“O, hansı məkandır?!”
...O, Naxçıvandır,
Nəqşi-Cahandır,
Azərbaycandır!
Əməkdar incəsənət xadimi, bəstəkar Hacı Nazim Quliyevin yenicə çapdan buraxılmış “O, hansı məkandır?!” adlı kitabı bu məşhur mahnının epiqrafı sayılan sözlərlə açılır. Ulu Naxçıvan torpağının gözəl, ecazkar təbiətini tərənnüm edən, el şənliklərində oxunan, xoş təranəsi ilə konülləri ehtizaza gətirən mahnı uzun illərdir dillər əzbəri olmuşdur.
Yeni nəşr XX əsrdə yaşamış, Naxçıvan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli ustad, tarzən, pedaqoq, bəstəkar Vahid Axundovun həyat fəaliyyətinə həsr olunmuşdur. Müəllif monoqrafiyada məhşur “O, Naxçıvandır” mahnısının bəstəkarı Vahid Axundovun həyat və yaradcılığından söz açır. Kitabı oxuduqca Vahid Axundovun Böyük Vətən müharibəsindən sonra Naxçıvanda şərq üçlüklərinin, xalq çalğı alətləri ansambllarının yaradılmasında, ifaçılıq və bəstəkarlıq sənətinin inkişafında mühüm xidmətləri ilə tanış oluruq.
İllər ötməsinə baxmayaraq bu gün də dillər əzbəri olan Vahid Axundovun “O,Naxçıvandır!” (sözləri Əliheydər Qənbərovundur), “Ordubad”, “Ay qız” (sözləri Hüseyn Razinindir) mahnıları, rəqslər, dəramədlər dinləyicinin ruhunu oxşayır, mənəvi varlığına rahatlıq gətirir.
Kitabda yaradıcılıqla yanaşı, Vahid Axundovun pedaqoji fəaliyyəti, onun yetirdiyi şagirdlərin Azərbaycan musiqi mədəniyyətinin inkişafında tutduqları yüksək mövqe müəllif tərəfindən ətraflı tədqiq olunmuşdur. Ustad sənətkar Vahid Axundov 1950-ci ildən başlayaraq ömrünün sonunadək Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktəbində muğam fənnini tədris etmiş, yüzlərcə şagirdə tar sənətinin incəliklərini, muğamların sirlərini öyrətmiş və öz davamçılarını yetirmişdir.
Kitabın bir hisəsini Naxçıvanda musiqiçilərin yetişdirilməsi və inkişafında müstəsna xidmətləri olan görkəmli pedaqoq Vahid Axundovun şagirdlərinin muğamat müəllimləri haqqında xatirələri təşkil edir.
Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, pedoqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nazim Kazımov haqqında xatirələrində yazır: “Vahid müəllimin mənim inkişafımda, muğamın sirlərinə yiyələnməyimdə xüsusi xidmətləri var və bunu heç vaxt unutmaram.Vahid müəllimin həm də bəstəkarlıq istedadı var idi. Onun çoxlu sayda mahnısı var.Vahid müəllim heç bir mahnı yazmasaydı belə, onun məşhur “O, Naxçıvandır!” mahnısı ilə necə musiqiçi olduğu bəlli olardı. Bu mahnı Xalq artisti Abdulla Babayevin ifasında ulu öndərimiz Heydər Əliyevin ən çox sevdiyi mahnılardan biri idi...”
Bu gün Vahid Axundov irsini onun oğlu, Naxçıvan MR əməkdar artisti Zöhrab Axundov layiqincə davam etdirir.
Afət Sadıqoğlu,
Xalq qəzeti. - 2017.- 11 iyun.- S.7.