Su təchizatı
layihələri uğurla həyata keçirilir
5 iyun su təsərrüfatı
və meliorasiya işçilərinin peşə bayramı
günüdür
Son illər Azərbaycanda uğurlu
sosial siyasət həyata keçirilir, ölkə əhalisinin
həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində
mühüm dövlət proqramları icra olunur. Bütün
bu tədbirlər kommunal sektorun vacib sahələrindən
sayılan su təchizatı və kanalizasiya sektorundan da yan
keçməmiş, bu istiqamətdə iri infrastruktur layihələri
icra edilmişdir. Dövlətin
birbaşa qayğı və diqqəti nəticəsində
paytaxt Bakıda və regionlarda reallaşdırılan həmin
layihələr ölkə əhalisinin keyfiyyətli içməli
su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin
yaxşılaşmasına səbəb olmuşdur. Təkcə
onu qeyd etmək kifayətdir ki, görülmüş işlər
nəticəsində mərkəzləşdirilmiş qaydada
içməli su ilə təmin olunan əhalinin sayı
iki dəfədən çox
artaraq 4 milyon 500 min nəfəri keçmişdir. Hazırda
ölkə üzrə xidmət göstərilən əhalinin
65,9 faizi, Bakı şəhərində isə 80,8 faizi fasiləsiz
rejimdə içməli su ilə təmin edilir.
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı
ilə iyun ayının 5-i ölkəmizdə su təsərrüfatı
və meliorasiya işçilərinin peşə bayramı
günü təsis edilmişdir. Su təsərrüfatı
işçiləri artıq 4-cü ildir ki, peşə
bayramlarını böyük ruh yüksəkliyi, uğurlu
göstəricilərlə qeyd edirlər.
İstehlakçıların mərkəzləşdirilmiş
qaydada içməli su ilə təchiz edilməsində və
onların kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılmasında “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin kollektivinin böyük əməyi
vardır.
Ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda
böyük su təsərrüfatı infrastrukturu yaradılıb
Tarix boyu insanların suya olan tələbatının
ödənilməsinə yönəlmiş hər bir iş
savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik,
sağlamlıq, səadət gətirdiyini xatırladan
böyük dövlət xadimi, xalqımızın
ümummilli lideri Heydər Əliyevin “Su verən, bulaq yaradan,
çay açan hər bir insan həmişə xalqın,
millətin, insanların məhəbbətini qazanır” fikirləri
su təsərrüfatı işçilərinin əməyinə
verilən ən böyük qiymətdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Su
sağlamlıq deməkdir. Təmiz içməli su
insanın sağlamlığına verilən ən
böyük töhfədir” sözləri də insan amilinə
verilən önəmin təcəssümüdür.
Məhdud şirin su ehtiyatlarına
malik Azərbaycanda əhalinin içməli su təminatı
həmişə aktual olub. Abşeron yarımadasında
içməli su problemini həll etmək üçün bir
əsr əvvəl Şollar-Bakı Su Qurğuları Kompleksi
tikilib. Sonralar İkinci Bakı su kəməri, Ceyranbatan Sutəmizləyici
Qurğular Kompleksi istismara verilib, Bakı şəhərində
paylayıcı şəbəkə və digər zəruri
infrastrukturlar yaradılıb. 1970-ci ildə böyük
dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Kür su kəmərləri
sistemi işə salınıb və Abşeron
yarımadasının su təminatında uzunmüddətli
sabitlik təmin olunub.
Bakı şəhərinin
tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük
kanalizasiya” layihəsinin reallaşdırılması da
1970-80-ci illərə təsadüf edir. Ulu öndərin
birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın
ən böyük tullantı
sutəmizləyici qurğusu olan Hövsan Aerasiya
Stansiyası, həmçinin bu gün də paytaxtda tullantı
sularının kənarlaşdırmasında arteriya rolunu
oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və
“Sahil” kollektorları inşa edilib.
Azərbaycanın əksər rayon
mərkəzlərində mərkəzləşdirilmiş
içməli su və kanalizasiya şəbəkələri
də ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illərdə yaradılıb. 1970-80-ci illərdə ulu
öndərin təşəbbüsü və rəhbərliyi
ilə bölgələrdə yeni su mənbələri
yaradılıb, sugötürücü və sutəmizləyici
qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər
və paylayıcı şəbəkələr tikilib.
