Neft kimyasının atası Mendeleyev və Bakıda
neft işi
Dünya kimya elminin korifeyi, elementlərin dövri cədvəlinin yaradıcısı Dmitri Mendeleyevin yaradıcılığında neft məsələsi həlledici yer tutur. XIX əsrin ikinci yarısında Rusiya, xüsusilə də Bakı neft sənayesinin təşəkkül tapmasında onun çoxşaxəli və sistemli xidmətləri olmuşdur. Neft problemlərini dərindən öyrənən Mendeleyev sənayeçilərə zavodlarda aparılan texnoloji proseslərin təkmilləşdirilməsi ilə bağlı praktiki göstərişlər verməklə kifayətlənmir, onlara həm də radikal tədbirlərdən çəkinməməyi məsləhət görürdü.
Alimin həyat və fəaliyyəti XIX əsrin II yarısından neft Bakısı ilə sıx bağlı olmuşdur. O, ilk dəfə Bakıya 1863-cü ilin avqustunda işgüzar fəaliyyəti ilə Qafqaz canişininə yaxın olan sahibkar Vasaili Kokorevin xahişi ilə gəlmişdir. Kimyaçı alim həmin il sentyabrın 6-dan oktyabrın 8-nə kimi Kokorevin zavodunda neftin parçalanması ilə bağlı tədqiqatlar aparmışdır. Onun rəhbərliyi ilə bir sıra radikal tədbirlər həyata keçirilmişdir: neftin zavoda və gəmilərdəki xüsusi rezervuarlara nəql edilməsi üçün quyulardan zavoda, zavoddan da dəniz sahilinə xüsusi borular çəkilmişdir; Xəzər dənizindən Volqa keçidinə qədər neftin iki və ya üçdorlu gəmilərdə, Volqa keçidindən Nijni Novqoroda isə barjlarda daşınması təşkil olunmuşdur; Nijni Novqorod yaxınlığında Bakı neftinin emal olunması və müxtəlif neft məhsulları alınması məqsədi ilə böyük zavod tikilmişdir.
Bu tədbirlər sayəsində Kokorevin iqtisadi baxımdan nisbətən zəif zavodu bir ildən sonra 200 min rubl gəlir əldə etmişdir. 1867-ci ildə isə Suraxanı zavodu artıq Moskva, Sankt-Peterburq, Tiflis və imperiyanın digər şəhərlərini təchiz etmək üçün ildə 100 min pud kerosin istehsal etmək gücünə çatdırılmışdı. Xatırladaq ki, Avropaya Amerika kerosininin gətirilməsinə 1860-cı ildə başlanılmışdır. Rusiyada isə artıq 1863-cü ildə Bakı (Balaxanı) kerosini işlədilirdi. O zamanlar bu maddəni fotonaftil adlandırırdılar.
İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin iclaslarından birində alim qeyd etmişdi ki, mükəmməl neft sənayesinin yaradılması üçün öncə iltizam sistemini və kerosin aksizini ləğv etmək lazımdır, bu, Rusiya neft işinin kapitalist inkişafına gətirib çıxarar. Mendeleyev qeyd edirdi: “Mənim şəxsi mövqeyim budur ki, təkcə neftə deyil, həmçinin necə olmasından asılı olmayaraq kerosinə də vergi qoyulmamalıdır. Vergi sənayeni sıxışdırır, çünki istehsalçı və fabrikant onu istehlakçıya qarşı çevirir və nəticədə tələbat azalır. Bütün hallarda vergi sənaye üçün sıxıntı yaradır və inkişaf dayanır”.
Alimin Qafqaza növbəti səfəri 1880-ci ildə baş tutur və Bakını, Qroznını, Vladiqafqazı, Tiflisi, Batum və Novorossiyskı əhatə edir. Əsas məqsəd Bakıda böyük neft ehtiyatları olduğu halda niyə 7 milyon puda yaxın neft hasil olunduğunu aydınlaşdırmaq idi: istehsalı nə ləngidir; niyə dənizə yaxın olan Bakı və Kuban neft mədənləri qənaətlə istismar olunmur?
