Azərbaycanın Avropa İttifaqı ilə xarici iqtisadi əlaqələri yeni mərhələdə

 

Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.

 

 İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunub, siyasi sahədə böyük nailiyyətlər qazanıb. Bununla yanaşı, dünyada böhran proseslərinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycanın davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi nəzərə çarpıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib.

Şübhəsiz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilən planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, kosmosa peyk çıxaran dövlətlər sırasına qoşulub, yeni inkişaf mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda ölkəmiz mürəkkəb regionda bir sabitlik adasıdır və təbii ki, bu da davamlı iqtisadi inkişafın başlıca amillərindən biridir.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, eyni zamanda, Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Möhtərəm dövlət başçımızın müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfuzunu daha da artırır.

Azərbaycan hazırda beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir. Dövlət başçısı tərəfindən müəyyən olunan Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir.

Xatırladaq ki, Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.

Prezident İlham Əliyev hələ 2014-cü ilin iyun ayında Aİ ilə əlaqələrimizi xarakterizə edərək bildirib ki, Azərbaycan Aİ-yə mümkün qədər yaxın olmaq arzusundadır. Bu, bizim üçün strateji mahiyyət daşıyan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır.

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə Aİ ilə əlaqələrin daha da gücləndirilməsi, səmərəli və əlaqələndirilən işin təmin edilməsi məqsədilə 37 üzvdən ibarət Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyası yaradılıb. Komissiyanın nəzdində müxtəlif sahələr üzrə 6 işçi qrupu təşkil edilib, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanıb.

Artıq öz işini başa çatdıran Aİ-Azərbaycan biznes forumu da adıçəkilən  qurumla Azərbaycan arasında əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm önəm daşıyır. Xatırladaq ki, Avropa və Azərbaycanın biznes şirkətlərini və hökumətini təmsil edən 500-dən çox nümayəndənin bir araya gəldiyi bu forumda bir çox məsələlər müzakirə edilib, biznes münasibətlərinin daha da möhkəmlənməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann tədbirdə bildirib ki, panellərdə müzakirə edilən Azərbaycanda iqtisadi islahatlar, ətraf mühit texnologiyaları, nəqliyyat, logistika və digər sektorlara aid bir çox mövzular Aİ ölkələri və Azərbaycan şirkətləri arasında əlaqələrin daha da güclənməsinə kömək edəcək. Forumun əsas məqsədi də Aİ ilə Azərbaycan arasında şəbəkələşməni artırmaq, biznes mühitini, onunla bağlı çağırış və imkanları müzakirə etməkdir.

Aİ-nin Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit isə diqqətə çatdırıb ki, Aİ Azərbaycanla əməkdaşlıqdan məmnundur. Azərbaycan daim inkişafa meyilli olan ölkələrdəndir. Aİ təkcə Bakı ilə yox, Azərbaycanın regionları ilə də proqramlar həyata keçirmək niyyətindədir. Buna kənd təsərrüfatının inkişafı ilə bağlı proqramlar daxildir.

L.Meredit, həmçinin qeyd edib ki, Aİ Şərq Qonşuluğu ölkələri ilə yanaşı, Azərbaycanla da biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görür.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə xatırladıb ki,  hazırda tərəflər Əməkdaşlıq və Tərəfdaşlıq sazişi əsasında əməkdaşlıq edir: “Lakin bu saziş imzalanandan sonra çox hadisə baş verib. Biz bir araya gəlib yeni hüquqi çərçivənin yaranması istiqamətində aparmalıyıq. Bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50 faizi Aİ ölkələrinin payına düşür. Aİ Azərbaycanla qeyri-neft sektoru sahəsində tərəfdaş olmaq istəyir. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların aparıldığını görürük”.

Azərbaycan Respublikasının Aİ ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev III Aİ-Azərbaycan biznes-forumunda vurğulayıb ki, ölkəmizin xarici siyasətində bu qurum ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdən biridir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan  Prezidenti 2017-ci ilin əvvəlində Aİ-yə səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Aİ-nin bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan Respublikasının Aİ ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası fəaliyyət göstərir.

Hazırda Strateji Tərəfdaşlıq Sazişi hazırlanır və artıq bununla bağlı Avropa Parlamenti tərəfindən Avropa Komissiyasına mandat verilib, bu istiqamətdə 3 işçi qrupu fəaliyyət göstərir.

Qeyd etdiyimiz kimi, Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Aİ-nin Azərbaycanın xarici ticarətindəki payı 35 faiz, 2017-ci ilin 4 ayında isə 38 faiz təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 milyard ABŞ dolları investisiya yatırıb.

Azərbaycanda hazırda 1300-dən çox Aİ ölkələrinin şirkəti var. Bu qurumun 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Aİ-nin  bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları mövcuddur. Son 5 ildə Aİ-yə üzv ölkələrlə 123 biznes forum və digər tədbirlər keçirilib.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Aİ   ilə əməkdaşlıq edir. “Cənub” qaz dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığın uğurlu nümunələrindəndir. “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan “Şahdəniz 2” üzrə işlərin 93 faiz, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə 85 faiz, TANAP üzrə 72 faiz, TAP üzrə 42 faiz yerinə yetirilib.

Azərbaycan Aİ ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində 1992-ci ildən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib.

