Bir əsrlik su əfsanəsi

 

Bakının ilk böyük su kəməri

 

Azərbaycan dövlətçiliyinin inkişafında, ölkə ərazisinin zaman-zaman məskunlaşmasında, təsərrüfatçılığın yüksəldilməsində və xalqın həyat tərzinin yaxşılaşdırılmsında hər bir dövrün su siyasəti--su diplomatiyası, tarixən,  önəmli rol oynamışdır. Hər damcı içməli suyun yaşam iksiri olması həmişə düzgün dəyərləndirilmiş, su həyat mənbələri içərisində havadan sonra ən zəruri, müqəddəs  nemət sayılmışdır. Bu baxımdan istifadəyə verilməsinin 100 illiyi bugünlərdə ölkəmizdə qədirbilənliklə yad edilən Şollar – Bakı su kəmərinin yaradılması öz dövrünə görə əfsanəvi bir hadisə olmuşdur.

1859-cu ildə Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi, neftçıxarmanın sənaye üsullarının tətbiqi ilə orta əsrlərin müdafiə qalası üzərində yaranan bu şəhər Abşeron yarımadasında sürətlə böyüyən yaşayış və istehsal mərkəzinə çevrilməyə başlamışdı. O zaman hərbi qarnizon da daxil olmaqla Bakının cəmi 7 min nəfər əhalisi vardı. Neft sənayesinin yarım əsrlik sürətli inkişafı nəticəsində XX əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı.

Əhalinin və istehsal sahələrinin tələbatının dəfələrlə artması ilə Bakıda su, xüsusən içməli su qıtlığı getdikcə kəskinləşmişdi. O dövrdə Bakıda mövcud olan “xan su kəməri” sisteminin ovdanları və dərinliyi 64 metrdən az olmayan həyət quyuları şəbəkəsi əhalinin tələbatını ödəmək gücündə deyildi. İçməli suyun miqdarını artırmaq məqsədilə yeni quyuların qazılması, köhnə su hövzələrinin tutumunun artırılması və yenilərinin tikilməsi üçün tədbirlər görülürdü.

1865-ci ilə qədər Bakıda 3 quyu-kəmər sistemi həm əhalini, həm də dəniz körpüsünü və gəmiləri içməli su ilə təmin edirdi. Lakin bütün bunlar yenə də içməli su qıtlığının qarşısını ala bilmirdi. Bakı üçün içməli su axtarışları, Abşeron yarımadası da daxil olmaqla, Züğulba su kəhrizlərinə, şimalda Dübrar dağlarına və qərbdə Kür çayına kimi geniş bir ərazini əhatə edirdi. 1879-cü ildə neft milyonçusu, şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyevin təklifi ilə su kəmərləri komissiyası yaradıldı və Bakını su ilə təmin etmək məqsədilə su mənbələrinin axtarışına 1000 rubl vəsait ayrıldı.

Bundan sonra Şabanov, Semyannikov, Uspenski, Baseviç və Sokolovski kimi geoloq və mühəndis-hidravliklərin axtarışları nəticəsində məlum oldu ki, Bakı ətafında kifayət qədər içməli su ehtiyatı yoxdur. Şəhəri işməli su ilə təmin etmək üçün müxtəlif layihələr təklif olunurdu. Bəziləri içməli suyun şəhərə Kür çayından gəmilərlə və ya Araz çayından tuluqlarda gətirilməsini, bəziləri isə Göygöldən öz axarı ilə su xəttinin çəkilməsini təklif edirdi. Dəniz suyunun təmizlənərək şəhərə verilməsi, hətta Volqa çayının suyunun şəhərə gətirilməsi kimi o dövr üçün fantastik görünən ən müxtəlif təkliflər də səslənirdi.

 Böyük maarifpərvər, təbiətşünas, işıqlı amal və əməl sahibi Həsən bəy Zərdabinin Bakı Dumasında komissiya üzvü kimi şəhərin içməli su probleminin həlli yönündə, eləcə də ölkəmizin gələcək su təchizatı məsələlərinin gündəmə gətirilməsi ilə bağlı ardıcıl və səmərəli fəaliyyəti də bugünlərdə bir daha yada düşür, qəlbimizdə hədsiz öyünc və minnətdarlıq duyğuları yaradır.

