Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf
platforması
Azərbaycan Xalq Cümhuriyyətinin mülkiyyət münasibətləri, aqrar proqramı, maliyyə-valyuta siyasəti, xarici ticarət əlaqələri, iqtisadi idarəetmə sistemi və s. iqtisadi fikir baxımından diqqəti cəlb edir və hər biri xüsusi tədqiqat obyekti kimi ayrılıqda öyrənilməyə layiqdir.
Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, “bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür”.
Eyni zamanda, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və “burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır”.
Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr” daxil edilirdi.
AXC-nin aqrar proqramı da iqtisadi fikir baxımından öyrənilməyə layiqdir. Bu proqramın əsasını aqrar islahatı haqqında “Müsavat” fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın.
“Müsavat” fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi.
AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları, Rusiya ilə və qonşu respublikalarla iqtisadi əməkdaşlıq şərtləri, iqtisadi fikir və təcrübəni öyrənmək baxımından diqqətəlayiqdir.
Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı.
Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-“Bakı bonları” buraxıldı (o vaxtadək “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.
Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirildi: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda öz geniş əksini tapdı.
Respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olundu. Daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi (9 fevral 1920-ci il). Çevik vergi siyasəti yeridildi, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi, bu siyahıya 200-dən çox məhsulun adı daxil edildi.
Parlamentin 22 dekabr 1919-cu il tarixli iclasında yeni kabinetin bəyannaməsi ilə çıxış edən Nəsibbəy Yusifbəyov bir daha pulun qiymətdən düşməsinin səbəblərini açıqladı. Onun fikrincə, ixracın olmaması, neft sənayesinin ağır vəziyyəti, milli pul vahidinin birjada daha çox qiymətdən düşmüş ümumrusiya pulu ilə əlaqədar olması milli valyutanın qiymətdən düşməsinin ən mühüm səbəbləri idi. Yeni kabinet iqtisadiyyatın sağlamlaşdırılmasına pulun sağlamlaşdırılmasından başlamağı məqsədəuyğun sayırdı.
Qeyd edək ki, AXC hökuməti inflyasiya şəraitində bir neçə dəfə (1919-cu ilin 5 may və 1 dekabrda) əlavə pul emissiyasına icazə vermək zərurəti qarşısında qaldı. Bu, böyük diskussiyaya və fikir ayrılığına səbəb olsa da məqsədli xarakter daşıyırdı. Neft sənayesini məhz bu yolla böhrandan çıxarmaq mümkün idi.
Uğurlu beynəlxalq iqtisadi əlaqələrin qurulması siyasi və iqtisadi müstəqillik əldə etmiş xalqların qarşısında duran əsas vəzifələrdəndir. Bu məsələnin həlli həm daxili, həm də xarici amillərdən asılı olduğu üçün xeyli çətindir və müəyyən vaxt tələb edir. Belə çətinliklərlə AXC də üzləşdi. AXC-nin İstiqlal Bəyannaməsində xarici ölkələrlə, xüsusən qonşu dövlətlərlə iqtisadi əlaqələr yaratmaq, bu əlaqələri genişləndirmək zərurəti nəzərdə tutulurdu. Təsadüfi deyildi ki, AXC-nin liderləri, ümumiyyətlə, Azərbaycan məsələsinə yalnız bir millət və xalqın məsələsi kimi baxmırdılar. “Müsavat” partiyası öz məramnaməsində Azərbaycanın müstəqilliyi və inkişafında xarici faktorlara çox böyük əhəmiyyət verirdi.
Yeni cəmiyyət quruculuğunda həmçinin islam faktoru da nəzərə alınırdı. Bu sistemdə dünyəvilik və islam sanki vəhdət təşkil edirdi. Xüsusən, mülkiyyət və vergi məsələlərində tam ədalətlilik və nisbi bərabərlik prinsiplərinə üstünlük verməklə “demokratizmin ümdə əqidələrinin İslam ilə müxalif olmadığı” təsdiq olundu. Qısa bir müddətdə AXC-nin 23 dövlət tərəfindən tanınmasında, heç şübhəsiz, bu meyarların da az əhəmiyyəti olmamışdır.
