Prezident İlham Əliyev: Azərbaycan dünyada neft-qaz hasil edən etibarlı tərəfdaş kimi tanınır
Biz bütün bu işləri ona görə edirik ki, ölkəmiz daha da güclü, mövqelərimiz daha da möhkəm olsun, dünyada daha da böyük nüfuza malik olaq və ən önəmlisi, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ona görə də biz neftdən əldə edilmiş gəlirləri digər sektorlara sərmayə kimi yatırırıq və bunun gözəl nəticələrini görürük... Bizim zəngin neft-qaz yataqlarımız bundan sonra uzun illər ölkəmizin inkişafını təmin edəcək. Azərbaycan bundan sonra da çoxşaxəli şəkildə inkişaf edəcək.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Artıq 24 ildir ki, dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən transmilli şirkətlər beynəlxalq “Xəzər neft-qaz” sərgi və konfransında iştirak etmək üçün Azərbaycan paytaxtına toplaşırlar. İlk dəfə 1994-cü ildə müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni neft strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu möhtəşəm beynəlxalq tədbirdə iştirak edən əcnəbi və yerli şirkətlərin, diplomatik korpusların nümayəndələri, eləcə də bir sıra xarici ölkələrin dövlət və hökumət üzvləri, Xəzər regionunda həyata keçirilən neft-qaz layihələrinin icra vəziyyəti, həmçinin enerji təhlükəsizliyi ilə bağlı geniş fikir mübadiləsi aparır, bir-birlərinin potensial imkanları və nailiyyətləri barədə zəngin məlumat əldə edirlər. Bununla da, Azərbaycan paytaxtı bir neçə günlüyə beynəlxalq görüş və iqtisadi əməkdaşlıq məkanına çevrilir.
Elə Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan “Xəzər neft və qaz-2017” sərgisində də neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidləri, yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalar nümayiş etdirilir.
Mayın 31-də 24-cü beynəlxalq “Xəzər neft və qaz-2017” sərgisinin açılışında iştirak edən Prezident İlham Əliyev deyib: “Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir. Ölkəmizdə XXIV sərgi keçirilir, bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır...Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilibdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır”.
Tədbirdə Azərbaycanın, Xəzər dənizinin neft hasilatının vətəni olduğunu diqqətə çatdıran dövlətimizin başçısı İkinci dünya müharibəsində faşizm üzərində Qələbədə Azərbaycan neftçilərinin əvəzolunmaz töhfəsindən, yanacağın 70-80 faizinin Azərbaycan neftçiləri tərəfindən təmin edildiyini bir daha bəyan edib. 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafının daha geniş vüsət aldığını vurğulayan Prezident İlham Əliyev həmin dövrdə icra olunan mühüm layihələrin hazırda müstəqil Azərbaycana xidmət etdiyini diqqətə çatdırıb. Bununla belə, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində Azərbaycanda neft sənayesinin tənəzzülə uğradığını söyləyən ölkə Prezidenti qeyd edib ki, yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin qəbul etdiyi müdrik qərarlar nəticəsində respublikamızda siyasi sabitlik yaradıldıqdan sonra vəziyyət tamamilə dəyişmiş və Azərbaycan “Əsrin müqaviləsi” kimi tarixi sazişə imza atmışdır. Bunu tarixi hadisə kimi səciyyələndirən Prezident İlham Əliyev qeyd edib ki, əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi” layihəsi icra edilə bilməzdi. “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna rol oynadığını vurğulayan dövlət başçısı bildirib ki, həmin tarixi sazişin uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək.
Ənənəvi “Xəzər neft və qaz” sərgisinin əhəmiyyətindən danışan dövlət başçısı Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” layihəsinin əhəmiyyətindən bəhs edərək bildirib ki, sözügedən layihə üzrə kontrakt 1996-cı ildə məhz neft-qaz sərgisi zamanı imzalanmışdır. O zaman Azərbaycanın ancaq neft ölkəsi kimi tanındığını vurğulayan Prezident İlham Əliyev deyib: “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çevirdi. Bu gün “Şahdəniz” layihəsi olmadan biz regional əməkdaşlığı təsəvvür edə bilmərik. Çünki “Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir. Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir”. İnkişaf etmiş ölkələrin iqtisadi yüksəlişinin enerji mənbələri ilə bilavasitə əlaqəli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də mühüm rol oynadığını bir daha bəyan edib.
Məlum olduğu kimi, ötən illər ərzində Azərbaycan çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsinin yardılmasına nail olmuşdur. Artıq uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri uğurla istismar olunur. Bütün bunları tarixi layihə kimi səciyyələndirən Prezident İlham Əliyev deyib: “Əgər o layihələrə sərmayə qoyulmasaydı, biz öz enerji resurslarımızı heç bir yerə ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz tərəfdaşlarla birlikdə bu əməkdaşlığı yaratmışıq və möhkəmləndiririk. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır”.