1892-ci ildə isə Bakıda vəba epidemiyası yayılması ilə bağlı, şəhərin su kəhrizlərinin suyu istifadəyə yararsız hesab edilərək qadağan olunmuşdu. Həmin dövrdə su kəmərləri mühəndisləri – Moskvadan Altuxov, Parisdən Dümon və Tiflisdən Royit Bakı Dumasına Kür suyunun şəhərə gətirilməsinə dair üç layihə təklif etmişdilər. Lakin bu layihələr Daxili İşlər Nazirliyinin Sankt-Peterburqdakı Texniki-İnşaat İnstitutunda bir sıra texniki qüsurlarına və smeta xərclərinin düzgün hesablanmamasına görə rədd edildi. Bakının su təchizatı məsələlərinin həllində yerli şəraitə yaxşı bələd olan və yerli əhali arasında böyük nüfuza malik neft milyonçusu Hacı Zeynalabdin Tağıyev də yaxından iştirak edirdi.

Avropa ölkələrinə olan səfərlərində Tağıyev texniki və mədəni aləmdə baş verən yeniliklərlə, Almaniya və Fransanın su və kanalizasiya qurğuları sistemi ilə yaxından tanış olmuşdu. Ona görə də milyonçu soydaşımız Şəhər Dumasında Avropanın ən yaxşı hidravlik-mühəndisi sayılan Vilyam Harleyn Lindleyin Bakıya dəvət olunmasını təklif etmişdi. Ser Lindley dünya texniki tərəqqisinə bir çox töhfələr vermiş Lindleylər sülaləsinin nümayəndəsi idi. Ata və oğul Lindleylər Avropanın 35 şəhəri üçün su kəməri və kanalizasiya xətti inşa etmişdilər. Vilyam Lindleyin atası Avropada su kəmərləri inşasının öncüllərindən sayılırdı. Kiçik Lindley 1853-cü ildə anadan olmuş, London mülki mühəndislər institutunda təhsil almışdı. Atasının rəhbərliyi altında Avstriya-Macarıstan, Rumıniya, Almaniya, Hollandiya, İtaliya, Polşa və Rusiyada işləmişdi.

Ser Vilyam Harleyn Lindley 1899-cu ilin payızında Bakıya gəldi. Lindley vaxt itirmədən geoloq və mühəndislərin tədqiqat işlərinin nəticələri ilə tanış oldu və müvafiq layihələrin işlənməsi məqsədilə təklif olunan məntəqələrə – ilk olaraq, Kürboyuna yola düşdü. Kür barəsində onun hələ Tiflisdə olduğu zamanlardan məlumatı vardı. 1895-ci ildə Msxet yaxınlığında – Qızılkilsədə Tsalka bulaqlarının suyunun Tiflisə gətirilməsi layihəsinin memarı da məhz Lindley olmuşdu. İkinci tanışlıq isə Qafqaz dağlarının şimal yamaqlarının--Şalvuzdağ, Bazardüzü və Şahdağın bulaqlarının suyundan bəhrələnən Samur çayı ilə oldu. Lakin Lindleyin diqqətini Şahdağ, Qusar yaylası və Qusarçayın yatağı cəlb etdi. Şübhəsiz, Qusarçay əbədi buzlaqlarla örtülmüş geniş dağlıq ərazidə olduqca etibarlı, qidalandırıcı mənbə rolunu oynaya bilərdi.

Uzun müşahidələrdən sonra Lindleyin gəldiyi qənaət belə idi: “Qafqaz dağlarının şimal yamaclarının sel suları ilə yuyulması nəticəsində və çoxlu xırda çayların deltalarının yaratdığı geniş bir düzənlik mövcuddur. Onların yaratdığı qatlar dənizə tərəf meylli olmaqla, əsasən, sukeçirici qum və kiçik daşlardan ibarətdir. Bu qatların arasını gil pərdəsi tutur. Bütün bunlar bir yataqda, yaxud da ayrı-ayrı təbəqələr şəklində dağlardan dənizə doğru hərəkət edən güclü bir yeraltı axının olduğundan xəbər verir. Şahdağ  massivi üstü güclü təbaşir çöküntüsü ilə örtülmüş Yura formasiyasına aiddir. Yay mövsümündə suyun əksər hissəsini verən Şahdağın şimal yamacı Samur çayını, həmçinin ətrafdakı bir çox kiçik çayları və bulaqları su ilə təmin edir”.

