Meliorasiya və su təsərrüfatı uğurlu inkişaf
yolunda
5 iyun - Su Təsərrüfatı
və Meliorasiya İşçiləri Günüdür
Ölkəmizin su təsərrüfatı və meliorasiya işçiləri üçün 5 iyun əlamətdar gündür. Onlar böyük coşqu və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, MDB ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi münasibətilə “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 2007-ci il mayın 24-də sərəncam imzalamışdır.
Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalamışdır. Bu sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür – Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm layihələr işlənib həyata keçirildi. 1971 – 1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966–1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaq istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidənqurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz su anbarı su- elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil- Muğan hidroqovşağı, uzunluğu 37 kilometr, sərfi saniyədə 80 kubmetr olan Baş Mil kanalı, ümumi uzunluğu 71 kilometr olan Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR- də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar- Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqolovoçay su anbarı və digərləri tikilib istismara verildi.
1976 – 1982- ci illərdə ulu öndərimiz Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma- drenaj sistemlərinin yenidənqurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971–1975- ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən həcmi 550 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Naxçıvan MR- də Arpaçay çayı üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı, Naxçıvan çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9,5 milyon kubmetr olan Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verilmişdir. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artmışdır.
Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusi ilə də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin sürəti və həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir- bərpası son dərəcə çətinləşdi.
Belə bir şəraitdə 1993-cü ildə Heydər Əliyevin yenidən respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ- hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, bu sahədə tədbirlərin aparılması qaydalarını müəyyən etdi.
Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.
Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.
İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu.
Heydər Əliyevin yaxından köməyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanıldı.
Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı – Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.
Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.
İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu.
Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdı. Ulu öndər 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.
Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq, onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevin xalqımıza bəxş etməsi olmuşdur. Məhz bunun nəticəsidir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və qətiyyətlə davam etdirilir.
Meliorasiya və su təsərrüfatı sahəsində təməli Heydər Əliyev tərəfindən qoyulmuş bir sıra layihələr möhtərəm Prezidentimiz İlham Əliyevin yaxından köməyi və diqqəti sayəsində başa çatdırılmış, bəzi layihə və tədbirlər isə hazırda uğurla həyata keçirilir.
Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizm, o cümlədən 1126 ədəd torpaqqazan texnika alınmış, onların məhsuldarlığı 2004-cü il ilə müqayisədə 2 dəfəyə yaxın artmışdır. Bütün maliyyə mənbələri hesabına 3736 kilometr uzunluğunda suvarma kanallarının, 2251 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 348 min hektar sahədə torpaqların su təminatının və 239 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmişdir. 55 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Çaylarda sel və daşqınlara qarşı 199 kilometrlik məsafəyə muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1804 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və orada yerləşən uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.
Samur-Abşeron kanalının 50-ci kilometrdən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 kilometr olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 107,93 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Eyni zamanda, ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması ilə 150 min hektar sahədə su təminatının yaxşılaşdırılmasına, 30 min hektara yaxın yeni suvarılan sahələrin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaranmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il iyulun 22-də Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan sahələrə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması, 2015-ci il sentyabrın 4-də isə Xızı və Siyəzən rayonlarının torpaq sahələrinə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimlərində iştirak etmişdir.
2015–2016-cı illərdə Xızı rayonunda 7746 hektar və Siyəzən rayonunda 6172 hektar olmaqla cəmi 13918 hektar sahədə meliorativ tədbirlər başa çatdırılaraq, 10801 hektar yeni suvarılacaq sahələr istifadəyə verilmiş və 3117 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmışdır. Şabran rayonunda isə 2016-cı ildə 13806 hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 16401 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinə başlanılmışdır.
Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay üzərində ümumi sututumu 164,5 milyon kubmetr olan Şəmkirçay su anbarının Su Elektrik Stansiyası ilə birlikdə inşası 2014-cü ildə, su anbarından su götürən, ümumi uzunluğu 60565 metr olan magistral kanalların tikintisi işləri isə 2015-ci ildə başa çatdırılmışdır. Ümumiyyətlə, kompleks layihənin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektara yaxın mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına geniş imkanlar yaranmışdır. Su anbarında inşa olunmuş, gücü 24,4 MVt olan su elektrik stansiyası vasitəsilə ildə 56 milyon kvt elektrik enerjisinin istehsal olunmasına, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə ildə 50 milyon kubmetrə yaxın ekoloji içməli təmiz suyun verilməsinə imkan yaranmışdır. Hazırda su anbarından Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətti hazır olduqdan sonra suyun verilməsi təmin ediləcəkdir.
