“Azəri-Çıraq-Günəşli”
yatağının potensialı yüksəkdir
Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı təhlükəsiz və sabit şəkildə davam etdirilir. Xatırladaq ki, sözügedən müqavilə üzrə ilkin neftin hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. İşlənmənin əvvəlindən 2017-ci il aprelin 1-nə qədər “Əsrin müqaviləsi” çərçivəsində 423,5 milyon ton neft və 30 milyard kubmetrdən çox səmt qazı hasil edilib. Yeri gəlmişkən, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun karbohidrogen ehtiyatları ilə zənginliyi artıq dünyada birmənalı olaraq qəbul edilir. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının Konsaltinq Assosiasiyası CERA-nın (Cambridge Energy Research Associates) reytinq sıralamasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dünyanın 20 böyük yatağı arasında üçüncü yeri tutması da bunu bir daha təsdiqləyir. CERA-nın qiymətləndirməsinə əsasən, bu yataqlar blokunda neft hasilatının sutkalıq həcmi 850 min barrel təşkil edir.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat hələ uzun illər davam edəcək. Bakıda keçirilmiş 24-cü beynəlxalq “Neft-qaz sərgi və konfransı”nın açılış mərasimində Prezident İlham Əliyev deyib: “Əsrin kontraktı”nın icrası uğurlu istiqamətdə aparılır. Bu gün biz “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının gələcək fəaliyyəti haqqında düşünürük və ümid edirəm ki, yaxın gələcəkdə bu layihənin uzadılması haqqında xarici investorlarla razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün biz indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik”.
Xatırladaq ki, 2016-cı il dekabr ayının 23-də Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcək işlənməsi üçün imzalanmış niyyət məktubu imzalamışlar. Yatağın gələcək işlənməyə dair nəzərdə tutulmuş razılaşmanın prinsiplərinə əsasən, “Azəri-Çıraq-Günəşli” layihəsinə irihəcmli sərmayələrə yol açılacaq, qarşıdakı illərdə çoxsaylı iş yerləri yaradılacaq. “Azəri-Çıraq-Günəşli” layihəsinin tərəfdaşlığı üzrə işləri BP şirkəti idarə edəcək. Bu razılaşma “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” Bakıdan şərqdə təxminən 100 kilometr məsafədə yerləşən nəhəng yataqdır. Xəzər dənizində istismarda olan ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli” 432 kvadratkilometrdən çox ərazini əhatə edir. Bu yataq suyun 120-170 metr dərinliyində yerləşir. Burada məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Müqavilə sahəsində altı hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminalı ilə birləşdirilib. “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb ixrac boru kəməri vasitəsilə dünya bazarlarına ixrac edilir.
Bu ilin noyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanmasının 20 ili tamam olacaq “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsini həyata keçirən konsorsiumun tərkibinə BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), Şevron (11,3 faiz), İNPEKS (11 faiz), Statoyl (8,6 faiz), EksonMobil (8 faiz), TPAO (6,8 faiz), İTOÇU (4,3 faiz) və ONGC Videş Limited (OVL) (2,7 faiz) şirkətləri daxildir. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin podratçı tərəfləri adından operatoru isə Böyük Britaniyanın “BP Exploration (Caspian Sea) Limited”şirkətidir
1994-cü ilin sentyabr ayının 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan yeni neft strategiyası çərçivəsində ötən müddətdə həyata keçirilmiş tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Belə ki, özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq uzun illərdir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikası neft və qaz ixracından əldə etdiyi gəlirlər hesabına iqtisadi imkanlarını xeyli artırmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bununla belə, ölkəmizdə neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır.