Lindleyin ilk dəfə “Şollar” sözündən istifadə etməsi Bakı Dumasında qızğın müzakirələrə səbəb oldu. O, bulaq suları ilə zəngin olan və su hövzəsi kimi müəyyənləşdirdiyi ərazini Şollar adlandırırdı. Şollar bulaq sularının nəhəng bir şəhəri su ilə təmin edə biləcəyinə az adam inanırdı. Lindley opponentlərini öz seçiminin düzgünlüyünə inandırmaq məqsədilə Şollar ərazisində hidroloji ekspertiza aparılmasını təklif etdi. Lakin Şəhər Duması vəsait çatışmazlığını əsas gətirərək bu təklifi rədd etdi. Bu zaman Hacı Zeynalabdin Tağıyev lazımi işlərin görülməsi üçün, öz təbirincə desək, “kasıb şəhər idarəsinə” 25000 rubl kredit təklif elədi. Hacının bu təklifi Bakının gələcək su təminatında həlledici rol oynadı.

 Mühəndis Şoll Şahdağın ətəklərində yerləşən geniş Qusar yaylasının işlənməsi üçün yaradılan geoloji ekspedisiyasının rəisi təyin olundu. Lindley isə atası Vilyam Lindleyin dəfn mərasimində iştirak etmək üçün Bakını tərk edib, Londona qayıtdı. Xudatda qızdırma xəstəliyinə tutulan Şollun rəhbərlik etdiyi ekspedisiya at arabaları ilə nəzərdə tutulmuş bölgəyə gələrək işə başladı. Geodeziya və hidrogeoloji cihazların köməyilə Şahdağ rayonunda və ona bitişik Qusar yaylasında kəşfiyyat işləri aparıldı.

Ekspedisiya çaylarda qış və yay aylarında axan suyun gündəlik miqdarını ölçür, suyun kimyəvi-bakterioloji analizini aparmaq üçün nümunələr götürürdü. Şollun hesabatından məlum oldu ki, dənizkənarı içməli su quyuları, Xudatdan şimal-şərqə doğru isə, meşədə olduqca şəffaf, sərin bulaq suyu aşkar edilib. Su nümunələri Tağıyevin qızlar gimnaziyasının zirzəmisində yaradılmış laboratoriyada kimyəvi-bakterioloji analiz olundu. Şollun ekspedisiyası suyun yeri, miqdarı və keyfiyyəti barədə Lindleyin verdiyi proqnozları təsdiq etdi.

Lakin, rus – alman müharibəsinin başlanması şəhərin su təchizatı məsələsini ikinci plana atdı. Müharibədən sonra Rusiyada başlamış inqilab isə Bakı su kəmərinin tikintisi mələsinin həllini bir neçə il də ləngitdi. Bu zaman ser Vilyam Harleyn Lindley Amsterdamda, Hamburqda, Essendə, Xanadda, Peştdə, Praqada, Varşavada, Buxarestdə və Xorvatiyada su kəmərləri, su tutarlar, su elektrik stansiyaları, kanallar, nasos stansiyaları layihələşdirilməsi və inşası ilə məşğul idi.

1909-cu ilin martında Tiflisdə Rusiya su kəmərləri işçilərinin 9-cu qurultayı keçirildi. Dəvət olunanlar arasında Lindley də vardı. O, qurultayda çıxış edərək, çay suyu ilə müqayisədə bulaq suyunun daha üstün olmasına qurultay iştirakçılarını inandıra bildi. Mühəndis Bakının su təchizatında məhz Şahdağdan qidalanan bulaqlardan istifadənin zəruriliyini də qeyd etdi. Qurultay Bakı su kəmərənin Şollardan çəkilməsinin məqsədəuyğunluğu barədə qərar qəbul etdi.

Qurultay başa çatdıqdan sonra Lindley Bakıda Duma nümayəndələri qarşısında da çıxış etdi. Duma, nəhayət, Bakı – Şollar su kəmərinin çəkilişi barədə çoxdan gözlənilən qərarı qəbul etdi. Qərarda deyilirdi ki, Bakının və ətrafının yeni su kəmərinin müfəssəl layihələndirmə və inşa işlərinə ümumi rəhbərlik və nəzarət baş mühəndis Vilyam Lindleyə tapşılırsın.

