Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə
ilk demokratik parlamentli respublika
Doxsan doqquz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövləti və xalqının Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşdığını, Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını bildirərək, dünya miqyasında baş vermiş tarixi hadisənin - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi üçün bu yaxınlarda sərəncam imzalanmışdır.
Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətinin əsas hissəsini ilk növbədə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etmək idi.
Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam ordusunun şəxsi heyətinin təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır şəraitdə, eləcə də soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi.
Bu baxımdan ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu və komissiya birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərinin araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi. 1918-ci il noyabrın 9-da mavi, qırmızı və yaşıl zolaqlı, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan bayraq (Azərbaycanın hazırkı dövlət bayrağı) dövlət bayrağı kimi qəbul edildi. Müstəqil respublikanın dövlət himninin qəbulu, eləcə də Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması da, Cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi.
1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında birləşmiş türk-Azərbaycan hərbi qüvvələri ilə Bakı Xalq Komissarları sovetinin hərbi qüvvələri arasında gedən döyüşlər nəticəsində Bakı sovetinin hərbi qüvvələri məğlub oldu və onların Gəncə üzərinə hücumları dəf edildi. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda, və digər bölgələrdəki ağır döyüşlərdə bolşevik- daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçərək, mühüm dövlət təsisatları məhz burada yerləşdirildi, ölkədə dövlət quruculuğunun əsas mərhələsinə başlanıldı.
Ancaq mürəkkəb beynəlxalq şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, eləcə də səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif məktəblər, gimnaziyalar, qız məktəbləri, kitabxanalar və xəstəxanaların açılması o dövrdə sosial-iqtisadi yönümlü islahatların həyata keçirilməsi istiqamətində atılan mühüm addım idi. Bu baxımdan Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun Cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etməsi heç şübhəsiz, elm və təhsilə göstərilən böyük diqqət idi.
Ümumiyyətlə, Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumilikdə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.
Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Çarizmdən miras qalmış inzibati-ərazi bölgüsünün əhalinin milli tərkibinə uyğun gəlməməsi Cənubi Qafqazda yeni yaranmış dövlətlər arasında meydana çıxan kəskin ərazi-sərhəd problemləri yaratdı. 1918-ci ildə Azərbaycan və Ermənistan respublikaları yaranana qədər Dağlıq Qarabağın Gəncə quberniyasından çıxmaq, yaxud müstəqil olmaq və ya İrəvan quberniyasına daxil olmaq məsələsi qaldırılmamışdı. Respublikalar yaranan kimi Ermənistanın təbliği, təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsindəki erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər.
Qarabağ ermənilərinin
1918-ci ilin iyulunda keçirilən birinci qurultayı
Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistanın
tərkibinə daxil olmaq məsələsi hələ
qaldırılmamışdı. Lakin erməni
daşnaklarının ən böyük iddiası
Qarabağı və Zəngəzuru özünə birləşdirmək
idi. Ermənistan hökuməti işğal planlarını həyata
keçirmək üçün oraya silahlı qüvvələr
yeritdi və bu da Qarabağda qanlı müharibənin
başlanmasına səbəb oldu. Azərbaycan
hökuməti Cənubi Qafqaz respublikaları arasında
bütün mübahisəli məsələləri və
ixtilafları dinc yolla həll etmək üçün
Gürcüstan və Ermənistan hökumətlərinə
üç respublika nümayəndələrinin
iştirakı ilə müşavirə keçirməyi təklif
etdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə
konfrans çağırıldı, lakin Ermənistan hökumətinin
nümayəndəsi gəlmədiyi üçün konfrans
baş tutmadı.
Tarixən Azərbaycan ərazisi olan Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərcə yaşayış məntəqəsini dağıtmış, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etmişdilər.1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk böyük cəhd edildi və demək olar ki, seperatçılıq hərəkatının başlanğıcı qoyuldu. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, erməni daşnaklarının tutduğu mövqe bu təkliflərin həyata keçməsinə maneçilik törədirdi. Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistanın bu ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan Parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə edərək, separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı.
