Çimərlik turizmi: yeni hədəflər müəyyənləşdirilir

 

Azərbaycanda turizmin müxtəlif növləri  inkişaf etdirilməkdədir. İnsanları daha çox maraqlandıran turizm istiqamətlərindən biri də çimərlik turizmidir. Çünki bu turizm növü həm istirahət vəd edir, həm də sağlamlıq. Heç təsadüfi  deyil ki, ötən il Prezident İlham Əliyevin turizmin inkişafına dair  əlavə tədbirlər haqqında  sərəncamında  bu  sahənin inkişafına  xüsusi  diqqət yetirilmiş, bu yaxınlarda isə, ölkə  başçısı  “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nı təsdiq etmişdir.

Sərəncam Xəzər dənizinin  Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə imzalanıb. Tədbirlər planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, təhlükəsizlik, ətraf mühitin mühafizəsi tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb.

Ötən ildən başlayaraq ölkəmizə turist axınının artması bu istiqamətdə daha çox işlər görülməsinin vacibliyini ortaya qoydu. Dənizə çıxışı olan ölkə kimi bu potensialdan bəhrələnməklə daha çox gəlir əldə etmək mümkündür.

Təsdiq olunan sənəd bu sahənin inkişafına kompleks yanaşmağı tələb edir. Çimərlik turizmi ənənəsi bizdə sovet dövründən formalaşıb. Xüsusilə 70-80-ci illərdə Xəzər dənizinin qərb sahillərində böyük turizm infrastrukturunun qurulması ilə bağlı böyük bir plan da hazırlanmışdı. O planın mühüm tərkib hissələrindən biri də Siyəzəndən Yalamaya, Rusiya sərhədinə qədər olan hissədə çimərlik turizm kompleksinin yaradılması idi. Əfsuslar olsun ki, o vaxt bu plan reallaşdırılmadı.

Tədbirlər planında  həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm çimərlik infrastrukturunun yaradılması, həm də çimərlik turizmini həyata keçirən operatorların, özəl sahibkarların fəaliyyətinə dəstək, onların özünüidarəetmə qurumu olan assosiasiyanın yaradılması, ətraf mühitin qorunması ilə bağlı xüsusilə, mövsüm vaxtı tullantıların idarə olunması, təhlükəsizlik tədbirləri, bu sahədəki marketinq işləri öz əksini tapmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun  sözlərinə  görə bu sərəncam Xəzərsahili regionlarımızla məhdudlaşmır.

 Sərəncam 4 ili əhatə edir. Bu müddət ərzində ölkəmizdə çimərlik turizminin imkanlarının inkişaf etdirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Azərbaycanda həm Bakı və Abşeron yarımadasında, həm də Xəzər dənizi sahilində olan regionlarda çimərlik turizminin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Amma bu sərəncam Xəzər dənizi sahillərindən əlavə ölkə ərazisində olan müxtəlif göllər, çaylar və insanların istirahəti üçün imkanlar olan su anbarlarını da əhatə edir. Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə müxtəlif fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Məqsəd müvafiq standartlara uyğun, ekoloji cəhətdən təmiz çimərlik imkanlarının həm ölkə vətəndaşlarına, həm də xarici turistlərə təqdim olunmasından ibarətdir.

"Luna Travelturizm agentliyinin direktoru  Rəhman Quliyevin  sözlərinə  görə insanları çimərlik turizminə cəlb etmək üçün dəniz kənarında  beşulduzlu otellərlə yanaşı, aşağı büdcəli otellərin olması da lazımdır: "Gələn turistə heçbeşulduzlu otel lazım deyil, onlar yeməyə gəlmirlər. Aşağı büdcəli insanların qala biləcəyi otellərin inşa olunması vacibdir. Antalyada dəniz qırağında bütün kateqoriyaya aid otellər var. Dəniz kənarından ikiulduzlu oteli çıxarıb, yerində  beşulduzlu otel tikməyin mənası yoxdur. Antalyada Belek bölgəsində az ulduzlu otel qalmayıb, hamısı beşulduzludur. Amma əvvəl hamı orada istirahət edirdi, indi ora çox adam girə bilmir. Azərbaycanı da o səviyyəyə gətirmək olmaz. Bizə hazırda kütləvi turist axınının olması lazımdır. Ona görə elə təşkil etməliyik ki, turistlər qaçmasınlar. Hətta pulsuz çimərliklər də olsun. Pulsuz olmasa belə, cüzi ödənişli olsun”.

Azərbaycanın hədəfi yaxın 5 ildə dünya ölkələri arasında populyar turizm məkanına çevrilməkdir. Çimərlik turizminin gücləndirilməsi həm də yaxın gələcəkdə gəmi və yaxta turlarının təşkili cəhətdən əhəmiyyətli olacaq. Düzdür, Bakıda bu var, amma dənizətrafı digər rayonlarda da təşkil ediləcək. Cənub və şimal zonalarında yaxtakruiz gəmi limanlarının olması zəruridir.

Çimərlik turizmi perspektivli  sahədir. Prezident  sərəncamı ilə təsdiq olunmuş tədbirlər planında  nəzərdə tutulmuş  məsələlərin reallaşması şübhəsiz gələcəkdə  turizmin inkişafına əsaslı töhfələr verəcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2017.- 4 iyun.- S. 6.