1909-cu ilin yayında Bakıda yenidən vəba epidemiyası baş qaldırdı. 800 su quyusunda sanitariya vəziyyətinin dəhşətli olduğu qeydə alındı. Su təchizatı layihəsini tərtib edərkən, Lindley gün ərzində Bakıda su sərfinin artaraq 3,6 – 9 və 12 milyon vedrə olacağını və ilk növbədə, Şollar ovalığından 3 milyon vedrə torpaq suyunun cəlb ediləcəyini nəzərdə tutmuşdu. 1910-cu ilin iyulundan oktyabrına kimi Şollar – Bakı su kəməri üzrə son hesablamalar başa çatdırıldı. Bütün ölçmələr, hesablamar və çertyoj işləri 1911-ci il martın 1-də, kəmərin sahələr üzrə iş bölgüsü isə may ayında tamamlandı.

Tikinti tenderində qalib gələn İngiltərənin “Qriffits” şirkəti Xaçmazda və Dəvəçidə beton boru istehsalı zavodu inşa etdi. Ancaq tikinti işləri ləng getdiyinə, borular zay hesab edildiyinə görə 2 il yarım ərzində şirkət müqavilədə nəzərdə tutulmuş işlərin yalnız 16 faizinə əməl edə bilmişdi. Şəhər İdarəsi Qriffitslərlə müqaviləni pozaraq, inşaat işlərini öz üzərinə götürdü. Baş mühəndis vəzifəsinin icrası isə su kəmərinin çəkilişinə nəzarət və rəhbərlik olunması Lindleyin etibarlı adamı olan Stefan Skşivana həvalə edildi. Bütün inşaat işləri ilə Bakı Şəhər İdarəsi nəzdində təsis edilmiş su kəmərinin inşası şöbəsi, həmçinin Şəhər Dumasının deputatlarından yaradılmış su kəmərləri icraçı kommisiyası məşğul olurdu.

Hacı Zeynalabdin Tağıyev də komissiyanın tərkibinə daxil edilmişdi.

Marşrut boyunca bölünmüş 9 iş sahəsinə Şollarda Nikolay Afanasyeviç, Xudatda Aleksey Aleksandroviç, Xaçmazda Boris Nikolayeviç Konrakov, Dəvəçidə Yakov Yefremoviç Kaseyev; Qızılburunda Henrix Emilyeviç Stolt, Sumqayıtda Boleslav Mixayloviç Sikorski başçılıq edirdilər. Mühəndislərin tabeliyində lazımi sayda köməkçilər, texniklər, dəftərxana-texniki-mühasibat işçiləri vardı. Mərkəzi Texniki Büroya, beş mühəndisə bütün raportları sistemləşdirmək məqsədilə tikintinin gedişinə dair həftəlik hesabat verilirdi.

Şollar su kəmərinin inşası, sözün həqiqi mənasında, “XX əsrin tikintisi” idi. Şəhər rəhbərliyi Bakı su kəmərinin çəkilişi üçün 23 milyon 500 min rubl məbləğində dövlət istiqraz vərəqələrinin buraxılması üçün hökumət qarşısında vəsatət qaldırdı. 6 oktyabr 1909-cu il tarixində çar II Nikolay məbləği 27 milyon rubla qədər artıraraq bu vəsatəti təmin etdi. Həmin vəsaitin 3,5 milyon rublu şəhərin ehtiyaclarına sərf edilməli idi.

1914-cü ilin yayında, tikinti işlərinin qızğın çağında müharibə elan olunması işlərə böyük ziyan vurdu. Çünki təcrübəli işçilərdən 44 mühəndis və texnik, eləcə də 200 nəfər daimi fəhlə müharibəyə çağırıldı. Tikinti üçün nəzərdə tutulmuş yüklərin – qum, sement, taxta, boru və s. daşınması xeyli çətinləşdi. Qafqaz cəbhəsində Almaniyanın müttəfiqi olan Osmanlı Türkiyəsi ilə gedən müharibə arxa cəbhədə – Vladiqafqaz və Zaqafqaziya dəmir yollarının işinə xüsusilə güclü təsir göstərirdi. Türk-rus cəbhəsində dəmir yolu ilə çoxsaylı qoşun hissələri və hərbi yüklərin daşınmasına ehtiyac yaranmışdı. Cəbhədən gələn yaralı əsgərlər Bakının xəstəxanalarında yerləşdirilirdi.

