Heydər Əliyevin dövlətçilik
konsepsiyası xalqın maraqlarına xidmət edir
Dünya xalqlarının əksəriyyəti öz müstəqilliyinə və suverenliyinə müxtəlif vaxtlarda və fərqli formalarda nail olmuşlar. Zamanından və siyasi şəraitindən asılı olaraq, bəzi ölkələr az itki ilə, nisbətən asanlıqla müstəqilliyinə qovuşa bilmiş, bir sıra ölkələr isə böyük çətinlikləri üstələyərək, məhrumiyyətlər yolu ilə müstəqilliyinə nail olmuşdur. Azərbaycan Respublikası da ikincilər sırasında olmaqla müstəqilliyin əldə edilməsinə ciddi itkilər və məhrumiyyətlər nəticəsində çatmışdır. İnsan və maddi itkilərlə əldə olunmuş müstəqillik səriştəsiz və bacarıqsız rəhbərliyin fəaliyyəti nəticəsində daha ciddi problemlərlə üzləşmiş, faktiki olaraq müstəqilliyin itirilməsi, ölkənin parçalanması ümumiyyətlə Azərbaycan dövlətçiliyinin məhvi təhlükəsi ilə üzbə-üz qalmışdır. Xalq onu bu bəlalardan qurtara biləcək qüvvəni və şəxsiyyəti axtarmağa başladı və tapdı. Ümummilli lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev hakimiyyətə onların istəyi və təkidli dəvəti ilə gəldi.
O xalqlar xoşbəxtdir ki, onların təhlükəli taleyüklü məsələlərinin həll edilməsində istinad ediləcək, ümid bəsləniləcək görkəmli şəxsiyyətləri vardır.
Dünya tarixinə nəzər salsaq görərik ki, ayrı-ayrı vaxtlarda və müxtəlif millətlərin içərisindən görkəmli şəxsiyyətlər çıxmışdır. Həmin liderlərin hərəsi bir sahədə fitri istedad sahibi olmuşlar. Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi görkəmli şəxsiyyət Heydər Əliyev təkcə bir sahədə deyil, ictimai həyatın bütün sahələrində fitri istedad sahibi idi. Dahi şəxsiyyətin hakimiyyətə gəlməsi ilə ölkədə əmin-amanlıq və sabitlik yarandı, destruktiv qüvvələr zərərsizləşdirildi, səriştəsiz adamlar hakimiyyətdən kənarlaşdırıldı, daxili və xarici siyasətin konturları müəyyənləşdirildi, Azərbaycan dövlətçiliyi xilas edildi. Tezliklə fenomenal istedad sahibi Heydər Əliyev qarşıda duran vəzifələrin zəncirində aparıcı həlqələri müəyyənləşdirdi. Qısa zaman kəsiyində Heydər Əliyev istedadının nəticəsi olaraq zərgər dəqiqliyi ilə işlənib hazırlanmış dövlətçilik konsepsiyası ərsəyə gəldi. Konsepsiyanın reallaşması üçün hüquqi islahatların aparılması vacib şərtdir. Dövlətçilik mexanizminin, dövlət aparatının, dövlət orqanlarının, idarəçilik sisteminin normativ hüquqi bazasını yaratmadan uğur qazanmaq mümkünsüzdür. Bütövlükdə islahatların o cümlədən hüquqi islahatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidentinin “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” 1996-cı il tarixli sərəncamının və “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqinda” 1998-ci il fərmanının müstəsna rolu olmuşdur. Bu sahədə aparılan islahatların önəmini ümummilli lider Heydər Əliyev dəfələrlə vurğulamış, xüsusi qeyd etmişdir ki, “Biz Azərbaycanda bütün işlərdə dünya təcrübəsindən, ayrı-ayrı ölkələrdə islahatların həyata keçirilməsi sahəsində əldə olunan təcrübədən istifadə edirik. Biz müsbət təcrübəni ölkəmizin xüsusiyyətlərinə uyğun olaraq tətbiq etməyə çalışırıq”.
İslahat komissiyalarının fəaliyyətinin düzgün istiqamətə yönəldilməsi və səmərəli nəticələrin əldə edilməsi üçün onların fəaliyyətinin başlıca istiqamətləri də ümummilli lider tərəfindən müəyyənləşdirildi.
Hər şeydən əvvəl komissiyalar öz fəaliyyətində ölkədaxili faktorlarla yanaşı beynəlxalq aləmdə baş verən əsaslı dəyişiklikləri də nəzərə almalı idi. Dünyada baş verən radikal dəyişikliklər miqyasına görə inqilabi xarakter daşıyırdı. XX əsrin sonu – XXI əsrin astanasının tələblərinə müvafiq olaraq qloballaşma dövrünün üçüncü dalğanın gətirdiyi postindustrial mərhələnin xüsusiyyətlərini nəzərə almaq bu prosesdə çox vacib idi.
Hüquqi sahədə aparılan islahatların əsas qayəsi və məqsədi böyük öndər Heydər Əliyev tərəfindən konkret müəyyənləşdirildi: “Biz Azərbaycanın indiki nəsli yaranmış imkanlardan bütün sahələrdə istifadə etməliyik; dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm...çox vacibdir ki, respublikamız müstəqil bir dövlət kimi hansı siyasi, iqtisadi sistem üzrə gedəcəkdir, bizim yolumuz demokratiya yoludur, biz demokratiya yolundan dönməyəcəyik. Bizim yolumuz siyasi plüralizm yoludur, biz bu yoldan dönməyəcəyik. Təbiidir ki, demokratik dövləti yaratmaq üçün ilk növbədə cəmiyyətin tənzimlənməsini təmin edəcək normativ-hüquqi baza və mükəmməl qanunvericilik bazası yaradılmalıdır”.