Hazırda respublikamızda dünya iqtisadiyyatında gedən neqativ proseslərdən qaynaqlanan xarici mənfi təsirlərin qarşısının alınması və dayanıqlı inkişafın təmin olunması məqsədilə mövcud çağırışların tələblərinə uyğun iqtisadi islahatlar uğurla reallaşdırılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi” və müxtəlif proqramlar qeyri-neft sektorunun inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına, tranzit imkanlarından səmərəli istifadəyə, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına, ixracın şaxələndirilməsinə müsbət təsir göstərir.

Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına indiyədək 800 milyon dollar investisiya qoyulub. Bugünə kimi sahibkarlara 154 investisiya təşviqi sənədi verilib ki, bu da iqtisadiyyata 1,5 milyard manat investisiya qoyuluşuna imkan yaradır. Cari ilin 4 ayında ölkədən keçən tranzit yüklərin həcmi 23 faiz artıb. Qeyri-neft ixracının genişləndirilməsi prioritet istiqamətlərdəndir və artıq Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərinə ticarət nümayəndələri təyin olunub. Aİ ölkələrinə də Azərbaycanın ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulub.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar artıq real nəticələrini verir. Belə ki, bu ilin 4 ayında qeyri-neft sənayesi 2,8 faiz, kənd təsərrüfatı 3,2 faiz, ticarət dövriyyəsi 11,5 faiz, ixrac təqribən 41 faiz, qeyri-neft ixracı isə 23 faiz artıb. Bu dövrdə valyuta ehtiyatları 1,3 milyard ABŞ dolları artıb və 39 milyard ABŞ dolları təşkil edir. Aprelin 1-nə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çoxdur. Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir ki, 1-ci yerdədir.

Yuxarıda adıçəkilən forumda, həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır və görülən bütün işlər Azərbaycan vətəndaşına xidmət edir. Respublikamızdakı siyasi sabitlik, zəngin təbii ehtiyatlariqtisadi potensial, yaradılan əlverişli biznesinvestisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyət, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.

Aİ ölkələri sənaye parklarına investisiya qoya bilər və bunun üçün sənaye parklarında əlverişli şərait yaradılıb. Bundan başqa, sənaye, kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə sahələrində Aİ ilə əməkdaşlıq imkanları genişdir.

Aİ Azərbaycanla əməkdaşlıqdan məmnundur. Azərbaycan daim inkişafa meyilli olan ölkələrdəndir. Aİ yalnız Bakı ilə yox, Azərbaycanın regionları ilə də proqramlar həyata keçirmək niyyətindədir. 

Sözügedən qurum tərəfindən Azərbaycanda nəqliyyat və logistikanın inkişafı üçün böyük layihələr həyata keçirilir, investisiyalar yatırılır. Bu layihələrə Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, Azad Ticarət Zonasının qurulması və digər layihələr daxildir.

Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazası yekunlaşdıqdan sonra Bakı Limanı eyni anda 11 gəmi qəbul etmək imkanına malik olacaq. Hazırda adıçəkilən liman eyni anda iki gəmi qəbul edə bilir. Ancaq birinci mərhələ yekunlaşdıqdan sona qeyd etdiyimiz kimi, bu gəmilərin sayı 11-ə çatacaq.

Azərbaycan ilə Aİ arasında aqrar sahədə ticarət dövriyyəsinin həcminin artırılması da diqqət mərkəzində saxlanılır. Ötən il respublikamızla  bu qurum arasında aqrar sahədə ticarət dövriyyəsinin həcmi 240,7 milyon dollar təşkil edib. Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensial mövcuddur. Azərbaycana ötən il bu ölkələrdən 166 milyon dollarlıq məhsul idxal olunub, Azərbaycandan isə 74,7 milyon dollarlıq ixrac həyata keçirilib. Cins heyvan, içkilər, uşaq yeməkləri, tərəvəz konservləri idxalın əsasını təşkil edib. İxracın 96 faizi fındığın, 1,7 faizi nar şirəsinin payına düşüb.

Göründüyü kimi, Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı daim diqqətdə olan məsələlərdəndir. Belə ki, yerli məhsulların xaricə, o cümlədən qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülür. Dövlət başçısının bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması üzrə tədbirlər reallaşdırılır. Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər daha da gücləndiriləcəkdir. Bu, ilk növbədə, investorlar üçün mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması işlərini əhatə edəcək.

Paralel olaraq, Azərbaycanda prioritet istiqamətlərə, xüsusilə sənaye parklarına, kənd təsərrüfatına, İKT, turizm və digər sahələrə xarici investisiyaların cəlb olunması təşviq ediləcək, müvafiq sahələr üzrə yeni texnologiyaların və rəqabətqabiliyyətli idarəetmə sistemlərinin tətbiqi istiqamətində işlər davam etdiriləcəkdir.

Azərbaycanın xaricdəki dövlət və özəl investisiyalarının müdafiəsi daha da gücləndiriləcək, iqtisadi maraqlarımıza cavab verən layihələrdə şirkətlərimizin iştirakının təmin edilməsi üçün tərəfdaş ölkələrlə bu sahədə əməkdaşlıq daha da genişləndiriləcəkdir.

Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcək, ölkəmizin dünyada nüfuzunu daha da artıracaqdır.

 

Vaqif BAYRAMOV,

 

Xalq qəzeti.- 2017.-10 iyun.- S.1;3.