Azərbaycan xalçaları
Belqradda sərgilənir
Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Serbiyanın paytaxtı Belqradda “Əvəzolunmayan
dəyərlər” adlı
sərgi açılıb.
Belqrad Etnoqrafiya Muzeyində gerçəkləşən sərgi
Azərbaycan Xalça
Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində
beşillik əməkdaşlıq
memorandumuna əsasən
reallaşıb.
Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
dosenti, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Şirin Məlikova, sərginin dizayneri isə tanınmış avstriyalı
memar Kristian Şturmingerdir.
Azərbaycan Xalça
Muzeyindən AZƏRTAC-a bildirilib
ki, açılış
mərasimində Serbiyanın
Mədəniyyət və
İnformasiya Nazirliyinin,
digər dövlət
qurumlarının, Serbiya
ictimaiyyətinin və
diplomatik korpusun nümayəndələri, Belqradda
fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
Mərkəzinin, Serbiya-Azərbaycan
Ticarət Palatasının
və Serbiya-Azərbaycan
Dostluq Cəmiyyətinin
rəhbərliyi və
üzvləri, Serbiyada
yaşayan, çalışan
və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri
iştirak ediblər.
Sərginin açılışında
Belqrad Etnoqrafiya Muzeyinin direktoru xanım Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycanın
Serbiyadakı Mədəniyyət
Mərkəzinin direktoru
Zərifə Əlizadə
və digərləri
çıxış edərək
xalçaların yer aldığı sərginin
əhəmiyyətindən danışıblar.
Serbiyanın “Pirot” kilimlərinin ötən il Bakıda,
Azərbaycanın xalça
muzeyinin eksponatlarının
isə bu il Belqradda nümayiş
etdirilməsinin qarşılıqlı
əməkdaşlığa töhfə olduğunu deyən natiqlər, eyni zamanda, belə
sərgilərin xalqlarımızın
yaxınlaşmasına xidmət
etdiyini bildiriblər.
47 ədəd eksponatın
nümayiş edildiyi sərgidə XIX-XX əsrlərə
aid xovsuz və xovlu xalçalar, xalça məmulatları,
görkəmli xalçaçı-rəssam,
xalça elminin və Azərbaycan Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllif xalçaları, habelə
XIX əsrə aid misgərlik,
bədii tikmə və milli geyim
nümunələri də
təqdim olunur. Üç vitrin üzrə nümayiş olunan xalçaların əhalinin
müxtəlif təbəqələrinin
həyatındakı gündəlik
rolu və mənəvi estetik aspekti tərənnüm edilir.
Sərgi çərçivəsində
Azərbaycanın Serbiyadakı
səfirliyinin və Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə serb
və azərbaycanlı
musiqiçilərin iştirakı
ilə konsert proqramı da təşkil edilib.
İyulun 1-dək davam
edəcək sərginin
açılış mərasimi
və zəngin mədəniyyətimizin incisi
sayılan qədim xalça nümunələrimiz
serb ictimaiyyəti
tərəfindən böyük
maraqla qarşılanıb.
Xalq qəzeti.-
2017.-4 iyun.- S.3.