Ulu öndər 1993-cü ildə
hakimiyyətə qayıtdıqdan sonra bu sahəni yenə də
diqqət mərkəzində saxlayıb. Azərbaycanda
ictimai-siyasi sabitlik təmin edildikdən sonra beynəlxalq maliyyə
qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı
danışıqlara başlanılıb və “Böyük
Bakının su təchizatı sisteminin yenidən qurulması
layihəsi” üçün güzəştli şərtlərlə
88,7 milyon dollar kredit alınıb. Bu vəsait hesabına
Kür və Ceyranbatan sutəmizləyici qurğuları,
paytaxt Bakıda mərkəzi və məhəllədaxili
nasos stansiyaları yenidən qurulub. Bununla da əhalinin keyfiyyətli
və dayanıqlı su təchizatına nail olunub.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə su təsərrüfatı sektorunda köklü islahatlar
aparılıb
2003-cü ilin oktyabrında
İlham Əliyevin Prezident seçilməsi ilə ölkəmizin
həyatında yeni inkişaf mərhələsi
başlanıb. Ulu öndərin müəllifi olduğu
sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilib. Əhalinin içməli
su təchizatının və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması məqsədilə
bu sektorda struktur islahatları aparılıb. 2004-cü ilin
iyununda su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə vahid qurum--“Azərsu” Açıq Səhmdar
Cəmiyyəti yaradılıb.
Bakı şəhəri və
Abşeron yarımadasının içməli su təchizatında
müstəsna əhəmiyyət daşıyan və ideya
müəllifi ulu öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı
su kəməri Prezident İlham Əliyevin rəhbərliyi ilə
2010-cu ildə istismara verilib. Məhz bu kəmərin, eləcə
də digər mənbələrin imkanlarından istifadə
olunmaqla hazırda Bakı şəhərində xidmət
göstərilən əhalinin 80 faizindən çoxu fasiləsiz
içməli su ilə təmin edilir.
Abşeron yarımadasında su təchizatı
və kanalizasiya sektorunda görüləcək işlərin
və dövlət proqramlarının icrasının səmərəliliyini
artırmaq məqsədilə 2035-ci ilədək perspektiv
inkişaf nəzərə alınmaqla su təchizatı,
kanalizasiya sistemləri və yağış sularının
idarə olunması üçün Master Plan
hazırlanıb. 18 bölmədən ibarət sənədə
uyğun olaraq 550 kilometr magistral,
8100 kilometr paylayıcı su xətlərinin, həcmi 1
milyon 150 min kubmetr olan su anbarlarının, 150 kilometri tunel
tipli olmaqla 680 kilometr kanalizasiya kollektorlarının, 6400
kilometr kanalizasiya şəbəkəsinin, 900 kilometr
yağış kollektorlarının inşası, eləcə
də məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan
11 ədəd çirkab sutəmizləyici qurğunun
tikintisi və yenidən
qurulması layihələndirilib.
Sənədin su təchizatı
bölməsinin ən böyük layihəsi olan Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2015-ci
ildə istismara verilib. Yeni kompleksdə ultrasüzgəc
texnologiyasına əsaslanmaqla
heç bir kimyəvi təmizlənmə aparılmadan
qapalı və avtomatik rejimdə təmizlənən suyun
keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının
standartlarına tam cavab verir. Yeri gəlmişkən, məhsuldarlığı
saniyədə 6,6 kubmetr təşkil edən kompleks Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən
önəmli layihələrindən biri seçilib.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksi, 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə
magistral su kəməri, eləcə də kəmərin
marşrutu boyu yerləşən anbar kompleksləri
istehlakçıların dayanıqlı su təchizatı
üçün yeni imkanlar açıb. Yeni
yaradılmış infrastruktur hesabına Türkan, Zirə,
Pirallahı qəsəbələrinə
ilk dəfə mərkəzləşmiş qaydada içməli
suyun verilməsi təmin edilib.
Bakı şəhəri və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət
proqramlarına uyğun olaraq 51 qəsəbədə
infrastrukturların yaradılması və yenidən
qurulması işləri görülüb. Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyinin qrantı hesabına icra edilmiş layihə çərçivəsində
Kürdəxanı qəsəbəsində yeni su təchizatı
sistemləri yaradılıb və 14 mindən artıq sakin
fasiləsiz rejimdə içməli su ilə təmin
olunub. Səudiyyə
İnkişaf Fondu ilə birgə maliyyələşdirilən
layihə çərçivəsində isə Badamdar qəsəbəsinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması işləri davam etdirilir.
2013-cü ildə çoxmənzilli
yaşayış binalarının daxili kommunikasiya sistemləri “Azərsu” ASC-nin balansına
verildikdən sonra 1600-dən artıq binanın
paylayıcı su şəbəkəsi yenidən qurulub, 1700-dək binanın zirzəmisində
kanalizasiya xətləri təmir olunub və bu istiqamətdə
işlər davam etdirilir.