Bu məqsədlə
Azərbaycan hökuməti Şuşa, Cəbrayıl,
Cavanşir və Zəngəzur qəzalarını Gəncə
quberniyasından ayırıb mərkəzi Şuşa şəhəri
olmaqla həmin qəzalardan ibarət Qarabağ
general-qubernatorluğu yaratdı. Həmin il fevralın 12-də Xosrov bəy Sultanov general-qubernator
təyin edildi. Azərbaycan hökuməti
ona tapşırdı ki, seperatçılıq hərəkatının
qarşısını alıb, orada qayda-qanun yaratsın və
yerli hakimiyyət təşkil etsin. Azərbaycan hökumətinin
gərgin səyi nəticəsində 1919-cu il
noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin
vasitəçiliyi ilə Azərbaycan və Ermənistan
arasında müqavilə imzalandı. İmzalanan
müqaviləyə görə toqquşmalar
dayandırılmalı, mübahisəli məsələlər,
o cümlədən də sərhəd məsələləri
danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə
pozaraq öz hücumlarını davam etdirdi.
Azərbaycan hökuməti yenə də
münaqişəni nizama salmaq və mübahisəli məsələləri
danışıqlar yolu ilə həll etmək məqsədilə
1919-cu il dekabrın 14-də Bakıda erməni-Azərbaycan
konfransının keçirilməsinin təşəbbüsçüsü
oldu. Lakin konfransın qərarları Ermənistan
nümayəndələri tərəfindən əsassız
şəkildə rədd edildi. Aparılan çox gərgin
işdən sonra Gürcüstanla münasibətlər nizama
salınsa da, Ermənistan hökumətinin ərazi
iddiaları üzündən Azərbaycan – Ermənistan
münasibətlərini normal məcraya yönəltmək
mümkün olmadı.Bütün bunlara baxmayaraq Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın
Qarabağı diplomatik və hərbi vasitələrlə ələ
keçirmək cəhdlərinin qarşısı qətiyyətlə
alındı.
Belə bir mürəkkəb
hərbi-siyasi şəraitdə Sovet Rusiyası ilə Almaniya
arasında Brest-Litovsk müqaviləsinə əlavə olaraq
avqust ayının 27-də imzalanan sənədin 14-cü maddəsi
Azərbaycana aid idi. Bu maddəyə əsasən, Almaniya
üçüncü dövlətin, yəni Osmanlı
Türkiyəsinin hərbi qüvvələrinin Bakı,
Şamaxı və Quba mahallarının müəyyən
olunmuş sərhədlərini keçməsinə kömək
etməməli idi. Bunun əvəzində isə,
Rusiya imkan daxilində Bakı əyalətində neft və
neft məhsulları çıxarılmasına şərait
yaratmalı və çıxarılan neftin dörddə biri
Almaniyaya verilməli idi. 1918-ci il
sentyabrın 15-də Qafqaz İslam ordusunun Bakını azad
etməsindən sonra sentyabr ayının 23-də Berlində
aparılan danışıqlar nəticəsində Almaniya ilə
Osmanlı Türkiyəsi arasında protokol imzalandı. Bu sənədə görə Almaniya əvvəlki
27 avqust tarixli müqavilədən imtina edir, Azərbaycanı
diplomatik cəhətdən tanıyacağını bildirir və
onun müstəqilliyinin Sovet Rusiyası tərəfindən
tanınacağına yardım göstərməyi vəd
edirdi. Lakin 1918-ci ilin payızında
alman-türk bloku birinci dünya müharibəsinin nəticələrinə
görə məğlub olduqdan sonra, Mudros
barışığına əsasən noyabr ayının
17-də müttəfiq qoşunları Bakıya daxil olmaqla Azərbaycanın
istiqlaliyyətini ciddi təhlükə qarşısında
qoydu.
Bu dövrdə Azərbaycan Xalq
Cümhuriyyətinin parlamenti və hökuməti xarici təhlükənin
qarşısını almaq üçün müstəqil
respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində
böyük iş aparırdı. Bununla əlaqədar 1918-ci il dekabrın 7-də açılmış Azərbaycan
Parlamenti Paris sülh konfransında iştirak etmək
üçün Parlamentin sədri Ə.M.Topçubaşovun
başçılığı ilə geniş səlahiyyətlərə
malik xüsusi nümayəndə heyətinin göndərilməsi
haqqında qərar qəbul etmişdi. Cümhuriyyət
dövrünün görkəmli dövlət xadimlərindən
biri olan Ə.M.Topçubaşov qarşıya çıxan
bütün çətinliklərə baxmayaraq Azərbaycan
Xalq Cümhuriyyətinin tanınması üçün
çox fədakarlıq göstərdi. Bunun nəticəsində
Azərbaycanın 1920-ci il yanvarın 11-də
müttəfiq dövlətlərin Ali Şurası tərəfindən
de-fakto tanınması haqqında qərar qəbul olundu. Azərbaycanın istiqlaliyyətinin Paris sülh
konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli
hadisə idi. Azərbaycanın müstəqilliyinin
tanınması ona olan marağı da artırdı.
