Yusif Vəliyev səhnəyə müqəddəs məkan
kimi baxırdı
Elə insanlar var ki, ölüm onlar üçün hər şeyin sonu deyil. Sənət adamları, adətən, ölümlərindən sonra daha tez-tez xatırlanır, cismən olmasa da, ruhən yaratdıqları əsərlərdə yaşayır, xatırlanır, insanların yaddaşından silinmirlər. Çünki bu əsərlər indinin də, sabahın da narahatlıq doğuran problemlərinin həllində insanlara yardımçı olur. Kinoda da, teatrda da belə əsərləri yaradanlar xalqın əbədi yol yoldaşına çevrilir, hər zaman xoş niyyətlə yad edilirlər. Elə 100 illik yubileyinin qeyd etdiyimiz Xalq artisti Yusif Vəliyev kimi.
Bu aktyorun oynadığı tamaşalar, çəkildiyi filmlər xalqımızın qiymətli mənəvi sərvətidir. Rollarının əksəriyyəti ifa tərzinə, daxili zənginliyinə görə tamaşaçıların böyük marağına səbəb olurdu. İstər epizodiok rolların, istərsə də əsas qəhrəmanların obrazlarında onun mahir ifasının yaratdığı təsir seyrçilərin yaddaşına həkk olunurdu. O, müasir və tarixi qəhrəmanların ifası zamanı elə cizgilər tapırdı ki, istər-istəməz onların təsirindən uzun müddət qurtarmaq olmurdu.
Yusif Vəliyevin sənətə gedən yolu heç də hamar olmayıb. 1917-ci ildə Dərbənddə doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb (1933-1936). Tələbəlik illərində Akademik Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, sözsüz rollarda çıxış edib. Eyni zamanda, Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək, bir neçə rol oynayıb. Texnikumu bitirəndə yenicə açılan M.Ə. Sabir adına Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib. 1949-cu ilədək burada çalışan gənc aktyor onlarca klassik və müasir dramaturqun əsərlərində bir-birindən gözəl rollar oynayıb. O, Şəkidə böyük sənət yolu keçib, püxtələşib, məşhurlaşıb.
1949-cu ilin yazında Bakıya gələn aktyor qısa müddət Rus Dram Teatrında, həmin ilin axırlarından ömrünün sonunadək isə Gənc Tamaşaçılar Teatrında çalışıb. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, həm romantik, həm də realist rolları məharətlə ifa edib. Onlardan bəzilərini xatırlatmaq istərdik: Hacı Nuru və molla İbrahimxəlil (“Molla İbrahimxəlil kimyagər”), Qarakişi və vəzir ( “Aqil və Sərvinaz”), General Leyk (“Əlvida, Hindistan”), Ataman, Xeyrulla, Şalibudaqov (“Anacan” və “Qonşular”), Xətib (“Rübailər aləmində”), İmamyar (“Yaşar”), Doktor Vahid (“Son məktub”), Hətəmxan ağa, Frans Fok (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Xırs quldurbasan”), Kral (“Qar kraliçası”) və s.
Onun səhnə rollarını saymaqla qurtaran deyil, Bir həqiqət var ki, Yusif müəllimin adı olan tamaşalar həmişə maraqla qarşılanırdı. Bu aktyoru alqışlayırdılar, sevirdilər.
Televiziya teatrında tamaşaya hazırlanmış Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Hacı Qara), Qılman İlkinin “Baba və nəvə” (Baba) tamaşalarında, “Əfzələddin Xaqani” (Xaqan) bədii kompozisiyasından lent yazıları var.
Çoxları onun səsindəki məlahətə vurulmuşdu. Gözəl danışırdı, səsi obrazın psixoloji vəziyyətini tamamlayırdı. Bir faktı xatırladım: “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayıl obrazını (aktyor Adil İsgəndərov) o, səsləndirmişdi. Hətta rejissor Həsən Seyidbəyli Əmir Teymur roluna da Adil İsgəndərovu çəkmək istəyirdi, amma onun təkidi ilə bu obrazı Yusif Vəliyev yaratdı.
Gözəl səs tembrinə görə onu tez-tez radio verilişlərinə dəvət edirdilər. Bədii mətnləri elə məharətlə oxuyurdu ki, tamaşaçı bu səsin sehrindən uzun müddət xilas ola bilmirdi.
Yusif Vəliyevin kino sənətimizə verdiyi töhfələr də diqqətəlayiqdir. “Azərbaycanfilm” kinostudiyasında çox vaxt epizodik rollara çəkilsə də, maraqlı, yaddaqalan xarakterlər yaradıb. O, “Zirvə” (bələdçi), “Sən niyə susursan?” (balıqçı), “Qatır Məmməd” (halvaçı), “Tütək səsi” (Qılınc Qurban), “Bir cənub şəhərində” (Səfərəli) filmlərinə çəkilib. “Yaxşı ki, dünyada Səməd Vurğun var...” sənədli filmində “Vaqif” dramından bir eizodda Qacar obrazını canlandırıb.
“Uşaqlığın son gecəsi” filmindəki iş icraçısı rolunu xatırlatmaq istərdim. Çox da böyük rol deyil, ancaq necə səmimi, öz işini sevən, daxili qürurunu qoruyan bir insandır. “Tütək səsi” filmindəki Qılınc Qurban onun rolları arasında xüsusilə seçilir. Bu obraz filmin baş qəhrəmanlarından biridir. Kənddə onun bir sözünü iki eləyən yoxdur. Aktyorun böyük ustalıqla yaratdığı bu rol filmin ümumi ahənginə xüsusi çalar bəxş edir. O, sərt xarakterli, sözü qılınc kimi kəsərli, müharibə qanunları ilə yaşayan bir insandır. Aktyor bu rolu barədə deyirdi: “Çoxları mənə irad tutur ki, Qılınc Qurbanı çox sərt oynamısan. Mənə elə gəlir ki, əgər sərt olmasaydım, onda bu obrazı yarada bilməzdim. Çünki o dövrün özü sərt dövr olub. Nahaq yerə o kişinin adına Qılınc Qurban demirdilər ki...”.
Qurd Cəbrayıl (“Arxadan vurulan zərbə”) daha mürəkkəb xarakterli roldur. Keçdiyi həyat yolu onun təbiətinə də öz izlərini yazıb. Hər dəfə bu filmə baxanda Qurd Cəbrayılın həbs edildiyi səhnədə onun baxışlarına diqqət yetirirəm. Bu baxışlar aktyorun daxili dünyasının zənginliyini, onun əsl sənətkar simasını bir daha təsdiq edir.
Teymurləng (“Nəsimi”) tarixi qəhrəmandır. Yusif Vəliyev bu obrazla filmə ayrı bir rəng qatır. Onun ifasında hakimiyyət hərisliyi, cəngavərlik necə də bir-birini tamamlayır. Çoxillik səhnə və kino yaradıcılığında əldə etdiyi sənət nailiyyətlərinə, gənclərə örnək olan zəngin irs qoyduğuna görə Yusif Vəliyev 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1979-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Ömrünü milli teatr və kino sənətimizin inkişafına həsr etmiş bu böyük sənətkar 1980-ci il martın 18-də vəfat edib.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 11 iyun.- S.6.