Şairlər Şabranda Xaqani poeziyasının işığına
toplaşdılar
2012-ci ildən başlayaraq, ənənəvi bayramlardan birinə çevrilmiş Xaqani Poeziya Günləri yenə söz xiridarlarını, sənət adamlarını Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan ulu Şabrana toplamışdı. Gənc Şairlər Birliyi də bu bayrama yeni bir rəng qatmaq üçün VII Beynəlxalq Şairlər Gününü ulu şairin xatirəsinə həsr etmişdi.
Söz-sənət bayramı Şabran Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzovun, Azərbaycan Yazışılar Birliyinin sədri, yazıçı Anarın, ictimaiyyət nümayəndələrinin, qardaş Türkiyədən gəlmiş söz-sənət adamlarının və qonaqların ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsinin ziyarəti ilə başladı. Sonra toplantı iştirakçıları Xaqani Şirvaninin şəhərin girişində ucaldılmış abidəsini ehtiramla yad edib onun adını daşıyan Poeziya Evinin qonağı oldular.
İcra başçısı N.Novruzov qədim Azərbaycan torpağı Şabrana – Xaqani poeziyasının işığına toplaşan qonaqları salamlamaqdan məmnun olduğunu bildirərək qeyd etdi ki, ölkəmizdə ədəbiyyata, mədəniyyətə, klassik irsə, bu mənəvi dəyərlərin yaradıcılarına, söz və sənət adamlarına hörmət və ehtiram, diqqət və qayğı dövlətimizin prioritetlərindən biri sayılır. Məhz bunun göstəricisidir ki, Azərbaycanda intibah dövrü ədəbiyyatının, klassik poeziyamızın ilk qudrətli nümayəndələrindən biri şair Xaqani Şirvaninin qədim Şabran torpağında abidəsi ucaldılmış və onun adını daşıyan Poeziya Evi tikilmişdir.
Türkiyəli söz adamları ilə ümumi tanışlıqdan sonra qonaqlara Şabranın keçmişi və qüdrətli sənətkarımız Xaqanı Şirvaninin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə məhz bu ərazidə yerləşən Şabran qalasına salınması, 7 ay həbsdə qaldıqdan sonra azad edilməsi və burada məşhur “Həbsiyyə” şeirini yazması haqqında geniş məlumat verdi.
N.Novruzov bildirdi ki, Azərbaycan çox möhtəşəm tarixi keçmişə sahibdir və bu tarixin bir hissəsi də qədim yurd yeri olan Şabranla bağlıdır. Şabranın tarixinə ən böyük qiyməti ümummilli lider Heydər Əliyev vermişdir və hələ sovetlər hakimiyyəti dövründə onun tapşırığı ilə 1979-cu ildə burada arxeoloji tədqiqatlar aparılmağa başlanmışdır. Elə o vaxtdan ulu öndərin imzaladığı sərəncama əsasən, Şabran şəhəri tarixi qoruq elan olunmuşdur. Şabrana səfərləri zamanı tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev də rayonun 2300 illik tarixini xüsusi qeyd etmiş, bu tarixin daha dərindən öyrənilməsinin vacibliyini bildirmişdir.
Türkiyəli yazarlar da son bir neçə gündə qardaş Azərbaycanda gördüklərindən son dərəcə məmnun qaldıqlarını və ölkəmizdə ədəbiyyata, sənətə, mədəniyyətə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyinin şahidi olduqlarını dilə gətirdilər.
Sonra tədbir Şabran şəhər mədəniyyət evində rayon ziyalılarının, bölgənin şair və yazıçılarının iştirak etdiyi toplantı ilə davam etdirildi. Rəsmi hissəni açan AYB Xaqani Poeziya Günləri Komissiyasının sədri Elçin Hüseynbəyli Azərbaycan Yazıçılar Birliyinin, Gənc Şairlər Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliynin təşkilati dəstəyi ilə keçirilən VII Beynəlxalq Şairlər Günü haqqında məlumat verdi.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliytinin sədri, yazıçı Anar qeyd etdi ki, 5 iyun - nakam şairimiz Mikayıl Müşfiqin doğum günündən başlayan VII Şairlər Günü çərçivəsində artıq bir neçə görkəmli poeziya ustamızın xatrəsinə həsr edilmiş tədbirlər keçirmişik. İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində Məmməd Arazın xatirəsinə çox maraqlı və yaddaqalan bir tədbir keçirildi. 5 iyun həm də mənim dostum, müasir poeziyamızın görkəmli nümayəndəsi şair Vaqif Səmədoğlunun doğum günü idi və onu da layiqincə yad etdik.