Artıq Belçika, İsveçrə, Hollandiya, Çexiya
və Slovakiya, Finlandiya və digər dövlətlər
Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla
iqtisadi əlaqələrinin genişləndirməyə
başladı.
1920-ci il mart
ayının 20-də Azərbaycanla İran arasında əməkdaşlığın
bütün sahələrini əhatə edən saziş və
müqavilələr imzalanmışdı. Tərəflər
arasında imzalanan dostluq müqaviləsinə əsasən
İran Azərbaycan Respublikasını de-yure
tanıdığını bildirdi. Qısa
müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə
baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhəddə
vitse-konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri
yaradıldı. 1920-ci il aprel ayının ortalarında
Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya,
ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya,
Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər
təsis etmək haqqında qanun qəbul etdi. Bir
sıra xarici dövlətlərin nümayəndəlikləri
isə Azərbaycanda fəaliyyətə
başlamışdı.
Beləliklə, aprel
işğalı ərəfəsində Azərbaycan Xalq
Cümhuriyyəti təcridçilikdən çıxıb
geniş beynəlxalq əlaqələr sisteminə daxil
olmuşdu.
Lakin az sonra, aprelin 28-də XI Qızıl
ordunun Azərbaycanı işğalı ilə Xalq
Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq
münasibətlər sistemində müstəqil dövlət
kimi iştirakını dayandırdı. Lakin
1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu
qarışıqlıqlar içərisində itirilmiş
milli dövlətçiliyin XX əsrin sonunda yenidən bərpası
xalqımızın milli-azadlıq ruhunun hər zaman
yaşadığından xəbər verir. Belə ki, 26
il əvvəl, yəni 1991-ci il
oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul
olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin
başlanğıcına qədəm qoydu.
SSRİ-nin süqutu ilə
yaranan əlverişli tarixi şərait və milli-azadlıq
mübarizəsi nəticəsində xalqımız XX
yüzillikdə artıq ikinci dəfə öz dövlət
müstəqilliyini elan etmişdir. Lakin əsrin sonunda
öz istiqlaliyyətini bütün dünyaya bəyan edən
Azərbaycan dövləti öz suveren hüquqlarını
reallaşdırmaq üçün ciddi maneələrlə
qarşılaşdı. Heç
şübhəsiz ki, bu, ilk növbədə Ermənistanın
ölkəmizə qarşı əsassız ərazi
iddiaları və hərbi təcavüzü ilə
bağlı idi.
Yalnız 1993-cü ilin ikinci
yarısından ümummilli lider Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil
dövlətçilik ideyalarının bərqərar
olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici
siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin
qorunmasına yönəlmiş əməli dəyişikliklər
edildi. Bu dövrdən başlayaraq həyata
keçirilən xarici siyasətimiz məhz ümummilli liderin
adı və fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə
əsaslandıraraq dövlətimizin yeni xarici siyasət
kursunun əsas istiqamətlərini müəyyənləşdirən
Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət
xəttində ilk növbədə bir sıra ən
mühüm və təxirəsalınmaz vəzifələrin
yerinə yetirilməsi qarşıya qoyulmuşdu.
Ümummilli lider çox
bacarıqlı, son dərəcə təcrübəli
dövlət başçısı və yetkin siyasi xadim kimi
bu çətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə və
böyük ustalıqla gəlmək bacarığı
nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə
dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və
çoxtərəfli siyasi münasibətlərin genişlənməsi
istiqamətində atılan addımlar mühüm əhəmiyyət
kəsb edir.
1993-2003-cü illər
ölkəmiz üçün həlledici olmuş, məhz həmin
illərdə dövlətçiliyimizin möhkəm təməli
qoyulmuşdur.
O illərdə Azərbaycanın istər daxili, istərsə
də xarici siyasətlə bağlı strateji xətti müəyyən
edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycan beynəlxalq təşkilatlara üzv
olmaqla yanaşı, onların işlərində müntəzəm,
eləcə də fəal surətdə iştirak etməklə
səmərəli əməkdaşlıq ölkəmizin
problemlərini dünya ictimaiyyətinə çatdırmaq
üçün mühüm əhəmiyyət kəsb
etmişdir.