1880-ci il sentyabrın 22-də “Qolos” qəzetində dərc etdirdiyi “Bakı nefti ilə nə etməli?” məqaləsində Mendeleyev neft emalı sənayesinin rasional şəkildə qaydaya salınması məsələsini qaldırır. Onun müstəqil fikri neft sənayeçiləri ilə münaqişəyə səbəb olur. Burada maraqlı bir faktı nəzərə çatdıraq: “Nobel qardaşları” şirkətinin rəhbəri Lüdviq Nobel Mendeleyevin texniki tövsiyələrini praktikada ilk tətbiq edənlərdən olmuşdur. O, kerosinin saxlanması və daşınması üçün dəmir rezervuarlar və dəmiryol sisternləri, buxar gəmiləri və barjlar hazırlatmışdı. Alim qeyd edirdi: “Bütün bunlar onun adını mənim üçün fövqəladə surətdə cəlbedici edirdi. Lakin mən Rusiyanın daxilində neftdən kerosin və həmçinin sürtkü yağları emal edilməsi üçün zavod tikdirilməsi fikrimin orada, Bakıda, cənab Nobel tərəfindən qərəzlə qarşılanmasından sarsıldım”.
Mendeleyev dəyərsiz neft qalıqlarından kerosindən, demək olar, 4 dəfə baha olan yağ istehsal olunmasını təklif edirdi: “Neft qalıqlarından sürtkü və işıqlandırıcı yağlar hazırlamaq lazımdır, onları kobud yanacaq kimi yandırmaq olmaz… Bizim çoxlu ağır qalıqları olan Bakı nefti üçün ağır neft yağlarından davamlı istifadə yolları axtarıb tapmaq lazımdır. Bu məsələnin həlli buxar qazanlarında bəsit üsullarla yandırılma deyil”.
O dövrün iki görkəmli şəxsi – elementlərin dövri sisteminin yaradıcısı Mendeleyev ilə Qafqazın ən böyük sahibkarı Hacı Zeynalabdin Tağıyev arasındakı dostluğu xüsusi qeyd etmək lazımdır. Onları çox şey birləşdirirdi: iqtisadi maraqlarını hər şeydən üstün tutmaq, ruh yüksəkliyi və fədakar əmək.
Azərbaycan neftinin Mendeleyevin elmi həyatında oynadığı rolu aydın əks etdirmək üçün onun Bakıya səfərinin və Bakı nefti ilə bağlı fəaliyyətinin xronikasına nəzər süalmaq kifayətdir. Kokorev 17 avqust 1863-cü ildə ilk dəfə Mendeleyevlə görüşündə ona Qafqaza səfər etməyi və özünün qır və neftdən işıqlandırıcı yağlar istehsal edən zavoduna baxmağı təklif etmişdir. 6 sentyabr 1863-cü ildə Mendeleyev Bakıya gəlmiş və Kokorevin Suraxanıdakı zavoduna baş çəkərək yağların keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər təklif etmişdir.
Mendeleyev 13 may 1880-ci ildə Qafqazda (Bakı, Qroznı, Vladiqafqaz, Tiflis, Batum və Novorossiysk) neft mənbələrini və neft işinin vəziyyətini öyrənmək məqsədi ilə regiona ezam olunmuşdur. O bu səfəri zamanı 25–29 mayda Abşeron neft mədənlərində olmuş, Suraxanı və Balaxanı yataqlarını nəzərdən keçirmiş, H.Z.Tağıyevin Bibiheybətdəki neft mədənlərinə baş çəkmişdir. Oğlunun şərəfinə “Vladimir Mendeleyev” adlandırılan neft fəvvarəsinin açılışında onunla birlikdə iştirak etmişdir. Abşeron yataqlarını nəzərdən keçirdikdən sonra “Qolos” qəzetinə məktubunda Bakıda neft işinin vəziyyəti ilə bağlı təəssüratlarını bölüşmüşdür.