Abşeron yarımadasında
kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də
mühüm tədbirlər həyata keçirilir. Ötən
müddətdə innovativ texnologiyalardan istifadə edilməklə
Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan,
Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ
tunel tipli kanalizasiya kollektorlarının tikintisinə
başlanılıb. 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan
kollektorunun istismara verilməsi ilə Bayraq meydanından
Lökbatan dairəsinə qədər ərazidə Xəzər
dənizinə axıdılan tullantı sularının
qarşısı tam alınıb.
Prezident İlham Əliyevin sərəncamı
ilə Bakı şəhərində
yağış-kanalizasiya sisteminin, şəhərin ekoloji və
sanitar vəziyyətinin yaxşılaşdırılması
məqsədilə 13 layihənin reallaşdırılması
üçün 14,7 milyon manat vəsait ayrılıb və
artıq bu istiqamətdə
işlərə başlanılıb.
İçməli
su və kanalizasiya infrastrukturlarının yenidən
qurulması regionların inkişafına töhfələr
verir
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarına uyğun olaraq bölgələrdə su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası
uğurla davam etdirilir. 2017-ci ildə Daşkəsən, Gədəbəy,
Ağdaş, Şamaxı, Qobustan, Xaçmaz şəhərlərində
su təchizatı və kanalizasiya sistemlərinin inşası
başa çatdırılacaq. Eyni zamanda, Qazax və
Xırdalan şəhərlərində yeni layihələrin,
10 şəhərdə isə tullantı sutəmizləyici
qurğuların inşasına başlanılması nəzərdə
tutulur.
2012-ci ildə Prezident İlham
Əliyev tərəfindən təməli qoyulan
Şirvan-Muğan kəmərinin 107 kilometr uzunluğunda
Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə
tikilərək istismara verilib. İlkin mərhələdə
Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərinə
bu mənbədən suyun verilməsi təmin olunub. Kür sutəmizləyici
qurğular kompleksindən Saatlı şəhərinə qədər
çəkilmiş 62 kilometr uzunluğunda magistral su kəməri
isə hazırda Sabirabad və Saatlı şəhərlərini
fasiləsiz və keyfiyyətli içməli su ilə təmin
edir. Mərkəzi Aran bölgəsinin yaşayış məntəqələrini
içməli su ilə təmin etmək məqsədilə
Girdmançayın yatağında Külüllü suqəbuledici qurğuları
tikilib, buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə
ümumi uzunluğu 181 kilometr olan 4 magistral su kəməri
çəkilib. Hazırda rayon mərkəzləri və bəzi
kəndlər yeni mənbənin suyundan istifadə edir.
Şəmkirçay su anbarının istismara verilməsi
içməli su təchizatı baxımından mühüm əhəmiyyət
kəsb edir. Mənbədən Şəmkir şəhərinə
16,5 kilometr, Gəncə şəhərinə isə 24,5 kilometr uzunluğunda
magistral kəmərlər çəkilib. Gəncə şəhərini
içməli su ilə təmin edən digər mənbələrdə--Qızılqaya
və Göygöldə yeni suqəbuledici qurğular inşa
olunub və şəhərə
suyun verilişi təmin edilib.
Ötən müddətdə
istismara verilmiş Xanbulançay, Mingəçevir və Quba
sutəmizləyici qurğuları Lənkəran, Astara, Mingəçevir, Yevlax və
Quba şəhərlərinin, həmçinin 50-dən
artıq kənd və qəsəbənin içməli su təchizatının
yaxşılaşması baxımından mühüm əhəmiyyət
daşıyır.
Bütövlükdə isə son
illər su qıtlığı müşahidə olunan 350-dək
kənd və qəsəbədə,
xüsusilə cəbhəyanı ərazilərdə, məcburi
köçkün şəhərciklərində həyata
keçirilən layihələrdən 360 mindən çox
insan faydalanıb.
Heydər Əliyev Fondunun “Regional
İnkişaf” İctimai Birliyinə
və “Azərsu” ASC-yə bölgələrdən daxil
olmuş müraciətlər əsasında 5 rayonun 13 kəndində
icra olunmuş layihələr çərçivəsində
10 min nəfərin içməli su təchizatı
yaxşılaşdırılıb.
Prezident İlham Əliyevin 17 mart
2017-ci il tarixli sərəncamına əsasən 22 rayonun 267
min nəfərdən çox əhalisi olan 170
yaşayış məntəqəsinin içməli su təchizatının
yaxşılaşdırılması istiqamətində layihələrin
icrasına başlanılıb.