AXC-nin iqtisadi platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya təcrübəsi əsasında həyata keçirmək nəzərdə tutulurdu. Məsələnin bu şəkildə qoyuluşu dövrü mətbuatın səhifələrində müxtəlif baxışların ortaya çıxmasına səbəb olurdu. “Bakinskaya jizn” qəzetində çıxan bir sıra məqalələrdə Zaqafqaziyada bütün gömrük məhdudiyyətlərinin aradan qaldırılması təklifi irəli sürülürdü. “Azərbaycan” qəzetində dərc olunan məqalələrdə isə göstərilirdi ki, 1919-cu ilin iyulunda Azərbaycan və Gürcüstan arasında hərbi müdafiə ittifaqı haqqında müqavilə bağlansa da, bu iki respublika arasında qarşılıqlı iqtisadi əlaqələrdə gömrük hədləri olmalıdır, hökumət əmtəələrin idxal və ixracını tənzimləməlidir. Xüsusən, taxıl məhsullarının İrana, Gürcüstana, Ermənistana və Dağıstana nəzarətsiz satılması Azərbaycanın milli iqtisadi mənafeləri, əhalinin tələbatını ödəmək baxımından zərərli sayılırdı.
Xaricdən Azərbaycana gətirilən spirtli içkilərə, balıq məhsullarına gömrük rüsumlarının artırılması haqqında AXC parlamentinin maliyyə-büdcə komissiyasında 1919-cu ilin avqust ayında təsdiq olunan qanun layihələri də daxili bazarın qorunmasına və inflyasiyanın qarşısının alınmasına xidmət edirdi.
Xarici ticarət fəaliyyətinin iqtisadiyyatın sağlamlaşdırılması və pul tədavülünün tənzimlənməsində rolu AXC parlamentinin 24 noyabr 1919-cu il tarixli iclasında da geniş müzakirə olundu. İclasda məsələyə münasibətdə müxtəlif, hətta bir-birinə zidd fikirlər söylənilirdi. Əhməd bəy Pepinov (müsəlman sosialist blokundan) belə hesab edirdi ki, pulun məzənnəsini artırmaq üçün bəzi əmtəələrin, xüsusən taxılın, pambığın, yunun və s. malların ticarəti inhisarlaşdırılmalıdır. Malaxazyan (daşnaq) isə onların azad ticarətinin genişləndirilməsini irəli sürürdü. M.Ə.Rəsulzadə prinsipcə həm Ə.Pepinovun, həm də Malaxazyanın fikirlərini tənqid edir və göstərirdi ki, bu cür təkliflər ölkəyə böyük zərər gətirə bilər. Tam azad ticarətə keçməklə ölkədə zəruri tələbat mallarına ehtiyac yaranır, inhisarlaşdırma üçün isə bizdə kifayət qədər təlimat və qaydalar yoxdur. Y.Əhmədov (bitərəf müsəlman) bloku belə hesab edirdi ki, böyük sərvətləri (yun, pambıq, neft və s.) olan Azərbaycan hökuməti əmtəə mübadiləsini düzgün təşkil etsə pul tədavülü asanlıqla tənzimlənər. Karabekovun (“İttihad”) fikrincə, neft, yun və taxılın qonşu ölkələrə nəzarətsiz ixracı yolverilməzdir. Bu, pul tədavülünü nizamlamağa imkan vermir.
AXC-nin iqtisadi platformasında respublikanın mövcudluğundan əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı idi. Bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. Azərbaycanda mövcud olan xarici kapital nümayəndələri ilə münasibətləri yeni əsaslarda inkişaf etdirmək üçün konkret addımlar atılırdı. Məsələn, Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixində qəbul etdiyi qərarda Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları birliyinə” icarəyə verilməsi haqqında vaxtıbitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərinə yeni dəyişikliklərin edilməsi əsaslandırılırdı.