Kompleks layihəyə daxil olan Şəmkir və Göygöl rayonlarının 24663 hektar (ondan 7878 hektarı yeni suvarılan) əkin sahələrinə Şəmkirçay su anbarından suvarma suyunun verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin, eləcə də Samux və Goranboy rayonlarının 26584 hektar (ondan 8293 hektar, yeni suvarılan torpaqlardır) torpaq sahəsini suvarma suyu ilə təmin edəcək uzunluğu 27,9 kilometr olan Şəmkir maşın kanalının 2-ci növbəsinin tikintisi işlərinə 2015-ci ildə başlanılmışdır. Şəmkir, Samux və Göygöl rayonlarının 20 min hektara yaxın (ondan 2 min hektardan çox yeni suvarılan) torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda, Şəmkir maşın kanalının 2-ci növbəsinin 2016-cı ildə İpək yoluna qədər 8,55 kilometrlik hissəsinin tikintisinin tamamlanması ilə Samux və Goranboy rayonlarının 8 min hektar (ondan 980 hektar yeni suvarılan torpaqlardır) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır.
2016-cı ildə tikintisi tamamlanmış ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, 300 hektar yeni suvarılacaq torpaqlar isə suvarma suyu ilə təmin edilmişdir.
Cəlilabad rayonunda ümumi sututumu 3,7 milyon kubmetr olan Göytəpə su anbarının tikintisi 2010-ci ildə başa çatdırılaraq 681 hektar yeni suvarılacaq sahələr suvarma suyu ilə təmin edilmişdir.
Ölkəmizdə iri kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə əlaqədar Şəmkirçay su anbarından “Şəmkir” Aqroparkın 543 ha, Samur – Abşeron suvarma sistemindən “Yalama” Aqroparkın 523 ha, Yuxarı Mil kanalının 15,25 kilometrlik hissəsinin tikintisinin tamamlanması nəticəsində Füzuli, Beyləqan və Ağcabədi rayonları ərazilərində 10525 ha sahədə özəl taxılçılıq təsərrüfatlarının, Neftçala rayonunda 19204 hektar (ondan 5804 hektar yeni suvarılan) torpaq sahəsinə suvarma suyunun çatdırılmasını təmin edəcək Kür çayında üzən nasos stansiyasının, təzyiqli boru kəmərinin və Neftçala magistral kanalının 9,55 kilometrlik hissəsinin başa çatdırılması ilə 967 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılmış və 5804 hektar yeni suvarılan torpaq sahəsinin sərhəddinə suvarma suyu çatdırılmışdır. Yuxarı Şirvan kanalından su götürən və uzunluğu 28 kilometr olan Hacıqabul magistral kanalının tikintisi ilə rayonda yaradılmış iri kənd təsərrüfatı müəssisələrinin, Padar qəsəbəsinin və Qarasu kəndinin 3212 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Ağcabədi rayonunun 7737 hektar qış otlaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi davam etdirilmişdir. Sabirabad və Biləsuvar rayonlarında 15950 hektar az məhsuldar qış otlaq sahələrinə Kür çayından suvarma suyunun verilməsi məqsədilə nasos stansiyasının tikintisi işlərinə başlanılmışdır.
Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin 11698 hektar (ondan 200 hektar yeni suvarılan torpaqlar) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2015-ci ildə rayonun Azadkənd kəndi yaxınlığında Kür çayından su götürən “H” kanalında yenidən qurma işlərinin aparılmasına başlanılmışdır. Ötən müddət ərzində Kür çayında nasos stansiyasının, 4 xətli təzyiqli boru kəmərinin 2 xəttinin və kanalın 7,8 kilometrlik hissəsinin tikintisi işlərinin aparılması nəticəsində 3947 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılmış və 200 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin edilmişdir.
Eyni zamanda, işğal ərazisi ilə təmas və sərhəd zonalarında yerləşən Füzuli və Qazax, eləcə də Kürdəmir, Goranboy, Zərdab və digər rayonların 2862 hektar torpaqlarını suvarma suyu ilə təmin etmək üçün nasos stansiyalarının və suvarma kanallarının tikintisi işləri tamamlanmışdır. Salyan rayonunda 12589 hektar az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlərin işçi layihəsinin hazırlanması işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın əhalisi 1,1 milyon nəfərdən çox olan 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır. Eyni zamanda, 2016-cı ildə qazılması nəzərdə tutulan 300 quyuda qazma işləri artıq tamamlanmışdır.
Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda 85 min hektar ərazidə Sudan İstifadəedənlər birliklərinin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma – drenaj şəbəkələrinin təmir- bərpasına başlanılmışdır. Layihənin başa çatmamasına baxmayaraq, artıq 105 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri yerinə yetirilmiş və hazırda daha 14 min hektar sahədə bu işlər davam etdirilir.
Eyni zamanda, respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Yardımlı və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmışdır.
Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2004–2016- cı illərdə respublikanın 24 rayonunun sel və daşqın təhlükəli 41 çayında 183427 metr sahilbərkitmə tədbirləri həyata keçirilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, meliorasiya və suvarma işlərinə daha böyük diqqət göstərilməsinin vacib olduğu bildirilmiş, yeni əkin sahələrinin dövriyyəyə verilməsi ilə suvarılan torpaqların daha böyük dərəcədə artırılması, xüsusi ilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi sahəsində bizim qarşımızda mühüm vəzifələr qoyulmuşdur.