Tikintidə yayılan malyariya minlərlə adamın həyatına son qoymuşdu. Vəfat edənlər arasında Şollar inşaat sahəsində çalışan iş icraçısı Henrix Emilyeviç Stolt, onun arvadı və iki övladı da vardı. Qurbanların sayı o qədər çox idi ki, su kəməri komissiyası ölənlərin adları həkk olunmuş xatirə lövhəsi ucaltmaq qərarına gəlmişdi. Lakin müharibədən sonra baş vermiş inqilab bu planın həyata keçməsinə mane oldu.

Tikintidə ən yüksək keyfiyyət standartlarına əməl olunurdu. Görülən işlərin nəticəsidir ki, su kəməri bu gün fəaliyyət göstərməkdədir. Lindleyin Avropada gördüyü bütün işlər dayandırılmış, onun Frankfurt-Mayndakı dəftərxanası bağlanmışdı. Ser Lindleyin özü isə ingilis olduğuna görə, artıq Almaniyada qala bilməzdi. Lindley İngiltərəyə, oradan isə Rusiyaya – Bakıya yollandı. Ser Vilyam Lindley Bakıdan heç yana tərpənmir, tikintiyə şəxsən rəhbərlik edirdi. Bağlanmış müqaviləyə sadiq olan Lindleyin inadkarlığı və səyi sayəsində kəmərin inşası müharibəyə, epidemiyaya baxmayaraq davam etdirilirdi. O, zarafatla özünü bir işdən yapışdıqda onu axıra çatdırmadan əl çəkməyən “ingilis buldoqu” adlandırırdı.

Bakı Şəhər Duması deputatlarından ibarət komissiya tez-tez tikinti meydançalarına baş çəkir, hazır obyektləri təhvil alırdı. 1917-ci il, yanvarın 22-də ser Vilyam əlində saat Şollar suyunun ilk şırnağının şəhərə gəlişini gözləyirdi. Və su düz müəyyən olunmuş vaxtda – 187 kilometrlik məsafəni 63 saata qət edərək Bakıya daxil oldu. Çənlərin dolması, yuyulması bir aydan artıq vaxt apardı və 1917-ci il, mart ayının 1-dən Bakı – Şollar su kəmərinin istismarına başlandı.

Lindleyin layihəsi Şollar su kəmərinin 3-cü və 4-cü növbələrinin də tikintisini nəzərdə tuturdu. Bakı əhalisinin gələcək artımını nəzərə alaraq, su kəmərinin gücünün gün ərzində 3 milyondan 12 milyon vedrəyədək artırılması planlaşdırılmışdı. Bu layihə yalnız sovet hakimiyyəti illərində reallaşdırıldı. Su kəmərinin gücü gün ərzində 28 milyon vedrəyədək artırıldı.

Kəmərin çəkilişində hədsiz xidmətləri müqabilində minnətdarlıq əlaməti olaraq, Duma Vilyam Harleyn Lindleyi Bakının fəxri vətəndaşı seçmiş, Birja küçəsinin adının dəyişdirilərək Lindley küçəsi adlandırılması barədə sərəncam vermişdi. Bakıda Şollar suyunun istismara verilməsindən 9 ay sonra ser Lindley Londonda ürək xəstəliyindən vəfat etmişdi.

XX əsrdə sürətlə böyüyən Bakının su təchizatının sivil əsaslar üzərinə keçirilməsində ilk önəmli addım olan Şollar – Bakı su kəmərinin çəkilişinin 100 illiyi, haqlı olaraq, ölkəmizdə tarixi hadisə kimi yad olunur. Bu mötəbər su mənbəyinin yaradılmasında xidməti olan insanlar dərin ehtiramla yad edilir. Bu kəmər Azərbaycan ərazisində, tarixən, gerçəkləşdirilən su siyasətinin– dünyada deyildiyi kimi, su diplomatiyasının irimiqyaslı uğuru sayılmağa layiqdir.

 

Rövşən VƏLİZADƏ,

AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı

 

Xalq qəzeti.- 2017.-9 iyun.- S.5.