Ümumiyyətlə, Azərbaycanda xarici kapital və konsessiya məsələsinə dair həm parlamentin, həm də xarici kapital nümayəndələrinin fikirləri uyğun gəlirdi. Fransız kapitalistlərinin nümayəndəsi Manronun fikrincə, xarici kapitalın, o cümlədən fransız kapitalının Azərbaycana gəlməsi gənc müstəqil dövlətin yaşamasını, onun məhsuldar qüvvələrinin inkişafını təmin edər. Xarici kapitalın respublikaya hansı şəkildə tətbiqinə gəldikdə isə fransız kapitalistinin fikrincə, bu aşağıdakı formalarda ola bilər:
1. İngiltərə, Almaniya, Fransa, Hollandiya və ABŞ-da olduğu kimi müəyyən sənaye sahəsinin sadəcə, maliyyələşdirilməsi yolu ilə;
2. Konsessiya formasında.
Fransız kapital sahibləri ikinci yola üstünlük verirdilər. Manronun fikrincə, Azərbaycanda konsessiya obyekti nəqliyyat, meşə sərvətinin istehsalı, liman avadanlıqları istehsalı, neft rayonlarının elektrikləşdirilməsi, soyuducu işi və s. ola bilər.
AXC parlamentinin 22 dekabr 1919-cu il tarixli iclasında hökumət rəhbəri Nəsibbəy Yusifbəyov yeni kabinetin bəyannaməsini elan etdi. Orada Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi güclü iqtisadiyyatın yaradılması zərurəti göstərilirdi. Hökumətin xarici ticarət siyasətində köklü dəyişiklik etməsi nəzərdə tutulurdu. İndiyədək ticarət siyasətində idxalı artırmaq və imkan daxilində ixracı azaltmaq üstünlük təşkil edirdisə və nəticədə pul qiymətdən düşürdüsə, artıq indi ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsi mümkünlüyü və zərurətindən bəhs olunurdu.
Qeyd edək ki, AXC özünün xarici iqtisadi fəaliyyətində daim Azərbaycan hökumətinin başlıca vəzifələrini reallaşdırmaq məqsədini güdürdü. Bu vəzifələrdən biri öz əhalisini zəruri şeylərlə təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı o məhsulun əhali üçün nə dərəcədə zəruri olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Azərbaycan hökumətinin 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtlərinin ixracına icazə verilirdi. (AXC-nin fəaliyyətindən qabaq xaricə spirtlərin satışı qadağan olunmuşdu. Bu da bəzi təsərrüfatların və hökumətin maliyyəsinə mənfi təsir göstərmişdi).
Hökumət belə hesab edirdi ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan adamlar, həmçinin bütün əhali maraqlıdır. Onlar öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaqla qazanar, indiyədək heç bir qiyməti olmayan tullantılardan (məsələn, çürümüş meyvə qabıqları) istifadə sərfəli bir işə çevrilərdi. Bu qanun layihəsini işləyib hazırlayarkən hökumət həm də onu nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün zəruridir. Xaricə satışına icazə verilən 85 dərəcəli konyak spirti və 40-45 dərəcəyə qədər olan üzüm və tut spirti isə bu məqsəd üçün yaramır. Ona görə də onun xaricə satışından əhaliyə heç bir ziyan dəyə bilməz.
Parlamentin Azərbaycan Respublikasının sərhədlərindən kənara xammal ixracının şərtləri haqqında qəbul etdiyi qanun da respublikanın xarici iqtisadi fəaliyyətini öyrənmək baxımından çox qiymətlidir. Bu qanuna görə pambıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərinin 25 faizi əvəzsiz olaraq xəzinənin hesabına köçürülsün. Məsələnin belə qoyuluşu xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi qaydası ilə dövlətə lazım olan zəruri məhsulları almaq imkanı yaradırdı.
AXC özünün xarici-iqtisadi siyasət sahəsində fəaliyyətini ancaq qanunların işlənib hazırlanması ilə məhdudlaşdırmırdı. Bu qanunların həyata keçirilməsi istiqamətində mühüm addımlar atırdı. Məsələn, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq üçün ağır maliyyə vəziyyəti şəraitində 20 milyon manatlıq fond yaradıldı və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar üçün 10 milyon manat həcmində kredit buraxılması qərara alındı. Eyni zamanda, AXC-nin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nəzdində Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi. Komitə haqqında təsdiq olunmuş əsasnamədə göstərilirdi ki, əmtəə mübadiləsi komitəsinin mühüm vəzifələrindən biri respublikanın iqtisadi və maliyyə vəziyyətinin əsasını təşkil edən xaricə neft ixracını və satışını təşkil etməkdən ibarətdir. Komitənin 15 mart 1919-cu il tarixli plenar iclasında gedən geniş diskussiya onunla nəticələndi ki, bütün əmtəələr iki böyük qrupa ayrıldı:
