Ölkəmizin aparıcı media nümayəndələri OrdubadŞahbuz rayonlarında olublar

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkəmizin aparıcı media nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri iyunun 2-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasında olublar. Burada qonaqlara eksponatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daşqaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.

Akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyi ilə tanışlıq da media nümayəndələrində böyük maraq doğurub. Qeyd olunub ki, alimin ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il fevralın 28-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, görkəmli alimin Ordubaddakı ev-muzeyində yenidənqurma işləri aparılıb. Muzeyin ikimərtəbəli binası ekspozisiya zalı, fond otaqlarından ibarətdir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2 mindən çox eksponat saxlanılır. Bu eksponatlardan 370-dən çoxu ekspozisiyada nümayiş olunur.    

Görkəmli pedaqoq, maarifçişair Məhəmməd Tağı Sidqinin ev-muzeyində olan qonaqlara məlumat verilib ki, burada onun əlyazmaları, məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər qorunur.

Media nümayəndələri Məmməd Səid Ordubadinin ev-muzeyinə də gəliblər. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb. Bu gün muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat saxlanılır.

Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi ilə tanışlıq da yaddaqalan olub.

Qonaqların Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlığı isə buradakı muzeydən başlayıb. Məlumat verilib ki, muzeydə qoruq ərazisindəki florafaunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2 min 899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazidə yayılmasına imkan verib. Qoruğun ərazisi geoloji cəhətdən Tabaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nivalallüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb. Azərbaycan Respublikasında qeydə alınmış 360-dan çox quş növündən Şahbuz dövlət təbiət qoruğunun ərazisində Avropa tüvüyü, oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hops. məskunlaşıb. Qoruğun ərazisində qonur ayı, porsuqvaşaqa da rast gəlinir.

Batabat gölünə gələn qonaqlar Zor bulaqdan su içib, göldəki Üzən adaya maraqla baxıblar.

Sonra media nümayəndələri Ağbulaq İstirahət Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Ölkəmizin aparıcı media nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfəri iyunun 2-də başa çatıb.

 

Xalq qəzeti.- 2017.-4 iyun.- S.4.