Həmin illərdə
çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı
prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana
böyük həcmdə investisiyaların cəlb olunması
geniş vüsət almışdır. Müstəqil
Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul
edilmiş, siyasi sistem möhkəmləndirilmiş və
ölkəmizin uğurlu inkişafı üçün
möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş
işlər hazırda ölkəmizin uğurlu
inkişafını şərtləndirmiş, o dövrdə
başlanmış layihələr bu gün çox uğurla
davam etdirilir.
2003-cü ildən keçən son
on dörd il ərzində isə, Azərbaycan
xalqı və dövləti sözün əsl mənasında
sürətli inkişaf dövrünü yaşamış,
problemlərin böyük hissəsi öz həllini
tapmış, istənilən istiqamət üzrə konkret
proqramlar icra edilmişdir. Ötən illərdə
dünyada baş verən qlobal böhran fonunda Azərbaycan
iqtisadiyyatının davamlı inkişafı, bütün
sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər
üzərində qurulmasının əyani göstəricisidir.
Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu
seçən Azərbaycanın qazandığı nailiyyətləri
şərtləndirən mühüm faktorlardan biri də enerji,
ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi,
iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə
davamlı inkişaf strategiyası uğurla həyata
keçirilməkdədir.
Ölkənin qeyri-neft
sektorunda müşahidə olunan dinamizm də iqtisadiyyatın
diversifikasiyası ilə bağlı həyata keçirilən
siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə
Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta
ehtiyatlarını səmərəli şəkildə xərcləməklə,
iqtisadiyyatın bütün sektorlarının dinamik
inkişafı üçün əlverişli baza yaratmağa
nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək
strateji bölməyə çevrilmişdir. Dünyanın aparıcı iqtisadi və maliyyə
qurumları hazırda Azərbaycanın uğurlarını
qeyd edir, bütün hesabatlarda biz öncül mövqelərdə
dururuq. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik
Hesabatı”nda ölkəmiz artıq dünyada 37-ci, MDB məkanında
isə 1-ci yerdədir. Gənc müstəqil
dövlət üçün bu, çox böyük nailiyyətdir
və Azərbaycan iqtisadiyyatının çoxşaxəli
şəkildə inkişaf etdiyini göstərir.
2014-cü il
sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci
ildönümünü qeyd edildi. Simvolik
haldır ki, məhz həmin gün “Cənub” qaz dəhlizinin
təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi
Avropanın ən böyük infrastruktur layihəsidir və
bu nəhəng transmilli layihənin icrasında ölkəmiz
öz liderlik keyfiyyətlərini bir daha nümayiş
etdirmişdir. Məhz Azərbaycanın
uzun illər ərzində apardığı enerji siyasəti
nəticəsində, qətiyyətli siyasət nəticəsində
bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan
üçün nadir və əvəzolunmaz layihələrdir
və uzun illər, onilliklər bundan sonra milli
maraqlarımızı, iqtisadi və siyasi
maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində
olduğu kimi, bu layihələrdə də liderliyi öz
üzərinə götürmüşdür.
Regionun siyasi, iqtisadi və
humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm
də beynəlxalq münasibətlər sistemində öz
layiqli yerini tutmuş, güclü dövlət və
etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri
artıq qlobal məsələlərin müzakirə
olunduğu, qitə və dünya miqyaslı tədbirlərə
ev sahibliyi edən humanitar məkan kimi
tanınır. Azərbaycan artıq
sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi,
humanitar və digər sahələrdə qlobal məsələlərin
müzakirə olunduğu mərkəzə
çevrilmişdir. 2011-ci, 2013-cü, 2015,
eləcə də 2017-ci ildə 4 dəfə Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumları yüksək
səviyyədə təşkil olunmuş və bu sahədə
Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər
regional müstəvidən çıxararaq qlobal səviyyəyə
qaldırılmışdır.
Azərbaycan artıq Cənubi
Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin
geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata
keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan
regionda sülhün və təhlükəsizliyin təmin
olunması üçün dayaq nöqtəsi, ən perspektivli
tərəfdaş hesab edilir. Artıq
ölkəmiz bütün regional məsələlərdə
əsas iştirakçıdır və dövlət
başçısı cənab İlham Əliyev qeyd etdiyi
kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə
Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.
Əsası ümummilli lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir. Bütün yuxarıda göstərilənlər önu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru, siyasi elmlər doktoru
Xalq qəzeti.-
2017.- 3 iyun.- S.9.