Bir məsələni də vurğulamaq istərdim. Adətən nəzəri müddəalar, bütövlükdə nəzəriyyə əvvəl hazırlanır, əlverişli şərait, mühit olduqda isə praktikada yoxlanılaraq ya qəbul edilir, ya da inkar edilir. Çox nadir hallarda nəzəriyyə ilə praktika zaman etibarı ilə üst-üstə düşür. Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış dövlətçilik konsepsiyası hazırlandığı gündən tətbiq edilməyə başlayaraq doğruluğunu təsdiqlədi. Hüquqi islahatlara uyğun olaraq dövlətin quruluşu, dövlət mexanizmi, dövlət aparatı, dövlət orqanları, dövlət orqanlarının ierarxiyası yeni qaydada işlənib hazırlandı.
Dövlət başçıları hakimiyyətə gəldikdən sonra onların bir qismi sistemi saxlamaqla kosmetik yeniliklər aparır. Nəhəng liderlər isə özünün sistemini qurur. Tarixə nəzər yetirsək, bu yanaşmanı ABŞ Prezidenti Corc Vaşinqtonun, Türkiyə Prezidenti Mustafa Kamal Atatürkün, dahi siyasətçi Heydər Əliyevin fəaliyyətində açıq-aydın görə bilərik. Heydər Əliyevin dövlətçilik konsepsiyasıda yeni sistemin bütün əlamətlərini görürük. Təkcə bir sahəyə nəzər salaq: dövlət nəzarəti mexanizminin yaradılması ilə vəzifəli şəxslərin, insanların dövlət orqanlarının fəaliyyəti hüquqi müstəviyə gətirilir. Hüquqi bazanın yaradılması üçün hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatının tələblərinə uyğun siyasi, iqtisadi, hüquqi islahatlar aparılır, yeni konstitusiya qəbul edilir. Konstitusiyanın aliliyi prinsipi əsasında bütün normativ aktların ona uyğunlaşdırılması təmin edilir. Digər tərəfdən qanunların, Prezidentin fərman və sərəncamlarının yerinə yetirilməsinə nəzarət mexanizmi yaradılır. Nəhayət ümumi, dünyəvi, bəşəri dəyərlərdən istifadə etməklə yeni nəzarət sistemi yaradılır. Fikrimizcə, gətirilən misal tam şəkildə sübut edir ki, görkəmli dövlət xadimi Heydər Əliyev köhnə sistemlə razılaşmayaraq, yeni sistem yaratdı.Təbiidir ki, yeni sistem yaratmaq müasir inkişafla səsləşməyən sistemdən imtina etmək deməkdir. Yeni sistemin formalaşdırılması olduqca çətindir və onun banisindən yaradılacaq sistemin mikroelementlərindən tutmuş ali prinsiplərə qədər əsaslandırma tələb edir. Heydər Əliyev dühası və təcrübəsi bu çox mürəkkəb işin öhdəsindən ustalıqla gəldi.
Hər şeydən əvvəl yaradılacaq sistemin mahiyyəti, forması, məzmunu, başlıca prinsipləri və istiqamətləri dünya təcrübəsinə və milli maraqlara uyğun olmalıdır.
Dövlətçilik konsepsiyasında dövlətin mütəhərrikliyini təmin edən dövlət idarəçiliyinin başlıca prinsipləri müəyyənləşdirildi. Dövlət cəmiyyətin maraqlarına xidmət edir. Başqa sözlə dövlət cəmiyyətin kütləvi və legitim hakimiyyət gücüdür. Dövlət hakimiyyətinin mənbəyi xalqdır, odur ki, vətəndaşın statusu hakimiyyətin bütün sturukturlarını və qarşılıqlı əlaqə sistemini yaradan faktordur.
Ümummilli lider tərəfindən hazırlanmış sistemin və dövlətçilik konsepsiyasının əsas müddəaları Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının əsasını təşkil etdi:
“Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməlidir, seçkilər yolu ilə təmin olunmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.
-Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır;
-Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölgüsü prinsipi əsasında təşkil edilir;
-Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir;
-İnsan və vətəndaş hüquqlarının və azdlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir;
-Azərbaycan
Respublikasının dövlət
dili Azərbaycan dilidir.
Heydər Əliyevin dahiliklə yaratdığı dövlətçilik
konsepsiyası yaradıldığı
gündən keçən
vaxt ərzində öz doğruluğunu və səmərəliliyini
bütünlüklə təsdiq
etmişdir. Bu konsepsiya
ictimai münasibətlərdəki
yenilikləri və dəyişiklikləri ehtiva
etmək baxımından
daha da inkişaf
etdirilir.
Möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən ölkənin
idarəçilik sisteminin
təkmilləşdirilməsi sahəsində qəbul edilən qərarlar bunu əyani şəkildə sübut
edir: “Ölkənin demokratik və hərtərəfli inkişafı,
iqtisadi nailiyyətlər
nə qədər təsiredici olsa da, insan hüquqlarına
əməl edilmədən
vətəndaş cəmiyyəti
yaratmaq və demokratiyanı inkişaf etdirmək mümkün deyil”.
Nazim Cəfərli,
hüquq elmləri doktoru,
professor,
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini,
Əməkdar müəllim
Xalq qəzeti.-
2017.-11 iyun.- S.3.