1. Xaricə ixrac edilməsinə icazə verilməyən əmtəələr və ya komitənin xaricə ixrac etməyə səlahiyyəti olmayan əmtəələr;
2. Komitənin icazəsi ilə xaricə ixrac edilməsinə icazə verilən əmtəələr.
Bu iclasdan dərhal sonra Ticarət, Sənaye və Ərzaq Nazirliyi ixraca dair qaydalar təsdiq etdi. Qaydalarda, ümumiyyətlə, ixracına icazə verilməyən əmtəələr siyahısına taxıl, un, bişirilmiş çörək, krupa, yem, at, iri və xırda buynuzlu mal-qara, ət və onun bütün növləri, qənd, külçə və pul şəkilində qızıl və gümüş, dəmir, soyuq silahlar və s. daxil edildi. Komitə tərəfindən xaricə satışına icazə verilən əmtəələrə düyü, makaron, hər cür toxum və tərəvəz, çay, qəhvə, bitki yağı, şərab, duz, sabun, meşə materialları, neft və neft məhsulları, qızıl və gümüş məmulatı, maşın və alətlər və s. aid idi. Əsasnamədə göstərilirdi ki, bu iki qrupa aid olmayan, yerdə qalan bütün əmtəələrin azad satışına icazə verilir.
Bütün Zaqafqaziya xalqlarını iqtisadiyyat sahəsində ümumi maraqlar birləşdirdiyi üçün əslində müstəqil dövlətlər arasında əlaqələri genişləndirməkdə heç bir maneə yox idi. Özünün hələ mükəmməl iqtisadi bazasını yaradıb başa çatdırmayan AXC ümumi humanizm prinsipləri ilə çıxış edərək, Dağıstana 50 milyon manat məbləğində yardım göstərdi. Bu da respublika büdcəsinin məxaricinin 1/8 hissəsini təşkil edirdi.
AXC qonşuluğa mühüm iqtisadi faktor kimi baxırdı. Demokratik respublikanın xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Azərbaycan və Gürcüstan respublikaları arasında bağlanan müqavilə hüquqi və iqtisadi sənəd kimi diqqəti cəlb edir. 26 dekabr 1918-ci il tarixdə birillik müddətə bağlanan bu müqaviləyə əsasən böyük ehtiyac olan məhsulların bu respublikanın tələbatı çərçivəsində gömrük vergiləri qoymadan alınıb-satılmasına icazə verilirdi. Əhalinin və Gürcüstan dəmiryolunun ehtiyacları üçün neft, mazut, kerosin, yağların rüsumsuz ixracına müəyyən hədd qoyulurdu. Müqavilədə göstərilirdi ki, gürcü əhalisi üçün kerosin buraxılması 1 milyon puddan, neft və neft məhsullarının ümumi satışı isə 20 milyon puddan çox olmamalıdır. O cümlədən, satılan neftin dəyərinin 1/10 hissəsi həcmində Gürcüstanın Azərbaycana bəzi məhsulları gömrüksüz satması nəzərdə tutulurdu. Bura daş kömür, meşə materialları və s. aid idi. Müqaviləyə görə digər respublikalardan alınan məhsulların başqa respublikalara satışına icazə verilmirdi.
AXC, həmçinin Rusiya ilə iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirdi. AXC-nin təcrübəsində belə bir cəhət diqqətəlayiqdir ki, o, Rusiya bazarından məhrum olmağa mənfi münasibət bəsləyirdi. Neft, pambıq və başqa ixrac məhsulları üçün rus bazarlarının böyük əhəmiyyətini nəzərə alırdı. M.Ə.Rəsulzadə “bolşevik hökuməti ilə birbaşa əlaqələrin yaradılmasını” tələb edir, N.Yusifbəylinin təşkil etdiyi hökumət isə öz iqtisadi proqramında bu məsələyə xüsusi yer ayırırdı. Lakin qarşı tərəfin Azərbaycanı müstəqil dövlət kimi tanımasını açıq bildirməməsi və
XI ordunun Azərbaycan istiqamətində irəliləməsi bu məsələyə münasibətdə AXC parlament və hökumət üzvlərinin arasında mübahisələrə səbəb olurdu.
