Azərbaycan dilinin qorunması və
inkişafı mövzusunda müzakirə
keçirilib
Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan dilinin qorunması və inkişafı mövzusunda toplantı olub.
Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoy, AMEA-nın Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri, akademik Muxtar İmanov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov iştirak ediblər.
Dövlət dilinin işlənməsi və fəaliyyəti ilə bağlı qanunvericilikdə və digər normativ hüquqi sənədlərdə müəyyən olunmuş tələblərin yerinə yetirilməsi və bu istiqamətdə nəzarət mexanizminin formalaşdırılması, ölkədə dil quruculuğunun vəziyyəti, Azərbaycan dilinin yenilənməsi, lüğət tərkibinin zənginləşdirilməsi və digər məsələlər müzakirə edilib.
Diskussiyalarda həm yazılı, həm də şifahi dilin təzahür xüsusiyyətləri, qloballaşma şəraitində Azərbaycan dilinin problemləri barədə danışılıb. Xüsusilə orfoqrafiya qaydalarının, terminologiyanın vəziyyəti, kütləvi informasiya vasitələrinin dil-üslub xüsusiyyətləri barədə mülahizələr dinlənilib.
Orfoqrafiya və izahlı lüğətlərdə mövcud nöqsanların aradan qaldırılması üçün bu tipli ədəbiyyatların nəşrinin müvafiq təşkilatlarla razılaşdırılması, dil sahəsi üzrə ixtisaslaşmış funksional qurumlar tərəfindən bu yöndə aparılan işlərə ciddi nəzarətin edilməsi və “Nitq mədəniyyəti” fənninin təhsil müəssisələrində tədrisi tövsiyə olunub.
Yekunda belə nəticəyə gəlinib ki, Azərbaycan dilinin saflığının qorunması, mətbuatda, reklamlarda dövlət dilinin daha mükəmməl şəkildə işlənməsi, dil normalarına riayət olunmasını təmin etmək üçün konkret təkliflər hazırlanaraq, Mədəniyyət və Turizm Nazirliyində keçiriləcək növbəti toplantının müzakirəsinə verilsin.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.-
2017.-9 iyun.- S.6.