Artıq 10 ildən çoxdur ki, “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində hasil edilən qaz Cənubi Qafqaz boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə və Yunanıstana ixrac olunur. Hazırda isə “Şahdəniz” layihəsinin ikinci fazasının işlənilməsi uğurla davam etdirilir. Bir sıra Avropa ölkələrinin böyük ümid bəslədikləri bu tarixi layihənin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev sərginin açılış mərasimindəki nitqində bildirib ki, hazırda dünya miqyasında nadir bir layihə, Avropa məkanında infrastruktur layihələri arasında birinci yerdə olan “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirilir. 40 milyard dollar sərmayə qoyuluşunun nəzərdə tutulduğu bu layihənin dörd seqmentində tikinti-quraşdırma işləri sürətlə həyata keçirilir. Ötən müddətdə “Şahdəniz-2” layihəsinin icrası 93 faiz, Cənubi Qafqaz kəmərinin icrası 85 faiz, TANAP və TAP layihələrinin icrası isə müvafiq olaraq 72 və 42 faiz yerinə yetirilib.
Yeri gəlmişkən, iyunun 1-də “Şahdəniz-2” layihəsi üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edərək bu nəhəng qurğuların yüz faiz Azərbaycanda inşa olunduğunu yüksək dəyərləndirib. Dövlət başçısı deyib: “Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti – 90 faizi Azərbaycan vətəndaşları olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcəkdir”.
Hazırda ölkəmizin razılığı olmadan regionda heç bir enerji və digər qlobal layihələrin reallaşdırılması mümkün deyil. Bu isə o deməkdir ki, Azərbaycan tam müstəqil siyasət yürütməyə qadir hərtərəfli inkişaf edən bir ölkədir. İndi bunu dünyanın əksər inkişaf etmiş ölkələri də birmənalı olaraq qəbul edir, Azərbaycanın regiondakı nüfuzunu yüksək qiymətləndirirlər. 24-cü beynəlxalq “Xəzər neft və qaz” sərgi və konfransı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktublarında da ölkəmizin bu sahədəki əhəmiyyəti bir daha vurğulanır.
Dövlətimizin başçısına və Azərbaycan xalqına ən xoş arzularını çatdırıran Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirərək yazır: “Amerika Birləşmiş Ştatları “Cənub” qaz dəhlizini qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm. Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır”.
“Avropa İttifaqının üzvləri daxildən və xaricdən bizim enerji tərəfdaşlarımızla əməkdaşlıq etməkdədirlər. Azərbaycan da Avropanın ən mühüm tərəfdaşlarından biridir. Azərbaycan “Cənub” qaz dəhlizini reallaşdırmaqla, Avropa İttifaqının öz enerji mənbələrini strateji cəhətdən şaxələndirməsi üçün əlverişli mühit yaratmaqla öz hədəflərinə nail olmağa çalışır, Avropada geosiyasi balansın və sabitliyin qorunmasına mühüm töhfə verir”. Bu fikirlər isə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin sərgidə nümayiş etdirilən videomüraciətində səsləndirilib.
İqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək məqsədilə neft amilindən asılılığı tam aradan götürməyi hədəf seçən Prezident İlham Əliyev 24-cü beynəlxalq “Xəzər neft və qaz 2017” sərgisinin açılışında deyib: “Biz bütün bu işləri ona görə edirik ki, ölkəmiz daha da güclü, mövqelərimiz daha da möhkəm olsun, dünyada daha da böyük nüfuza malik olaq və ən önəmlisi, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ona görə də biz neftdən əldə edilmiş gəlirləri digər sektorlara sərmayə kimi yatırırıq və bunun gözəl nəticələrini görürük.. Bizim zəngin neft-qaz yataqlarımız bundan sonra uzun illər ölkəmizin inkişafını təmin edəcək. Azərbaycan bundan sonra da çoxşaxəli şəkildə inkişaf edəcək”.
Bu nikbinliyi yaradan səbəblər isə onunla bağlıdır ki, Azərbaycan hazırda regionda sülh və sabitliyin qarantı kimi çıxış edir, ölkəmizdə düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir. Ən başlıcası isə nəzərdə tutulmuş bütün layihələrin, məqsədyönlü proqramların icrası üçün Azərbaycanın güclü siyasi iradəsi var və ölkəmiz müstəqil qərar qəbul etməkdə tam sərbəstdir.
Mirbağır YAQUBZADƏ,
Xalq qəzeti.- 2017.- 3 iyun.- S. 1.