Müxtəlif fikirlərin mövcudluğuna baxmayaraq, 1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycanın birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalandı. Lakin bolşeviklər AXC-ni qane edə biləcək bir sıra şərtlər vəd etsələr də onlara əməl etmədilər.
AXC-nin müstəqil dövlət kimi formalaşması bu respublikaya başqa dövlətlərin mövqelərini dəyişdirdi. Məsələn, İngiltərə Azərbaycanın müstəqilliyini tanımaqla bərabər, öz qoşunlarını müəyyən şərtlərlə respublikadan çıxarmağı lazım bilirdi. Azərbaycanın dövlət və hökumət nümayəndələri isə bu münasibəti tam dərinliyi ilə dərk edərək mövqelərini müəyyənləşdirməli oldular. Bu illərdə də neft sənayesi iqtisadiyyatın prioritet sahəsi sayılırdı. Parlament və hökumət vaxtaşırı neft hasilatı və emalının vəziyyətini təhlil edir, dünya neft bazarını öyrənirdi.
AXC-nin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi də maraq doğurur. Cümhuriyyət dövründə dövlət sektoruna dövlətin iqtisadiyyata təsirinin amili kimi baxılırdı. Mülkiyyət çoxnövlüyü təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə onun qanunvericilik fəaliyyətində deyil, dövlət mülkiyyətinin güclü olmasındadır.
Dövlət milliləşdirmə və əks-milliləşdirmə tədbirlərinin həyata keçirilməsi ilə paralel əmək münasibətlərinin qaydaya salınmasını təmin edirdi. Həmçinin daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üçün iqtisadi-hüquqi qanunların hazırlanmasına, onların yerinə yetirilməsinə böyük əhəmiyyət verirdi. Az bir müddət ərzində parlament tərəfindən yalnız maliyyə, vergi, bank-kredit sahələri üzrə 82-dən çox qanun layihəsi işlənib hazırlandı, bir çox qanunlar təsdiq olundu. İlk dəfə tərtib olunan müstəqil dövlət büdcəsi iqtisadi tənzimləmə və gəlirlərin bölgüsü funksiyalarının reallaşdırılmasında və ümumiyyətlə, makroiqtisadi tarazlıq yaradılmasında müstəsna əhəmiyyət kəsb etdi.
Hökumətin iqtisadi proqramı qarşılıqlı razılaşma əsasında ayrı-ayrı partiyaların məramnamələrində qoyulan iqtisadi məsələlərə uyğun işlənib hazırlanırdı. Bəzən alternativ variantların mövcudluğu daha səmərəli fəaliyyət istiqamətini aşkarlamağı tələb edirdi. Bununla əlaqədar parlamentdə iqtisadi təmayüllü bir neçə komissiya – maliyyə, büdcə, aqrar və ölkənin məhsuldar qüvvələrindən istifadə komissiyaları yaradılmışdı. Dövlət və hökumət strukturunda olan Əmək, Torpaq və Dövlət Əmlak, Ərzaq, Dövlət nəzarəti, Maliyyə, Ticarət və Sənaye nazirlikləri, Milli Bank, Azərbaycan Xəzinə Palatası, Aksiz Palatası, Əmək İnspeksiyası dövlətin iqtisadi tənzimləmə fəaliyyətinin həyata keçirilməsində müstəsna rol oynayırdı.
Dövlətin mühüm iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir vergisi hesab olunurdu. Bu vergi müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizini təşkil edirdi. Dolayı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər fəal iqtisadi tənzimləyici rol oynayırdı.
AXC-də təşəkkül tapmaqda olan iqtisadi sistemi o dövrün qabaqcıl iqtisadi nəzəriyyələrindən və ümumi inkişaf xəttindən kənarda təsəvvür etmək olmaz. O zaman dünyada azad rəqabətdən inhisara, tənzimlənməyən bazar iqtisadiyyatından tənzimlənən bazar iqtisadiyyatına keçid baş verirdi. İqtisadi liberalizm prinsipləri mütləq qəbul olunan deyildi. Bu da öz əksini, heç şübhəsiz, AXC-nin iqtisadi inkişaf platformasında tapırdı.
Xosrov KƏRİMOV,
BDU-nun iqtisadiyyat və idarəetmə kafedrasının
dosenti
Xalq qəzeti.-
2017.-8 iyun.- S.5.