmanı Rauf zirədən, qızıl tozundan, kərgədan buynuzundan tərxundan gəncliyin iksirini hazırlamaq fikrinə düşür... Səhnədə ekranda böyük yaradıcılıq yolu keçən sənətkar kimi necə düşünürsüz, aktyor sənətində uğur qazanmaq iksiri varmı? Əgər varsa, onun tərkibi sizcə nədir?

Onun tərkibi istedaddır. Sənətdə hər şey ən birinci istedadla bağlıdır. İkinci zəhmətlə. İstedadlı adamlar, istər teatrda, istərsə kinoda həmişə öz sözlərini deyə biliblər.

Kino teatr sənətinin oxşar fərqli cəhətləri barədə çox deyilib... Bu barədə sizin fikirləriniz maraqlıdır...

– Kino teatr zahirən bir-birinə oxşayır. Amma əslində fərqli sahələrdir. Kinoda sən bir aktyor olaraq özün olmalısan. Kinoda özündən kənara çıxsan, o yalan olacaq. Kişi sözü”ndəki Qasım mən özüməm, öz xarakterimdi. Həyatda necə varam, eləcə ekranda görünürəm. Çünki kino bunu tələb edir. Təbiilik olmalıdır. Amma teatrda əlli əlliyədir. Teatrda müəyyən şişirtmələr var. Səhnədə yüksək səslə danışırsan ki, axırıncı sırada oturan səni eşidə bilsin. Teatrda bəzən təbiilikdən qaçırsan. Kinoda isə bu, belə deyil. Kinoda aktyorların əksəriyyəti özləridir. Fikir verin, bütün filmlərində başqa-başqa obrazlarda Rac Kapurun özüdür. O məharətinə, daxili aləminin zənginliyinə görə Rac Kapur kimi sevilib.

Əjdər müəllim, milli aktyor məktəbimizin banilərindən biri olan Mustafa Mərdanovdan sonra Kərəməli obrazını yenidən ekranda canlandırmaq, heç şübhəsiz, böyük sənət məsuliyyəti tələb edirdi...

Məşhur aktyorlardan sonra bu obrazı filmdə canlandırmaq, əlbəttə, heç asan deyil. Aktyor seçimində Cahangir Mehdiyev Hacı Qara obrazını mənə həvalə etdi. Düzü, mən etiraz etdim. Dedim ki, bu obraz mənim üçün çox ağır olar. Mən özümü Kərəməli obrazında görürəm. Cahangir müəllim mənimlə razılaşdı. Hacı Qaraya Səyavuş Aslanı dəvət etdi. Düzü, mahnı oxumaqda bir az çətinlik çəksəm , Kərəməlinin mahnısını özüm oxumuşam. Mahnının musiqisini böyük bəstəkarımız Arif Məlikov yazmışdı. İndi xatırlayıram. Səsyazma zamanı Arif Məlikovun qabağında mahnını oxuyanda əvvəlcə çox həyəcanlandım. Arif müəllim mənim ifamdam razı qaldı...

Filmlərdə, adətən, tryukları kaskadyorlar icra edir. Əjdər müəllim, maraqlıdır ki, “Yoxlamafilmindəki bir çox tryukları siz yerinə yetirmisiniz... Bu tryukları yerinə yetirərkən qorxu yaşadığınız anlar oldumu?

– “Yoxlamafilmində Vaqif Mustafayev Moskvadan kaskadyorlar gətirmişdi. Lakin mən onlarla razılaşmadım. Çətin tryukları özüm həyata keçirdim. Tryuklarda qoruyucu paltar geyinirdim. Səhnədə davranmağa var ki?.. Səhnədə çox asandır. Kinoda hər şeyə hazır olmaq, hər şeyi bilmək lazımdır...

Kino həyatınızda Vaqif Mustafayev, Cahangir Mehdiyev, Məhərrəm Bədirzadə kimi rejissorlarla işləmək sizə nəsib olub. Ekranda özünüzü rejissor kimi sınamaq istəmisinizmi?

Heç vaxt elə fikrim olmayıb. Ona görə ki, mən rejissorluq işini bilmirəm. Onun üçün ayrıca istedad lazımdır. Bu fikirdən həmişə vaz keçmişəm. Baxmayaraq ki, 30 illik kino təcrübəm var, 22 filmə çəkilmişəm, bunların müqabilində mən yenə rejissorluq iddiasından əl çəkərəm.

Əjdər müəllim, müsahibəmizdə daha hansı sualı cavablandırmaq istərdiniz?

Əlbəttə ki, suallar həddindən artıq çoxdur. Onu demək istərdim ki, kino üçün çox darıxmışam. Mən bunu etiraf edirəm. Çəkiliş meydançalarında olmağı çox arzulayıram.

 

Hatəm ƏSGƏROV,

rejissor

 

Xalq qəzeti.- 2017.- 30 iyul.- S.6.