2017-ci ilin yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 111 milyon dollar, əsaslı məsrəflərinə isə 304 milyon dollar xərclənmişdir. İlin əvvəlindən müqavilə sahəsində gündəlik neft hasilatı 581 min barrel təşkil etmişdir. Cari ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismar edilən 6 hasilat platformasından ümumilikdə 52 milyon barreldən və ya 7,1 milyon tondan çox neft çıxarılmışdır. Bunun da 55 min barreli “Çıraq”, 124 min barreli “Mərkəzi Azəri”, 112 min barreli “Qərbi Azəri”, 75 min barreli “Şərqi Azəri”, 121 min barreli “Dərinsulu Günəşli”, 94 min barreli isə “Qərbi Çıraq” platformalarının payına düşür. Hazırda konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində 107 quyudan neft hasilat olunur. Daha 48 quyudan (qaz və su injektor quyuları) isə texniki məqsədlər üçün istifadə edilir. Yeri gəlmişkən, hazırda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsindəki istismar quyularından ayda təqribən 2,8 milyon tona qədər neft və 1,2 milyard kubmetr səmt qazı hasil olunur.
Cari ilin ilk rübündə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə qazma və tamamlama fəaliyyətləri də uğurla davam etdirilmişdir. Bunun da nəticəsində hesabat dövründə müqavilə sahəsində 5 hasilat və 2 suvurma quyusu qazılmışdır.
2017-ci ilin əvvəlindən “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etmişdir. Xatırladaq ki, “Azəri” yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” İstehsalat Birliyinə təhvil verilmişdir. Bundan əlavə, “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. “Çıraq” platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Bütövlükdə isə bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 12,1 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
“Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan çıxarılan
neftin sualtı boru kəmərləri
vasitəsilə Səngəçal terminalına göndərilməsi
də əvvəlki ahəngdarlığı ilə davam etdirilmişdir. Məlumat
üçün bildiririk
ki,
terminalın texniki emal
sistemlərinin gücü gün
ərzində 1,2 milyon barrel
nefti qəbul edib ixraca yönəltməyə imkan
verir. 2017-ci ilin yanvar-mart
aylarında Səngəçal
terminalından 69 milyon
barreldən artıq
net ixrac olunmuşdur. Xam neftin 60,5
milyon barrelindən çoxu Bakı-Tbilisi-Ceyhan və 7,5 milyon barrelindən artığı Qərb ixrac boru kəmərləri
vasitəsilə dünya
bazarına göndərilmişdir. Bundan əlavə, ilin ilk rübündə buradan 1,1 milyon barrel kondensat da ixrac
kəməri vasitəsilə
daşınmışdır. Bütövlükdə isə
bu il
aprelin 1-nə qədər
dünya bazarına
443 milyon ton Azərbaycan
nefti çıxarılmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən 11 ilə yaxın vaxt ötür. Yeri gəlmişkən, sözügedən kəmərin istismarını həyata keçirən BTC Ko.-nun səhmdarları BP (30,10 faiz), AzBTC (25 faiz), Şevron (8,90 faiz), Statoyl (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5 faiz), Total (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), CIECO (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin ilk rübündə də uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əməliyyat xərclərinə 29 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar vəsait sərf olunmuşdur. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Bu ilin yanvar-mart ayları ərzində kəmərlə təqribən 8,3 milyon ton (61,7 milyon barrel) xam neft ixrac olunaraq Türkiyənin Ceyhan limanından 77 tanker vasitəsilə dünya bazarlarına çıxarılmışdır. Bütövlükdə isə ümumi uzunluğu 1768 kilometr təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 2006-cı ilin iyun ayından 2017-ci il mart ayının sonunadək 357 milyon ton və ya 2,67 milyard barrel xam neft nəql olunmuşdur. Həmin neft həcmləri Türkiyənin Ceyhan limanında 3502 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Yeri gəlmişkən, artıq 18-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. Azərbaycanın payına düşən “mənfəət nefti” isə 1999-cu ilin dekabrından xarici bazarlara çıxarılır. Həmin vaxtdan cari ilin aprel ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 237 milyon tona qədər “mənfəət nefti” satılmışdır. Mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Mirbağır YAQUBZADƏ,
Xalq qəzeti.-
2017.-11 iyun.- S.2.