Mendeleyev 2 iyun 1880-ci ildə Rusiya Texniki Cəmiyyətinin Bakı şöbəsinin iclasında “Bakıda kerosin istehsalının vasitələri” haqqında məruzənin müzakirəsi zamanı Bakı neftinin tədarükünü artırmaq üçün Mərkəzi Rusiyada yeni zavodların tikilməsini təklif etmişdir. Alim o günlərdə Kuban vilayətinin rəisi general N.N.Karmalinə amerikalıların Qafqaz (Qroznı və Bakı) neft regionunu inhisara almaq cəhdi barədə məktub yazmışdır.
Alim 7 yanvar 1882-ci ildə Rusiya Fizika-Kimya Cəmiyyətinin kimya şöbəsinin iclasında Azərbaycan neftinin 6 müxtəlif növündə yüngül məhsulların miqdarının eyniliyi barədə məlumat vermiş və Azərbaycan neftinin Amerika neftindən fərqini göstərmişdir. O, 2 dekabr 1882-ci ildə isə cəmiyyətin kimya şöbəsinin iclasında Bakı neftindən pentan alınması haqqında məruzə etmişdir. Mendeleyev 3 aydan sonra həmin şöbəsinin iclasında neftin emalının yeni üsulu və Azərbaycan neftinin tədqiqində ondan istifadə olunması barədə məlumat vermişdir.
Azərbaycan nefti ilə bağlı tədqiqatlar silsiləsini zənginləşdirən Mendeleyev 1884-cü ildə Bakı neft sənayeçilərinin I qurultayında (26 oktyabr – 8 noyabr) fəal iştirak etmişdir. Alim 1886-cı ilin mayında yenidən Bakıya ezamiyyətə gəlmiş, Abşeron neft mədənlərində olmuşdur. O, Rusiya Texniki Cəmiyyətinin Bakı şöbəsində “Neft işinin sonrakı inkişafının şərtləri” və “Bakı neft sənayesinin sonrakı inkişafına dəstək tədbirləri” adlı məruzələrlə çıxış etmişdir.
Kimyaçı alim 15 mart 1887-ci ildə dövlət əmlakı naziri M.N.Ostrovskiyə “Neft və kerosin boru kəmərləri məsələsi” barədə hesabat xarakterli məruzə təqdim etmiş və Bakı–Batum boru kəmərinin əhəmiyyətini ətraflı şəkildə izah etmişdir. “Novoye vremya” qəzetində 16 fevral 1889-cu il tarixli sayında Mendeleyevin “Rotşild və neft kəməri” adlı məqaləsi çap olunmuşdur.
Ümumiyyətlə alimin, təxminən, 500-dək çıxış və yazısının 71-i Bakıda neft işinə həsr olunmuşdur. Mendeleyevin bu mövzuda 1886-cı ildə Bakıda nəşr olunmuş kitabçasından bir parçanı“Xalq qəzeti”nin oxucularına təqdim edirik.
Dmitri Mendeleyev:
Neft işi
II məqalə. Xaricə
satış haqqında
Əgər bizim neftin yalnız
dörddəbir hissəsinin çoxundan ibarət olan kerosinin əvəzinə,
işıqlandırma üçün neftin digər növlərindən
(benzin, pironaft, sürtkü yağları və b.) istifadə
olunsa, yaxın illərdə işıqlandırma
üçün neftə olan daxili tələbatı Qafqazda
hasil olunan neftin hesabına artıqlaması ilə ödəmək
mümkündür. Çünki ötən
1884-cü ildə orada 70 milyon puddan çox neft
çıxarılmışdır. Həmin
miqdarda neftdən, təxminən, 20 milyon pud kerosin
alınır, amma Rusiya üçün asanlıqla 50 milyon
pud neft məhsulu almaq mümkündür.