Yazıçı
həm Mikayıl Müşfiqin, həm Vaqif Səmədoğlunun, həm də Məmməd
Arazın yaradıcılığı haqqında
danışaraq bildirdi ki,
məhz şairlər günü kimi poeziya bayramlarında
onların xatirəsinin böyük ehtiramla anılması, yaratdıqları əsərlərə
təkrar-təkrar müraciət etməyimiz, bu sənətkarların xatirəsinə
göstərilən ümumxalq məhəbbətinin
və ehtiramının bir göstəricisidir.
Sonra Xalq yazıçısı Xaqani Şirvani və onun klassik Azərbaycan poeziyasındakı yeri haqqında fikirlərini bölüşdü və bildirdi ki, Azərbaycan ədəbiyyatında ilk poemanın muəllifi olmuş Xaqani, klassik poeziyamızın qəsidə janrını əlcatmaz bir yuksəkliyə qaldırmışdır. Humanist məzmunu ilə seçilən Xaqani irsində ilk dəfə şərin ehtiraslı inkarına, xeyrin, gozəlliyin odlu-alovlu təsdiqinə rast gəlirik. Xaqaninin poeziyası dünya ədəbiyyatının, xususən intibah dövrü sənətkarlarının ən dəyərli yaradıcılıq numunələri ilə yanaşı durmağa qadirdir.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov isə çıxışında böyük bir poeziya bayramını qədim Azərbaycan torpağına – Şabrana gətirdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinə və tədbirin digər təşkilatçılarına təşəkkürünü bildirdi və dedi: -Bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının hamisi olmuş ümummilli liderimiz Heydər Əliyev çıxışlarında haqlı olaraq deyirdi: “Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Elə ona görə də bu böyük şəxsiyyət milli-mənəvi dəyərlərimizə, klassik irsimizə, ədəbi xəzinəmizə ehtiramla yanaşmağı və onları göz bəbəyi kimi qorumağı bizə tövsiyə edirdi.
Tədbirdə çıxış edərkən Azərbaycan və Türk dünyasının ortaq mədəniyyətləri paylaşdığını deyən Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin rəhbəri Mehmet Çifçi Azərbaycan poeziyasının, ədəbiyyatının görkəmli nümyəndələrinin türk dünyasındakı yerindən, onlara olan ehtiram və diqqətdən danışaraq bildirdi ki, Xaqani Şirvani onların ən qüdrətli nümayəndələrindən, türk klassik poeziyasının qurucularından biridir.
Xaqani Şirvaninin xatirəsinə həsr olunmuş tədbir şübhəsiz ki, lirikasız, şeirsiz ötüşə bilməzdi. Məclisdə iştirak edən AYB-nin mətbuat katibi, Gənc Şairlər Birliyinin sədri Xəyal Rza, Xaqani Poeziya Evinin direktoru şairə Aybəniz Əlyar, türkiyəli söz adamlarından Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin – İLESAM-ın rəhbəri Məmməd Nuri Parmaqsız, Yadigar Sarı, Turan Dudak Düz, Bilal Dilsiz, Mehmet Kindap, Birdal Can və başqaları mərasimdə şeirlərilə çıxış etdilər.
Tədbirin sonunda rayonda ədəbiyyatın təbligi və inkişafındakı xidmətlərinə görə AYB Şabran rayon bölməsinin sədri Aydın Tağıyevə “Mikayıl Müşfiq”, Xaqani Şirvani irsinin təbliği sahəsindəki fəaliyyətlərinə görə rayon icra hakimiyyətinin başçısı Novruz
Novruzova və yazıçı Elçin Hüseynbəyliyə Türkiyə İLESAM-ın təsis etdiyi “Xaqani” mükafatları təqdim olundu.
Sonda rayon mədəniyyət evinin incəsənət ustaları kosert proqramı ilə çıxış etdilər.
İlqar RÜSTƏMOV,
Xalq qəzeti.-
2017.-10 iyun.- S.7.