2017-ci ildə Səhmdar Cəmiyyəti qarşısına qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsini təmin etmək üçün əvvəlki illərdə olduğu kimi, öz uğurlu fəaliyyətini davam etdirir.
Möhtərəm Prezidentimizin pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq, bu sahənin inkişafında çox mühüm rol oynayan layihələr üzrə tikinti işləri davam etdirilir və yeni layihələrin icrasına başlanılmışdır. Taxtakörpü su anbarı zonasında 2017-ci ildə meliorativ tədbirləri davam etdirməklə Xızı, Siyəzən və Şabran rayonlarında 20728 hektar, o cümlədən 9759 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 10969 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcəkdir. Bundan Xızı rayonunda 4843 hektar (ondan 3575 hektar yeni suvarılan torpaqlar), Siyəzən rayonunda 6630 hektar (ondan 2205 hektar yeni suvarılan torpaqlar) və Şabran rayonunda 9255 hektar (ondan 5189 hektar yeni suvarılan torpaqlar) suvarma suyu ilə təmin ediləcəkdir.
Neftçala rayonunda 5605 hektar (ondan 4605 hektar yeni suvarılan) və Ağcabədi rayonunda 2700 hektar yeni suvarılan torpaqlara suvarma suyu çatdırılacaqdır. Araz çayının Yeni qolunun Baş suqəbuledici qurğusundan və inşa olunmuş hissəsindən istifadə etməklə 54 kilometr torpaq məcrada magistral kanalın tikintisi nəticəsində 39493 hektar, o cümlədən Saatlı rayonunda 24325 hektar, İmişli rayonunda 5812 hektar və Biləsuvar rayonunda 9356 hektar torpaq sahəsi su mənbəyi ilə təmin ediləcəkdir. Şəmkir maşın kanalında suburaxıcı qurğunun, təzyiqli boru kəmərinin və su hovuzunun tikintisi ilə Samux və Goranboy rayonlarında yaradılacaq Aqroparkın 4695 hektar sahəsinə suvarma suyunun çatdırılması, Kür çayı üzərində yeni inşa olunmuş nasos stansiyasında işlərin tamamlanması, “H” kanalının 3,5 kilometrlik hissəsinin yenidən qurulması və tikintisi ilə Sabirabad rayonunun 2 min hektara yaxın əkin sahəsinin su təminatının yaxşılaşdırılması mümkün olacaqdır.
Rayon icra hakimiyyətlərinin təklifləri əsasında Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” İnstitutu tərəfindən Ağdaş (15 min 800 hektar), Salyan (5 min hektar), Kürdəmir (10 min 650 hektar), Hacıqabul (4 min 800 hektar), İmişli (3 min hektar), Neftçala (8 min hektar) və Samux (2 min hektar) rayonlarının ümumilikdə, 49 min 250 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə- smeta sənədləri hazırlanaraq, RİH-lərə təhvil verilmişdir.
Cari ildə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər görülür.
Cəmiyyət tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə mütəxəssislərimiz ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür.
Hazırda respublikanın su anbarlarında 15,5 milyard kubmetr su yığılmışdır ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaqdır. Sudan istifadə planına əsasən, 2017-ci ildə ümumilikdə 1milyon 416 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulmuşdur. 2017-ci il iyunun 1-nə olan məlumata görə, tarixə 546 min hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılmışdır.
Suvarma mövsümünə hazırlıqla əlaqədar Cəmiyyətin yerli istismar idarələri tərəfindən 1057 hidrotexniki qurğu, 193 hidropost, 37 nasos, 31 elektrik və dizel mühərriki, 950 subartezian nasosları təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 10,2 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. Çay məcralarında 2,6 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 168,8 kubmetr şax-daş və faşın bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 3,4 min kubmetr həcmində təmir işləri görülmüşdür. Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və doğma Azərbaycanımızın tərəqqisini, müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin edən siyasət kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməklə yanaşı, həm də yeni çalarlarla, mexanizm və vasitələrlə zənginləşdirilir. Bu vaxta qədər ölkəmizdə sürətli inkişafa xidmət edəcək möhkəm bazanın formalaşdırılması isə qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi tərəqqi yolunun, o cümlədən sosial inkişafının yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük sosial nailiyyətlərə imza atacağını daha böyük qətiyyətlə deməyə əsas verir.
Fürsətdən istifadə edib Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı münasibətilə ölkəmizin bütün meliorasiya və su təsərrüfatı işçilərini təbrik edir və müstəqil dövlətimizin inkişafı naminə şərəfli işlərində onlara daha böyük müvəffəqiyyətlər arzu edirəm.
Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
Xalq qəzeti.-
2017.-3 iyun.- S.3.