Nəzərə almaq lazımdır ki, yerdə qalan
30 milyon pud neft nəql edilərkən və emal olunarkən
yanacaq və tullantı kimi israf olunur. İşıqlandırma
üçün neft məhsullarının 50 milyon pudunun
yalnız yarısını ölkənin daxilində hasil etmək
olar. Nəzərə alsaq ki, bu o qədər də
çox deyil, çünki Rusiyaya araba, maşın və
vaqonların yağlanması, həmçinin digər məqsədlər
üçün, təxminən, 10 milyon pud müxtəlif
neft məhsullarının tələb olunmasına baxmayaraq,
daxili tələbatı ödəmək üçün
hazırda kifayət qədər neft ehtiyatları var. Bu, son
illərdə neft məhsullarının qiymətinin xeyli
aşağı düşməsində özünü
büruzə verir. Saritsindən çəlləksiz
gətirilən kerosinin bir pudu 40 q-yə və daha ucuz qiymətə
başa gəlir.
Bu cür neft məhsullarının
bolluğu hazırda qismən, az da olsa,
xaricə neft nəqli məsələsini gündəmə gətirir.
1878-ci ildə V.İ. Raqozin Baltik dənizi
limanlarından Rusiyadakı zavodlarında istehsal olunan
sürtkü yağlarını xaricə satmağa
başladı. Sonradan 1882-ci ildə L.Nobel
rus kerosinini Avstriya və Almaniyaya göndərməyə nail
oldu. Mühüm rus işinin təşəbbüskarları
kimi – 1861-ci ildə Bakıda kerosin istehsalına nail olduğu
üçün V.A. Kokorevin, habelə 1866-cı ildə
(Kudako) neft hasilatına görə A.N. Novoseltsevin
adlarını çəkmək olar. Onların
adları heç vaxt Rusiya sənayesinin inkişaf salnaməsində
unudulmayacaq və Qafqaz neft işinin təbii inkişafı
bizim neft yataqları geniş miqyas aldıqca, həmçinin
ilkin olaraq böyük səylə istismarına
başladığımız Bakı ərazisinin sərvətləri
sayəsində daha gur səslə anılacaqdır. Çünki bütün Qafqaz bu cür yerlərlə
əhatə olunub.
Orada həddindən artıq iş
çoxdur, daha doğrusu, neft çoxdur. Onunla
nə etməli? Nefti çıxarmaqmı
lazımdır? Qadağanedici qanunlarmı
tərtib etmək lazımdır? Heç
olmasa, Kolxidada gizlədilmiş qızıl yun (runo) bizə və
varislərimizə çatsın. Qoy
amerikalılar, hətta rumınlar Avropanı neftin ucuz
olduğuna və kerosin lampalarının rahatlığına
görə insanların alışdığı yüz
milyonlarla pud işıqlandırıcı yağla təmin
etsinlər. Biz isə guya,
özümüzünkünü daxili ehtiyaclarımız
üçün qoruyub saxlayırıq, yəni gələcəkdə
lazım ola bilər. Bu, haqda
ətraflı düşünmək lazımdır. Bu əslində, xəsislik və ya acgözlükdən
deyil, qeyri-düzgün inkişafdan irəli gələn eybəcərlik
və yaltaqcasına qulluq göstərməkdəndir.
Bundan başqa, daha liberal neft tələbatı
da var: daş kömürünün yerinə artıq neft məhsullarını
bütövlükdə yandırmaq. Ucuzdur,
münasibdir, yoxlanılıb, torfu, yaxud daş
kömürü isə zəhmət çək
çıxar, odun da yoxdur, olanı da qorumaq lazımdır.
Əks halda Volqa dayazlaşar və onunla neft
daşınması qeyri-mümkün olar. Bu məsələləri
təfsilatı ilə araşdırmağa indi mənim həvəsim
yoxdur və mən sonradan mübahisəyə girmədən məntiqi
sıçrayış etməyə üstünlük verirəm:
nə qədər mümkündürsə, Qafqazdan o qədər
çox neft çıxarmaq lazımdır. Rusiyanın
tələbatından artıq qalan məhsulu Rusiyadan kənara
əlbəttə, xam maye yanacaq kimi yox, işıqlandırma
materialı, sürtkü yağı və ya benzinə,
vazelinə bənzəyən başqa növ məhsul kimi
satmaq lazımdır.