Dövlət
başçısının ərzaq
təhlükəsizliyinin və ixrac potensialının
artırılmasının təmin edilməsi barədə
tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC Zərdab,
Hacıqabul və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması məqsədilə layihələrin
icrasını uğurla davam etdirilir. Zərdab rayonunda 10 min
hektar sahənin suvarılması məqsədilə Kür
çayı sahilində məhsuldarlığı saniyədə
3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası
tikilib, enerji təchizatı sistemləri yaradılıb, 15
kilometr uzunluğunda magistral su xətti çəkilib və əkin
sahələrinə suyun verilməsinə başlanılıb.
Padarçöl ərazisində 10 min hektar sahənin
suvarılması layihəsi çərçivəsində
Kür sutəmizləyici qurğularından 27 kilometr
uzunluğunda magistral kəmərin və digər
infrastrukturların inşası
davam etdirilir. Bütövlükdə isə “Azərsu”
ASC-nin 13 illik fəaliyyəti dövründə 7500 kilometr
magistral və paylayıcı su xətti, 2800 kilometr kanalizasiya
kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 221 su
anbarı, 110 su və kanalizasiya-nasos stansiyası tikilib, 292
artezian və subartezian quyusu qazılıb.
Azərbaycan Respublikasında
kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində
əhalinin içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması üzrə
strateji hədəflər və fəaliyyət istiqamətləri
müəyyən olunub. Strateji Yol Xəritəsində
göstərilmiş tədbirlərin icrası nəticəsində
xidmət səviyyəsi daha da yüksələcək, su
itkiləri minimuma endiriləcək, ekoloji sabitliyin təmin
olunması üçün əlavə
tədbirlər görüləcək.
Keyfiyyətli
xidmət yeni texnologiyaların tətbiqini zəruri edir
İstehlakçılara verilən
suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi
və daim nəzarətdə saxlanılması məqsədilə
“Azərsu” ASC-nin nəzdində yeni mərkəzi laboratoriya
yaradılıb. Beynəlxalq akkreditasiyadan keçən
laboratoriyada içməli suyun 51, tullantı sularının
isə 46 parametri üzrə təhlillər və analizlər
aparılır. Buradakı səyyar laboratoriyalar istənilən
ərazidə və şəraitdə analizlərin
aparılmasına, su mənbələrinin ilkin tədqiqinə
imkan verir.
İnfrastruktur obyektlərinin və
paylayıcı şəbəkələrin yenidən qurulması
layihələri çərçivəsində yaradılan
SCADA sistemləri infrastrukturun vahid mərkəzdən idarə
olunmasını təmin edir. Yeni yaradılmış
AzersuCİS layihəsi isə
bütün şəbəkə infrastrukturlarının rəqəmsal
xəritələrə köçürülməsinə
hesablanıb. İndiyə qədər
bu sistemə 16400 kilometr su, 6600 kilometr kanalizasiya və
yağış suları xətti, 70 minə qədər
qurğu və avadanlıq,
unikal kod verilmiş 400 mindən çox bina və tikili
haqqında məlumatlar daxil edilib. AzersuCİS 2012-ci ildə nüfuzlu
Bentley müsabiqəsinin, 2013-cü ildə isə Beynəlxalq
Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi elan edilib.
İstehlakçılara göstərilən
müştəri xidmətlərinin
asanlaşdırılması, bu sahədə şəffaflığın
və operativliyin təmin edilməsi məqsədilə 8
elektron xidmət istifadəyə verilib. Eyni zamanda, “Asan xidmət” və
“Asan kommunal” mərkəzlərində bütün növ xidmətlərin
göstərilməsi təmin edilib. 2014-cü ildən indiyədək
bu mərkəzlərdə vətəndaşlar tərəfindən
edilmiş 70 mindən artıq müraciət operativ qaydada həllini
tapıb.
Kadr
potensialının gücləndirilməsi, təlim-tədris
işinin günün tələbləri səviyyəsində
qurulması məqsədilə “Azərsu” ASC-nin Təlim-Tədris
Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə beynəlxalq və
regional təlimlərin keçirilməsi üçün hər
cür şərait yaradılıb. “Azərsu” ASC-nin Təhsil
Nazirliyi, Milli Elmlər Akademiyası, Bakı Dövlət
Universiteti, Memarlıq və
İnşaat Universitetləri, eləcə də Fransanın
Suez Environnement şirkəti ilə əməkdaşlığı
kadr potensialının gücləndirilməsinə töhfələr
verməkdədir. Təcrübə mübadiləsinin
genişləndirilməsi məqsədi ilə mütəxəssislər
hər il müxtəlif ölkələrə təlim, treninq
və təcrübə kurslarına göndərilir.