Bakılılar qeyri-iradi olaraq neft məhsullarını
xaricə satmaq tələbatını çoxdan başa
düşüblər və ona görə də daha çox
onlar üçün yazıram, habelə yuxarıda göstərdiyim
vəziyyəti çıxış nöqtəsi kimi dəyərləndirirəm.
Ona görə də hər şeydən əvvəl
satış imkanlarına nə cür nail olmaq haqqında
fikirləşmək, incəliklərə varmaq
lazımdır. Xaricə bizim neftin
satılmasının əlverişli, sərfəli və mənfəətli
olması üzərində artıq dayanmağa dəyməz.
Burada hansı incəliklərə
diqqət yetirmək vacibdir. Birincisi – kəmiyyət,
ikincisi – daşınan neft məhsullarının keyfiyyəti,
üçüncüsü – məhsulun qiyməti,
dördüncüsü – daşınma üsulları. Bunu da nəzərdən keçirək.
Əgər keyfiyyəti və
qiyməti tələbə uyğun gələrsə, bizim
neft məhsullarını hansı həcmdə xaricə nəql
etmək mümkündür? Bu araşdırılması vacib
olan birinci məsələdir, çünki tələb az olarsa, çox şəy göstərməyə
dəyməz. Amma tələb çox olduqda buna
uyğunlaşmaq və xeyli iş görmək gərəkdir.
Bunun üçün isə vəsait sərt
etmək lazım gələcək. Hara yol
yoxdursa, hara məhsul daşınmırsa, ora dəmir yolu xətti
çəkmək lazım deyil. Bəs tələbatın
həcmini necə müəyyənləşdirmək
mümkündür? Hətta məhsulun
keyfiyyəti və qiyməti qənaətbəxş olsa belə.
Bu iki yolla – hesablamalar
aparmaqla və dəqiq statistik məlumatlara əsaslanmaqla
mümkündür. Yalnız sonuncu üsul kifayət deyil.
Axı, əllinci illərin əvvəlində
neft yağlarına heç bir tələbat yox idi. Amma ilk neft quyuları Pensilvaniyada 1859-cu ildə
qazılmışdır. Neft istehsalının mənfəətli
olması haqqında birbaşa mühakimə yürütmədən
yalnız statistik məlumatlara əsaslanmaq, yaxud on il ərzində
neft hasilatını 40 milyon puda, iyirmi il ərzində isə
200 milyon puda çatdırmaq mümkündürmü?
Statistika artıq tətbiq olunan, artmaqda olan bir
prosesin inkişafı haqqında mühakimə yürütməyə
kifayət edir. Ancaq söhbət
inkişafdan və bərpadan yox, işin təməlini
qoymaqdan gedirsə, onda əvvəlcə statistik rəqəmlər
haqqında fikirləşməkdənsə, birbaşa
mühakimə yürütmək lazımdır və
mümkündür. Yəqin ki, adamlar yaşayış
yerlərini, şəhərləri, zavodları,
dükanları, teatrları və s. işıqlandırmaq istəyəcək
və bunun üçün sərfəli, təhlükəsiz
və ucuz vasitələr axtaracaqlar və
işıqlandırma üçün maye halındakı neft
məhsullarının daha əlverişli olduğunu hamı
bilir. Bundan başqa, neft digər
işıqlandırma vasitələrindən ucuzdur.
Əlbəttə, buxar və
dinamo-elektrik maşınlarının, həmçinin qazla
işıqlandırmanın da təkmilləşdirilməsinə
ehtiyac var və regenerasiya olunmuş ovduqlar adi ovduqlardan fərqli
olaraq, az qala çəkilən xərcləri
iki dəfə azaldır, amma eyni miqdarda işıq verir. Ona
görə də aydındır ki, işıqlandırmaq
üçün elektrikdən və ya qazdan istifadə etməyimizdən
asılı olmayaraq, daş kömürünə sərf edilən
maddi xərclərlə eynidir.
Tərcümə
edən: Akif ƏHMƏDGİL,
“Azərbaycan
neft təsərrüfatı” jurnalının redaktoru
Xalq qəzeti.-
2017.- 11 iyun.- S.6.