Fəaliyyətində ekoloji layihələrin
icrasına önəm verən “Azərsu” ASC tərəfindən
445 hektar yaşıllıq sahəsi yaradılıb, 175 minə
qədər müxtəlif
növdə ağac və kol bitkiləri, 530 minədək
mövsümi gül əkilib.
Ekoloji fəaliyyət çərçivəsində
Yasamal rayonunda yerləşən
mərkəzi su anbarının ərazisində 6
hektardan artıq sahədə müasir park yaradılıb.
“Azərsu”
ASC beynəlxalq əlaqələrini genişləndirir
“Azərsu” ASC ölkə daxilində
və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq
əhəmiyyətli tədbirlərin fəal
iştirakçısına çevrilib. Ötən müddətdə
dünyanın su sahəsində ən mötəbər
qurumlarından sayılan Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının
üzvlüyünə qəbul edilən “Azərsu” ASC hazırda bu təşkilatlarda fəal
təmsil olunur.
14-18 mart 2017-ci il tarixlərində
Bakı şəhərində “Su nəinki həyat mənbəyidir,
hətta həyatın özüdür” devizi altında keçirilmiş
1-ci Bakı beynəlxalq su həftəsi mühüm hadisə kimi tarixə
düşüb. Bu tədbir qlobal miqyasda əsas
çağırışlardan sayılan insanların keyfiyyətli
və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi,
su çatışmazlığı ilə bağlı təhdidlərin
aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin,
iqlim dəyişiklikləri və quraqlıq kimi məsələlərin
ətraflı və çoxşaxəli müzakirəsi,
çıxış yollarının müəyyənləşdirilməsi
baxımından böyük əhəmiyyət kəsb edib.
Dünyada 7-ci dəfə keçirilən su həftəsi
çərçivəsində “Şollar-Bakı Su
Qurğular Kompleksi”nin 100 illik yubileyinə həsr olunmuş
beynəlxalq elmi-praktik konfrans, Dünya Su Şurasının
İdarə Heyətinin 61-ci toplantısı, 8-ci Dünya Su
Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü
iclası keçirilib. Bu tədbirlərdə 37 ölkədən
200-dən çox qonaq iştirak edib. Həftə çərçivəsində
xarici qonaqların Şollar su mənbəyinə, Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə,
Taxtakörpü su anbarına,
Heydər Əliyev Mərkəzinə səfərləri
təşkil olunub. Beynəlxalq su həftəsinin yekununda
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular
Kompleksi ərazisində ağacəkmə aksiyası
keçirilib. 1-ci Bakı beynəlxalq su həftəsinin
yekununda Bakı Bəyannaməsi qəbul edilib. Bu sənəd ətraf mühit, ekologiya, təmiz
su və sanitariya sahələrinin qorunması istiqamətində
qlobal səviyyədə birgə səylərə səsləyən
bir çağırışdır.
Prezident İlham Əliyevin su həftəsi
ərəfəsində imzaladığı sərəncamlarla
cəmiyyətin bir əməkdaşı Azərbaycan
Respublikası Prezidentinin fərdi
təqaüdünə, üç əməkdaşı
“Əməkdar mühəndis” adına layiq görülüb,
12 nəfər isə “Tərəqqi” medalı ilə
mükafatlandırılıb.
Yeri gəlmişkən, dövlət
başçısı su təsərrüfatı
işçilərinin əməyini hər zaman yüksək
qiymətləndirib. “Azərsu” ASC-nin əməkdaşlarının
fəxri ad və medallarla təltif olunması, icrasına
başlanan və istismara verilən bir çox layihələrin
təməlqoyma və
açılış mərasimlərində Prezident
İlham Əliyevin şəxsən
iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla
iyun ayının 5-nin “Su təsərrüfatı və
meliorasiya işçiləri günü” peşə
bayramının təsis edilməsi bunun bariz nümunəsidir.
Son illər əksər şəhər
və rayon mərkəzləri, həmçinin içməli
sudan əziyyət çəkən kənd və qəsəbələrdə
həyata keçirilən su-kanalizasiya layihələri
müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının
sağlamlığı və sosial rifahının yüksəldilməsinə
hesablanmış uğurlu siyasətinin əsas istiqamətini
təşkil edir. Bu layihələr ölkə rəhbərliyi
tərəfindən həyata keçirilən sosial-iqtisadi
siyasətə böyük töhfələr verir.
Mirbağır
YAQUBZADƏ,
Xalq qəzeti.-
2017.-4 iyun.- S.5.